Pul ödədiyimiz istilik niyə mövsümlə verilir? “Azəristiliktəchizat” belə əsaslandırır
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Havaların soyuması ilə istilik təminatı məsələsi yenidən gündəmə gəlir.
Azərbaycanda istilik mövsümünün başlanması konkret tarixlərə uyğun müəyyənləşdirildiyindən, bəzi hallarda hava temperaturu aşağı düşsə də, vətəndaşlar mənzillərində mərkəzləşdirilmiş istilik sisteminin işə salınmasını gözləməli olurlar. Digər tərəfdən, istilik xidmətinin haqqının faktiki istehlaka deyil, müəyyən edilmiş tarif və hesablama qaydalarına əsasən ödənilməsi də narazılıq doğuran məsələlərdəndir.
Bəs mənzillərdə istilik sayğaclarının quraşdırılması, ödənişin real istehlaka uyğun hesablanması və vətəndaşların istədikləri vaxt istilikdən istifadə edə bilməsi niyə hələ də mümkün deyil?
“Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, istilik mövsümünün daha erkən başlanması və ya uzadılması təkcə sayğacların mövcudluğundan asılı deyil. Bunun üçün eyni qazanxanadan qidalanan binaların sakinlərinin əlavə istilik xərclərini qarşılamağa dair razılaşdırılmış ümumi mövqeyi olmalıdır:
“Qaz və elektrikdən fərqli olaraq, istilik şəbəkədə istilik enerjisi daim mövcud olmur. Mövsümün başlanması üçün qazanxanalar işə salınır, əlavə mövsümi işçilər cəlb edilir və bütün təchizat sistemi istismara verilir. Mövcud şəbəkədə bir mənzili isitmək üçün bütövlükdə binaya istilik verilməlidir. Buna görə qazanxanaya qoşulmuş binalarda yalnız bir-iki mənzil əlavə xərcə razı olduqda, bütün sistemin onlar üçün işlədilməsi iqtisadi baxımdan mümkün olmur.
Beləliklə, sakinlərin istəyi ilə mövsümdənkənar təchizat məsələsinə baxılması üçün müvafiq binaların vahid mövqeyi və əlavə xərclərin qarşılanmasına dair daxili razılaşması vacibdir. Bir çox ölkədə bu cür ümumi təchizat sistemlərində bina sakinlərini təchizatçı qarşısında vahid bir qurum təmsil edir. Bu qurum sakinlərin daxilən razılaşdırılmış qərarını təchizatçıya çatdırır və hesablaşmanı, eləcə də ödənişləri bütün bina üzrə təmin edir.
Xidmət göstərdiyimiz binaların yalnız az hissəsində belə idarəetmə təşkilatları - MMC və ya mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri (MMMC) mövcuddur. Əksəriyyətində isə ayrı-ayrı mənzil sahibləri ilə hesablaşırıq. Bəziləri mövsümün daha erkən başlanmasına və əlavə xərclərə razı ola bilər, digərləri isə buna razı olmaya bilərlər. İstilik təchizatı kimi ümumi xarakterli xidmət sistemində bu cür ziddiyyətli istəkləri hər mənzil üçün ayrıca təmin etmək mümkün deyil. İstilik mövsümünün başlanması yalnız təchizatçının qərarından deyil, elektrik enerjisi və qaz təchizatı kimi əlaqəli sahələrdə ölkə üzrə aparılan payız-qış hazırlığından da asılıdır və bu ümumi proseslə əlaqələndirilir.
Buna görə istilik mövsümünün başlanğıcı ilə bağlı Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarında göstərilən tarixlər əsas götürülür, bu isə Bakıda və bir çox ərazilərdə 15 noyabr–15 aprel, hava şəraiti daha soyuq keçən müəyyən ərazilərdə isə 1 noyabr–1 may tarixləri arasındadır. Sayğaclaşdırma və tarif dəyişikliyi İstilik təchizatında mənzil üzrə sayğaclaşdırma qaz və elektrik təchizatındakı qədər sadə deyil, bu, binadaxili boruların üfüqi və ya şaquli paylanmasından asılıdır.
Üfüqi sxemdə mənzilin ayrıca giriş və qayıdış xətləri fərdi ölçmə və tənzimləməyə imkan verir. Şaquli sxemdə isə borular müxtəlif mərtəbələrdəki mənzillərdən keçir, bir mənzilin radiatorları ayrı-ayrı xətlərə qoşula bilər. Mövcud sxemi dəyişmədən bütün mənzilin sərfini bir sayğacla ölçmək mümkün deyil; binanın girişində isə ümumi istehlak ölçülə bilər. Sovet dövründə və sonradan tikilmiş, xidmət göstərdiyimiz binaların hamısında şaquli sxem tətbiq olunub. Bu model bir çox digər ölkələrdə də geniş yayılıb.
Xidmət dairəmizdə mənzil üzrə sayğaclaşdırma hazırda yalnız isti su təchizatında texniki cəhətdən mümkündür. İsti su verilən binalarda həmin sayğaclar quraşdırılıb və hesablaşmada istifadə olunur. İstilik enerjisinin uçotunu təkmilləşdirmək üçün cəmiyyət pilot layihə çərçivəsində öz hesabına bir neçə yaşayış və qeyri-yaşayış binalarının girişində sayğaclar quraşdırıb.
Gələcəkdə müvafiq tənzimləyici qurum tərəfindən bu sayğacların kalibrasiyası üçün xüsusi laboratoriya yaradılarsa, bina sayğaclarının sayı tədricən artırılaraq hesablaşmada istifadə oluna bilər. Lakin bu halda da sayğac göstəriciləri ayrı-ayrı mənzillərin istehlakını ifadə etməyəcək; bina üzrə hesablanan istiliyin dəyəri mənzillərin sahələrinə mütənasib bölüşdürüləcək.
Mövcud binalarda şaquli sxemdən üfüqi sxemə kütləvi keçid hazırda texniki, iqtisadi və təşkilati baxımdan mümkün görünmür. Binadaxili şəbəkələr “Azəristiliktəchizat” ASC-nin mülkiyyətində deyil və yenidənqurma xərcləri onların sahiblərinə, o cümlədən mənzil mülkiyyətçilərinə aiddir. Belə işlər əsaslı yenidənqurma, bütün mənzillərə giriş, divar və döşəmələrdə müdaxilələr və sonradan əlavə təmir tələb edir.
Bir çox sakinlər, xüsusən mərkəzi istilikdən istifadə etməyənlər buna razılaşmaya bilərlər. Yeni binalarda isə fərdi sayğaclaşdırma artıq layihələndirmə mərhələsindən etibarən nəzərdə tutulacaq”.
“İstilik təchizatı haqqında” Qanun müəyyən istisnalarla vahid mənbədən və ya şəbəkədən təchizatı, 16.6-cı maddə isə Qanun qüvvəyə mindikdən sonra layihələndirilən çoxmənzilli binalarda üfüqi paylanma və hər mənzil üçün sayğac quraşdırılmasını tələb edir:
“Bu, yeni binalarda fərdi sayğac əsaslı hesablaşma üçün şərait yaradır; mövcud binalarda isə belə imkan binadaxili şəbəkənin texniki xüsusiyyətləri ilə məhdudlaşır. Ötən il müəyyən edilmiş yeni əhali tarifinə gəldikdə isə, onun məqsədi ilk növbədə cari istismar xərclərinin daha böyük hissəsini qarşılamaq olub. Əhali üzrə istilik enerjisi tarifi 2011-dən 2024-cü ilin sonunadək dəyişməyib, yalnız 2024–2025-ci illərin qərarları ilə yenilənib”.
Qeyd edilib ki, bu müddətdə enerji, su, əməkhaqqı, avadanlıq və material xərclərinin artması maya dəyəri ilə gəlirlər arasındakı fərqi böyüdüb:
“Yeni tarif həmin fərqi və dövlət büdcəsindən alınan subsidiya ehtiyacını qismən azaltmağa yönəlib”.
Aişə
“Cebheinfo.az
Açar sözlər: istilik “Azəristiliktəchizat”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 13 Oktyabr 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















