Qadının psixologiyası ilə zərbə oyunu “Sən bacarmazsan, “məndən başqa heçkimə lazım deyilsən”...
Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Bu gün cəmiyyətimizdə qadına qarşı zorakılığın müxtəlif tətbiq edilir, ancaq ən təhlükəlisi emosional-psixoloji zorakılıqdır. Psixoloji, emosional zorakılıq heç kim tərəfindən görünməsə də, çox güclü dağıdıcı və ağır bir zorakılıq növüdür. Bu zorakılıq növü qadını fiziki zorakılıq kimi birbaşa məhv etmir, zərrə-zərrə təsir edir. Əvvəlcə sözünə və düşüncələrinə önəm verilmir, sonra varlığına. Sanki yaşayan ölüyə çevrilirsən, yox olursan. Var olduğun halda, heç kim olursan... Danışırsan, sanki yoxsanmış kimi dinlənilmirsən, yoxsanmış kimi hiss etdirilirsən...
Bəzən empatiya ilə düşünürəm; fiziki zorakılıq, yoxsa psixoloji zorakılıq? Təsəvvür edin hansı həddir, zorakılıq növlərindən "yaxşı"sını düşünmək...
Düzdür, psixoloi zorakılıqda yumruq yoxdur, bədənində qançır izləri qalmır, yaxınlarına “divara, masaya, divana dəymişəm” demək məcburiyyətin olmur. Amma psixoloji zorakılıq qadının öncə səsini susdurur, sonra özünə inamını sıfırlayır və bir gün də varlığı əldən gedir, yox olur.
Psixoloji zorakılıq yumruqla, zərbələrlə başlamır. Sakit-sakit irəliləyir; “sən bacarmazsan, “məndən başqa heçkimə lazım deyilsən”, “hələ mənəm ki, yanında durmuşam”, “axı sən kimsən”, “əlindən nə gəlir ki”, “özünü bir şey hesab edirsən”, “qadınsan da”, “qadın nədir, iş nədir”, “hamı sənə seksual obyekt kimi baxır”, “bunu sənin varlığına görə deyil, bədəninə görə edirlər”, “sənə qarşı hamının bir məqsədi var”, “mən olmasam çökərsən”, “mən olmasam maddi sıxıntılardan qurtula bilməzsən”, “çökdün?” yoxam axı” … Bu ifadələrin sayını çoxaltmaq mümkündür.
Bir müddət keçir, qadın bu sözləri o qədər eşidir ki, sonra özü-özü ilə danışmağa başlayır və bu sözləri öz-özünə deyir. Daha ona zorakılıq edən insanın deməsinə ehtiyac qalmır, qadın özünü buna inandırmağa başlayır. “Mən onsuz heçkiməm”…
İllərlə psixoloji, emosional zorakılığa məruz qalan qadının içində daim iki səs olur. Biri “bu münasibətdən qaç, qurtul” deyir, o biri isə “zaman keçəcək, düzələcək” deyir…
Zorakılıq edən insan qadının artıq bu halını yaxşı dərk etdiyi üçün hər iki haldan mükəmməl şəkildə istifadə edə bilir. Bəzən diqqət göstərir, dəyər verir, qayğıkeş olur. Bu da qadında ümid yaradır. “Dəyişir, bu dəfə fərqli olacaq, o mənə dəyər verir” deyə düşünür. Amma çox deyil bir neçə gün sonra başlayır aşğılama, tənqid...
Zamanla qadın öz daxilində özünü kiçiltməyə başlayır. Əvvəlcə düşünürsən ki, bu, o adamın daxilində olan problemdir, mənə sadəcə yansıyır. Sonra zaman keçir və öz-özünə düşünürsən “bəlkə elə günahkar mənəm”. Başlayırsan aynada özünə baxmağa: “düz deyir, mən kimə lazımam ki?”…
Baxın, qadına qarşı zorakılığın ən təhlükəli növü də məhz elə budur, psixoloji zorakılıq; bu zorakılıq qadını öz-özünə düşmən edir. Psixoloji zorakılıq qadının bütün həyatına təsir edir. Öncə qərar verməkdə çətinlik çəkirsən, düşünürsən ki, “görəsən, nə deyəcək, nə düşünəcək”. Hətta ən sadə qərarları verməyə çətinlik çəkirsən, qorxursan. “Necə geyinim”, “bu adamlarla danışmaq olarmı”, “bu yerə gedə bilərəmmi” deyə o qədər sual verib, qərarsız qalırsan ki, yaşamağa həvəsini itirmiş olursan. Zaman keçir və bir gün də baxırsan ki, sən öz həyatını yaşamırsan, sənə zorakılıq edən insanın əhvalı və davranışları əsasında onun istıdiyi kimi yaşamağa başlamısan.
Ətrafındakı insanlar “niyə ayrılmırsan” deyə soruşur, amma kimsə sənin düşüncələrində onun illərlə yaratdığı qorxunu anlamır. Bu da o demək deyil ki, qadın azad olmadığ üçün və yaxud istəmədiyi üçün ayrılmır, qadının ayrılığa gücü qalmır…
Belə münasibət yaşayan qadınlar işindən ayrılır, dostları ilə əlaqələri kəsir, özü belə fərqində olmadan sosial münasibətləri azalır və sosial olaraq tcərid olunur. Bundan sonra kişi qadını daha asan idarə etməyə başlayır. Qadın nə qədər tənhalaşırsa, zorakılıq bir o qədər dərinləşir.
Psixoloji zorakılıq yaşayan qadının daxili dünyasında baş verənlər…
Psixoloji zorakılığa məruz qalan qadının daxili dünyası qarışıq olur. Bir tərəfdən sevmək istəyir, digər tərəfdən qorxur. Sevgi ilə qorxu arasında qalır. Və xüsusi qeyd; qadınlar ən böyük səhvlərini, məhz bu qarışıqlığın içində edirlər. Sevgi ilə qorxu arasında qalan qadına hər şey yuxu kimi gəlir və həyatı real olaraq başa düşmək istəmir, daha doğrusu başa düşə bilmir. Artıq əvvəlki kimi ola bilmir, az gülür, özünə qapanır, daha az danışır, özünü insanlardan təcrid etməyə başlayır.
Bilirsinizmi, bu vəziyyətin qorxulu tərəfi nədir? Qadın uzun illər bunun zorakılıq olduğunu başa düşmür. Çünki psixolohi zorakılğın dili şirin olur və hər bir cümlə məntiqə əsaslanaraq qadına yönəlir.
Zorakılıq edən insan “mən səni sevdiyim üçün qoruyuram, cəmiyyət pisdir”, “qısqanıram, çünki çox sevirəm”, “vaxt olacaq başa düşəcəksən ki, mən səin ən doğru seçiminəm” cümlələri ilə qadını düzgün düşünə bilməkdən uzaqlaşdırır. Qadına qarşı psixoloji zorakılıq qadının təkcə bu gününə yox, verdiyi qərarlara və gələcək həyatına, insanlara baxışına təsir edir. Sanki bütün insanları özünə düşmən kimi görürsən. Və bu zorakılğın nəticələri illərlə davam edir.
Çox zaman deyirlər ki, “zorakılıq qarşısında səssiz qalma”. Psixoloji zorakılıq qarşısında səssiz qalmamaq mümkün deyil, çünki yaşadıqlarını kiminləsə bölüşə bilmirsən. Tək bir yol var; öz dəyərini, öz gücünü dərk etmək və zorakılıq edən şəxsi yavaş-yavaş gözündə kiçiltmək. Çünki qadın öz gücünü dərk etməyə başlayanda daha heç kim ona qarşı zorakılıq edə bilmir.
Qadına qarşı psixoloji zorakılıq bütün dünyada mövcuddur. Məsələn; Avropa ölkələrində aparılan sorğular zamanı məlum olub ki, 44 faiz qadınlar öz tərəfdaşları tərəfindən psixoloji zorakılığa məruz qalıb. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünya da qadınların 30 faizi psixoloji zorakılığa məruz qalır. Amma psixoloji zorakılıq elə bir zorakılıq növüdür ki, bu zorakılığa məruz qalanlar bu haqda danışa bilmir. Filosof Seneka deyirdi ki, "insanın işindəki fırtınanı heçkim görə bilmir, amma onun nəticəsini hamı görür"…
İradə Cəlil, Bizimyol.info
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)
Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.
Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.
Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 21 Noyabr 2025 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















