Icma.az
close
up
RU
Özəl məhkəmə ekspertizası nədir? MÜSAHİBƏ

Özəl məhkəmə ekspertizası nədir? MÜSAHİBƏ

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 4 may, AZƏRTAC

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini, ədliyyə müşaviri Vüsal Məmmədov bu il ölkəmizdə fəaliyyətə başlayacaq özəl məhkəmə ekspertiza institutu barədə AZƏRTAC-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Vüsal müəllim, Azərbaycan Respublikası Prezidentinin ötən il dekabrın 11-də imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya” təsdiq edilib. Həmin konsepsiyaya əsasən, 2026-cı ildə özəl məhkəmə ekspertlərinin fəaliyyətə başlaması gözlənilir. Ümumiyyətlə, məhkəmə ekspertizaları hansı məqsədlə təyin olunur?

- Məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır. Ekspertiza ədalət mühakiməsinin həyata keçirilməsi və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynayır. Elm və texnikanın sürətli inkişafı şəraitində xüsusi biliklərin tətbiqi və istifadəsi məhkəmələrin icraatında olan işlərin ədalətli həllinə və əsaslandırılmış məhkəmə qərarlarının qəbul olunmasına kömək edir.

Məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi xüsusi biliklər əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir.

- Bu sahədə beynəlxalq təcrübə necədir? Digər ölkələrdə də özəl məhkəmə ekspertləri fəaliyyət göstərirlərmi?

- Beynəlxalq təcrübənin təhlili göstərir ki, əksər ölkələrdə məhkəmə ekspertizası fəaliyyəti özəl qurumlar və şəxslər tərəfindən də həyata keçirilir. Məsələn, Almaniyada özəl məhkəmə ekspertizası institutu uğurla fəaliyyət göstərir və dövlət məhkəmə ekspertizası idarələri ilə rəqabət aparır. Amerika Birləşmiş Ştatlarında isə “Sübutlar haqqında Federal Qaydalar”a (The Federal Rules of Evidence - FRE) əsasən “expert witness” – “ekspert-şahid” anlayışı mövcuddur. Belə ki, müəyyən sahədə xüsusi biliklərə malik olan şəxs məhkəmədə “ekspert-şahid” qismində iştirak edir və onun fikri məhkəmə tərəfindən sübut əhəmiyyətli fakt kimi qəbul olunur. Postsovet məkanındakı bütün ölkələrdə özəl məhkəmə ekspertləri fəaliyyət göstərirlər.

Məlumat üçün qeyd edim ki, Türkiyədə və Rusiyada məhkəmə-mühasibat, məhkəmə mühəndis-texniki, məhkəmə-linqvistik, məhkəmə-psixoloji və s. kimi avadanlıq tələb etməyən ekspertiza növləri üzrə özəl məhkəmə ekspertləri tərəfindən verilən rəylərin sayı çoxluq təşkil edir.

Türkiyədə hətta bəzi ekspertiza ixtisasları üzrə yalnız özəl məhkəmə ekspertləri tərəfindən rəylər verilir və onların fəaliyyətinə Ədliyyə Nazirliyi tərəfindən nəzarət olunur.

- Bizim ölkədə özəl məhkəmə ekspertləri bütün ekspertiza sahələri üzrə ekspert rəyləri verə biləcəklərmi?

- Azərbaycanda özəl məhkəmə ekspertləri bütün ekspertiza sahələri üzrə rəy verə bilməyəcəklər. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, məhkəmə-tibb, məhkəmə-psixiatriya, məhkəmə-ballistik, məhkəmə partlayış-texniki, pul nişanları və qiymətli kağızların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin məhkəmə ekspertizaları yalnız məhkəmə ekspertizası idarələri tərəfindən həyata keçirilir. Bu cür məhdudiyyətlər bir çox ölkədə mövcuddur.

Bundan başqa, mövcud qanunvericiliyə əsasən cinayət işləri üzrə məhkəmə ekspertizaları yalnız dövlət məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir. Yəni təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin qərarı və ya qərardadı ilə təyin edilmiş ekspertizalar məhkəmə ekspertizası idarələrində keçirilir.

Mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə məhkəmə prosesinin iştirakçıları - fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və nümayəndələri öz təşəbbüsü ilə və öz hesabına özəl məhkəmə ekspertlərinə ekspertizanın aparılmasını sifariş edə biləcəklər. Ekspertizanı sifariş etmiş şəxs ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verməlidir.

İşdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçiriləcək.

- Məhkəmə ekspertizası sahəsində alternativliyin təmin edilməsinin hansı faydaları olacağını düşünürsünüz?

- Dövlət məhkəmə ekspertiza idarələrinə daxil olan qərar və qərardadların sayının artması məhkəmə ekspertizalarının aparılmasının prosessual müddətlərinə tam riayət olunmasını mümkünsüz edirdi. Belə ki, son 20 il ərzində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə daxil olan ekspertizaların sayı 3 dəfədən çox artıb, lakin ekspertlərin sayında əhəmiyyətli dəyişiklik olmayıb.

Bildiyiniz kimi, hazırda ölkəmizdə qeyri-tibb məhkəmə ekspertizası sahəsində əsas fəaliyyət Ədliyyə Nazirliyi, məhkəmə-tibb ekspertizası sahəsində isə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Bundan başqa, ilkin və əlavə məhkəmə-daktiloskopik, məhkəmə tibbi-genetik, məhkəmə partlayış-texniki və məhkəmə-ballistik ekspertizaları, həmçinin Daxili İşlər Nazirliyi, hərbi qulluqçulara və hərbi məhkəmələrin (hərbi prokurorluqların) səlahiyyətlərinə aid edilmiş cinayət işləri və inzibati xətalar haqqında işlər üzrə hərbi qulluqçu olmayan şəxslərə münasibətdə məhkəmə-tibb ekspertizası isə Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir.

Özəl məhkəmə ekspertizası institutunun səmərəli fəaliyyəti nəticəsində dövlət məhkəmə ekspertiza idarələrinin iş yükünün nisbətən azalması və beləliklə, məhkəmə ekspertizası aparılmasının prosessual müddətlərinə tam riayət olunması təmin oluna bilər.

Ölkəmizdə özəl məhkəmə ekspertizası institutunun fəaliyyət dairəsinin genişlənməsi, məhkəmə ekspertizası xidmətlərinə əlçatanlığın artması və rəqabətli mühit şəraitində məhkəmə ekspertizası sahəsinin daha da inkişaf etməsi çatmaq istədiyimiz əsas hədəflərdəndir.

Vüsal müəllim, özəl məhkəmə ekspertlərinə ən çox hansı ekspertiza ixtisasları üzrə ehtiyac var?

- Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində 41 ekspert ixtisası üzrə məhkəmə ekspertizaları aparılır. Ən çox iş yükü isə məhkəmə-mühasibat və məhkəmə tikinti-texniki ekspertizalarının payına düşür. Bu səbəbdən qeyd edilən ixtisaslar üzrə ən az 10 il iş stajına malik olan və ya elmi dərəcəsi olan, habelə beynəlxalq səviyyədə tanınan diplomu, sertifikatı olan mühasiblərin və tikinti mühəndislərinin özəl məhkəmə eksperti olmaq üçün müraciət etmələri gözlənilir.

Məlumat üçün bildirim ki, 2025-ci ildə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ümumilikdə 33 minə yaxın iş daxil olub, ekspertiza qarşısında qoyulmuş 78 mindən çox suala cavab verilib.

- Məhkəmə ekspertiza fəaliyyətinin tam rəqəmsallaşması mümkündürmü?

- Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə artıq xeyli iş görülüb. Ehtimal edirik ki, bu ilin sonuna qədər bu hədəfə çatmış olacağıq. Həyata keçirilən işlər yekunlaşdıqdan sonra məhkəmə ekspertizası sahəsində vahid informasiya sistemi fəaliyyət göstərəcək və dövlət qurumlarının aidiyyəti informasiya ehtiyatlarının həmin sistemə inteqrasiyası təmin ediləcək.

“Məhkəmə Ekspertizası” informasiya sistemi fəaliyyətə başladıqdan sonra respublikanın ən ucqar rayonunda çalışan məhkəmə ekspertizasını təyin edən şəxs heç bir yerə getmədən həmin sistem vasitəsilə məhkəmə ekspertizasının təyin edilməsi barədə qərarı və ya qərardadı real vaxt rejimində məhkəmə ekspertizası idarəsinə göndərə biləcək. Tədqiqat obyektlərini elektron qaydada göndərmək mümkün olduqda həmin iş dərhal qeydiyyata alınıb icraata başlanılacaq. Ekspert tədqiqatını yekunlaşdırdıqdan sonra tərtib etdiyi rəyi elektron imza ilə təsdiqləyərək ekspertizanı təyin edən orqana göndərəcək. Beləliklə, effektiv və sürətli fəaliyyət təmin edilməklə, vətəndaş məmnunluğunun artırılmasına nail olunacaq.

- Vüsal müəllim, mövcud qanunvericiliyə əsasən, ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan vətəndaşı məhkəmə eksperti ola bilər. Ali təhsilli vətəndaşlarımız məhkəmə eksperti kimi fəaliyyət göstərmək üçün hansı sənədi əldə etməlidirlər?

- Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs əvvəlcə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Məhkəmə Ekspertizası Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil edilən məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib olunması qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari təlimdə iştirak etməlidir. Daha sonra həmin şəxs özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq istəməsi barədə ərizə və ona əlavə olunmuş müvafiq sənədlərlə birlikdə Ədliyyə Nazirliyinə müraciət etməlidir.

Şəhadətnamə almaq istəyən şəxslərin sənədlərinin qəbul edilməsi müddəti Ədliyyə Nazirliyi tərəfindən müəyyən olunacaq, bu barədə mətbuatda və Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində elan veriləcək. Sənədlər qəbul olunduqdan sonra Ədliyyə Nazirliyinin Ekspert-ixtisas komissiyası özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə müsahibə keçirəcək və müsahibənin nəticəsinə əsasən namizəd müvəffəqiyyət qazandığı təqdirdə şəhadətnamənin verilməsi barədə ədliyyə nazirinə təqdimat veriləcək.

Özəl məhkəmə eksperti yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edildikdən sonra məhkəmə eksperti kimi fəaliyyət göstərə bilər.

Reyestr Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək və məlumatlar daim yenilənəcək.

Reyestrə daxil edilməyən şəxslərin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olması qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

- Ədliyyə Nazirliyinin Ekspert-ixtisas komissiyasının bir üzvü kimi özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərə müsahibəyə hazırlaşmaları üçün nə tövsiyə edərdiniz?

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 may 2023-cü il tarixli, 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası”na əsasən müsahibə zamanı hər bir namizədə iddiasında olduğu ekspert ixtisası üzrə hazırlıq dərəcəsini müəyyən etmək məqsədilə yeddi sual veriləcək. Verilən suallar vasitəsilə namizədin məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericilik, tədqiqat metodları sahəsində bilikləri, onları tətbiq etmək, tədqiqatlar aparmaq, habelə texniki avadanlıqlardan istifadə və ekspert rəyi tərtib etmək bacarığı qiymətləndiriləcək. Eyni zamanda, elmi-məntiqi təhlil aparmaq, analitik düşünmək, fikrini sərbəst və aydın ifadə etmək qabiliyyəti, hadisələri hərtərəfli təhlil etmək və obyektiv qiymətləndirmək, problemin həlli ilə bağlı qərar çıxarmaq bacarığı, etik davranış kodeksinin tələblərinə dair məlumatlılığı nəzərə alınacaq.

Bu baxımdan özəl məhkəmə eksperti kimi fəaliyyət göstərmək istəyən şəxslərin qeyd olunan məsələlərə xüsusi diqqət yetirməsi vacibdir.

Namizəd maksimal balın 60 faizini və daha çox topladıqda müvəffəqiyyət qazanmış hesab olunacaq və müsahibənin keçirildiyi gündən bir iş günü müddətində komissiyanın iclas protokolu, onun əsasında tərtib edilmiş təqdimatla birgə ədliyyə nazirinə təqdim ediləcək.

Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr Ədliyyə Nazirliyi tərəfindən veriləcək.

Fürsətdən istifadə edərək özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərə müsahibədə uğurlar arzu edirəm.

Müxbir - Günel Türksoy

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 May 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri