Icma.az
close
up
RU
Paşinyanın son açıqlamaları: səbəblər, məqsədlər, proqnozlar

Paşinyanın son açıqlamaları: səbəblər, məqsədlər, proqnozlar

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin Milli Məclisindəki çıxışı çox maraqlı idi. Amma nədənsə Azərbaycanda diqqəti çox da cəlb etmədi. Əslində bu mesajlar Ermənistan üçün də, bölgə üçün də əhəmiyyətlidir.

Paşinyan deyib: "Dünyaya göndərmək istədiyimiz mesaj budur: bizim hökumətimizin əsas missiyası əzabkeş millət statusundan qurtulmaqdır".

O deyib ki, bu, əslində yeni məsələ deyil; "əzabkeş millət" formulunun nəticəsi "orduya çevrilmiş millət" kimi qavranılır. Ancaq bu cavabın doğruluğuna əmin deyiləm".

Bu fikrini davam etdirərək, Paşinyan daha sonra deyib: "Bizdə çox deyirlər ki, ordunu gücləndirmək lazımdır. Biz də bu gündəliyi həyata keçiririk. Ancaq biz nə qədər güclü bir ordu qurmaq istəyirik və kimə qarşı?"

Stop!

Bura xüsusi diqqət edək. Paşinyanın "ordu nə qədər güclü olmalıdır və kimə qarşı olmalıdır?" sualının cavabı ən önəmli nöqtədir. Ermənistan baş naziri demək isyəyir ki, əgər ölkəsi öz qonşuları ilə, yəni Azərbaycanla və Türkiyə ilə barışıb, sülh və tərəfdaşlıq ortamında yaşayacaqsa, bu iki ölkədəkindən güclü ordu lazım deyil, əgər bu ölkələrlə vuruşmaq istəyəcəksə də, Azərbaycandakından və Türkiyədəkindən güclü ordu qurmaq mümkün deyil.

Bu ordu kimə qarşı olacaq? Ermənistanı kimdən qoruyacaq? Paşinyanın verdiyi sual budur.

Regionda 6 ölkə var. Azərbaycan, İran, Ermənistan, Gürcüstan, Rusiya və Türkiyə. Bunlardan üçü böyük regional dövlətlərdir: İran, Rusiya, Türkiyə. Ermənistan necə güclü bir ordu qurmalıdır ki, bu ölkələrin ordularından güclü olsun?! Bu, hətta xəyalda da mümkün deyil. NATO-nun ABŞ-dan sonra ikinci ən güclü orduya - Türkiyəyə qarşı Ermənistan kimi kiçik bir ölkə necə bərabərgüclü ordu çıxara bilər?! Eləcə də, İran və Rusiya ordularına qarşı da bu, mümkün deyil. Üstəlik, hazırda Ermənistan iqtisadi cəhətdən Rusiyadan çox asılıdır.

Azərbaycanla bağlı məsələ onsuz da məlumdur; Azərbaycan Ermənistanı məğlub etmiş dövlətdir. Gürcüstana gəlincə, Ermənistanın dünyaya yolu bu ölkə üzərindən keçir.

Odur ki, Ermənistanın hərbi cəhətdən qonşularından daha güclü bir ordu qura bilməsi mümkün görünmür. Nəzərə alsaq ki, Ermənistanın hərbi tərəfdaşlıq etdiyi ölkələr- ABŞ, Fransa, Yunanıstan, Hindistan Ermənistanla nəinki sərhəddədir, əksinə aralarında min kilometrlərlə məsafə var. Azərbaycan və Türkiyə isə qonşuluqdadır. Bu faktın özü çox şey deyir və erməni ekspertləri özləri də bu məsələyə diqqət çəkir.

Ona görə Ermənistanın baş nazirinin bəyanatını iki cür şərh etmək olar: ya demək istəyir ki, Ermənistanın qonşularından daha böyük hərbi gücə çevrilməsi mümkün deyil, ya da anlayır ki, bu, heç lazım da deyil. Əgər bölgədə barış olacaqsa, ölkələr bir-biri ilə ticarət edəcəksə, tərəfdaş olacaqsa, qeyri-bərabər silahlanma yarışına çıxmağa nə lüzum var?!

Bu, əlbəttə, optimist şərhdir. Bir də var pessimist şərh: ABŞ-Çin psixoloji müharibəsi, onun da içində Rusiya-Ukrayna qaynar savaşı hələ bitməyib. Nə ilə bitəcəyi də məlum deyil. Üstəlik ABŞ-da qarşıdakı dörd ildə müharibələri dayandıracağını vəd etmiş yeni prezident olacaq.

Məhz Donald Trampın dövründə Ermənistan müharibəni Azrbaycana uduzmuşdu və məhz Co Baydenin zamanında Azərbaycana qarşı silahlanırdı; Vaşinqtondan da dəstəyi məhz Bayden administrasiyası verirdi.

ABŞ-Avropa İttifaqı-Ermənistan formatı ("miniMarşall planı") da məhz Bayden-Blinken cütlüyünün və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin "əsəri" idi.

İndi ABŞ-ın da, Avropa İttifaqının da rəhbərlikləri dəyişir. Yeni gələn komandaların həmin plana yanaşmasının necə olacağı da tam və ya heç bilinmir. Ona görə Ermənistan da öz "sülhpərvər" ritorikasını daha da yüksəldir. Hələlik bu qeyri-müəyyənlikdə manevr edib, vaxt qazanıb, əlverişli vaxta hazırlaşmağa çalışır.

Başqa sözlə, Ermənistan baş nazirinin sözdə elan etdiyi "qonşularla 0 problem" strategiyası gerçək olsa, nə yaxşı! Bu, Azərbaycanın da, Türkiyənin də istədiyi, əldə etməyə çalışdığı məqsədlərdir. Bununla yanaşı Paşinyanın bəyanatlarına realist yanaşmaq da lazımdır; bu ölkənin hansı halda hansı siyasi xətt yeridəcəyi müəmmalıdır, çünki İrəvanda "Soros hökuməti" var; onun öz iradəsi ilə hərəkət etdiyi, yumşaq desək, şübhəlidir. Nə zaman nə edəcəyi heç məlum deyil. Üstəlik tək ABŞ, Fransa da deyil, Ermənistan siyasətində Rusiya, İran faktorlarının da təsiri hələ var.

Bir sözlə, Ermənistanın "sülh göyərçini" obrazı bölgədə və dünyada heç kəsi, xüsusilə də, Azərbaycanı və Türkiyəni, türk dövlətlərini yanılda bilməz, yanıltmamalıdır. Ermənistanın vaxt qazanıb, yeni güclü müttəfiqliklər və güclü ordu qurması bir məqsəddirsə, bunun ilk uğuru ölkənin öz qonşuları üçün ziyansız, təhlükəsiz, dinc dövlətə çevrildiyinə Azərbaycanı və Türkiyəni inandırmaq ola bilər.

Əslində Paşinyanın bu "dinclik duyğusu verən, bu sülhsevər açıqlamaları yeni, müasir silahlar alınması, ordunun yenidən toparlanması fonunda verilir. Rəsmi İrəvan bir yandan "barışaq" deyir, bir yandan barışığı əngılləyən səbəbləri aradan qaldırmağa tələsmir, üstəlik yenidən və sürətlə silahlanır.

Bu, ikili yox, hətta üçlü məqsəddir. Bunu Azərbaycan da nəzərə almaq durumundadır. Həm də Azərbaycan axı Paşinyanla vuruşmayıb ki, Paşinyanla da sülh bağlasın. Paşinyanla, ya Paşinyansız, fərq etməz, Azərbaycanın rəqibi Ermənistan olub. Vuruşanda Ermənistanla vuruşub, barışanda da Ermənistanla barışacaq. Əgər qarşı tərəf bunu gerçəkdən istəsə.

Azərbaycanın torpaqlarının işğalına əmr vermiş, təşkil etmiş adamlar, siyasi qüvvələr hələ də Ermənistan siyasətindədir. Köçəryan, Sarqsyan, Ohanyan, elə həmin Ter-Petrosyan, bunlar Ermınistan siyasi səhnəsindən çəkilməyiblər; "müharibə partiyası" Ermənistan parlamentində öz fraksiyası ilə təmsil olunur. Ana müxalifətdir. Qarşıda isə seçkilər var; ya növbədənkənar, ya növbəti seçkilər.

Kimin təminatı var ki, Ermənistanda ya seçkilərlə, ya seçkilərsiz hakimiyyət dəyişməyəcək?! Belə hadisələr olub. Hətta daha güclü rəqibləri parlamentdə güllələtməyə qədər hər şey olub. Yaxud Ermənistanın yenidən Rusiyanın "qucağına" qayıtmayacağına kim zəmanət verir?! Hərçənd o "qucaqdan" ayrılması da illüziyadır.

Bütün bunlara görə də, məncə, Azərbaycanın Ermənistana dair siyasi xətti gerçəkçi yanaşmaya söykənir. Bu ölkədə deyilən sözlərə deyil, verilən qərarlara, əməli işlərə, real addımlara baxmaq gərəkdir. Üstəlik həmin Paşinyanın dünən dediyini bu gün təkzib etməsi halları da az olmayıb. Azərbaycan dövləti və cəmiyyəti Ermənistanın hazırda çox mürəkkəb "oynadığını" nəzərə almaq zorundadır. Mürəkkəb məsələlərin isə sadə izahı olmur. Sadə həlli isə heç olmur...

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Dekabr 2024 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see367

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see253

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see216

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see196

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see163

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see154

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see149

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see147

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri