Icma.az
close
up
RU
Oxunmaz əlyazmaların anlatdığı Rafael Hüseynov yazır

Oxunmaz əlyazmaların anlatdığı Rafael Hüseynov yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Rafael HÜSEYNOV
Akademik

Yaşayan irsi ilə söz tarixində daimi qalmaq haqqı qazananlardan olan Əbu-l-Ula elə on birinci yüzildə, hələ həyatdaykən də şöhrəti çoxuzaqlara yayılmış bir sənətkar idi və Təbrizdə başbilənlər bilik aşiqi gəncə "Bütün cavab axtardığın sualların açarı o ustaddadır" deyincə XətibTəbrizi ləngimədən doğma şəhərindən Məərrəyə sarı yönəlmişdi.

Əbu-l-Ula Məərri 973-cü ildə anadan olmuşdu, 1057-ci ildə dünyadan köçdü. Xətib Təbrizi Ustadın hüzuruna gəlib çatanda cavan oğlandı, Əbu-l-Ula Məərri bir ixtiyar. Əbu-l-Ulanın sinni çox idi, dünyaduymuş bir insan idi. Ağsaqqal yaşına yetişmiş və zəmanəsinin böyük alimi və şairi olan ustada, əlbəttə ki, "dünyagörmüş" sözü daha çox yaraşardı. Ancaq Əbu-l-Ula Məərri dörd yaşından dünya işığına həsrət qalmış bir insan idi. Gözləri görməsə də, bəsirətli insandı və Xətib Təbrizi ilə söhbətə başlayınca, onun bu qədər məsafə qət edib bilik ardınca gəlməsini öyrənincə, istər-istəməz içərisində bu cavana rəğbət yaranmışdı və zaman ötdükcə ona daha artıq isinişmişdi və tədricən bu münasibətata-oğul istəyi səviyyəsinə qalxmışdı.

Xətib Təbrizi, təbii ki, ustadla görüşən kimi başına gələn qəziyyəni də ona nağıl etmişdi. İş ondadır ki, uzun yollardan pay-piyada keçib gəlirkən Xətib Təbrizinin çiynindən tər sel kimi gedirmiş. Dayanmadan yol getdiyindən Xətib bunun fərqində olmamışdı. Fəqət mənzil başına çatıbəlyazmaları heybədən çıxaranda görmüşdü ki, hamısı zay olub. Nəmişlik tərdən islanmış heybənin içərisinə də keçib, əlyazmaların da canına hopub, piyada qət edilən uzun yol boyunca onlar tədricən oxunmaz hala düşüb.

Bu əhvalatın sadəcə şirin bir rəvayət, uydurma söhbət olmadığını İbn Xəlliqanın yazdıqları təsdiqləyir. Salnaməçi xəbər verir ki, Xətib Təbrizi o əlyazmakitabları heybədən çıxaranda belə təsəvvür yaranırdı ki, sanki həmin kitablar suya düşüb. Ancaq dərhal da əlavə edir ki, yox, o kitablar suya düşməmişdi, onları isladan Xətib Təbrizinin kürəyinin təri idi.

Yaqub Rumi XII əsr müəllifi Əbu Səid Səmaniyə istinadən son dərəcə maraqlı bir əhvalatı nəql edir. Bu hekayət dilimizin tarixi və taleyi baxımından çox diqqətəlayiqdir.

Əbu-l-Ula uşaqlıq çağlarından dünya işığına həsrət qalaraq ərəb dünyasında "kor şair" kimi məşhurlaşsa da, bir tərəfdən alan Allah o biri tərəfdən bu istedadlı insana digər həssaslıqları - iti yaddaş və səslərə qarşı həddən ziyadə həssaslıq, misilsiz eşitmə qabiliyyətini bəxş etmişdi. Lap uzaqdan pıçıltıyla söylənənləri də dərhal qulaqları tuturmuş, yanında uzun-uzun söylənən qəsidələri də anındaca əzbərləyirmiş.

 Yaqub Rumi "Nəsəb" adlı əsərində XII əsr qaynağına istinadən tarixi bir səhnəni cızır: ustadla şagirdi qarşı-qarşıya əyləşib, Xətib Təbrizi ilə Əbu-l-Ula Məərri üz-üzədir. Artıq iki il imiş ki, Xətib buradaymış.

Və qaynaq Xətibin öz sözlərini çatdırır ki, mən iki ildi burada bir nəfər də həmyerlimi görüb kəlmə kəsməmişdim. Ustadla dərs keçdiyimiz əsnada birdən vaxtilə Təbrizdə bizimlə qonşu olmuş bir adam məscidə namaz qılmağa girdi. Onu görüncə sevindim və istər-istəməz səsimin ahəngi də dəyişdi.

Əbu-l-Ula arif adam idi. Xətibin səsinin dəyişən ahəngindən hiss edir ki, nəsə oldu. Xətibdən nə baş verdiyini, əhvalının qəfildən niyə dəyişdiyini soruşur.

Xətib etiraf edir ki, ustad, mən iki ildir ana dilində danışmamışam, burada qonşumuz olan bir adamı gördüm, namaz qılmaqçün məscidə girdi, icazə versəydiniz, onunla söhbət edərdim.

Əbu-l-Ula etiraz etmir. Xətib qalxır, az sonra on-on beş addım aralıdakı məsciddən çıxan keçmiş qonşusuyla görüşüb söhbət etməyə başlayır.

Xətib bir neçə dəqiqə ötüncə qayıdıb ustadının qarşısında əyləşəndə Əbu-l-Ula Məərri onu heyrətdə qoyur - başlayır Xətibin Təbrizdən gəlmiş keçmiş qonşusuyla olan söhbətini sözbəsöz təkrarlmağa.

Bunu da XII əsrin məxəzi təsdiqləyir: Xətib Təbrizini daha çox mat qoyansa bunca aralıdan onların astadan danışdıqlarını ustadın necə eşitməsindən, belə uzun söhbəti dəqiqliyi ilə yadda saxlamasından daha çox bu olur ki, Əbu-l-Ula Məərri heç azərbaycanca bilmir.

Əbu-l-Ula soruşur ki, siz hansı dildə danışırdınız? Xətib qayıdır ki, azərbaycanca (Mənbədə "azərbaycanca" kəlməsi işlənməyib, mətn ərəbcə olduğundan "Azərbi" yazılıb. Bu isə "Azərbaycan" sözündən yaranan sifətdir, yəni elə "azərbaycanca" deməkdir).

Əbu-l-Ula deyir ki, mən sizin dili bilmirəm, nə danışdıqlarınızı da başa düşmədim, amma bütün söylədikləriniz yadımda qaldı.

Xətib Təbrizinin bu millətə, ədəbiyyatımıza, elmimizə çox xidmətləri var. Xeylisindən xəbərdarıq, yaradıcılığının təkinə nüfuz etdikcədaha yenilərini də kəşf edəcəyik. Ancaq onun bu xalqa, bu yurda ən vacib xidmətlərindən biri də elə həyatında baş vermiş həmin hadisə və o hadisənin tarixi məxəzlərdə əks olunmasıdır. XII yüzilin inanımlığı əsla şəkk doğurmayan sanballı tarixi mənbələrində izi qalan həmin hadisə gözəl dilimizə hələ 9 əsr öncə "azərbaycanca" deyildiyini aşkarca nişan verir.

Əbu-l-Ula Məərri dövründə ərəb aləmində adlı-sanlı alimlər də, şairlər də az deyildi. Ancaq XətibTəbrizinin bəxti həm də gətirmişdi ki, tale onu məhz bu ustadla qovuşdurmuşdu. Çünki Əbu-l-Ula Məərri gözəl şair olmaqdan savayı, həm də sərbəst düşüncəli, azadfikir bir insandı.

Söyləyirmiş ki, insanlar iki yerə bölünür: bir qisminin ağlı var, dini yoxdur, bir qisminin isə dini var, ağlı yoxdur.

Əbu-l-Ula özü də elə dediyiycə varmış, etiqad məsələsində kifayət qədər sərbəstmiş.

Bir dəfə, XətibTəbrizini yoxlamaq üçün, Əbu-l-Ula başladığı uzun söhbətin sonunda ağlında tutduğu əsas mətləbin üstünə gələrək soruşur ki, bəzi insanlar həyat həqiqətlərindən yaxşı baş çıxarır, nəzəriyyəyə, məntiqə də yiyələnir, ancaq günlərin birində mövhumata uyurlar, belə olanda isə onların yiyələndiyi bilik də, təcrübə də olur heç, onlar çevrilirlər noxtalanmış ulağa, yaxşı, bəs sən necə etiqad edirsən?

 XətibTəbrizi ustadının baxışlarına yaxşı bələd idi və ona görə də birbaşa deyil, dolayı, diplomatik cavab verir. Deyir, mən hər şeyə şübhə ilə yanaşıram.

Bu ustaca cavabın bir ucu Məhəmməd Peyğəmbərə bağlanan hədisə çatır ki, hər şeyə şübhə ilə yanaş.

Şəkk gətirmək mənasında deyil, daha çoxunu bilməyə, pərdə ardındakılara daha artıq vaqif olmağa can atmaq anlamında.

Əbu-l-Ula Məərri beləcə, XətibTəbriziyə sadəcə ayrı-ayrı elm sahələri haqqında bilgilər vermirdi, həm də sevimli şagirdinə həyat elmini öyrədirdi.

Bu illər qənimət illəri idi - Xətib Təbrizi əyləşmişdi tarixin yanında. Hər gün Əbu-l-Ula Məərrinin dizinin dibində idi. Hər gün onun söhbətlərini dinləyirdi, hər gün onun hikmətlərini eşidib feyziyab olurdu və o nadir adamlardan idi ki, Məərrinin şeirlərini onun dilindən eşidə, Əbu-l-Ulanın öz şeirlərinə şərhlərini onun ifasında dinləyə bilirdi.

Gün keçəcək, o, Əbu-l-Ula Məərrinin çox şeirlərinə şərhlər yazacaq. Elə şeirlərə şərhlər yazacaq ki, onlara vaxtilə Əbu-l-Ula Məərrinin özü də onlarca şərhlər vermişdi. Ancaq Əbu-l-Ula Məərrinin şeirlərinə Xətibə qədər də şərhlər yazanlar olmuşdu, Xətibdən sonra da yeni Əbu-l-Ula şərhçilərigəldi. Lakin ən vasvası və bilgin mütəxəssislər əldə olan bütün yozumları - Əbu-l-Ulanın özünün öz şeirlərinə şərhlərini, Xətib Təbrizinin o şeirlərə şərhlərini, digər müəlliflərin Məərri şeirlərinə şərhlərini yanaşı qoyub tutuşduranda üstünlüyü Xətib Təbriziyə verəcəklər.

Hətta Xətib Təbrizinin Məərriyə şərhlərində Əbu-l-Ulanın özününöz şeirlərinə yazdığı şərhlərdən də üstün olduğunu etiraf edəcəklər.

Bunlar Azərbaycan ədəbiyyatşünaslığının da, bütövlükdə müsəlman Şərqi ədəbiyyatı və elminin də heyrətli və qürur doğuran səhifələridir.

Neyləmək ki, hər xoş günün haçansa bir acı sonluğa çatması da var. 1057-ci ildə Əbu-l-Ula vəfat edir və Xətib Təbrizi daha onsuz Məərrədə qala bilmir. Çoxdan ayrıldığı, burnunun ucu göynəyən Təbrizə sarı səmt götürür.

Daha əvvəlki vaxtı deyildi. Müəyyən imkanları da vardı, piyada gəlmir. Elminin sorağı Təbrizə özündən əvvəl çatmışdı, ata-baba yurduna gəlincə ətrafında onun biliklərindən yararlanmaq istəyən xeyli öyrənci toplaşır.

Fəqət Təbrizdə çox qala bilmir. Çünki artıq onun miqyasları Təbrizə, Azərbaycana sığan deyildi. Artıq o, bütün Yaxın-Orta Şərqinki idi. Ona daha nəhəng meydanlar lazım idi.

1064-cü ildə Xətib Təbrizi artıq Dəməşqdə idi. Bura yenicə gəldiyi vaxtlardaca zövqü, baxışları, düşüncə dairəsibaxımından özünə çox yaxın olan bir insanla tanış olur. Tezliklə aralarında səmimi dostluq münasibətləri də yaranır. Bu, çağının tanınmış alimlərindən olan Xətib Bağdadi idi. Xətib Bağdadi ilə Xətib Təbrizi arasında yaş fərqi nəzərəçarpacaq idi. Bizim Xətib 1030-cu ildə dünyaya gəlmişdisə, bağdadlı Xətib 1002-ci ildə doğulmuşdu və 1071-də həyata vida etdi. Ancaq aralarında 30-a yaxın yaş təfavütü olmasına rəğmən, sözləri də, fikirləri də tutmuşdu, həmyaşıd kimi olmuşdular. Qələmləri və düşüncələri ilə onlar elmin eyni fəza qatında idilər.

Ancaq Xətib Təbrizini yeni yollar, yeni ünvanlar özünə doğru çəkirdi. Az sonra artıq Misirdə idi.

Söz Misirin, Suriyanın ətrafında dolaşmışkənorta çağda, xüsusən X-XIII əsrlərdə azərbaycanlıların ora çox üz tutmaları, o çağlarda Bağdadda da, Misirdə də, Şamda da yetərincə geniş türkdilli şeir mühitinin olması gerçəyini xatırlamağın yeri var.

İzzəddin Həsənoğlunun məşhur qəzəlindəki bu misralar mühüm məlumatı daşımaqdadır:

Şəha, şirin sözün qılar Misirdə bir zaman kasid

Nə kasid? Kasid-i qiymət, nə qiymət? Qiymət-işəkkər.

Bu misralarda bir nigaranlıq var. Şair narahatdır ki, ola bilsin, gün gələr, şirin sözləri Misirdə kasadlığa uğrayar, ana dilindəki bu kəlamların müştərisi, alıcısı azalar, şəkər kimi sözlər qiymətdən düşər, türkcə şeirimiz burada kasadlığa uğrayar. Demək, XIII yüzildə, İzzəddin Həsənoğlunun bu misraları yazdığı zamanda onun şirin sözləri Misirdə dildə-dodaqda dolaşırmış və bu şeirləri oxuyan, o şeirə müştəri çıxıb həvəs göstərənlər çoxmuş. Şairin narahatlığı sabahlardandır, gələcəkdə də bu münbit mühitin indiki kimi qalıb-qalmayacağı ilə əlaqədardır.

...Elmin məcazi mənada böyük yoluna ki, elə sözün birbaşa mənasında, uzun yolu qət edərək çıxmışdı, yol Xətibin alın yazısına dönmüş, həyat tərzinə çevrilmişdi. O, gah Mosuldaydı, gah Dəməşqdə, gah Şamdaydı, gah Bağdadda və onun sağında-solunda ərəblər, farslar, digər xalqlardan olan seçmə insanlar, elm adamları, ilham sahibləri ilə bərabər, Azərbaycandan gələn, buralarda ad çıxaran soydaşları, həmyerliləri də az deyildi və bunun da xüsusi mənası vardı. Azərbaycandan olanlar buradakı qaynar ədəbi-elmi mühitdə bişirdilər, yetişirdilər və sonra burada yığdıqları təcrübələri Azərbaycana daşıyırdılar. Səbəbsiz deyil ki, orta əsrlərdə Azərbaycanın dörd bucağındakı əsas şəhərlərin təqribən hamısında elm də, ədəbiyyat da, mədəniyyət də o çağda durmadan yüksəlişdəydi.

...Xətib onsuz da çox şeir yazmayıb və bu az şeirinin arasında orta əsrlərin əksər şairinə xas olan mədhiyyəçilik, hansısa taxt-tac yiyəsinə, hakimiyyət nərdivanının yuxarılarında qərar tutanlara həsr edilən tərifnamələr də yoxdur. Amma Xətibin günümüzədək yetişən, ayrı-ayrı tarixi mənbələrdə də rast gəlinən təmtəraqlı bir qəsidəsi hər halda var. Zahirən bu, əsl mədhiyyədir və hakimiyyət sırasında hökmdardan sonrakı ikinci adama ithaf edilib. Yaxşı, Xətib mədhiyyə yazmayan idisə, bu istisna nədəndir?

Ali məqam sahiblərindən olsa da, rəsmiyyəti və təkəbbürü özünə yaxın buraxmayan, Xətib Təbriziyə ən sədaqətli dost və qədirbilən həmkar kimi yanaşan, Xətibin də qəlbinə yaxın tutduğu, haqqında mədhiyyə yazmağı da özünə rəva bildiyi bir könül və məslək sirdaşı vardı. Baş vəzir olan həmin şəxsiyyəti Xətib Təbrizi sidq ürəkdən öyüb, hətta heyifsilənib ki, məmduhunun layiq olduğundan az çıxdı, istədiyi kimi yaza bilmədi, dilə, qələmə gətirdiyi təriflər yetərincə deyil.

Xətibin könül bağladığı, xətrini əziz tutduğu həmin dostu Xacə Nizam əl-Mülk (1018-1092) idi.

Böyük Səlcuq İmperatorluğunun ikinci sultanı Alp Arslanın (1029-1072) baş vəziri olmuş Xacə Nizam əl-Mülk uzaqgörən, ölçülü-biçili siyasət yürütməyi bacaran, müdrik dövlət xadimi, mükəmməl ədib idi. Müasirlərinin heyran öygüləriöz yerində, əsrlər sonra onun arxada qoyduğu yolu, etdiklərini ələkdən keçirənlər Nizam əl-Mülkü "siyasət dahisi" adlandırıblar. Lakin onu tanımış, görüb müşahidə etmişvə daha dəqiq qiymət vermək imkanı çox olan müasirləri Xacədəki incə fəhmə, əhatəli və dərin idraka, məntiqqüdrətinə məftunluqla onu yalnız "Nizam əl-Mülk" - yəni "məmləkətə sahman gətirən" adlandırmamış, həm də xüsusi sayğı ilə ona "Vəzir-i kəbir" - yəni "Ulu vəzir" ləqəbini aid etmiş, digər heyranları bu dövlətçilik şətrəncinin qabil ustasına "Qivam üd-dövlə" - "Dövlətdə aram yaradan", "Atabək ül-cüyuş" - "Ordular Atabəyi" kimi ləqəbləri yaraşdırmışlar.

1160-1233-cü illər arası yaşamış ərəb tarixçisi İbn əl-Əsir - Əbül-Həsən İzzəddin Əli ibn Məhəmməd ibn Məhəmməd əş-Şeybani əl-Cəzəri (1160-1233) ən mötəbər salnamələrdən sayılan və adının vəd etdiyi mükəmməlliyə həqiqətən layiq olan "Əl-kamil fit-tarix" ("Mükəmməl tarix") əsərində xəbər verir ki, 1072-ci ildə Sultan Alp Arslan Fars ölkəsindəki qalaların ən alınmazında gizlənən və itaətsizlik göstərən, hökumətə vergi ödəməkdən boyun qaçıran Fəzlunun başına ağıl qoymaq, onu əmrə tabe olmağa vadar etmək üçün qoşun göndərir və hücum edən əsgərlərinə də vəziri Nizam əl-Mülkü başçı təyin edir. Lakin kifayət qədər çoxsaylı qoşun xeyli müddət döyüşsə də, qalanı fəth edə bilmir. Vəziyyəti belə görəndə Nizam əl-Mülk fəndə əl atır. O, qalaya gedən arxın suyunun qarşısını bağlatdırır. Mühasirədəkilərə də xəbər yollayır ki, onsuz da susuzluğa dözməyib gec-tez təslim olacaqsınız, ancaq bəri başdan qaladakılardan təslim olub itaət göstərənlərə aman veriləcək, onlar əfv olunacaqlar.

Nizam əl-Mülkün ağıllı tədbiri bəhrəsini verir, qala tezliklə alınır, etirazçılar tərksilah edilir.

Dostu Nizam əl-Mülkün qan tökməklə alına bilməyən qalanı yaxşı düşünülmüş əməliyyat nəticəsində fəth edə bilməsi Xətib Təbrizini riqqətə gətirir və dərin rəğbətlər bəslədiyi dostu baş vəzir haqqında sonralar xeyli məşhur olacaq qəsidəsini qələmə alır.

Amma Xətib Xətibdir. Hətta mədhiyyə çalarlı qəsidəsində də digər saysız ərəb, fars, tütkdilli mədhiyyə şeirlərindən fərqli olaraq, bircə dənə də olsun şit, boğazdan yuxarı, həqiqətə uyğun olmayan tərifə yer vermir, elə Nizam əl-Mülkün, doğrudan da, haqq etdiklərini yazır.

Nizam əl-Mülkün sərkərdə kimi ağıl işlədərək çətin müharibədə uğur qazanmasını vəsf edəndən sonra Xətib Təbrizibaş vəzirdə özünün də bilavasitə şahidi olduğu və faydasını gördüyü mərd keyfiyyətləri tərənnüm etməyə başlayır:

Bir cavan mərddir, onun lütfündən hər kəs pay umar,

Həm səxavət, həm ləyaqət bəxş edib Pərvərdigar.

Mən şikayət eyləyirdim dövr cövründən müdam,

Çıxmayınca bəxtimə yüksək üfüqlərdən o yar.

Əhdinə sadiq olan Sadiqlə peyman bağlayıb,

Hifz qıldı hər xətərdən canımı ol lütfkar.

Şövq ilə sərvətlərin bəxşiş edən bir gənc kimi

Sonrasın fikr eyləməz, seltək səxavət yağdırar.

Dürrünü qıymaz bu yurdda bircə kəs bir kimsəyə,

O, səxavət yağmuru - boz torpağı canlandırar.

Qoruyar xain zamandan, vəd edər xoş günləri,

Nur olub yağdıqca da insanı eylər payidar.

Olmadı tabe sənə cahil, çobanlar başçısı,

Ol səbəbdən etmədə hey zəncirindən ah u zar.

Şərqin tarixində qalan çox önəmli, elə Xətib Təbrizinin də həyatının ən mühüm tarixçələrindən olan bir gün var - 1067-ci il sentyabr ayının 22-si.

Həmin gün çox keçmədən sədası oçağkı mədəni aləm boyu yayılacaq və indiyə də çatacaq ən möhtəşəm təhsil ocaqlarından, bilik mərkəzlərindən olan Nizamiyyə Mədrəsəsi qapılarını alimlərin, tələbələrin üzünə açmışdı və Xətib Təbrizi də həmin mədrəsədə işləməyə dəvət olunan ilklərdən idi.

Nizamiyyəyə indiki ölçülərlə gərək ya "universitet", ya "akademiya" söyləyək.

Bu, əzəmətli səlcuqların Şərqə və bəşəriyyətə müəzzəm ərməğanıidi. Səlcuq taxt-tacı həmin mədrəsənin araya-ərsəyə gəlməsindən ötrü gününə görə bütöv bir xəzinəyə bərabər - 600.000 qızıl dinar sərf etmişdi.

Çalışmışdılar ki, o çağlarda Yaxın-Orta Şərqdə məşhur olan ünlü alimlərin hamısını Nizamiyyə Mədrəsəsinə cəlb etsinlər. Nizamiyyə Mədrəsəsi adı bəlli Nizam əl-Mülkün şərəfinə belə adlandırılmışdı.

Nizamiyyə Mədrəsəsi fəaliyyətə başlamasıyla gur yanan intibah ocağına çevrildi (Buradaca vacib və həssas bir məqama diqqət yönəltməyə gərək var ki, silsilə araşdırmalarda və ən ciddi elmi dairələrdə Şərq, Qərb intibahı, Şərq intibahının özünəməxsusluqları haqqında gedən müzakirələrdə adətən "müsəlman intibahı" ifadəsi işlədilib, indi də işlədilməkdədir. Qətiyyən doğru deyil. Bu intibah nə İslam dininin, nə də ərəblərin yaratmasıdır. İntibahı intibah edən həmişə universal zəkalı dahi simalar olub. Araşdıraq "müsəlman intibahı", "müsəlman renessansı" kimi nişan verilən yüzillərindahilər qafiləsini. Bəlli olacaq ki, bərq vuran ulduzların hamısı əsli-köküylə türklərdir. Yəni Yaxın və Orta Şərqdəki "müsəlman intibahı" adlandırılnan oyanış şairindən tutmuş filosofuna, memarından tutmuş rəssamına, musiqişünasından tutmuş astronomuna, dilçisindən tutmuş riyaziyyatçısına, təbibindən tutmuş salnaməçisinədək öndə dikələn aşağı-yuxarı bütün zirvə şəxsiyyətləri ilə əslində türk intibahıdır ki, var. Və Xətib Təbrizi də həmin intibahın parlaqdan-parlaq bir mərhələsi idi).

Nizamiyyə Mədrəsəsinə dəvət edilən müəllimlərin hamısı seçmələrin seçməsi idi. Lakin bu sırada yenə Xətibin fərqi görünür. O, Nizamiyyə Mədrəsəsində sadəcə yaxşı müəllimlərdən biri kimi işə başlamır. Gələn kimi onu dil, ədəbiyyat dərsləri üzrə əsas məsulvə kitabxana müdiri təyin edirlər.

Orta əsrlərdə saraylarda və Nizamiyyə irilikdəki elm-təhsil mərkəzlərində "kitabxana" dedikləri çoxşaxəli bir yaradıcılıq təsərrüfatı idi ki, orada alimlər, münşilər, ədiblər, tərcüməçilər, xəttatlar, rəssamlar, əlyazma hazırlayan çeşidli mütəxəssislər toplaşardı və həmin sahəyə başçılıq edən kitabdar da çağdaş mədəniyyət naziri kimi məsul və səlahiyyətləri geniş bir vəzifə idi.

XI əsrin 60-70-80-ci illərində Nizamiyyə Mədrəsəsinin adı və şöhrəti dillərdə əzbər idi. Yaqut Rumi o şöhrətin Xətib Təbrizidən keçən qanadı haqqında da səhih məlumatı tarixləşdirib. Yazır ki, Xətib Təbrizinin adını tutaraq ən müxtəlif ölkələrdən cavanlar elm qazanmaqçün Bağdada, Nizamiyyə Mədrəsəsinə axışırdılar.

XətibTəbrizi nə az, nə çox - düz 40 il Nizamiyyə mədrəsəsində dərs deyir, müəllimliyini aparır, elmini yerinə yetirir, eyni zamanda, kitabxana müdiri olur. Yəni bilavasitə dərs deməklə, təhsil təşkilatçısı olmaqla yanaşı, həmin dörd on il boyunca, həmçinin, elm və mədəniyyət qurucusu kimi də fəaliyyətlərini davam etdirir. Həm də ən ixtiyar çağlarına yetənə qədər nə elmdən, nə tədrisdən aralanır.

...Ölməz Nizaminin ata sözü kimi səslənən bir misrası da var: "Şərh-esoxən biştərəst əz soxən" - "Sözün aydınlaşdırılması, yozumu sözün özündən də artıqdır".

Əlbəttə ki, belədir. Çünki söz tək kəlmədir, dayanıb göz qabağında, sözlər sırasının yaratdığı misra sadəcə bir sətirdir. Ancaq həminsözlərin və sətirlərin daxilinə varid olandavə şərhçi dərinliklərə baş vurmağa qadir üzgücü olanda başqalarına əlçatmaz gələn dərinliklərdən mirvarilər çıxara bilir,məna qatları hazır lay-lay açılır. Təbii, belə nüfuzetmə, bu təhər söz dalğıclığı hər dəfə həmin işə qatlaşanın biliyinin hüdudlarından və qabiliyyətinin səviyyəsindən asılıdır.

Bu baxımdan orta əsrlərdən bəri köhnə və yeni alimlərin keçmişdəki şərh ustalarına verdiyi qiymətləri sıralayanda yenə ən üstdə XətibTəbrizinin adı dayanır, əbədi birincilik onun inhisarındadır.

Xətib Təbrizi "Divan"lara, əski çağların dürlü bədii mətnlərinə şərhlər yazırdı. Əvvələn, onun şərhlərini seçdirən çoxşaxəlilik idi. İlahiyyatı da kamil bilirdi, sərf-nəhvdə də ustaydı, bəyan, bədi, məani, vəzn, qafiyə kimi 5 qanaddan ibarət poetika elmində də, lüğətçilikdə də, mətnşünaslıqda daən əvəzsizlərdəndi, tarixin, fəlsəfənin də cikinə-bikinə aşina idi. Ona görə də qarşısında hansısa mətn dayananda əsərə yalnız bir görüm bucağından nəzər salmırdı, eyni anda on gözlə baxırdı və müvafiq olaraq çox görür, təhlillərini də gördüklərinə uyğun, hər kəsin edə bilmədiyi çoxistiqamətliliklə aparırdı. Həmin səbəbdən də XətibTəbrizinin şərhləri həm ilahiyyat, həm qrammatika, həm leksikoqrafiya, həm lüğətçilik, həm poetika, həm mətnşünaslıq... elmlərinin sərrafları tərəfindən güvəniləsi dayaq nöqtələri kimi qəbul edilirdi və əsrlər ötdükcə də həmin keyfiyyətini hifz edirdi.

Ərəblərin islamlaşmadan əvvəl də şeiriyyatı olmuşdu. Ancaq dildə-dodaqda gəzən, ağız ədəbiyyatı kimi yaşayan həmin qoşqular yalnız VII-VIII əsrlərdə kağıza köçürülməyə başlandı. Bununla da bir tərəfdən həmin şeirlər həm unuduluşdan, yoxolma təhlükəsindən qurtuldu, digər yandan da ərəblərçün öz keçmişlərini öyrənmək, əcdadlarının ruhunu duymaqdan ötrü mənbəyə çevrildi.

İslamaqədərki çağlara, peyğəmbərdən öncəki əsrlərə ərəblər "Cahiliyyə dövrü" dedilər, hərçənd Həzrət Məhəmməd o cahiliyyəni dövr yox, yaşam tərzi saymışdı. Ərəbcədəki "cəhl" kəlməsinin məna izi ilə həmin dövr "bilgisizlik zamanları" adlandırılmışsa da, bu "cahilliyi" yalnız və yalnız İslamdan bixəbərlik anlamında qavramaq gərəkdir. Həmin çoxilahlıq çağlarının zəngin əsatiri öz yerində, o dövr ərəbləri nücumda da, təbabətdə də səriştəli idilər, insanın sifətinə baxaraq onun taleyini oxumağın, əsil-nəcabətini dürüst müəyyənləşdirməyin vərdiş və sirlərini daşıyan qiyafət elmində də yüksək qabiliyyətləri vardı (Yeri gəlmişkən, Arximedin də insan bəbəklərinə baxaraq onun qismətini müəyyənləşdirməyə həsr edilmiş ayrıca traktatı olub. Yəni xiromantiya və bu qəbil qədim yaşlı məşğuliyyətləri elmi əsaslardan uzaq əyləncələr kimi görmək heç də doğru deyil).

Azərbaycan dilində "cavan" mənasında "cahıl" sözü də işlənir. Bu kəlməni elə bu mənada Cahiliyyə dövrünün ərəb şeirinə şamil etmək olar. Özünəməxsus gözəlliklər daşıyan Cahiliyyət dönəmi poeziyasını elə ərəb şeirinin cahıllıq, gənclik mərhələsi hesab etmək mümkündür.

O çağlarda ərəblər ildə bir dəfə Məkkə yaxınlığında toplaşar, bütün ayrı dərd-sərlərini götür-qoy edəndən sonra şeirlər oxuyarmışlar. Sonralarsa həmin şeirlərin ayrı-ayrı ən xoşagəlim və yaşamağa layiqlərini seçərək gələcəyə də ötürüblər. Bu seçmələrə "müəlləqə", müəlləqələrin qovuşmasından yaranan toplulara "müəlləqat" deyilirdi. Əslində "müəlləqə" sözünün özü elə "seçmə" deməkdir.

Və zamanı yetir ki, XətibTəbrizi müəlləqələrə də əl qoymağa cəsarət edir. Ona görə "cəsarət edir" yazıram ki, müəlləqələri şərh etməyə girişmək hər oğulun işi deyildi. Nəinki başqa millətdən olan şərhçilərin, heç hər ərəb oğlu ərəbin də çiyinlərinin müəlləqələri şərh etmək yükünün altına girməyə gücü çatmazdı. Çünki müəlləqələrdə işlənən bir çox ifadələr, sözlər artıq dünəndə qalmış, arxaikləşmiş, dil dövriyyəsindən çoxdan çıxmışdı. Üstündən bir neçə əsr keçəndən sonra yeni nəsillər onların çoxunu bilmirdi. Ancaq müəlləqələri təhlil etmək, onların örtülü laylarını açaraq içərisindəki çox sirləri üzə çıxarmaq qüdrətini Xətib Təbrizi göstərməyə qadir olur, bununla da ərəbcədə ərəbdən üstün olduğunu sübut edir.

Daha düzü - ərəbin özünü daha düzgün tanıması üçün bələdçilik edir.

Xətib Təbrizinin ömür yoluna, yaratdıqlarına elə ötəri aşina olan hər bəsirətli adam təsdiq edər ki, o, çox aqil adammış və beləsinin dəcahillə təması həmişə üzücü olur. Həm də bu, elə köhnəlməyən dərddir ki, məkanından və zamanından asılı olmayaraq həmişə dəyişməz qalır. İstər belə candərdi ünsiyyət 9 əsr əvvəl ola və Xətibin başına gələ, istərsə də lap bizim günlərdə ola. Xətibin belə köntöy davranışlardan nə qədər əziyyət çəkdiyini bizim elə qaibanə təsəvvür etməyimiz öz yerində, ancaq bu haqda ədib yerli-yataqlı yazıb da. Ömründəki danaları - bilginləri də, nadanları - korafəhmləri də, ona könül həmdəmi olan zövq əhlni də, zəhləsi gedənləri də isti-isti qələmə alıb ki, tüstüsü gələcəkdə də çıxsın və sabahdakılar da vaxtilə onun gününü qara əsgiyə bükənlərdən agah olub lənətlərini əsirgəməsin.

Xətibin bir-birindən parlaq dərin zəkalı alim və ədib dostları da vardı, elə indidən saçmağa başladıqları işığın gələcəkdə qat-qat gur olacağına inandığı, artıq özünə yalnız öyrənci deyil, dost saydığı tələbələri də çox idi. Bu zümrədən olan məhrəmlərlə uzun saatlar boyu həmsöhbət olub birgə vaxt keçirmək Xətibçün can rahatlığı idi. Ancaq sağında-solunda zatıqırıqlar da, özündən müştəbeh kəmsavadlar da, nanəciblər də az deyildi. Onlarla birlikdə qalmağa məcbur olduğu hər dəqiqə isə Xətib üçün işgəncəyə bərabərdi:

İnsanı yorğun edər çoxlu səfərlər, yollar,

Mənsə heydən düşürəm hücrədə tutduqca qərar.

İraqı doldurub alçaqlar ilə nacinslər,

Qalıb onlar arasında nə qədər dözmək olar?!

Xətibə edilən açıq və gizli həmlələrin izləri sadəcə ağızdan-ağıza dolaşan söhbətlərdə, dedi-qodularda deyil, elə tarixi məxəzlərdə də əks olunub. Paxılların Xətibə zərbələr vurmaq üçün cəhdləri hətta o həddə çatıbmış ki, indiki deyişlə ifadə edilirsə, onun haqqında yuxarılara anonimlər, donoslar göndərməkdən belə çəkinmirlərmiş. Ancaq burada da xəbis niyyətləri elə içərilərindəcə boğulubmuş, cəzalanmasına çalışdıqları Xətib elə onların şikayət ərizəsinə görə əksinə, mükafatlandırılıbmış.

Əlbəttə, belə hadisələrə keçmişlərdə də rast gəlinib, yeni zamanda da. Ancaq həmişə ən nadir hallarda və hər dəfə də cəza əvəzinə mükafat vermək kişiliyini edənlər tarixdə şərəfliadı ilə qalan böyük şəxsiyyətlər olub.

Nizamiyyə Mədrəsəsində kitabxana müdiri olanda "bu yolunu azmış haqqında tədbir görün" tələbi ilə məktubu birbaşa baş vəzirə -Nizam əl-Mülkə göndərmişdilər. Guya bu məktubu yollayan mədrəsənin qarovulçusu idi. Ancaq Nizam əl-Mülk təcrübəli adam idi, məktubu açıb oxuyunca bunun heç də keşikçi işi olmadığını, qarayaxıcı naməni Xətibin Nizamiyyədəki paxıl həmkarlarının təşkil etdiyini anlayır.

Azərbaycanın görkəmli alimi və ədibi, Elxanilər dönəmində mühüm dövlət vəzifələri tutmuş, 1245-1328-ci illər arasında ömür sürərək həmişə yaşayacaq "Dəstur əl-katib fi təyin əl-məratib", yəni ("Dərəcələrin təyinində katibin göstərişləri") risaləsini, 4 min sözün izahını verən "Sihah əl-Əcəm" kimi mükəmməl lüğətini yazmış Məhəmməd Hinduşah Naxçıvani fars dilində qələmə aldığı digər məşhur tarixi əsəri - "Təcarüb əs-sələf" ("Keçmişdəkilərin təcrübələri") salnaməsində bizə Xətib Təbrizi haqqındakı həmin şikayət məktubu ilə bağlı təfərrüatları çatdırır.

Məhəmməd Hinduşahın kimliyi, hansı elmin sahibi olması haqda ayrıntıları ona görə vurğulayırıq ki, məxəzin bel bağlanası, ən mötəbər qaynaqlardan olduğu nəzərə alınsın.

"Təcarib əs-sələf"xəbər verir ki, Nizamiyyə mədrəsəsi qarovulçusunun adı ilə imzalanan və baş vəzirə ünvanlanan məktubda yazılıbmış ki, guya Xətib Təbrizi müdiri olduğu kitabxanada gecələr şərab içməklə, qılmanlarla kefə baxmaqla məşğuldur, bununla əlaqədar təcili, qəti tədbirlər görmək lazımdır.

Nizam əl-Mülk, doğrudan da, siyasət dahisiymiş. Məktubu alıb oxuyunca "gedin araşdırın" göstərişini vermir. Düşünür ki, Xətib yaradıcı adamdır, birdən, həqiqətən, o cür işlərə meyl etmiş olar, yoxlayarlar, araya pərtlik düşər.

Elə addım atır ki, görülən bu tədbirin sayəsində hətta Xətib o təhər solaxay işlərlə məşğul imişsə belə, həmin gündən özünü yığışdırmalı olacaqdı.

Dərhal sarayın maliyyə işlərinə baxan məmurunu çağırıb göstəriş verir ki, Nizamiyyə Mədrəsəsindəki kitabxananın müdiri Yəhya ibn Əli əbu Zəkəriyyanın məvacibini artırın. O biri yandan da oturub özü Xətib Təbriziyə ayrıca dostyana məktub yazır ki, mənə belə xəbər çatdırdılar, guya gecələr kitabxanada eyş-işrətlə məşğul olursan. Açığı, bundan xəbərsiz idim və yəqin ki, həmin işlərlə bağlı əlavə məsrəflərin də olur. Ona görə də qərara aldım sənin maaşını artırım ki, rahat kef çəkə biləsən.

Qarovulçunun adından göndərilən o mərdümazar məktubdakı xəbərdə həqiqətə oxşayan nəsə vardımı, ya bu, növbəti qara böhtan idi? "Allahu Aləm" (Allah ən yaxşı biləndir).

Elə görünür, Nizam əl-Mülk də təxminən bu cür düşünürmüş. O qədər nazik hərəkət edir ki, əgər, doğrudan da, Xətibin buna oxşar cüzi də əməli varsa, söz yox, dost məktubundan sonra hökmən özünü yığışdıracaqdı.

Əslində isə Nizamülmülkün məktubu həm də bir canıyanan sirdaşın xəbərdarlığı idi ki, "ehtiyatlı ol, düşmənlər, bədxahlar var, özünü qoru".

Və Nizam əl-Mülk həm Xətibə yazdığı məktubla, həm də alim rəfiqinindolanışığını bir az da yaxşılaşdırmaqçün rəsmən onun məvacibini artırmaqla müdrikliyini, rəhmdilliyini, sadəcə baş vəzir yox, məhz vəzir-i kəbir - böyük vəzir olduğunu bir daha sübuta yetirmişdi.

Allah həm də qoruyandır. Xətib Təbriziyə bunca zəkanuru bəxş etmişdisə, Tanrı onu iblislər ayağına verməyəcəkdi ki! Qarasına danışan, əleyhinə yazan, ayağının altını qazanlar nə qədər bol idisə, mələk xislətli müdafiəçilərini də Tanrı heç vaxt əskik etmədi.

Xətibin müasirlərindən olan Əmid ibn Fəyyad da gendən baxırdı, dostuna qarşı, bəzən hətta ona "qardaş" deyənlərin arasında da qəlbiqaraları görürdü, löyün-löyün uydurmaları, şəratmaları müşahidə edirdi və quruca təsəllilərlə ötüşməyi düzgün saymayaraq belə bir şeir də yazmışdı:

Yəhya oğlu Əliyə söyləyin ki, bənd olma,

Sənin haqqında nə söz söyləsələr, şər-böhtan.

Saxta söz yazmaram heç, mən dönük olmam əsla,

Sən elm rişəsi, onlarsa budaqlardır san.

Xırdaca çeşmədir onlar, sən isə bir dərya,

Sən həsəd əhlinə öz fəzlini etmişsən əyan.

Demisən onlara: "Batsaz da həsəd girdabına,

Sizə matəm qalacaq, yüksələcək alim olan!"

Əksəri elə Xətibin yazı-pozu çevrəsindəkilərdən olan rəzillər tolazladıqları çamurla, əbləh davranışlarıyla ustadın qanını nə qədər qaraltsalar da, hər halda o öz qiymətini yaxşı bilirdi. Özünü tərif etməyi xoşlamadığı halda bir şeirində üstüörtülü də olsa, elə özü-özünə təsəlli də verirdi ki, bənd olma, sən kim, onlar kim:

Heç tay olmaz xırda çay bir ümmana,

Çayda çınqıl, dəryada saf dürr hara?!

Əbu Təmmamın ərəb tarixində xidməti yalnız onun gözəl şeirlər yazmasında deyil. Öz xalqı və əslində böyük ölçüdə ədəbiyyatı sevən bütün insanlar ona ən əvvəl etibarlı bir körpü ola bildiyi üçün minnətdardır.

Ərəb şairi və təzkirəçisi Əbu Təmmam 796-cı illə 843-cü illər arasında yaşadı. Bu müddətdə də çoxlu şeirlər yazdı. O şeirlərin neçəsi bu gün də təravətlidir, oxunurkən ruhu oxşayır, insanı duyğulandırır, düşündürür.Ancaq yadigar qoyduğu mirasın arasında daha artıq minnətdarlıq oyadan onun başqa əsəridir - Əbu Təmmamın "Həmasə"si (Mənası "igidlik", "hünər", "şücaət" olan "həmas" sözündən yaranmış "həmasə" vuruş səhnələrini, müharibə qəhrəmanlığını, döyüş meydanında göstərilən cəsarəti tərənnüm edən şeirlərə verilən ad olub. Əbu Təmmamın 10 babdan ibarət "Əl-Həmasət ul-Kübra"sı elə "Həmasələr ensiklopediyası" da sayıla bilər).

Orta çağ meyarları ilə yanaşılarsa, bu, bir təzkirədir, ancaq sonrakı çağların təzkirələrinin əksərindən fərqlənən məcmuədir. Əvvələn, "Həmasə" təzkirələrin ən əskilərindəndir, təzkirə ənənəsinin necəliyini bir ülgü olaraq təqdim edəndir və Əbu Təmmamın özündən əvvəlki əyyamlarda yaşamış 570 ərəbdilli şairin bu əsərdə topladığı qoşquları, hər bir söz ustası haqqında verdiyi bilgilər bir çox hallarda həmin yaradıcılıqları tanımağa yol açan yeganə qaynaqdır. Əbu Təmmam olmasaydı, o 600-dək şairin bir çoxunu gələcək nəsillər heç tanımazdı. Ancaq "Həmasə"də Əbu Təmmam həm də ədəbiyyatşünasdır, yeri düşdükcə ayrı-ayrı şairlərdən gətirdiyi ədəbi nümunələri təhlil də edir.

Söz yox, əvvəlki çağların ədəbi mənzərəsini aydın təsəvvür etməkçün Xətib də "Həmasə"ni dönə-dönə vərəqləmişdi. Lakin günlərin birində Xətib Təbrizi o vacib əsəri başqa məqsədlə açır. O, Əbu Təmmam "Həmasə"siylə bağlı əsər yazmaq qərarına gəlmişdi, amma əslində bu, onun daha əvvəl başladığı işin davamı demək idi.

Xətibin daha öncə yazdığı "Şərh əl-qəsaidəl-əşr" - "On qəsidənin şərhi" adlı bir başqa əsəri də vardı. Xətib Təbrizi "On qəsidənin şərhi"ndə VI əsrdə və təxminən o hüdudlarda yaşamış 10 şairin - İmrul-Qeysin, Harisin, Əntərənin və digərlərinin qəsidələrini təhlil edirdi.

Fəlsəfəsinə dalınarsa, bu, Xətibin müəlləqələrlə bağlı qələmişlətməsinin davamı, ərəbi ərəbə tanıtmaq, ərəbə öz tarixinin gizlinlərini xırdalamaq, ərəbə onun içərisini, mənəviyyatını dəqiqliyi ilə göstərmək missiyası idi. Çünki Xətib Təbrizinin seçdiyi 10 şair və onların təhlilə cəlb etidyi, dərin qatlarını və müasirlərə qaranlıq qalan məqamlarını incələdiyi şeirləri keçmişə açılan qapılar demək idi.

Həmin xətti Xətib "Həmasə"də daha geniş əhatədə gerçəkləşdirdi. "Həmasə"ni təhlilçi nəzərlə oxuduqca Xətib Təbrizi Əbu Təmmamı təzədən kəşf etmiş və ona yenidən vurulmuşdu və məftun qənaətlərini belə bəyan edirdi: "Əbu Təmmam həmasələrdə öz şeirindən də daha irəli gedib".

Və Xətib Təbrizinin Əbu Təmmamı düşünərək verdiyi həmin qiymətləndirmə bu gün bir qədər başqa istiqamətdə elə onun özünə də aid edilə bilər.

Xətib ayrı-ayrı ünlü ərəb şairlərinin şeirlərinin içərisini açarkən elə qələm və düşüncə məharəti göstərir ki, bir çox hallarda həminşairlərin özlərindən dəirəli gedir və daha böyük görünür.

Xətibin həyatının son iki günü haqqında mənbələrin ələmli, amma həm də insanın içərisində qürur oyadan xəbərləri də qalıb.

Səs yayılır ki, Xətib Təbrizi artıq yoxdur, rəhmətə getdi. Eşidənlər qulaqlarına inanmır ki, axı Xətib Təbrizi dünən sağ-salamat Nizamiyyədə idi, mədrəsədə növbəti dərsini deyirdi.

1109-cu ilin 3 yanvarı tariximizin kədərli günüdür, çünki həmin gün böyük bir övladı ilə əbədi ayrılıq dəmi yetişmişdi. Həmin gün Azərbaycan və böyük ölçüdə bəşəriyyət Xətib Təbrizi kimi min ildə bir yaranan nadir balasını itirdi.

O il yanvarın 3-ü cümə idi. İstirahət günü olduğundan Nizamiyyə Mədrəsəsi də həmin gün qapalı idi. Bir gün əvvəl isə XətibTəbrizi orada sağçillə dərsini deyirdi. Bu gün yox, dünən vəfat etsəydi, həmin dərsi deyə bilməyəcəkdi. Mədrəsənin qocaman bir ustadının həmingünkü gedişi ümumən digər dərslərin də ləğv edilməsinə, cədvəlin pozulmasına bais ola bilərdi. Bütün ömrü boyu Xətib intizamlı yaşamışdı ki, həyatdan gedəndə də həmin nizama riayət etdi.

İş başında və gördüyü digər işlərə mane olmadan getdi.

İş başında, ona görə ki, dünən də - 1109-cu il yanvar ayının 2-də, bu gün gözlərini əbədilik yumduğu əsnada - 1109-cu il yanvar ayının 3-də də qarşısında VII əsrin məşhur ərəb şairi Əxtəlin "Divan"ı idi. Dünən də ona şərhlər yazırdı, bu gün də şərhlərini yazmaqda davam edirdi. Dünən keçinsəydi, 40 il çalışdığı o Nizamiyyə Mədrəsəsində yalnız dərs pozulmayacaqdı, Əxtəlin "Divan"ının şərhi də yarımçıq qalacaqdı. Dünənki dərsini başa vurdu, dünənki günü sonacan yaşadı. Bu gün evində idi. Öz kağız-kuğuzuyla, qələm-dəftəri ilə üzbəüz idi. Axırıncı şərhini yazdı və ürəyi bu torpağın üstündə son dəfə çırpındı...

Ancaq insanın yaratdıqları, əlbəttə ki, onun özündən qat-qat etibarlıdır. Xətibin sinəsindəki ürəyin döyünməsi 9 əsrdən də əvvəl dayanıb. Əsərlərindəki qəlbi və çırpınan nəbzi elə 9 əsr əvvəl olduğu kimidir. Hətta yaşlı vaxtlarında yox, ən gənc çağlarında olduğu kimi -yenə insanların zəka gücünü artırmaqda davam edir.

XətibTəbrizi yolunun başlanğıcında Təbrizdən Şama çiynində içərisi əlyazmalarla dolu heybəsi ilə gəlmişdi. Yol boyu kürəyindən axan tər o əlyazmaları yararsız kökə salmışdı. Bundan yana xeyli qüssələnmişdi də. Ancaq oxunmaz hala düşmüş o əlyazmaları atmamış, sonralar da əziz yadigarlar, onunla Təbriz-Şam yolunu birgə addımlamış həmdəm kimi saxlamışdı.

Və Xətib Təbrizinin vəfatından əsrlər keçəndən sonra da həmin əlyazmalar qalır. Artıq muzeydə yeni zamanın insanlarına göstərilir və tarixçələri də söylənilir. Təbii ki, bu hekayəti eşidənlər riqqətə gəlməyə bilmir, əsrlər öncə bilik ardınca qoşan, bu yolda hər məhrumiyyətə dözən insanın bunca fədakarlığına duyğulanırlar.

Üçüncü minilliyin başlanğıcında ikinci minilliyin əvvəllərindən qalan həmin xətləri yayılaraq bir-birinə qarışmış və oxunmazlaşmış əlyazmaları vərəqləyəndə onlar kitab kimi danışa bilməsə də, şahid kimi çox sözlər deyə bilir və hikmət aşılayır. Xətib Təbrizidən zəmanəmizə onun bir-birindən dəyərli risalələri də çatıb, hətta onların arasında bilavasitə öz qələmi ilə, öz əliylə yazdıqları da var. Nədən bəhs etmələrindən asılı olmayaraq, Xətibin bütün bu əsərləri və əlyazmaları da, onun gənclik təri ilə islanaraq daha oxuna bilməyən əlyazmalar da hamısı insanlıq üçün dərsdir.

Onların hər biri ibrətdir, görkdür ki, insan böyük amal yolunda sonacan ardıcıl olanda hansı zirvələrə ucala bilərmiş. Həmin oxunmaz əlyazmaların hikməti və hər kəsə əyan olan, hər kəsçün oxunabilən hikməti bu gün ondan ibarətdir ki, insan bir məslək, bir sevgi, bir məqsəd yolunda ardıcıl olanda, durmadan ona doğru gedəndə, o, Xətib Təbrizi kimi əbədiyyət zirvəsinə ucalmasa belə, azı böyük niyyətinə hökmən çatacaq!

3 noyabr 2025

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:29
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Noyabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see261

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see221

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see187

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see147

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see141

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see139

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see138

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see134

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see132

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see125

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see124

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see124

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see123

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see122

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see122

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see121

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri