Icma.az
close
up
RU
Prezidentdən mühüm mesajlar Azərbaycan inkişaf prioritetlərini təqdim etdi

Prezidentdən mühüm mesajlar Azərbaycan inkişaf prioritetlərini təqdim etdi

Prezident İlham Əliyev dünən yerli televiziya kanallarına verdiyi müsahibədə strateji mətləblərə aydınlıq gətirdi. Azərbaycanın yürütdüyü daxili və xarici siyasət strategiyasının konturları, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki rolu, həyata keçirilən iqtisadi islahatlar, işğaldan azad edilən torpaqlarımızn bərpası, ölkəmizə qarşı sistemli və məqsədli hücumlar və digər məqamların yer aldığı müsahibədə dövlət başçısı beynəlxalq birliyə də mühüm mesajlar verdi.

Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır

Ölkəmizin maliyyə vəziyyətini əsaslı dərəcədə yaxşılaşdırdığını, rezervlərini artırdığını bildirən İlham Əliyev dövlət bücəsinin rekord səviyyəyə çatdığını, il ərzində valyuta ehtiyatlarının 5 milyard dollar çoxaldığını, adambaşına düşən göstəricilərə görə Azərbaycanın dünyanın aparıcı dövlətlərindən biri olduğunu diqqətə çatdırdı.

Hər kəsə məlumdur ki, Azərbaycan ən yaxın keçmişdə müharibə aparıb və tarixi Zəfər qazanıb. Geosiyasi müstəvidə cərəyan edən hadisələri və heç vaxt olmadığı qədər kəskinləşən münasibətləri, bunun fonunda dünya miqyasındakı iqtisadi böhranı nəzərə alsaq, müharibədən yenicə çıxmış bir ölkənin nəinki iqtisadi dayanıqlığını qoruması, əksinə, inkişaf etdirməsi, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl, məntiqli və çoxvektorlu islahatların məntiqi və uğurlu nəticəsidir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində “2024-cü ildə də Azərbaycan xalqının etimadını qazandım və yenidən Prezident seçildim” – söyləyən İlham Əliyevin son müsahibəsi zamanı vurğuladığı məqamlar Azərbaycanda iqtidar-vətəndaş münasibətlərinin ən yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Daxili həmrəyliyin pik həddə çatması isə Cənubi Qafqaz regionunu “işğtişaş oylağı”na çevirmək istəyən məkrli qüvvələrə layiqli cavabdır.

Sitat: Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni, bu, xüsusi bir hissdir. Bunu yəqin ki, bir çoxları yaşamayıb. Xüsusilə hər iki dövrdə ölkəyə rəhbərlik edən şəxs kimi bəlkə də bu, unikal təcrübədir. Mən azad edilmiş torpaqlarda bəlkə də 100 dəfədən çox olmuşam və hər dəfə gedəndə özümə eyni sözləri deyirəm, eyni sevinci bölüşürəm. Sanki birinci dəfə gəlmişəm oraya. Biz elə ölkədə yaşayırıq ki, doğrudan da fəxr edə bilərik ölkəmizlə, ilk növbədə, xalqımızla.

Azərbaycan qlobal aktor rolunda

Prezident Azərbaycanın D8-ə üzv olması, Bakıda baş tutan BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29), Avropanın enerji təhcizatında ölkəmizin rolu, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti, ABŞ-la münasibətlərin gələcəyi, Qərbdə hökm sürən mənəvi və siyasi böhran, sayılı günlərini yaşayan mövcud ABŞ adminstrasiyasının, Avropa İttifaqının və Fransanın ikitirəli siyasəti, Türk Dövlətləri Təşkilatının gələcək perspektivi, Yaxın Şərqdə baş verən hadisələr, Suriyada Əsəd rejiminin devrilməsi və digər mövzular ətrafında da mövqeyini bölüşüb və mühüm mesajlar verib.

Bayden adminstrasiyasının Soros iqtidarı olduğunu söyləyən dövlət başçısı yanvarın 20-də fəaliyyətə başlayacaq Prezident Donald Trampın Birləşmiş Ştatlara birinci rəhbərliyi dövründə Amerika-Azərbaycan arasındakı münasibətlərin normal olduğunu bildirib. Trampın yeni gündəliklə hakimiyyətə gəldiyini və ikitərəfli münasibətlərin inkişafına ümidvar olduğunu söyləyən İlham Əliyev bildirib ki, ölkəmiz Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevrilməsi cəhdlərinə imkan verməyib və bundan sonra da verməyəcək.

Bu məqamda qeyd edək ki, Azərbaycanın üzvlüyü ilə sayı 9-a çatan və son 28 illik müddət ərzində digər heç bir dövləti sıralarına qəbul etməyən D8 böyük iqtisadi potensiala, müxtəlif resurslara, çoxsaylı əhaliyə və coğrafi əraziyə malik doqquz ölkə arasında yeni imkanları əldə etmək, ticarət əlaqələrini şaxələndirmək, beynəlxalq qərarların qəbulu proseslərində iştirakını artırmaq, daha yaxşı yaşayış təmin etmək məqsədilə səfərbər olunub və dünyanın nüfuzlu müsəlman dövlətləri bu təşkilatda təmsil olunur.

Fransanın Azərbaycana qarşı təzyiqlərinin kökündə 44 günlük vətən müharibəsində əldə edilən tarixi Zəfərin dayandığını bildirən dövlət başçısı bu qələbədən sonra regionda və dünyada yeni reallıqların yarandığını söyləyib. Heç şübhəsiz ki, 30 il ərzində Ermənistanın işğalçılıq, talançılıq, soyqırım, terror siyasətinə göz yuman dairələrin Azərbaycan qələbəsindən sonra fəallaşması təsadüfi deyil.

Ermənipərəst qüvvələr həm də onun fərqindədirlər ki, Cənubi Qafqaz regionunda Azərbaycanın rolu və iştirakı olmadan hər hansı layihənin uğur qazanması mümkün deyil. Azərbaycanın müstəqil xarici siyasəti fonunda isə onların bölgəni nəzarətə götürmək niyyətləri fiaskoya uğrayır. Avropa İttifaqı prezidentinin öz missiyasının ziddinə olaraq COP29 tədbirində iştirakdan imtina etməsi, ölkəmizin razılığı olmadan mülki müşahidə missiyası adı altında Azərbaycanla sərhəd ərazilərə Qərb kəşfiyyatçılarının gətirilməsi, Fransanın dövlət və siyasət xadimlərinin Qarabağa indiyə qədərki qanunsuz səfərləri və digər məqamlar Qərbin regionu qarışdırmaq cəhdlərinin tərkib hissəsi və bariz nümunəsidir.

Prezidentin müsahibəsində daha bir diqqətçəkən məqam isə, öz sərmayə qoyuluşumuzla Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratdığımızı, Xəzər üzərindən Orta Asiyaya uzanan, bir tərəfimizdə Avropa olan bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevriləsi ilə bağlı fikirləridir. Sitat: Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz. Yəni, bunu bizsiz edə bilməzlər.

Zəngəzur dəhlizi açılmalıdır və açılacaq

“Ermənistan hakimiyyəti reallıqları nəzərə almalıdır və onların bundan başqa çıxış yolu yoxdur” mesajını ötürən dövlət başçısı dünyada artıq yeni nizamın hökm sürdüyünü diqqətə çatdırıb. Ermənistan iqtidarının güvəndiyi qüvvələrin iflas dövrünü yaşadığına eyham vuran İlham Əliyev “Amerikada da Soros dövrü başa çatıb. Bayden administrasiyası, əslində, Soros idarə üsulu ilə idarə olunurdu. Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək, ona görə düzgün addım atsın. Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır” bəyanatını səsləndirərək, Ermənistana və havadarlarına növbəti xəbərdarlığını edib.

Qeyd edək ki, hələ işğal dövründə, Tovuz döyüşləri, İkinci Qarabağ müharibəsindən öncə də İlham Əliyev Ermənistanın siyasi rəhbərliyinə çağırışlar edir, onları işğal altında olan torpaqları azad etməyə səsləyirdi. Hansı ki, o zaman Paşinyan rejimi bu çağırışa məhəl qoysaydı, müharibə də olmayacaqdı. Beynəlxalq birliyin nəinki tərəfsiz, Ermənistanın mövqeyindən çıxış etdiyi, işğalçının öz sərsəm iddialarından əl çəkmədiyi bir şəraitdə Azərbaycanın alternativ yolu qalmadı və güc yolu ilə öz torpaqlarını işğaldan azad etdi. İndiki halda isə gündəlikdə sülh sazişidir. Ermənistan hakimiyyəti regiona sabitliyin gəlməsindən yanadırsa, o zaman təcili olaraq riyakar siyasətindən əl çəkməlidir. Əks halda, bu dəfə də itirən Ermənistan olacaq. Necə ki, yaxın dörd illik təcrübədə dəfələrlə bu, baş verib.

Ermənistanın sürətlə və kütləvi şəkildə silahlandırılmasının doğura biləcəyi fəsadlardan danışan dövlət başçısı bu prosesin region üçün təhdid yaratdığını qeyd ediB: “Biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək. Ona görə Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək. Onlar bizimlə silah yarışına girə bilməyəcəklər”.

Burada ortaya çıxan mənzərə məlum xarici dairələrin hər vəchlə münaqişənin ömrünü süni yolla uzatmağa çalışmasındadır. Fransa və Ermənistanı silahlandıran qüvvələr özləri də başa düşürlər ki, Ermənistanın Azərbaycanla müharibə aparmağa nə hərbi, nə siyasi, nə də iqtisadi gücü yoxdur. Eyni zamanda hüquqi və mənəvi əsası da yoxdur. Çünki Azərbaycan işğalçıya qarşı mübarizə aparıb. Ermənistanın bu müharibədə məğlub olacağını bilə-bilə onun silahlandırılması, bir daha təsdiq edir ki, rəsmi İrəvan, onun Fransadakı havadarları hər vəchlə regionda yeni müharibə ocağının yaranmasında maraqlıdırlar. Cənab Prezidentin də söylədiyi kimi, o da məlumdur ki, real müharibədə Ermənistana dəstək göstərməyəcəklər. Çünki qarşısındakının qüdrətinin fərqindədirlər.

XXI əsrin üçüncü onilliyində də müstəmləkəçilik azarından qurtula bilməyən Fransa yenə öz ampulasındadır və xalqları assimilyasiya etmək, dilini, mədəniyyətini, adət-ənənələrini aradan qaldırmaqla onlara fransız mədəniyyətini aşılamaq, daim öz orbitində saxlamaq niyyətini davam etdirir. Müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir əhəmiyyət verməyən ölkələrdən biri kimi Fransanın bu gün özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verməsi riyakarlıqdır. Heç bir əsası olmayan iddiaları, neokolonist həvəsləri, müstəmləkəçilik arzuları ilə yaşamaqda davam etməsi iflasa məhkumdur. Bu, ziyanlı bir prosesdir və bütün dünya həmrəylik nümayiş etdirərək, bu zərərli və təhlükəli tendensiyadan xilas olmalıdır. Qvineyanı, Polineziyanı, Korsikanı, Melaneziyanı, Karib dənizini, Antil adalarını, Yeni Kaledoniyanı və başqalarını müstəmləkəsində saxlayan və onların azadılıq, müstəqillik arzularına qarşı gələn Fransanın neokolonizm siyasətinin dünya gündəliyinin əsas vəzifələrindən biri olmalıdır.

Göründüyü kimi, Prezident İlham Əliyev yerli televiziyalara son müsahibəsi zamanı 2025-ci il üçün Azərbaycanın prioritetlərini bəyan etdi. Davamlı inkişaf, iqtisadi tərəqqi, Qarabağın dirçəldilməsi, müstəqil xarici siyasət kursunun davam etdirilməsi və zəngin məqamlarla dolu olan müsahibədə Prezident dövlət şirkətlərində yeni idarəetmə modelinin tətbiq olunmasından və uzun illər ərzində zərərlə işləyən dövlət şirkətlərinin gəlirlə çalışmasından da bəhs edib. Dövlət başçısı bildirib ki, idarəetmədə olan qüsurlar və pozuntuların aradan qaldırılması, rəqəmsallaşmaya keçid istiqamətində səylər bundan sonra da davam etdiriləcək.

Bu müsahibə Azərbaycanın gələcək inkişafına dair bir yol xəritəsidir və ölkəmizin inkişafından narahat olan yerli və xarici dairələr üçün bundan özləri üçün dərs götürməlidirlər.

Azər Niftiyev,

Xüsusi olaraq AzNews.az üçün

seeBaxış sayı:72
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri