“Prezidentimizə söz verdim” CAHANGİRBƏYLİDƏN REPORTAJ
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Zəngilan, 6 noyabr, AZƏRTAC
Oxçu çayının sahillərində yerləşən, füsunkar təbiəti ilə könülləri oxşayan Zəngilanın Cahangirbəyli kəndi... 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində doğma yurdundan didərgin düşən bu el-obanın sakinləri üçün həyat düz otuz ilə yaxın bir müddətdə köçkünlük taleyinin ağrı-acısı ilə yoğruldu. Düşmən bu illər ərzində hər şeyi - daşı-daş üstündə qoymadığı yurd yerlərini, kəndin infrastrukturunu, neçə-neçə nəslin xatirəsini viran etdi, taladı. Lakin bir şeyi – azərbaycanlıların doğma torpağa olan sonsuz sevgisini və qayıdış inamını məhv edə bilmədi.
Tarixi ədalətin bərpası isə 2020-ci ilin payızında gerçəkləşdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli əməliyyatlar nəticəsində oktyabrın 21-də Cahangirbəyli düşmən tapdağından azad olundu. Kəndin otuz illik nisgilinə son qoyuldu.
Zəfərdən dərhal sonra başlanan genişmiqyaslı bərpa işləri bu gün “Böyük Qayıdış”ın parlaq səhifələrini yazır. Cahangirbəyli dövlətimizin başçısının diqqət və qayğısı ilə dağıntılardan dirçəlişə doğru sürətli inkişaf yolu keçib - salınan yollar, çəkilən müasir elektrik, su, rabitə xətləri və ucaldılan sosial obyektlər keçmiş məcburi köçkünlərin öz ocaqlarında təhlükəsiz, firavan və rahat yaşaması üçün bütün zəmini yaradıb.
Noyabrın 6-sı isə bu diyarın salnaməsinə daha bir qürurverici tarix kimi yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak edərək burada yaradılan şəraitlə yerində tanış oldular. Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinə qayıdan sakinlərlə səmimi görüş, sevinc və fərəh dolu duyğular məhz bu torpaqlarda yeni dövrün başladığını göstərirdi. Sakinlərə mənzillərin açarlarının təqdim edilməsi ilə onlarla ailənin uzun illərdən bəri qəlbində bəslədiyi ən böyük arzu gerçəyə döndü.
Bölgəyə ezam edilən AZƏRTAC-ın əməkdaşı bu tarixi günün şahidi olan sakinlərin həyəcan və minnətdarlıq dolu duyğularını onların dilindən dinləyib.
Viran qoyulmuş kənddən yeni həyata
Ümumi sahəsi 179,5 hektar olan Cahangirbəyli kəndində tikinti-quruculuq işlərinin birinci mərhələsi 62,57 hektarlıq ərazini əhatə edir. Bu mərhələ çərçivəsində 242 fərdi yaşayış evi, müasir məktəb binası, körpələr evi-uşaq bağçası, ikimərtəbəli inzibati bina, bazar kompleksi və çoxfunksiyalı bina inşa olunub. Sakinlərin rahatlığı nəzərə alınaraq 2, 3, 4 və 5 otaqlı layihələndirilən evlərin hamısı su, elektrik enerjisi, təbii qaz, alternativ enerji mənbəyi olan Günəş panelləri və yüksəksürətli internetlə təmin edilib, kənddaxili yollara asfalt döşənib.
Kənddə əhalinin gündəlik tələbatını yerində ödəmək üçün çoxfunksiyalı binada həkim-tibb məntəqəsi, aptek, market, dərzi və gözəllik salonu fəaliyyət göstərəcək. 80 yerlik uşaq bağçasında isə balacaların rahatlığı, istirahəti və ilkin bilik-bacarıqlarının inkişafı üçün bütün zəruri infrastruktur yaradılıb.
Bundan başqa, inzibati binanın yaxınlığında Bayraq meydanı salınıb. Meydanın ətrafında isə sakinlərin asudə vaxtının səmərəli təşkili, fiziki aktivliyin artırılması və sağlam həyat tərzinin təşviqi məqsədilə uşaq meydançası, idman zonası və geniş istirahət parkı istifadəyə verilib.
Kənd ağsaqqalı: “Çox bəyəndik, hər şey yüksək səviyyədə qurulub”
Otuz iki illik fasilədən sonra doğma elinə qədəm basan Cahangirbəyli kəndinin ağsaqqalı İbrahim İbrahimov sevincini gizlədə bilmir:
- 32 ildən sonra, bəli, düz 32 ildən sonra kəndimizə qayıtmışıq. Şükür Allaha. Bakıda məskunlaşmışdıq, şəraitimiz çətin idi, çox əziyyətlər çəkdik. Allah Prezidentimizin canını sağ eləsin, onun sayəsində, ordumuzun gücü ilə gəldik çıxdıq bu gün kəndimizə.
Kəndin müasir görkəmindən ağızdolusu danışan İbrahim kişi quruculuq işlərinin davamına özlərinin də töhfə verəcəyini vurğulayır:
- Çox bəyəndik, hər şey yüksək səviyyədə qurulub. Bayaq cənab Prezidentimizə də söz verdim, bax burada cürbəcür ağaclar əkəcəyik, əsl gözəllik yaradacağıq. Kəndimizi abadlaşdırmaq artıq bizim işimizdir.
Prezidentlə görüşün doğurduğu xoş anlardan danışan həmsöhbətimiz əlavə edir:
- Çox gözəl təəssüratlarım var. Prezidentimizdən çox razıyıq. Hamımızla səmimi görüşdü, danışdı, güldü. Özümüzü dünyanın ən xoşbəxt insanı sayırıq.
Şəhid anasının qüruru: “Biz bu torpağı cənnətə çevirəcəyik”
Açılış mərasimində duyğusal məqamlardan biri də Cəbrayıl rayonunun Soltanlı kənd sakini, 44 günlük Vətən müharibəsinin şəhidi Ziyadxan Əliyevin anası Müşgünaz Həziyeva ilə görüş oldu. Şəhid anası ömrünün köçkünlük illərini və oğlunun qəhrəmanlıq yolunu qürurla dilə gətirdi:
- 1993-cü ildə, cəmi 23 yaşımda doğma kəndimdən məcburi köçkün düşdüm. Həmin ilin oktyabrından etibarən Kürdəmir rayonunda məskunlaşdıq. Övladlarım orada böyüdü. Üç balam var idi. Şəhid oğlum Ziyadxan Azərbaycan Texniki Universitetində təhsil almışdı. 44 günlük Vətən müharibəsi başlayanda Suqovuşan-Talış istiqamətində qəhrəmancasına döyüşdü və şəhadətə ucaldı. “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü" medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bu gün Kürdəmirdə əsas küçələrdən biri onun adını daşıyır.
Şəhid anası oğlu ilə son telefon danışığını kövrək duyğularla xatırlayır:
- Ziyadxanın ən böyük amalı Qarabağın azadlığı, Vətənə xidmət idi. Şəhid olmazdan az əvvəl mənə zəng edib demişdi: “Biz hamımız bu Vətən üçün yaşayırıq və əgər mən şəhid olsam, tabutum gələndə ağlama”. Mən də onun bu vəsiyyətinə sadiq qaldım. Bu gün onunla qürur duyuram.
Müşgünaz ana dövlətin şəhid ailələrinə göstərdiyi davamlı diqqət və qayğıdan da danışaraq deyib:
- Bizə bu qələbəni və qayıdışı bəxş edən şəhidlərimizin ruhu şad olsun. Ali Baş Komandanımız, Prezidentimiz var olsun! Mehriban xanıma xüsusi təşəkkür edirik ki, Heydər Əliyev Fondunun qayğısını hər zaman üzərimizdə hiss etmişik. Bu gün kəndlərimiz yenidən qurulur, göz oxşayır. Dövlətimiz öz üzərinə düşəni ən yüksək səviyyədə etdi, bundan sonrakı abadlıq, yaşıllaşdırma işləri isə kənd sakini kimi bizim vətəndaşlıq borcumuzdur.
Cahangirbəylidə hava tutqun və çiskin olsa da, Günəş arabir buludların arasından boylanır. Yeni mənzillərin gözoxşayan mənzərəsi, pəncərələrdən bərq vuran işıqlar, doğma kəndlərinə qayıdan insanların sevinci uzun illər qaranlıqda qalmış yurd yerində yeni həyatın başladığından xəbər verir. İllər boyu həsrətlə gözlənilən bu qovuşma təkcə viran qalmış yurdun dirçəlişi deyil, həm də xalqımızın sarsılmaz iradəsinin və Böyük Qayıdışın təntənəsidir.
Müəllif - Ceyhun Rüstəmov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 06 Noyabr 2026 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















