Parlamentdə mühüm müzakirələrin reallığı Əhali nəyi bilməlidir?
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisdə keçirilən büdcə müzakirələri hər il olduğu kimi bu dəfə də böyük maraq doğurub. Jurnalistlər və iqtisadçılar dövlətin gələn il pulu hansı sahələrə xərcləyəcəyini diqqətlə izləyirlər.
Büdcə zərfi real iqtisadi gözləntiləri nə dərəcədə doğruldacaq? İctimai razılıq yetəri qədər olacaqmı?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, parlamentdə büdcə müzakirələrinin formatı və davamlılığı müəyyən suallar doğurur:
Natiq Cəfərli
“Bir çox ölkələrdə büdcə müzakirələri aylarla davam edir. Məsələn, sentyabr–oktyabr aylarında başlayır və dekabrın sonuna qədər daha detallı şəkildə aparılır. Bizdə isə deputatlar büdcə müzakirələri zamanı əsasən öz seçki dairələrində mövcud problemləri səsləndirməyə üstünlük verirlər. Büdcəyə əlavə və dəyişikliklərlə bağlı fundamental, fəlsəfi yanaşma isə az müşahidə olunur. Düşünürəm ki, gələcəkdə büdcənin formalaşması və müzakirələrin təşkili ilə bağlı yeni formata ehtiyac var. Məsələn, parlamentdə təmsil olunan partiyalarla hökumətin ayrıca görüş keçirməsi təcrübəsi tətbiq oluna bilər. Bu praktika Türkiyədə, Rusiyada və bir çox digər ölkələrdə mövcuddur. Azərbaycanda da belə bir formatın qurulması daha keyfiyyətli müzakirələr üçün əlavə imkan yaradar”.
İqtisadçı Eldəniz Əmirov isə bildirib ki, növbəti il üçün proqnozlar neft gəlirlərinin azalması, qeyri-neft gəlirlərinin isə artmasını göstərir:
“Neft Fondundan transferlərin 11 faizdən çox azalması müsbət addım kimi qiymətləndirilə bilər. Eyni zamanda qeyri-neft sektorunun büdcə gəlirlərindəki payının 57 faizə yüksəlməsi də yaxşı amildir və bu, əsasən vergi daxilolmalarının genişlənməsi hesabına mümkün olub. Digər tərəfdən, sosial xərclərin büdcənin 40 faizini təşkil etməsi əvvəlki illə müqayisədə oxşar səviyyədədir. Sosial təminat ödənişlərinin artması büdcədə sosial siyasətin prioritetliyinin qorunduğunu göstərir. Lakin büdcə həcminin cəmi 0,3 faiz artması və 4,8 faizlik inflyasiya proqnozu fonunda real fiskal genişlənmənin məhdud olması diqqət çəkir. Minimum əməkhaqqının dəyişməməsi də bu kontekstdə önəmlidir.
Sənədlərlə tanış olduqda görürük ki, dövlət borcuna xidmət xərclərinin artması fiskal çevikliyi məhdudlaşdıran əsas amillərdəndir. Ümumilikdə büdcə zərfi həm müsbət, həm də diqqət tələb edən ciddi məqamlar təqdim edir. Bununla belə, mövcud iqtisadi şəraitdə fərqli formada hazırlanmış büdcə zərfi icra zamanı problemlər yarada bilərdi. Burada əsas məsələ yalnız büdcənin hazırlanması deyil, 2026-cı ildə onun icra oluna bilməsi üçün real çərçivələrin müəyyən edilməsidir. Neft qiymətlərinin və hasilatının azalması neft sektorundan daxilolmaları azaldır, bu da büdcənin artım tempini zəiflədir. Büdcə zərfi elə təsdiqlənməlidir ki, sonradan icrasında çətinlik yaranmasın”.
Eldəniz Əmirov
İqtisadçı qeyd edib ki, 2026-cı ilin büdcə müzakirələri ölkənin fiskal imkanlarını və institusional çağırışlarını paralel şəkildə ortaya qoyur:
“Əsas nəticə yalnız sənədin qəbulunda deyil, icra mərhələsindədir. Elə büdcə qəbul edilə bilər ki, icra zamanı problemlər, müəyyən suallar yaransın. Maliyyə Nazirliyinin təqdim etdiyi büdcə zərfinin gələcəyə dair çox optimist gözləntilər doğurmaması mümkündür. Amma 2026-cı ilin icrası şəffaflıq və effektiv büdcə idarəçiliyi baxımından indiyədək ən səmərəli dövrlərdən biri ola bilər. Burada əsas vurğu büdcənin şəffaf və effektiv idarə olunmasına yönəlib”.
Ləman İmran
Globalinfo.az
Baxış sayı:114
Bu xəbər 21 Noyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















