Icma.az
close
up
RU
Qaçaq yutuberlə qoçaq diplomatın söhbəti

Qaçaq yutuberlə qoçaq diplomatın söhbəti

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Yazıçı Aleksey Tolstoy 1918-ci ildən bir neçə il mühacir həyatı yaşayıb. Ancaq sonra fikrini dəyişib, Sovet İttifaqına qayıdıb, Sovet quruluşunu dəstəkləyib. Buna görə Sovet dövləti ona hər yerdə "yaşıl işıq" yandırıb - kitabları böyük tirajlarla çap olunub, əsərləri teatr səhnələrinə, kino pavilyonlarına ayaq açıb. Onun məşhur "Əzablı yollarla" romanı əsasında çoxseriyalı bədii film çəkilib. Baş rollarda Aleksandr Abdulov və İrina Alfyorova oynayır.

Məsələ bunda deyil. Lev Tolstoyun nəslinə mənsub olan Aleksey Tolstoy 1923-cü ildə Avropadan Sovet İttifaqına geri dönməyə hazırlaşırdı. Teffi ləqəbi ilə satirik, yumoristik əsərlər yazan başqa bir mühacir yazıçı Nadejda Loxvitskaya Aleksey Tolstoyu bu fikrə düşdüyünə - yolundan döndüyünə görə tənqid edirdi.

Bu iki mühacir söz adamı bir gün Parisdə qarşılaşır. Aleksey Tolstoy şlyapasını çıxararaq, ironik tərzdə ona təzim edir və deyir: "Bağışlayın ki, mən varam". Teffi isə ona belə cavab verir: "Olsun. Bu ki məndən asılı deyil".

Teffinin xatirələrində yer almış bu əhvalatdan hardasa yetmiş il keçəndən sonra Rusiyanın məşhur (çox koloritli) siyasətçisi, dövlət adamı Viktor Çernomırdin özünə xas üslübda maraqlı, ironik, ancaq reallığı əks etdirən bir fikir söyləmişdi: "Biz olmuşuq, varıq və olacağıq: indi yalnız bununla məşğuluq".

Berlində isə bir Azərbaycanlı siyasətçi ilə bir Azərbaycanlı mühacir qarşılaşdı. Mühacirin sözlərindən belə çıxırdı: "Bağışlayın ki, mən varam... və var olacağam".

Siyasətçi isə belə demədi: " Olsun. Bu ki bizdən asılı deyil".

Amma demiş kimi oldu.

Prezidentin köməkçisi Hikmət Hacıyev qaçaq yutuber Tural Sadıqlıya əslində Çernomırdinin fikrinin çevrilmiş formasını anladırdı: "Siz əslində yoxsunuz, amma yalnız var olmaqla məşğulsunuz".

Ümumiyyətlə, bir çox insanların bu dünyadakı əsas missiyası elə bil, sadəcə olaraq, var olmaqdır (ya da, həqiqətən elədir ki var!)

Qaçaq mühacirin də bu həyatda, sadəcə, bir amalı, tək məqsədi var: öz ölkəsindən kənarda və həyatda qalmaq. Öz Vətənindən kənardakı həyatda qalmaq və yaxşı yaşamaq üçün çox pul əldə etmək lazımdır. Əlindən bir şey gəlməsə də, əlin pulla oynamalıdır. Burda isə bir seçim var: böyüyüb çıxdığın Vətənə qarşı çıxmaq.

Qaçaq bloqerlər, Çernomırdin demişkən indi yalnız bununla məşğuldurlar.

Amma və lakin!

Mənə görə, Vətəndən kənarda yaşamaq ayrı şeydir, kənarda Vətənsiz yaşamaq isə tamam başqa bir şeydir. Vətənsiz yaşamaq - Vətənsiz qalmaqdır. Ha de, Vətən, torpaq, xalq, millət. Sən özünü Vətəndən qoparıb kənarda qoymusan. Özünü Vətənə qarşı qoymusan. Vətənsiz olmaq azmış kimi, üstəlik Vətənə qarşı olmaq... Bu seçim, yəni özünü Vətəninə qarşı qoymaq insanı, doğrudan da, yazıq günə qoyur. Bax, buna görə Prezidentin köməkçisi həmin o mühacir bloqerə deyir: "Vətənə xəyanət edənlərə yazığım gəlir".

Bilirsiniz, o niyə belə dedi?! Çünki Vətənə xəyanət eləyən birinci elə özünə xəyanət edir. Dünən vətəndaş idi, bu gün Vətəni itirib, təkcə daş kimi qalıb. Vətənsiz qalmış daşı da yad Vətənlər götürüb, doğma Vətənə atır.

Yəni?!

Yəni o özgə Vətənlər bu "daş" adamdan istifadə edirlər. Təbii ki, o "daş"ın istifadə müddəti bitənə qədər.

Nə qədər ki, sən öz Vətənində, ya da Vətəndən kənarda vətəndaş idin, çəkin vardı, ağırlığın, bərkliyin vardı - "Daş düşdüyü yerdə ağırdır" axı. Ancaq elə ki özün öz xoşunla özgənin əlində daş oldun, heç bir sayğın-sanbalın qalmadı. Kim hara istəsə, atacaq, kimin başına istəsə, vuracaq.

İqtidara qarşı mübarizəni anlayıram: yanlışları görürsənsə, deyəcəksən. Yanlışa qarşı öz doğrunu qoyacaqsan. Məsələn, iqtisadiyyat geriləyirsə, bunu deyəcəksən. Bahalıq varsa, haqsızlıq varsa, onu da deyəcəksən... Ancaq aşağılamayacaqsan. Çünki bu aşağılama üslubunla sən əvvəlcə özünü, sonra da sözünü aşağılayırsan, hələ fərqində deyilsən.

Bəli, sənə deyirlər, istəyirsən, Vətənə qayıt. Qayıdarsan ya yox, onu deyə bilmərəm.

Mən demirəm, Aleksey Tolstoy kimi qayıt. Yox. Sadəcə, vətəndaş olmağa qayıda bilərsən; bu haqqı və şansı əlindən alan yoxdur axı! Qalanı sonranın işidir.

Mən düşünmürəm ki, Avropada, Amerikada oturub, dil-dil ötənlərin hamısı əqidəli idealistlərdir. Onları danışdıran 8" danışdırır. Lazım gələndə də... susdurur. Bunun da nümunələri var. Həm də göz qabağında...

Bir Azərbaycanlı ölkəsinin hakimiyyətinə qarşı müxalifətdə ola bilər. Bu, onun hüququdur. Hətta iqtidarla mübarizəni öz üzərində siyasi öhdəlik, mənəvi borc kimi hiss edənlər də az deyil. Bunu hüquqi reqlamentasiya çərçivəsində hər kəs edə bilər və edənlər də az deyil.

Ancaq mənə elə gəlir, öz ölkəsindən kənardakı insanın öz ölkəsindəki iqtidara qarşı (haqlı, ya haqsız) müxalifətçiliyi istənilən halda və avtomatik olaraq öz ölkəsinə qarşı müxalifətçilikdir.

Distant müxalifətçilik olmur axı.

Sən öz xalqınla birlikdə deyilsənsə, xalqı birliyə necə çağırırsan?! Özü də hakimiyyətin əleyhinə birləşmək üçün...

Qürbətdə olan bir adam öz milli, insani hisslərini necə və hara qədər itirməlidir ki, Vətəni əleyhinə işləsin! İqtidarla mübarizə ölkənin öz içində aparılır, çölündə yox. Ölkənin çölündə aparılan "mübarizə" siyasi çölçülükdür, qiyabi müxalifətçilikdir - distant siyasətdir. Uzaqdan asilik..

Nəsə mənə ciddiyyətsiz gəlir.

Azərbaycanın adı gələndə qürbətdəki əsl Azərbaycanlının gözləri dolur, ruhu titrəyir, qürurlu bir doğmalıq duyur. Vətənini görmək üçün ürəyi əsir, ürəyi tələsir.

O halda necə ola bilər ki, sən illərlə xaricdə oturasan və hər gün eyni vaxtda, eyni saatda, eyni direktivlərlə - dəyişməz "narrativ"lərlə öz Vətənini ləkələyəsən?!

Mən bunu anlaya bilmirəm: adam da yad ölkədə oturub öz ölkəsini baltalayar?! Lap nə məqsədlə olursa-olsun, bunu qəbul edə bilmirəm.

Ölkənə sözün var, burda - ölkəndə de: üzü üzünə, gözü gözünə.

Gedib, Almaniyadan, ordan-burdan oturum alıb, qoruma alıb, o çıxışları etməyə nə var! Bunu nənən də edər.

Həm də, doğrusu, ayıbdır axı. Adam da özgə ölkədə öz ölkəsini aşağılayar?!

Bunun kimə nə xeyri var?!

Heç kimə.

Nəyə nail olur?!

Heç nəyə.

Ölkədəki vəziyyəti necə, dəyişə bilərmi?!

Xeyr. Heç necə...

Belə çıxır ki, o qaçaq yutuberlər heç kimə xeyri olmayan bir "heç nə" uğrunda "heç necə" "mübarizə" aparırlar...

Daha heç nə...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 İyul 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri