Icma.az
close
up
RU
“Ovunmayan duyğular”ın yaddaşı

“Ovunmayan duyğular”ın yaddaşı

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Firuzə Nadir

Əməkdar jurnalist

...“Ən böyük haqsızlıq - müharibə” adlı filmim var. 1941-45-ci illər müharibəsində böyük qəhrəmanlıqlar göstərmiş igid Azərbaycan oğlundan – Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Əkbərovdan bəhs edir. Əslində filmdəki Qəzənfər o amansız müharibədə igidliklə vuruşmuş, həlak olmuş həmvətənlərimizin ümumiləşmiş obrazıdır. Bu film, həm də lənətə gəlmiş müharibələrə nifrətimin təzahürü idi. Mən müharibədən amansız söz ağlıma gətirə bilmirəm. Müharibə ölüm gətirir, ağrı gətirir, fəlakət gətirir, ayrılıq gətirir. Müharibə insanın qaysaq bağlamayan yarasıdır, bitməyən ağrısıdır, “ovunmayan duyğular”ıdır...

İstedadlı yazıçı Ulduz Qasımın “Ovunmayan duyğular” romanını oxuyarkən, sanki igid, cəsur, dəyanətli, mərhəmətli insanlar haqqında bir film izlədim. Əsər müharibənin yaşatdığı ağrılardan, bu ağrılardan dözümlə çıxmağı bacaranlardan, Vətən sevdasından, qəhrəmanlıqdan, insan sevgisindən, yaddaş və itkidən bəhs edir. Romandakı bütün mənzərələr mənə çox tanışdır, çünki onun qəhrəmanları müasirlərimizdir. Qarabağ müharibəsi elə bir savaşdır ki, hər birimiz onun ağrılarını yaşamışıq, hər birimizin yaxınları, doğmaları o savaşdan keçib...

Romanın dərd yükü çox ağırdır. Ulduz Qasım bir qələm sahibi, bir ziyalı, bir vətəndaş yanğısı ilə bu dərd yükünü çiyninə alıb və bu dərdin yükünü çəkə bilib. Bu dərdi yaza bilib. Bunu yazmağı bacarmaq lazımdır. Ulduz Qasım bacarıb...

Elə ağrılar, elə duyğular var ki, zaman onları azaltmır. İllər keçir, hadisələr tarixə çevrilir, amma bu ağrılar, bu duyğular insanın yaddaşında elə yaralar açır ki, zamanın məlhəmi belə onların üstünü bağlaya bilmir. Ulduz Qasım üçün ağrı yalnız fərdi hiss deyil, həm də yaddaş, yurd, Vətən və insan taleyi ilə bağlı mənəvi məsuliyyətdir...

“Ovunmayan duyğular” adi kitab deyil, bu, Qarabağ müharibəsində ömürləri qırılanlara çalınan layladır, ağıdır. Bu, yaşanmış o tarixə, o tarixi tarixə yazanlara hörmətdir, Şəhidlərimizin xatirəsinə ehtiramdır. Bu, insanlara qənim kəsilən zalım müharibələrə etirazdır. Təsadüfi deyil ki, müəllif, az qala, bütün qəhrəmanlarının dili ilə müharibəni ittiham edir...

Əsərin əsas obrazlarından biri olan Zakir kişi üçün müharibə insan həyatını tar-mar edən bir bəladır: “Ax, bu müharibə, bu savaşlar. Bizi darmadağın etdi. Neçə evlər dağıtdı, neçə insanları yaraladı, neçə ailələri başsız qoydu. Neçə igidləri şəhid etdi. Tək yurdumuzu yox, bizim hamımızı yaraladı”. 

Pəri ana üçün müharibə insanın ən böyük düşmənidir: “Xaraba qalmış müharibə hamımızın həyatını darmadağın etdi. Təkcə Qarabağ mahalı deyil, bütün Azərbaycana zərbə vurdu... ...Allah müharibə edənləri qəhr etsin. Onun insanlığa əzabdan başqa bəxş etdiyi bir şey yoxdu”. 
Romanın qəhrəmanı Nazlı üçün müharibə insanın incə duyğularını da viran edən bir dəhşətdir: “Günahsız insanları, körpələri, qocaları öldürdüyü kimi ürəkləri də, incə hissləri də öldürür müharibələr...” 

Müəllifin özü də müharibəni lənətləyir: “Aqil ağlayırdı. Bu incə qəlbli qızın çəkdikləri onu çox kövrəltmişdi. Özündən asılı deyildi. O da müharibəni, onun insanlığa verdiyi əzabları, dəhşətləri lənətləyirdi...”

Təsadüfi deyil ki, kitabın redaktoru Əli Rza Xələfli “Ovunmayan duyğular”ı “müharibə romanı” adlandırır. Əsərə rəy yazan yazıçı-publisist Şəddat Cəfərovun fikrincə, bu əsər “müharibə əleyhinə ittiham”dır.     

Bəli, müharibənin sınağa çəkdiyi insanlar, onların acı taleyi, iztirabları, ağrılı yaşantıları, ovunmayan duyğuları var bu kitabda. Onların başına gətirilənlər taleyin, qismətin, qədərin işi deyil, dövrün sərt küləklərinin, ağır müharibənin gətirdiyi məhrumiyyətlərin işidir...

Romanın digər mühüm cəhəti insan talelərinə diqqətdir. Müəllif öz qəhrəmanlarını, onların yaşantılarını böyük məharətlə təqdim edir, onların xarakterini ustalıqla açır. Onun qələmində Nazlı saflığın, sədaqətin, xeyirxahlığın, mərhəmətin timsalıdır. Müəllif nişanlısı müharibədə itkin düşən Nazlı obrazını böyük məhəbbətlə qələmə alıb. Həyatın, daha dəqiq desək, müharibənin ən ağır zərbəsini alan Nazlı nə qədər əzab çəksə də, mənəvi zənginliyini itirmir. Bu, onun insanlara, xüsusilə öz yurdundan didərgin düşən məcburi köçkünlərə münasibətində aydın görünür. Nazlı, həm də Vətən sevdalısıdır. Onun nişanlısı Rəhmana xitabən dediyi: “Bilirəm, Vətən torpağı çox əzizdi, çox qiymətlidi. Məni də götürəydin, mən də sənin kimi Vətən yolunda şəhid olaydım...” fikri bunu təsdiq edir.

Rəhman, Sədi Vətən uğrunda hər cür fədakarlığa hazır olan, canını belə bu müqəddəs amal uğrunda qurban verən igidlərin ümumiləşmiş obrazıdır. Zakir kişi ağır müharibə illərində hər kəsin dərdinə şərik olan, hər kəsin qayğısını çəkən müdrik bir el ağsaqqalı, son dərəcə təmkinli, tədbirli bir insandır.

Pəri ana da müəllifin sevə-sevə yaratdığı qəhrəmanlardan biridir. O, müharibədə qəhrəman oğul itirən şəhid anasıdır, amma bu ağır itkinin qarşısında dəyanətini, mətanətini itirmir, çünki övladının Vətən, torpaq uğrunda şəhid olmasının fərqindədir: “Mənim oğlum Vətən yolunda qurban getdi. On igidim də olsa, onu bu torpaqların uğrunda şəhid verərdim. Qurbansız Vətən Vətən olmur”. 

Pəri ana oğlu Rəhmanın nişanlısı Nazlıya öz övladı qədər yanan, onun xoşbəxtliyinə çalışan bir ana kimi də oxucunun gözündə ucalır. Əsərdəki Aqil obrazı da mənəvi zənginliyin nümunəsidir. Bir sözlə, bu insanlar müharibənin onlara “bəxş etdiyi” qapqara dərdin içindən ağappaq çıxa bilirlər...

Ulduz Qasım ayrı-ayrı insanların taleyini, yurd yerlərini, uşaqlıq və gənclik illərinin izlərini yaddaşın bir hissəsinə çevirir. Onun ayrılığı, yurd həsrətini və Qarabağ insanlarının yaşadığı ağrıları şəxsən hiss etməsi bu yaradıcılıq xəttinin təsadüfi olmadığını göstərir. Bu baxımdan, “ağrı” sözü əsərin mümkün ideya çərçivəsində həm fərdi, həm də milli məna daşıyır. Bir insanın doğma kəndindən uzaq düşməsi şəxsi faciədir. Minlərlə insanın doğma yurdlarından didərgin salınması isə artıq milli yaddaşa çevrilən faciədir. Əsərdə bu iki ağrı bir-birinə qovuşur.

...Ulduz Qasıma görə, torpaq sadəcə coğrafi məkan deyil, torpaq insanın uşaqlığı, ata-anası, doğmaları, xatirələri, dili və kimliyidir. Ona görə də yurd itkisi yalnız evin, kəndin itirilməsi kimi qəbul edilə bilməz. Bu, insanın həyatının müəyyən bir hissəsinin əlindən alınmasıdır. Yazıçının Qarabağla bağlı duyğularının gücü buradan qaynaqlanır.

Ulduz Qasım uzun illərdir Moskvada yaşasa da, yaradıcılığında Azərbaycandan, xüsusən doğulduğu Qarabağdan uzaq düşməyib. Onun bu əsərində də Qarabağ münaqişəsi, yurd həsrəti, məcburi köçkünlərin yaşantıları, xalqın Qələbəyə olan inamı öz bədii ifadəsini tapıb. Bu mənada, müəllifin yaradıcılığında “qürbət” və “Vətən” bir-birindən ayrılmayan iki anlayışdır. Fiziki məsafə artdıqca Vətənə mənəvi bağlılıq daha da güclənir. “Ovunmayan duyğular” ifadəsindəki əsas məna da, məncə, buradan başlayır. Ağrı burada yalnız ağlamaq, kədərlənmək və keçmişi xatırlamaq deyil. Ağrı, həm də insanın itirdiyi dəyərlərlə yaşaması, xatirələrini qoruması və keçmişi unutmamaq cəhdidir. Unutmaq bəzən rahatlıq gətirə bilər, amma yaddaşını qorumaq insanın özünə, doğmalarına və tarixinə qarşı məsuliyyətidir.

“Ovunmayan duyğu” ümidsizlik demək deyil. Əksinə, bəzən insanın ağrısı onun sevgisinin ölçüsünə çevrilir. İnsan nəyi çox sevibsə, onu itirəndə ağrısı da o qədər böyük olur. 

Bu kitab, həm də ona görə aktual və dəyərlidir ki, onun qəhrəmanlarının ömür yolu yeni qəhrəmanlar tərbiyə edəcək...

Tarixə, dünənə, bu günə müqəddəs Vətən rakursundan baxan yazıçıya bu əsərə görə təşəkkürlər!.. Vətəndən uzaqda olasan, ona bu qədər bağlı olasan, bu, müəllifin böyüklüyüdür. Ana dilini bu qədər qoruyasan, bu, alqışalayiqdir...

Ulduz Qasımın Yazıçılar Birliyində yeni kitablarının təqdimat mərasimində söylədiyi bir fikri xatırlayıram: “Mənəvi dəyərləri mənə verən Azərbaycandır. Bəlkə, mən Qarabağdan olmasaydım, belə yaza bilməzdim. Torpağıma borcluyam. Mənim əsas məqsədim, ürəyim Azərbaycandır. Qarabağdan on əsər yazmışam, Allah mənə nə qədər ömür versə, yenə Qarabağdan yazacağam...”

“Ovunmayan duyğular” da bir Qarabağ yaddaşıdır. İnanırsan ki, bu yaddaş Ulduz Qasıma hələ daha gözəl əsərlər yazdıracaq...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Sentyabr 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see460

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see335

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see316

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see313

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see311

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see287

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see284

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see283

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see277

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see272

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see270

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see265

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see261

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see254

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see252

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see250

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see250

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see246

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see225

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri