Icma.az
close
up
RU
Orta Asiyanın “Mandela”sı Sadır Japarov kimdir?

Orta Asiyanın “Mandela”sı Sadır Japarov kimdir?

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bölgənin “İsveçrə”si, Aytmatovun vətəni və çevrilişlər ölkəsinin prezidentinin bilinməyən tərəfləri

Qırğızıstan deyəndə son bir əsrdə ilk olaraq Çingiz Aytmatov yada düşür. Bu ölkənin adı böyük yazıçının yaradıcılığı ilə o qədər sıx bağlıdır ki, Qırğızıstanı Aytmatovdan kənarda təsəvvür etmək çətindir. Əslində isə Aytmatov nə Qırğızıstana, nə də Mərkəzi Asiyaya sığacaq miqyasda şəxsiyyətdir. O, qırğız xalqının dünyaya bəxş etdiyi ən böyük sərvətlərdən biridir.

Amma Qırğızıstanı fərqləndirən təkcə Aytmatov deyil. Dağları, təbiəti və İsveçrəni xatırladan mənzərələri ilə Mərkəzi Asiyanın “İsveçrəsi” adlandırılan bu ölkə həm də regionda siyasi dəyişikliklərin ən çox yaşandığı dövlətlərdən biridir.

Və bütün bu qarışıq siyasi tarixdən keçərək bu gün ölkəyə Sadır Japarov rəhbərlik edir.

Çevrilişlər ölkəsi

Dənizə çıxışı olmayan Qırğızıstan şimalda Qazaxıstan, qərbdə Özbəkistan, cənub-qərbdə Tacikistan, cənub-şərqdə isə Çinlə həmsərhəddir. Ərazisinin təxminən 80 faizini dağlar təşkil edir.

1991-ci ildə müstəqillik qazandıqdan sonra ölkə Mərkəzi Asiyada ən çox siyasi böhran və xalq hərəkatı yaşayan dövlətə çevrildi.

Qırğızıstanda üç böyük hakimiyyət dəyişikliyi xüsusilə yadda qalıb.

2005-ci ildə ilk prezident Əsgər Akayevə qarşı etirazlar nəticəsində “Lalə inqilabı” baş verdi. Akayev ölkəni tərk edərək Rusiyaya getdi. Onun yerinə gələn Kurmanbek Bakiyev də hakimiyyətdə uzun müddət qala bilmədi. Qohumbazlıq, korrupsiya, kommunal tariflərin artırılması və siyasi rəqiblərə təzyiqlər 2010-cu ildə yeni etirazlara səbəb oldu. Bakiyev də hakimiyyətdən getməyə və ölkəni tərk etməyə məcbur qaldı.

2020-ci ildə isə növbəti siyasi böhran yaşandı. Parlament seçkilərinin nəticələrinə qarşı etirazlar genişləndi və prezident Sooronbay Jeenbekov istefa verdi. Məhz həmin hadisələr Sadır Japarovun siyasi taleyini kökündən dəyişdirdi. O zaman həbsdə olan Japarov nümayişçilər tərəfindən azad edildi. Cəmi bir neçə ay sonra isə əvvəlcə baş nazir, ardınca prezident oldu. Bu mənada onun siyasi yüksəlişi müəyyən qədər Nelson Mandelanın hekayəsini xatırladır: həbsdə olan siyasətçi azadlığa çıxdıqdan sonra tərəfdarlarının dəstəyi ilə ölkənin başına keçir.

Əlbəttə, müqayisə tam eyni deyil. Mandela 27 il həbsdə qalmışdı, Japarovun həbs müddəti isə bununla müqayisədə xeyli qısa idi. Amma siyasi simvolizm baxımından oxşarlıq diqqətçəkəndir: həbsdən hakimiyyətə...

Kənddən prezident sarayına

Sadır Japarov 1968-ci il dekabrın 6-da Qırğızıstanın İssık-Kul vilayətinin Ken-Suu kəndində anadan olub.

O, böyük kəndli ailəsində böyüyüb. Ailədə 11 uşaq - 6 oğlan və 5 qız olub.

Japarov əmək fəaliyyətinə 1987-ci ildə Çuy vilayətindəki “Santaş” kolxozunda fəhlə kimi başlayıb.

Daha sonra biznes və idarəçilik sahəsində çalışıb. Soltonkul fermasına rəhbərlik edib, Kergey neft şirkətində direktor, “Nurnefteqaz” şirkətlərində isə baş direktor vəzifəsində işləyib.

2006-cı ildə Boris Yeltsin adına Qırğızıstan-Rusiya Slavyan Universitetini bitirib.

Siyasətə gəlişi isə 2000-ci illərin ortalarına təsadüf edir.

2005-2007-ci illərdə deputat olub. 2007-2009-cu illərdə prezident Kurmanbek Bakiyevin müşaviri işləyib. Sonrakı illərdə korrupsiyaya qarşı mübarizə strukturlarında müxtəlif vəzifələr tutub.

Lakin Japarovun adını geniş ictimaiyyətə tanıdan əsas məsələ vəzifələri deyil, etiraz aksiyaları oldu.

Kumtor Japarovu siyasətə gətirdi

Japarovun siyasi karyerasının ən mühüm mövzularından biri Qırğızıstanın ən böyük qızıl mədənlərindən olan Kumtor oldu.

O, mədənin milliləşdirilməsini tələb edən siyasi qüvvələrdən birinə çevrildi. Kumtor Qırğızıstan iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıdığından bu mövqe Japarovun xalq arasında populyarlığının artmasına səbəb oldu.

2012-ci ildə Kumtorla bağlı etiraz aksiyasında iştirak etdiyinə görə Japarov həbs edildi. O, hakimiyyəti zorla ələ keçirməyə cəhd və konstitusiya quruluşunun devrilməsinə yönəlmiş çağırışlarda ittiham olunurdu.

Daha sonra ölkədən getməyə məcbur olan Japarov bir müddət Kiprdə və Rusiyada yaşadı.

2013-cü ildə isə onun adı yenidən Kumtor ətrafında baş verən etirazlarla gündəmə gəldi.

İssık-Kul vilayətinin Saruu kəndində keçirilən aksiyada mədənin milliləşdirilməsi tələb olunurdu. Etirazların ardınca Japarov barəsində cinayət işi açıldı.

İstintaq onun aksiyanı maliyyələşdirdiyini və etirazçılara telefonla göstərişlər verdiyini iddia edirdi. Ona qarşı girov götürmə, xuliqanlıq və dövlət məmuruna qarşı zor tətbiq etmə maddələri ilə ittiham irəli sürüldü.

Japarov yenidən ölkəni tərk etdi.

Dörd il xaricdə yaşadıqdan sonra Qırğızıstana qayıtmaq qərarına gəldi.

2017-ci il martın 25-də Qırğızıstan-Qazaxıstan sərhədində həbs edildi.

Məhkəmə onu 11 il 6 ay müddətinə azadlıqdan məhrum etdi.

Həmin vaxt heç kim onun cəmi bir neçə il sonra həbsxanadan çıxaraq prezident olacağını təsəvvür edə bilməzdi.

Həbsxanadan prezidentliyə

2020-ci il oktyabrın 5-də Qırğızıstanda siyasi böhran başladı.

Parlament seçkilərinin nəticələrinə qarşı etirazlar küçələrə çıxdı. Hakimiyyət strukturları sarsıldı. Prezident Sooronbay Jeenbekov istefa verdi.

Etirazçılar həbsxanadakı Sadır Japarovu da azad etdilər.

Sonrakı proseslər olduqca sürətli inkişaf etdi.

Japarov əvvəlcə baş nazir oldu. Ardınca prezident səlahiyyətlərini icra etməyə başladı. 2021-ci ilin yanvarında keçirilən prezident seçkilərində qalib gəldi.

Beləliklə, bir neçə il əvvəl dövlət çevrilişinə cəhd və girov götürmə ittihamları ilə 11 ildən artıq həbs cəzasına məhkum edilmiş siyasətçi Qırğızıstanın prezidenti oldu.

Japarovun həyatındakı ən böyük paradoks da məhz budur: həbsxanadan prezident sarayına.

Prezidentin ən ağır sınağı

Japarovun siyasi həyatındakı ən ağrılı hadisələrdən biri isə oğlunun ölümü olub.

Onun böyük oğlu Dastan Japarov 2019-cu il avqustun 26-da yol qəzasında həlak olub.

Japarov həmin vaxt həbsdə idi. Oğlunun ölüm xəbərini də məhz həbsxanada alıb.

Cənazə mərasimində onun göz yaşları kameralara düşüb. Hadisədən sonra Japarov həbsxananın hamamında qan içində tapılıb. O dövrdə müxalifət bunu sui-qəsd cəhdi kimi qiymətləndirsə də, rəsmi versiyada hadisə intihara cəhd kimi təqdim edilmişdi.

Bu epizod onun siyasi bioqrafiyasının ən dramatik səhifələrindən biri olaraq qalır.

Japarovun daha iki oğlu - Rüstəm və Renat, həmçinin Canat adlı bir qızı var.

Həyat yoldaşı Ayqul Japarova tibb və pedaqogika təhsili alıb. Japarovun siyasi mühacirət illərində ailə bir müddət Polşa və Rusiyada yaşayıb.

11 uşaqlı ailənin prezidenti

Sadır Japarov 11 uşaqlı ailədə böyüyüb.

Atası Nurqojoy Japarov kənd təsərrüfatı ilə məşğul olub və 2017-ci ildə 84 yaşında vəfat edib.

Anası Kadıjan Maksutova 1942-ci ildə Çində anadan olub, daha sonra Qırğızıstana köçüb. O, 2019-cu ildə dünyasını dəyişib. Japarovun qardaşlarından Sabır Japarov biznes fəaliyyəti ilə məşğuldur. Digər qardaşı Askarbek Japarov da mediada zaman-zaman gündəmə gəlib. Ailə üzvlərinin bir çoxu isə ictimai-siyasi fəaliyyətdən kənarda qalmağa üstünlük verir.

Qardaşı qızına görə xalqdan üzr istədi

Japarovun prezidentliyi dövründə ailəsi ilə bağlı ən çox rezonans doğuran hadisələrdən biri qardaşı qızı ilə bağlı olub.

Qırğızıstanın cənubunda ölümlə nəticələnən daşqınların baş verdiyi bir vaxtda prezidentin qardaşı qızı, 2020-ci ildə “Qırğızıstan gözəli” seçilmiş Ləzzat Nurqojoyevaya dəbdəbəli evlilik təklifi edilməsi ölkədə narazılıq yaradıb.

Təklif zamanı Qırğızıstan Fövqəladə Hallar Nazirliyinə məxsus helikopterdən istifadə olunması isə qalmaqalı daha da böyüdüb.

Japarov hadisədən narazılığını açıq şəkildə bildirib və xalqa müraciət edərək qardaşı qızına görə üzr istəyib.

Bu hadisə bir daha göstərdi ki, Qırğızıstan kimi siyasi dəyişikliklərin və küçə etirazlarının güclü olduğu ölkədə prezident üçün ailə üzvlərinin davranışı belə ciddi siyasi problemə çevrilə bilər.

Japarovun Qırğızıstanı hara aparır?

Sadır Japarovun siyasi portretini yalnız onun keçmiş həbs həyatı və hakimiyyətə gəlişi ilə məhdudlaşdırmaq olmaz.

Onun hakimiyyəti dövründə Qırğızıstan daha güclü prezident idarəçiliyinə keçib. Ölkənin siyasi sistemində prezident institutunun çəkisi artıb.

Digər tərəfdən, Japarov xarici siyasətdə də Qırğızıstan üçün yeni imkanlar axtarır.

Rusiya ilə ənənəvi əlaqələr davam etsə də, Bişkek eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan, Türkiyə və digər türk dövlətləri ilə münasibətləri gücləndirir.

Qırğızıstan coğrafiyası onu Rusiya, Çin və Mərkəzi Asiyanın digər güc mərkəzləri arasında yerləşdirir. Japarov isə bu mürəkkəb geosiyasi xəritədə balans siyasəti yürütməyə çalışır. Bir tərəfdən Moskva ilə əlaqələri qorumaq, digər tərəfdən, Çinlə iqtisadi münasibətləri inkişaf etdirmək, paralel olaraq Türkiyə və Azərbaycanla siyasi-iqtisadi əməkdaşlığı genişləndirmək onun qarşısında duran əsas vəzifələrdəndir. Bütün bunların fonunda Japarovun siyasi karyerası da olduqca maraqlı paradoksla müşayiət olunur.

O, etiraz meydanlarından gəlib.

Həbsxanadan keçib. Siyasi mühacirlik yaşayıb. Ağır cinayət ittihamları ilə məhkəmə qarşısına çıxıb.

Və nəhayət, bütün bunların ardından ölkənin prezidentinə çevrilib.

Bu səbəbdən Sadır Japarovu yalnız Qırğızıstanın prezidenti kimi deyil, Mərkəzi Asiyada siyasi böhranların, küçə siyasətinin və hakimiyyət dəyişikliklərinin necə bir lider yetişdirə bildiyini göstərən ən maraqlı siyasi portretlərdən biri kimi qiymətləndirmək olar.

Qırğızıstanın “İsveçrə” adlandırılan dağlarında doğulan, Aytmatovun vətənindən çıxan bu siyasətçinin siyasi yolu isə hələ başa çatmayıb. Ümid edək ki, Sadır Japarov Qırğızıstanı daha sabit və güclü dövlətə çevirə biləcək... /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Avqust 2026 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see522

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see431

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see350

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see317

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see297

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see292

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see283

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see283

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see235

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see222

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see217

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see216

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see215

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see214

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see213

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see209

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see202

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see185

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri