Psixopatlar niyə çoxalır? ŞOK FAKTLAR KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Qısaca belə deyərlər: “Donuzuna və uşağına hər istədiyini versən, gələcəkdə yaxşı bəslənmiş bir donuzun və donuz kimi bir uşağın olar”.
KONKRET.az xəbər verir ki, məqaləni bu sözlərlə başlayan türkiyəli psixoloq, Bengi Semerci daha sonra yazır:
“Bu, gənc uşağı olanların diqqət etməsi vacib olan çox mühüm bir məlumatdır.
Məsələn, 32 yaşlı oğlundan şikayət edən ana deyir:
“Düzgün-dürüst oxumadı, amma məktəb qurtardı. İndi də işi bəyənmir. Tapdığımız işlərə” Yorucudur, mənə yaraşmaz, bu pula kim işləyər?!” kimi bəhanələrlə getmir. Bütün günü evdədir. “Onu gətir, bunu al” deyə əmr verir. Etmək istəməyəndə “Məni doğmusunuz, etmək məcburiyyətindəsiniz, mən sizin uşağınız deyiləm?” deyir. Dirənsək, üstünə yürüməyə başlayır. Artıq qorxuruq. Nə edək?”
Başqa bir ana isə oxşar vəziyyəti cəmi 16 yaşlı oğlu üçün danışır. Hər səhər xüsusi sürücü ilə məktəbə aparılan, həftəlik xərcliyi minimum əmək haqqından çox olan, kredit kartı ilə istədiyini ala bilən və bunların az olduğunu deyən, məktəbi onsuz da bitirəcəyini, atasının işinin onu gözlədiyini düşünən, gəncliyini işləyərək keçirməyin mənasız olduğunu söyləyən, gecələr barlarda gəzən, əsəbiləşəndə anasına söyən, əl qaldıran bir uşaq…
Bir ata, 14 yaşlı oğlunun onu yaraladığını ağlayaraq danışır və eyni hekayəni nəql edir.
Hamısının son cümləsi oxşar olur:
“Doğulduğu gündən bir dediyini iki etmədik, qoruduq, sevdik. Heç nəyini əskik qoymadıq. Niyə belə oldu?”
“Tələbənin Jaguar markalı avtomobili olar?” müzakirələri bu mövzunu yazmağı zəruri etdi. Yazmazdan əvvəl müzakirələrə yenidən baxdım. Müzakirə olunan məsələ: həmin tələbənin prezidentə getməsi imiş. Halbuki müzakirə olunmalı olan: uşaqların hansı yaşda nəyə sahib olmasının daha doğru olduğudur. Çünki özəl universitetlərin avtodayanacaqlarına baxsanız, həmin “Jaguar”dan ucuz olmayan maşınlar görərsiniz.
Əslində universitetlərə baxmağa da ehtiyac yoxdur. Sadəcə küçələrdəki, kafelərdəki gənclərə, hətta gənc belə sayıla bilməyəcək balaca uşaqlara baxın. Təkcə geyimlərinə deyil – əllərindəki telefonlara, çantalarına və ən əsası danışıq tərzinə baxın.
Ailəsi varlı olan uşağın bunlara haqqı varmı? Əlbəttə var. Müzakirə olunmalı məsələ bu deyil. Məsələ: Uşaqlara zamanından əvvəl alınan şeylərin və verilən icazələrin onların inkişafına və cəmiyyətə necə zərər vurduğudur.
Çevrəsinə və özünə zərər verən davranışlar göstərən, hər kəsin ona borclu olduğunu düşünən, istəklərinin dərhal və tam yerinə yetirilməsini tələb edən, edilməyəndə aqressivləşən, əmək sərf etməyən, məsuliyyət daşımayan şəxsləri —
18 yaşdan aşağıdırsa “davranış pozuntusu”, yuxarıdırsa “antisosial şəxsiyyət pozuntusu” ilə tanıyırıq. Gündəlik dildə isə bu insanlara “psixopat” deyirik.
Son illər bu problemlə bağlı müraciətlər sürətlə artır. Bu artımın ən böyük səbəbi: uşaq yetişdirmə tərzimizdir.
Doğulduğu gündən istədiyi hər şey verilən, istəyinin yaşına uyğun olub-olmadığına baxılmayan, əziyyət çəkmədən, dəyərini anlamadan hər şeyi əldə edən bir uşağın –
məsuliyyət sahibi, tox, çalışaraq qazanmağın dəyərinə inanan bir insan kimi böyüməsini gözləmək mümkündürmü?
Avropalı və amerikalı ailələri “uşaqlarına baxmırlar, yayda işləmələrini istəyirlər” deyə tənqid edənlərin fikirlərini yenidən gözdən keçirməsində fayda var. Bu, uşaqları sevmək ilə doğru yetişdirmək arasındakı fərqi anlamağa kömək edər.
Bunun üçün daha əvvəl də paylaşdığım “Gələcəyin psixopatlarını yetişdirmə yolları” siyahısını yenidən təqdim edirəm:
Uşaq balacalıqdan nə istəyirsə verin! Beləcə hər kəsin onun ehtiyaclarını ödəməyə borclu olduğunu düşünəcək.
Pis sözlər dedikdə gülün! Beləcə özünü ağıllı zənn edəcək.
Ona düşünməyi, beynini işlətməyi öyrətməyin! 21 yaşına çatanda qərarlarını özü versin deyə gözləyin.
Yerdə qoyduğu hər şeyi yığın: kitablarını, ayaqqabılarını, paltarlarını… Hər şeyi siz edin ki, bütün məsuliyyətləri başqasına yükləməyə alışsın.
Gözünün qarşısında tez-tez dava edin ki, ailə bir gün dağılsa, çox üzülməsin.
İstədiyi qədər cibxərcliyi verin ki, öz pulu qazanmağın nə olduğunu heç vaxt bilməsin.
Yemək, geyim və rahatlıqla bağlı bütün arzularını yerinə yetirin ki, istədiyinə çatmaq üçün çalışmaq lazım olduğunu öyrənməsin.
Qonşulara, müəllimlərə, polislərə qarşı həmişə onun tərəfini tutun ki, onlara qarşı əvvəlcədən pis fikirlər formalaşsın.
Bütün bunları etdikdən sonra uşağınız bir gün cinayət işləsə, ondan üzr istəyin!
Amma onu fəlakətlə dolu bir həyata hazırladığınız üçün özünüzə təşəkkür etməyi unutmayın!!
(Bu sənəd ABŞ Houston Polis İdarəsi tərəfindən hazırlanmış və şəhərdəki bütün evlərə və məktəblərə paylanmışdır.)
Ağagül Mürsəlov,
KONKRET.az
Baxış sayı:49
Bu xəbər 18 Noyabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















