Prezident İlham Əliyevin media diplomatiyası
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Tarixən elə şəhərlər olub ki, onlar xəritədəki coğrafi məkan olmaqdan çıxaraq dövlətlərin siyasi taleyini, xalqların milli yaddaşını və gələcək inkişaf kursunu müəyyən edən strateji simvollara çevrilib. XXI əsrin Azərbaycanı üçün Şuşa məhz belə şəhərlərdəndir.
Müasir dövrün əsas üstünlüyü informasiya məkanına təsir etmək, qlobal gündəmin formalaşmasında iştirak etmək və öz siyasi həqiqətlərini beynəlxalq ictimai rəyə qəbul etdirmək bacarığıdır. Bu baxımdan Şuşa Qlobal Media Forumu adi beynəlxalq tədbir deyil. O, Azərbaycanın yeni geosiyasi reallıqlarını dünyaya təqdim edən strateji platformadır. Burada verilən mesajlar təkcə jurnalistlərə deyil, dövlətlərə, beynəlxalq təşkilatlara, analitik mərkəzlərə və qlobal qərarverici dairələrə ünvanlanır.
Şuşanın forum məkanı kimi seçilməsi də təsadüfi qərar deyil. Bu seçim Azərbaycanın siyasi strategiyasının ayrılmaz hissəsidir. Bir vaxtlar işğalın və beynəlxalq ədalətsizliyin simvolu olan şəhər bu gün qalib dövlətin özünəinamını, quruculuq iradəsini və gələcəyə baxışını təcəssüm etdirən məkana çevrilib. Bu transformasiya yalnız şəhərin bərpası deyil, o cümlədən siyasi simvolun geosiyasi kapitala transformasiya prosesidir.
Şuşa Qlobal Media Forumu Azərbaycanın informasiya diplomatiyasının ən uğurlu nümunələrindən biri kimi xarakterizə edilə bilər. Forumun əsas özəlliyi ondadır ki, burada media hadisələri müşahidə edən tərəf deyil, beynəlxalq münasibətlərin fəal iştirakçısı kimi yer alır. Süni intellekt, dezinformasiya, informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya və strateji kommunikasiya kimi mövzular ətrafında aparılan müzakirələr göstərir ki, informasiya artıq texniki resurs deyil, milli təhlükəsizliyin və dövlət siyasətinin mühüm komponentinə çevrilib.
Beləliklə, Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, yeni siyasi düşüncəsinin laboratoriyasıdır. Burada formalaşan ideyalar və səslənən mesajlar təkcə bugünkü geosiyasi reallıqları şərh etmir, həm də gələcəyin regional təhlükəsizlik arxitekturasının konturlarını müəyyənləşdirir.
Şuşa Qlobal Media Forumu klassik media tədbiri çərçivəsinə sığmır. Dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlər və analitiklər artıq Qarabağ münaqişəsinin tarixini deyil, postmünaqişə dövrünün yeni geosiyasi reallıqlarını müzakirə etmək üçün Şuşaya gəlirlər. Bu dəyişiklik Azərbaycanın qlobal gündəliyin obyektindən onun müəlliflərindən birinə çevrildiyini göstərən mühüm siyasi göstəricidir.
Forumun proqramına nəzər saldıqda da bu yanaşma özünü aydın şəkildə göstərir. Süni intellekt, dezinformasiya, informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya, geosiyasi rəqabət, media məsuliyyəti və strateji kommunikasiya kimi mövzular bir daha təsdiqləyir ki, XXI əsrin əsas mübarizə meydanı artıq yalnız fiziki sərhədlərlə məhdudlaşmayan, informasiya və ideyalar məkanıdır. Bu nöqteyi-nəzərdən Şuşa qlobal fikir mübadiləsinin yeni ünvanına çevrilmək iddiasını ortaya qoyur. Forumun ən mühüm üstünlüklərindən biri Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə açıq və şəffaf münasibət bildirməsidir.
Müasir diplomatiyada belə formatlara nadir hallarda rast gəlinir, dövlət rəhbərləri əksər hallarda əvvəlcədən razılaşdırılmış müsahibələrə üstünlük verirlər. Şuşada isə fərqli mənzərə müşahidə olundu: sərbəst suallar, birbaşa cavablar və şəffaf müzakirə mühiti. Bu format təsadüfi seçim deyildi. Dövlət başçısının müxtəlif ölkələrin jurnalistlərinin suallarını vasitəçisiz cavablandırması Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya birbaşa çatdırmaqla yanaşı, informasiya manipulyasiyası imkanlarını da minimum səviyyəyə endirir.
Bu, eyni zamanda, Azərbaycanın öz mövqeyinə inamının, arqumentlərinin əsaslı olduğuna əminliyinin və beynəlxalq auditoriya ilə açıq ünsiyyətdən çəkinmədiyinin nümayişidir. Strateji kommunikasiya baxımından bu, mühüm üstünlük yaradır. Çünki informasiya əsrində etimad təkcə deyilən fikirlərlə deyil, həmin fikirlərin necə təqdim olunması ilə də formalaşır.
Prezident İlham Əliyevin kommunikasiya üslubu da bu kontekstdə xüsusi diqqət çəkirdi. Çıxış emosional polemika üzərində deyil, faktlar, hüquqi arqumentlər, tarixi ardıcıllıq və siyasi məntiq üzərində qurulmuşdu. Bu yanaşma qlobal auditoriyanın gözləntilərinə cavab verən müasir siyasi kommunikasiya modelidir. İnformasiya dövriyyəsinin çox olduğu bu dövrdə ən güclü arqument emosional bəyanat deyil, inandırıcı fakt və ardıcıl məntiqdir. Bu yanaşma strateji kommunikasiya baxımından Azərbaycanın mühüm üstünlüklərindən biridir.
Şuşa Forumunun ildən-ilə artan nüfuzu artıq yeni bir siyasi fenomenin formalaşdığını təsdiq edir. Burada yalnız çıxışlar edilmir, yeni siyasi yanaşmalar, regional təhlükəsizliklə bağlı baxışlar təqdim olunur və gələcəyin geosiyasi gündəliyi müzakirə edilir. Məhz buna görə bu platformanı şərti olaraq “Şuşa doktrinası” adlandırmaq mümkündür. Bu doktrina hərbi qələbənin siyasi legitimliyə, siyasi legitimliyin beynəlxalq etimada, beynəlxalq etimadın isə strateji nüfuza transformasiyasi fəlsəfəsinə əsaslanır.
Əslində, Şuşadan dünyaya təqdim olunan əsas mesaj bunu ehtiva edir: XXI əsrdə qələbə qazanmaq yalnız müharibənin qalibi olmaq deyil, həmçinin, burada əsl qələbə həmin uğuru davamlı inkişaf modelinə, beynəlxalq nüfuza və qlobal siyasi etimada çevirə bilməkdədir. Azərbaycanın Şuşada əks etdirdiyi model məhz bu strateji yanaşmanın praktik ifadəsidir.
Şuşa Qlobal Media Forumunun əsas hadisəsi təkcə dünyanın müxtəlif ölkələrindən yüzlərlə media nümayəndəsinin iştirakı ilə məhdudlaşmırdı. Forumun əsl siyasi çəkisi Prezident İlham Əliyevin beynəlxalq auditoriya qarşısında səsləndirdiyi mesajlarda və bu mesajların yaratdığı geosiyasi rezonansda idi. Bu çıxış yalnız jurnalistlərin suallarına verilən cavablar toplusundan ibarət deyildi, o, Azərbaycanın müasir dövlətçilik fəlsəfəsinin, xarici siyasət kursunun və regional baxışının konseptual təqdimatını özündə ehtiva edirdi.
Uzun illər Azərbaycan beynəlxalq platformalarda daha çox işğal faktını izah etməyə, beynəlxalq hüququn tələblərini xatırlatmağa və ikili standartlara diqqət çəkməyə məcbur olmuşdur. Bu gün isə vəziyyət tamamilə dəyişib. Azərbaycan artıq öz mövqeyini müdafiə edən deyil, regional gündəliyi formalaşdıran, təşəbbüslər irəli sürən və geosiyasi proseslərə istiqamət verən beynəlxalq subyekt statusundadır.
Əslində, Şuşadan verilən ən mühüm mesaj da məhz bunu ehtiva edir: qalib dövlət yalnız müharibəni qazanan dövlət deyil; qalib dövlət sülhün şərtlərini müəyyən edən, inkişafın istiqamətlərini göstərən və gələcəyin siyasi arxitekturasını qurmağa qadir olan dövlətdir. Bu yanaşma təsadüfi deyil. Son illərdə Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri, Orta Dəhlizin inkişafı, Türk Dövlətləri Təşkilatının institusional güclənməsi, COP29 kimi qlobal tədbirlərə ev sahibliyi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa proqramları göstərir ki, Bakı artıq regional proseslərin iştirakçısı olmaqla kifayətlənmir, o həm də bu proseslərin əsas müəlliflərindən birinə çevrilmək iddiasını praktik addımlarla nümayiş etdirir.
Şuşada səslənən fikirlər bu baxımdan yeni geosiyasi düşüncənin əsas tezislərini özündə konsolidasiya edir. Burada diqqət mərkəzində keçmiş münaqişə deyil, gələcəyin təhlükəsizlik modeli dayanır. Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycanın siyasi baxışı revanşizm üzərində deyil, sabitlik, iqtisadi inteqrasiya və qarşılıqlı maraqlar üzərində inşa edilmişdir. Bu isə müasir beynəlxalq münasibətlərdə məsuliyyətli regional lider modelinin əsas xüsusiyyətlərindən biridir.
Prezident İlham Əliyevin çıxışının ən diqqətçəkən məqamlarından biri 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin yalnız hərbi uğur kimi deyil, yeni inkişaf mərhələsinin başlanğıcı olaraq təqdim edilməsidir. Tarix göstərir ki, hərbi qələbələrin əhəmiyyətini müəyyən edən əsas amil onların sonrakı siyasi nəticələridir. Döyüş meydanında qazanılan üstünlük yalnız quruculuq siyasəti ilə möhkəmləndirildikdə strateji qələbəyə çevrilir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda inşa olunan şəhərlər, beynəlxalq hava limanları, avtomobil və dəmir yolları, “yaşıl enerji” layihələri və müasir yaşayış məntəqələri yalnız iqtisadi layihələr deyildir, onlar, həmçinin, dövlətin siyasi iradəsinin, milli potensialının və uzunmüddətli inkişaf strategiyasının bariz nümunəsidir. Şuşada Prezident İlham Əliyevin təqdim etdiyi əsas siyasi məntiq də məhz bundan ibarət idi: qələbənin həqiqi dəyəri yalnız azad edilmiş torpaqlarla deyil, həmin torpaqlarda inşa edilən yeni həyatlarla ölçülür.
Görünən odur ki, yeni siyasi fəlsəfənin fundamental prinsipi suverenlikdir. Şuşa Forumunda səslənən fikirlər Prezident İlham Əliyevin siyasi baxışında suverenliyin yalnız beynəlxalq hüquq termini deyil, dövlət idarəçiliyi, xarici siyasət və milli inkişaf strategiyasının əsas prinsipi olmasına birbaşa işarədir. Məhz bu səbəbdən Şuşadan səslənən mesajlar yalnızcregion dövlətləri deyil, bütövlükdə beynəlxalq siyasi sistemə ünvanlanmışdı. Tirajlanan əsas fikir budur ki, Azərbaycan öz gələcəyini başqalarının hazırladığı ssenarilər fonunda yox, milli maraqlarının təməlini təşkil edən müstəqil strateji baxış əsasında qurur.
Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı həm də bu baxımdan fərqlənirdi. Burada sülh emosional çağırış və yaxud diplomatik ritorika kimi deyil, geosiyasi reallıqlara söykənən strateji alternativ kimi təqdim olunurdu. Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin əsas məntiqi birmənalıdır: Cənubi Qafqaz uzun illər sürən qarşıdurmaların məkanı deyil, əməkdaşlığın simvolu olan coğrafiyaya çevrilməlidir.
Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, müasir dünyada dövlətlərin gücü yalnız iqtisadi göstəricilər, hərbi potensial və ya diplomatik əlaqələrin miqyası ilə müəyyən edilmir. Əsl üstünlük öz siyasi baxışını qlobal gündəliyin tərkib hissəsinə çevirə bilmək, o cümlədən milli maraqları beynəlxalq legitimliklə uzlaşdırmaq və dəyişən dünya nizamında etibarlı tərəfdaş kimi qəbul olunmaq iqtidarındadır. Bu mənada, “Şuşa dərsləri” yalnız bir çıxışın və ya forumun nəticəsi deyil. Bu anlayış Azərbaycanın müasir dövlətçilik fəlsəfəsini xarakterizə edən yeni siyasi məktəbin ümumiləşdirilmiş ifadəsinə çevrilir.
Ən əhəmiyyətli nəticələrdən biri də budur ki, Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində hadisələrə reaksiya verən dövlət kimi deyil, onların məzmununa və istiqamətinə təsir göstərən beynəlxalq aktor qismində çıxış edir. Şuşa Qlobal Media Forumu isə həmin siyasətin intellektual və kommunikativ platforması rolunu oynayır.
Nəticə etibarilə, Şuşa sadəcə keçmişin xatirəsi deyil, gələcəyin siyasi baxışlarının formalaşdığı inkişaf məkanıdır. Burada tarix gələcəklə vəhdət təşkil edir, hərbi qələbə strateji baxışa çevrilir, milli iradə isə beynəlxalq dialoqun əhəmiyyətli amilinə transformasiya olunur. Prezident İlham Əliyevin Şuşadan dünya auditoriyasına verdiyi mesajların mahiyyəti də məhz budur: suverenlik qorunmalı, qələbə quruculuqla möhkəmləndirilməli, inkişaf strateji düşüncə ilə formalaşdırılmalı, dövlət isə öz növbəsində yalnız öz sərhədlərinin sahibi deyil, öz sözünün sahibi olmalıdır.
Ziyafət HƏBİBOVA,
siyasi elmlər doktoru, professor,
Yəhya BABANLI,
tarix üzrə fəlsəfə doktoru, professor
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 18 İyul 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















