ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARIBLAR? Cəlilabad sakininin iddiasına rəsmi reaksiya
Icma.az bildirir, Hurriyyet portalına istinadən.
Cəlilabad rayon sakini Ağayev Səfa tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi onkoloji xəstə olan oğlunun hərbi xidmətə aparıldığını bilidrir:
“Hörmətli redaksiya!
Diqqətinizə çatdırım ki, oğlum Ağayev Fərahi 02.04.2025-ci ildə hərbi xidmətə yola salınıb. Xəstəliyi ilə əlaqədar oğlumun əsgərliyə göndərilməməsi üçün çalışsam da, heç bir faydası olmadı. Uşağın valideyni olaraq xəstəliyini onlara izah etməyə çalışdım, amma əhəmiyyət vermədilər.
Tibbi komissiyadan keçmək üçün 39 nömrəli poliklinikaya göndərdilər. Müayinə olundu, yazdılar ki, “linfa vəzinin düyünü var”. Amma Tibbi-Sosial Ekspert Komissiyasının həkimləri uşağı müayinə edərək, sənədə qeyd etdilər ki, hərbi xidmətə yararlıdır.
Mən sizin sayt vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevə sual verirəm: Sizin agentliyin həkimləri Azərbaycan xalqının düşmənidir? Niyə onkoloji xəstəyə sağlamlıq kağızı verirlər? Onlar həmişəki kimi, yenə də cəzalandırılmayacaq?!
Oğlum Gəncədə N saylı hərbi hissədə 8 gün qulluq edib. Dəfələrlə burnundan qan açıldığına görə, Şəmkir şəhərində yerləşən hərbi hospitala yerləşdirilib. 10 gün müalicə və müayinə olunub. Daha sonra oğlumu təcili “Papanin Hospitalı”na göndəriblər. Ona həkimlər diaqnoz qoymaqda çətinlik çəkiblər. Sonradan mənim təkidimlə oğlumu Milli Onkologiya Mərkəzinə göndərdilər. Orada analiz götürüldü və burun-udlaq xərçəngi diaqnozu qoyuldu. Müalicələr olundu, kimyaterapiya qəbul etdi, lakin qan axınını kəsmək mümkün olmadı.
30.05.2025-ci ildə oğlumu hərbi xidmətdən tərxis etdilər. Bununla bağlı Hərbi Prokurorluğa ərizə ilə müraciət etmişəm. Mənim xəstə uşağımı aparıb, lap pis günə qoyub üstümə göndərdilər. Heç bir qurum isə məsuliyyəti üzərinə götürmür. Belə çıxır ki, həkim səhlənkarlığı ucbatından oğlum ölsəydi, yenə heç kim məsuliyyət daşımayacaqdı?
Kimə deyək dərdimizi. Həkimlərdən nazirliyə şikayət edirsən, baxmırlar".
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Hürriyyət"-ə bildirilib ki, Bakı şəhər sakini 2007-ci il təvəllüdlü Ağayev Fərahi Səfa oğlunun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən Forma-44 sənədində qeyd edilən skolioz diaqnozu əsasında 12.02.2025-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinəsi aparılıb:
"Müayinə zamanı vətəndaşın göndərişində qeyd edilən diaqnoz öz təsdiqini tapmayıb. Bu səbəbdən də Nazirlər Kabinetinin 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq Fərahi Ağayevin hərbi xidmətə yararlı olması barədə qərar qəbul edilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilib.
Qeyd edək ki, çağırışçı Agentlikdə yekun tibbi müayinə zamanı avtomatlaşdırılmış qaydada aparılan növbə seçimi əsasında müvafiq (çağırışçının yararsızlığı barədə rəydə göstərilən xəstəlik üzrə) həkimə yönləndirilir. Sözügedən vətəndaşın isə aidiyyəti qurum tərəfindən təqdim olunan forma-44 sənədində onkoloji səbəblə əlaqəli heç bir diaqnoz qeyd edilməyib və şəxsin özü də bu barədə qəbul həkiminə heç bir məlumat verməyib".
Jalə FAMİLQIZI


