Icma.az
close
up
RU
Prezidentlərin dalana dirənən görüşü

Prezidentlərin dalana dirənən görüşü

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avqustun 20-də Birləşmiş Ştatlar Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşün yaxın iki həftə ərzində baş tuta biləcəyini ehtimal edir. Bu barədə ABŞ-ın Protokol rəhbəri, diplomat Monika Krouli deyib. "Beləliklə, prezidentlər Putin və Zelenski arasındakı bu ikitərəfli görüş yaxın iki həftə ərzində baş tuta bilər", - deyə o bildirib. Dövlət Departamentinin rəsmisi bu görüşün harada keçirilə biləcəyini söyləməyib. “Politiko” yazır ki, Tramp və köməkçiləri Vladimir Putin və Vladimir Zelenski arasında mümkün görüşün təşkili üzərində işini davam etdirirlər. Liderlər arasında görüşün sentyabrın ilk on günlüyündə keçiriləcəyi planlaşdırılıb. Amma görüşün baş tutub, tutmayacağı bəlli deyil. Tərəflər bununla bağlı rəsmi məlumat verməyiblər.

ABŞ Prezidenti Donald Tramp deyib ki, Rusiya və Ukrayna prezidentləri – Vladimir Putin və Vladimir Zelenski arasında təkbətək görüş nəticə verməyə bilər.

“Tanqo rəqsi üçün iki nəfər lazımdır. İstərdim hər ikisi ilə də görüşüm. Bu görüşdə ola bilərəm, lakin çoxları düşünür ki, bu görüş nəticəsiz olacaq. Ola bilsin ki, bu doğrudur, yaxud deyil”, - deyə Ağ Ev rəhbəri bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə NATO Baş katibi Mark Rutte ilə görüşündə deyib ki, Rusiya Prezident Vladimir Putinlə görüşümüzün baş tutmaması üçün əlindən gələni edir. “Rusiya təhlükəsizlik zəmanətlərindən danışanda nəyi nəzərdə tutur, anlamıram. Axı bizə məhz onlar hücum ediblər”, - Zelenski bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə deyib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə görüşmək niyyətində deyil.

Onun sözlərinə görə, Prezident Vladimir Putin Zelenski ilə görüşə razılıq verməyib. Nazir qeyd edib ki, belə bir sammit hazırda gündəmdə deyil: “Zelenski-Putin görüşü ciddi hazırlıq tələb edir və yalnız danışıqların sonunda, yekun mərhələdə baş tuta bilər”. Qeyd edək ki, AFP-nin iddiasına görə, Kreml rəhbəri ukraynalı həmkarı ilə Moskvada görüşməyi təklif edib.

Almaniya kansleri Fridrix Merzin fikrincə, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcəyinə şübhə edir.

“Ümumiyyətlə belə bir görüşün baş tutacağına şübhə edirəm. Rusiya prezidentinin belə bir sammitdə iştirak etməyə cəsarət edib-etməyəcəyini bilmirik. Ona görə də onu inandırmaq lazımdır”, - Merz bildirib. Qeyd edək ki, Almaniya kansleri Fridrix Merz də Ukrayna prezidenti ilə Kreml rəhbəri arasında görüşün yaxın iki həftə ərzində baş tuta biləcəyini demişdi.

Görüşün harada keçiriləcəyi ilə bağlı fikirlər də müxtəlifdir, müxtəlif şəhərlər təklif edilir - Cenevrə, Vyana, Budapeşt və İstanbul...

Polşa Baş naziri Donald Tusk Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə Budapeştdə görüşünə qarşı çıxıb. Tusk bu barədə özünün X səhifəsində yazıb.

“Budapeşt? 1994-cü ildə Ukrayna artıq ABŞ, Rusiya və Böyük Britaniyadan ərazi bütövlüyü ilə bağlı zəmanət almışdı. Budapeştdə. Bəlkə də xurafat kimi səslənir, amma bu dəfə başqa yer seçmək daha yaxşı olardı”, - Tusk bildirib.

Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont deyib ki. Belarus hakimiyyəti Rusiya Prezidenti Vladimir Putin və Ukrayn Prezidenti Vladimir Zelenski arasında görüş təşkil etməyə hazırdır. "Belarus vasitəçi rolunu istəməyib və istəmir, amma qardaş respublikamızda sülh üçün lazım olsa, biz istənilən görüşü təşkil etməyə hazırıq. Və biz hər şeyi ən yüksək səviyyədə keçirəcəyik. Lakin Belarus prezidenti amerikalı həmkarı ilə telefon danışığı zamanı bu mövzunu müzakirə etməyib", - o bildirib.

Fransa prezidenti Emmanuel Makron isə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında ikitərəfli görüş üçün mümkün məkan kimi Cenevrəni göstərib. Makron bu barədə TF1 telekanalına müsahibəsində bildirib.

Fransa lideri jurnalistin sualını cavablandırarkən Parisdə “2019-cu ildə olduğu kimi” görüşün keçirilməsi ehtimalını rədd edib. O qeyd edib ki, vəziyyət “fərqli mərhələdədir” və “neytral ölkə” tapmaq lazımdır. "Ola bilsin ki, İsveçrə, mən Cenevrənin tərəfdarıyam. Yaxud başqa ölkə olacaq. Sonuncu dəfə Türkiyədə, İstanbulda ikitərəfli məsləhətləşmələr keçirilib" , - o qeyd edib.

“Röyters” isə Ağ Evdəki mənbəyə istinadla məlumat yayıb ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü Macarıstanda baş tuta bilər.

“Tramp Avropa liderlərinə deyib ki, Putin aşağıdakı ardıcıllığı təklif edib: əvvəlcə Zelenski ilə Putin arasında görüş, sonra ABŞ prezidentinin iştirakı ilə üçtərəfli sammit”, - mənbə bildirib.

“Kommersant”ın yazdığına görə, Zelenski jurnalistlərə açıqlamasında deyib ki, görüş İsveçrə, Avstriya və yaxud Türkiyədə keçirilə bilər.

“İsveçrə, Avstriya ilə razıyıq. Türkiyə isə bizim üçün NATO ölkəsi, eləcə də Avropanın bir hissəsidir və görüşün burada olmasına etiraz etmirik. Moskvada isə görüş ola bilməz”, - Ukrayna lideri qeyd edib.

Danışıqların Macarıstanda keçirilməsi ehtimalı barədə danışan Zelenski bildirib: “Bu, asan deyil. Səmimi desək, Budapeşt bizi dəstəkləməyib. Demirəm ki, Viktor Orbanın siyasəti Ukraynaya qarşı olub, lakin bu siyasət Ukraynaya dəstəyin əleyhinə olub”.

Amma Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putinin görüşü ilə bağlı planlar dalana dirənmiş kimi görünür.

Hazırkı gedişata baxanda Putinlə Zelenskinin görüş ehtimalı daha da zəifləyir. Moskva rəsmi olaraq ikitərəfli danışıqlara açıq olduğunu göstərsə də, Kreml görüş üçün irəli sürdüyü şərtlərlə əslində Kiyevin razılıq verə bilməyəcəyi mövqe ortaya qoyur.

Rusiya xarici işlər naziri Sergey Lavrov bu həftə bildirib ki, Putin yalnız “ən yüksək səviyyədə müzakirə olunmalı məsələlər əvvəlcədən razılaşdırılarsa” Zelenski ilə görüşə bilər. Bu cür qeyri-müəyyən, amma sərt şərtlər Kreml tərəfindən əvvəllər də danışıqları əngəlləmək üçün istifadə olunub.

Ötən həftə Trampın nümayəndəsi Stiv Uitkof isə Rusiyanın Ukrayna üçün təhlükəsizlik zəmanətlərini qəbul etdiyini açıqlayaraq bunu “əhəmiyyətli addım” adlandırıb. Amma indi məlum olub ki, söhbət Moskvadan gələn, Kiyev tərəfindən isə 2022-ci ildə rədd edilmiş təkliflərdən gedir. Həmin təklifə görə, Ukraynanın təhlükəsizliyi ilə bağlı qərarlarda Rusiyaya da veto hüququ veriləcəkdi. Bu isə əslində Qərb qoşunlarının Ukraynada yerləşməsini qadağan edərək ölkəni yeni bir rus hücumu qarşısında müdafiəsiz buraxmaq demək idi.

Lavrov açıq şəkildə bildirib ki, bunun əksinə olan istənilən təhlükəsizlik modeli “tamamilə faydasız” olacaq. Zelenski isə əksinə, Putinə görüşdən öncə Ukraynanın Qərb müttəfiqləri ilə təhlükəsizlik zəmanətləri əldə etməli olduğunu vurğulayıb. Bu zəmanətlərin Rusiya iştirak etmədən, Qərb qoşunlarının dəstəyi ilə təmin olunacağı da şübhəsizdir. Belə bir modeli isə Moskva heç vaxt qəbul etməyəcək.

Beləliklə, hazırda tərəflər öz illərdir dəyişməyən mövqelərində qalır, hər biri digərini sülh danışıqlarını pozmaqda ittiham edir. Reallıq isə odur ki, yaxın zamanda Zelenski ilə Putinin bir masa arxasına oturması getdikcə daha da qeyri-mümkün görünür.

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev deyib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampa Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə hazır olduğunu bildirib. Bu barədə “Agence France-Presse” məlumat yayıb. Daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, Putin və Tramp danışıqlarda iştirak edən “Ukrayna və Rusiya tərəflərinin nümayəndələrinin səviyyəsinin yüksəldilməsi imkanlarını” müzakirə ediblər. ABŞ Prezidenti də öz növbəsində Ukrayna və Rusiya liderləri arasında görüşə hazırlıq barədə məlumat verib. Putinin Zelinski ilə görüşmək istəməsi olduqca müsbət siqnaldır və münaqişənin bitməsi ilə bağlı ümidləri artır. Lakin görüşün baş tutması üçün olduqca siyasi və diplomatik zəmin tələb edilir. Rusiya üçün görüşü uzatmaq bir neçə məqamdan önəmlidir: “Moskvanın əsas niyyəti təcriddən çıxmaq və Qərbin ağır sanksiyalarını aradan qaldırmaqdır. Çünki bu sanksiyalar və təcridolunma siyasəti Rusiyanı olduqda çətin vəziyyətə salır. Digər önəmli bir məqam isə Qərbin Ukraynaya dəstəyini zəiflədib cəbhədə strateji üstünlüyü tamamilə ələ keçirməkdir. İndiyə kimi baş verənlər də onu göstərir ki, cəbhədə vəziyyət xeyrinə dəyişdikcə Rusiyanın tələbləri daha da sərtləşir. Buna görə də Moskva bu üsullarla vaxt qazanmaq istəyir. Başqa bir önəmli məsələ isə Putinin bu istəyini Tramp vasitəsi ilə çatdırmasıdır. Bu, Kremlin ABŞ-ın vasitəçi roluna razılıq verməklə, dialoqun daha çox nəzarətli və balanslı getməsini istədiyini göstərir. Baş tutacaq görüşə ümidlər böyük olsa da Ukrayna və Rusiya arasında ziddiyyətlər sadəcə iki liderin razılaşması ilə həll olunacaq qədər sadə deyil. Ərazi bütövlüyü, təhlükəsizlik zəmanətləri və müharibə cinayətləri kimi fundamental məsələlər ortadadır. Ancaq tərəflər görüşə real güzəştləri nəzərdə tutaraq getsələr əsir mübadiləsi, mülki əhalinin təhlükəsizliyi, taxıl sazişi kimi müəyyən razılaşmaların əldə edilməsi də mümkündür. Həmçinin ABŞ təzyiqi ilə sülhün ilkin mexanizmi barədə də razılığa gəlmək olar. Buna baxmayaraq, razılaşmaların Rusiyanın cəbhə bölgəsində üstünlük çərçivəsində əldə edilməsi çox da inandırıcı deyil. Qərb real sülh üçün ya Ukraynanı müəyyən ərazilərdən imtinaya məcbur etməlidir, ya da Rusiyanı çəkindirmək üçün Kiyevə silah dəstəyini gücləndirməlidir. Əks halda görüş sadəcə Rusiyanın təcriddən çıxarılması və tərəflərin bir - birini ittiham edərək cəbhədə vəziyyəti daha da gərginləşməsinə səbəb olacaq”.

Yeri gəlmişkən, Ukrayna lideri dünən müraciətində bildirib ki, rusiyalı həmkarı arasında danışıqlar Türkiyədə baş tuta bilər. Onun sözlərinə görə, görüş üçün potensial məkan kimi Fars körfəzi və ya Avropa ölkələri də nəzərdən keçirilir.

“Həftə ərzində Türkiyə ilə təmaslar olacaq, (Fars -red) körfəzi ölkələri, rusiyalılarla danışıqlar üçün məkan ola biləcək Avropa ölkələri ilə təmaslar olacaq”, - Zelenski bildirib. "Bizim tərəfimizdən müharibəni bitirmək üçün hər şey mümkün qədər hazır olacaq. Tərəfdaşlarımızın bunu təsdiqləmələri vacibdir", - o əlavə edib.

Zelenski əlavə edib ki, Ukrayna müharibəni dayandırmağa hazırdır və dialoqa hazırlaşmaq üçün bütün səylərini göstərir. Bununla belə, onun fikrincə, əsas amil Rusiyaya təzyiq göstərməkdə və real sülh prosesinə başlamaqda iradəsi həlledici ola biləcək dünya liderlərinin, ilk növbədə ABŞ-nin mövqeyi olaraq qalır.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 Avqust 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see233

Rusiya yanacaq ixracına qoyulan qadağanın müddətini uzadıb

26 Avqust 2025 02:36see231

“Düşündüm ki, başqa yolum yoxdur” 55 yaşında tələbə oldu

26 Avqust 2025 16:18see213

Sevil Nuriyeva qətlə yetirilən həyat yoldaşından yazdı: Bu dünyadan ağzı oruclu köçdü FOTO

26 Avqust 2025 04:44see149

Dünyanın ən böyük narkokartelinin həmtəsisçisi günahını etiraf etdi

26 Avqust 2025 16:02see138

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

26 Avqust 2025 17:40see136

Bikinili fotoları ilə gündəm oldu FOTO

26 Avqust 2025 14:58see136

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

27 Avqust 2025 00:13see133

“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”

26 Avqust 2025 16:01see129

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

27 Avqust 2025 00:25see129

“Bütün təzyiq variantları uğursuzluğa məhkumdur”

26 Avqust 2025 17:43see128

Xocalı sakinlərinə əkin üçün torpaq icarəyə verilib

27 Avqust 2025 12:17see124

Paşinyanın dostundan müharibə etirafı: “Müharibə 100 illik təxirə salınıb”

26 Avqust 2025 14:53see117

Kolumbiyada insan nəslinin əvvəllər məlum olmayan qolu aşkar edilib

27 Avqust 2025 03:04see115

Smartfonlar təhlükəli mikrobların mənbəyidir Ehtiyatlı olun

27 Avqust 2025 09:01see115

Şərqin nəcibliyi və Qərbin müasirliyini birləşdirən BİRİNCİ XANIM

26 Avqust 2025 09:09see114

Nazir, komitə sədri və... Onların qəbul günləri açıqlandı + CƏDVƏL

26 Avqust 2025 13:08see114

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

26 Avqust 2025 20:31see113

Türkiyədə quraqlıq TƏHLÜKƏSİ

26 Avqust 2025 18:33see113

Xaricdə təhsil elanları ilə bağlı rəsmi XƏBƏRDARLIQ

27 Avqust 2025 19:24see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri