Qarabağ müharibəsinin vətənpərvərlik ekranı
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Mərkəzi Elmi Kitabxananın yaddaş xəzinəsi
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Vətən müharibəsindən sonra yaradılan Qarabağ Müharibəsi Qəhrəmanları Fondundayıq. Azərbaycanda kitabxana sistemində bir ilk olan fondun müxtəlif guşələrə ayrılmış hər bucağında əbədiyyətə qovuşmuş Vətən fədailərinin fotoları sıralanıb, onların keçdikləri yol və qəhrəmanlıqları haqqında məlumatlar toplanıb.
“Qarabağ Azərbaycandır” guşəsinin önündəyik. İlqar Mirzəyevin, Polad Həşimovun, Babək Səmidlinin, Çingiz Mustafayevin, Əliyar Əliyevin, Allahverdi Bağırovun... bizə tanış simaları çərçivədən boylanır. Burada I Qarabağ, Aprel və Tovuz döyüşləri və Vətən müharibəsi şəhidlərinin, qalib gələn zabitlərimizin baxışları şəkillərdən bizi salamlayır. İnsanın qəlbindən istər-istəməz bir nida qopur: “Niyə, nəyə görə siz həyatla tez vidalaşdınız?” O andaca qürurverici bir hiss ruhumuzu tərpədir, cavab özünü gözlətmir: “Torpaqlarımız işğaldan azad olsun deyə, qalib ölkə adını qazanaq və tapdaqdan azad olan ərazilərimizdə abadlıq, şən həyat başlasın deyə”. Ruhunuz şad olsun, igidlər!
Qarabağ Müharibəsi Qəhrəmanları Fondunun rəhbəri Röqsanə Səfərzadə bizə bələdçilik edir. Fondun 2021-ci ildə AMEA-nın Rəyasət heyətinin qərarına əsasən yaradıldığını bildirir.
Guşədə yaradılan stenddə şəhid ailələrinin fonda bağışladığı kitablar sıralanıb. Bu kitabları fonda təqdim edənlərin məlumatlarına görə, onlar şəhidlərin mütaliə etdikləri nəşrlərdir. Hər vərəqində onların əl izləri, hər səhifəsində göz nuru qalıb. Cek London, Fyodr Dostoyevski, Lev Tolstoy, Rabindranat Taqor yaradıcılığından nümunə əsərlər, Ömər Faruk Yusifin “Əbdülhəmidin akıl oyunları”, Hüseyn Nihal Atsızın “Bozqurdlar”ı, Ziya Bünyadovun “Azərbaycan VII–IX əsrlərdə”, “Hərbi biliklər”, “Vətən məni çağırdı”, şəhid Ziyad Muradovun “Şeirlər” kitabları və digər nəşrlər stenddə səliqə ilə düzülüb. Diqqətimi hərbi geyimin bir aksesuarı çəkir, sonra kiçik bir cihaz... Röqsanə xanım bildirir ki, biz bu fonda yalnız kitablar toplayırıq. Amma iki qazinin hərbdən yadigar qalan əşyasını ailələrinin qəlbinə toxunmasın deyə qəbul etmişik.
Digər guşədə Ulu öndərin işğaldan əvvəl Qarabağda keçirilən toplantılarda iştirakı zamanı çəkilən şəkillər, eyni zamanda, qələbədən sonra azad edilən torpaqlarda Prezident İlham Əliyevin görüşlərini, söhbətlərini, gəzintilərini əks etdirən fotolar yer alır. Onların sırasında şəhid ailələri ilə vaxtaşırı keçirilən görüşlərdə çəkilən şəkillər də boy göstərir. Röqsanə xanım şəhidlərin anım günlərində onların ailələrinin iştirakı ilə toplantılar keçirdiklərini vurğulayır. Şəhid xanımlar – Salatın, Gültəkin, Arəstənin şəkilləri bizə boylanır. Həmkarımız Məhərrəm, Toğrul həkim, Xudayar, Şükür Həmidov, kimlər... kimlər...
Guşəni Ümummilli liderin bu sözləri bəzəyir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm.”
Digər guşənin qarşısına keçirik. “Zəfər memarları” adlı bu guşə, həqiqətən, bir yaradıcılıq şedevri, möhtəşəm sənət əsəridir. Azərbaycan bayrağının rəngləri ilə süslənmiş respublikamızın xəritəsi divar boyu sərgilənib. Röqsanə xanım deyir:
– Burada 44 günlük müharibədə şəhidlik məqamına yüksələnlərin adları yazılıb. Bu şəhidlər Zəfəri qazanan memarlarımızdır. Fondda keçirilən bütün yığıncaqlarda iştirak edən şəhid ailələri üzvlərindən hər biri orada öz həyat yoldaşının, oğlunun, qardaşının adını görəndə təskinlik tapır. Şəhid anaları qonağımız olanda övladlarının adlarının bu “xəritə”də olmasından kədərləndikləri qədər də qürurlanırlar. Guşə yerli və xarici ölkədən gələn qonaqlar tərəfindən də yüksək dəyərləndirilir. Onlar “xəritə”yə baxıb heyranlıqlarını gizlədə bilmirlər.
Sol divar boyu düzülən bu rəflərdə 1500-ə yaxın kitab yer alıb. Bunlar 1-ci Qarabağ, Aprel və Tovuz döyüşləri və Vətən müharibəsinə həsr olunmuş, eyni zamanda, şəhidlərimiz haqqında yazılan kitablardır. Onları sərgi şəklində düzmüşük ki, fonda daxil olan hər kəsin diqqətini çəksin. Burada, eyni zamanda, İlham Əliyevin “44 günlük diplomatiya dərsləri” kitabı 3 dildə, “Vətən müharibəsinin tarixi” və “Şəxsiyyət faktoru”nun isə 4 – Azərbaycan, rus, türk və ərəb dillərində nəşrləri diqqət çəkir. Mərkəzi Elmi Kitabxananın bir şöbəsinin hazırladığı “44 günlük salnamə”də xeyli mühüm faktlar öz əksini tapır. Rəflərin davamında kitabxana qaydasında sıralanmış kitablar yer alır.
31 Mart Azərbaycanlıların Soyqırımı Gününü, 2020-ci ilin oktyabrında Gəncədə baş verən erməni terrorunu, müharibədə Azərbaycanın tarixi-dini abidələrinin vandalizm nəticəsində dağıdılmasını əks etdirən məlumatlar fotolarla təqdim olunur. Müharibə qəhrəmanları haqqında qəzetlərdə gedən məqalələri də toplayırıq. Gördüyünüz bu qovluqlarda qəhrəmanlarımızın doğum tarixlərinə uyğun ailələri tərəfindən verilən məlumatları yerləşdirmişik. Bütün şəhid ailələri ilə əlaqə yaratmaq çətin olduğundan biz özümüz həmin şəhidlər haqqında məlumatlar əldə etmişik. Bəzi ailələr övladlarının diplomlarını, sertifikatlarını təqdim ediblər. Bilirlər ki, burada qorunan hər sənəd gələcək nəsil üçün toplanır. Həmin şəhidlər ailənin övladı olmaqdan çıxıb xalqın övladına çevrildiklərinə görə, onlara aid məlumatlar da xalqa aid olmalıdır deyirik. Məqsəd odur ki, bura şəhid övladı, qardaşı, qohumu gələndə bilsin ki, bu kitabxanada onların ataları, əmiləri, qardaşları haqqında məlumat toplanıb və qorunur.
1-ci Qarabağ müharibəsinə həsr etdiyimiz qovluq da var. Ora məlumat toplamaq bir qədər çətin olsa da, yenə müəyyən qədər əldə edə bilmişik. Qeyd edim ki, Mərkəzi Elmi Kitabxananın direktoru Hüseyn müəllimin qardaşı Ramil Hüseynov da 1-ci Qarabağ müharibəsinin şəhididir.
Torpaqların işğaldan azad edilməsi uğrunda döyüşlərdə və antiterror əməliyyatı zamanı şəhid olan həkimlər, müəllimlər, jurnalistlər, haqqında məlumatlar ayrı-ayrı qovluqlarda toplanıb. Müəllimlər günündə, səhiyyə işçiləri günündə, mətbuat günündə şəhid olanların xatirəsini anır, şəkillərinin önünə gül düzürük. Digər bölmələri ziyarət edirik. Bu fond Qarabağ müharibəsi ilə bağlı zəngin xəzinədir desək, heç də səhv etmərik. Şəhidlərə aid məlumatların toplandığı qovluqlardan savayı, qazilərlə bağlı 3, Qarabağ müharibəsi iştirakçıları ilə bağlı 3 qovluq hazırlanıb.
“Zəfər salnaməsi”, “Şuşa zirvədən uca”, “Həqiqətin anomastikası”, “Azərbaycan Respublikasının milli atlası”, “Qarabağ real tarix”, “Qarabağ albom”, “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”, “Qarabağın qara kitabı” kimi nəşrlər dəyirmi masanı bəzəyir.
...Çərçivədən boylanan 700 bal toplamış, evin tək oğlu Müşfiq Orucovun hərbi xidmətini başa vurmağa cəmi iki ayı qalıbmış. Ermənilərlə döyüşdə qəhrəmancasına həlak olub. O, texniki sahədə təhsil alıb və daha sonra hərbi xidmətə yollanmışdı.
Hüquqşünas Ceyhunun ailəsi Rusiyada yaşayır. Bakıda 134 saylı məktəbdə oxuyub, təhsil alıb. Müharibə başlayanda ailə onu Rusiyaya dəvət edib, işlə təminat vəd edib. Ceyhun isə deyib ki, bəlkə iş elə gətirər ki, burada lazım ola bilərəm. O, oktyabrın 1-də Füzulidə şəhidlik məqamına yüksəlməyilə Vətənə, dövlətə lazım olduğunu sübut edib.
Fondun rəhbəri deyir:
– Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları olan müharibə iştirakçıları, həmçinin digər qazilərlə bağlı faktların yerləşdirildiyi qovluqlar da var. Doğum günlərində onları dəvət edirik, xatirələrini dinləyirik. Eyni zamanda, şəhidlər haqqında yazılan kitabların bu dəyirmi masada təqdimatlarını keçiririk. Onların ailələri, valideynləri, övladları iştirak edir, münasibət bildirirlər. Bir qayda olaraq, 3 əlamətdar gündə – Zəfər, Anım və Silahlı Qüvvələr Günündə fondda tədbirlər təşkil edirik. Qazilər, müharibə iştirakçıları gəlirlər. Jurnalistləri dəvət edirik, onların zabitlərlə, şəhid ailələri ilə görüşlərinə şərait yaradırıq. Zabitlər qanlı-qadalı döyüş yollarından söhbət açırlar. Fondun fəaliyyəti beləcə davam edir.
Başqa bir istiqamətdə də fəaliyyətimiz var. SBS telekanalı ilə əməkdaşlıq edirik. Vətən müharibəsi bitəndən sonra kanalın radiosu yaranıb. Radioda şəhidlərin, qazilərin valideynlərinin səsi Qarabağdan gəlir. Radioda “Vətən uğrunda” verilişi təşkil edilib. Hər həftə 25–30 dəqiqəlik verilişdə 1 şəhid anasını dəvət edirik. O, övladı haqqında xatirələr danışır. Qazilər, veteranlar döyüş yolundan söz açır. Beləcə, radio ilə əməkdaşlığımız davam edir.
– Bu o deməkdir ki, fondda iş dayanmır. Yaratdıq, bitdi deyilmir. Daim gördüyünüz işlərlə şəhid ailələrinə təskinlik verirsiniz.
– Doğrudur. Fonda gələn ailələri radioya dəvət edirik. Radioda görüşdüklərimizi fonda dəvət edirik ki, gəlib burada şəhidlərin xatirəsinə yaratdığımız guşələrlə, məlumatlarla tanış olsunlar. Beləcə, işlərimiz davam edir. Şəhidlərin ruhu qarşısında borcumuzu yerinə yetiririk. Texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov Mərkəzi Elmi Kitabxananın direktoru olaraq işimizə daim böyük dəstək olur. Şəhid ailələrini qarşılayır, onlarla ehtiramla görüşür. Mərasimlərimizdə iştirak edir, fikir bildirir. Bütün tədbirlərin keçirilməsində onun əməyi var.
Çox sevinirik ki, tələbələr diplom işlərini bizim fonda həsr edirlər. Gənc qızlar, oğlanlar müraciət edirlər. Məlumat toplamaqda onlara kömək edirik. Yəni fondda daim iş gedir.
– Demək, bura ziyarət olunmaqdan başqa, həm də bir araşdırma ünvanıdır.
– Bəli. Zalda qoyulmuş infoköşkdə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş videoçarxlar nümayiş olunur. Ardıcıl olaraq hər dəfə doğum günlərinə uyğun 10 gün (məs. may ayının 1-dən 10-dək, 10-dan 20-dək və s.) müddətində doğulanların həyat və döyüş yolu bu çarxlarda əksini tapır. İnfoköşkdə şəhidin doğulduğu zaman və məkan, döyüşdüyü ərazilər və şəhid olduğu yer göstərilir.
Müəllimlər fonda gəlirlər. Bəzən elə olur ki, onlar şəkillərə baxanda uşaqları tanıyırlar. Deyirlər ki, bunlar bizim şagirdlərimiz olub, biz bu uşaqlara dərs demişik, Vətənpərvərlik öyrətmişik. Onların haqqında əlavə məlumatlar verirlər. Biz fond olaraq bunları yalnız təbliğ edirik. Simalarına baxın, kədərlisi var, təbəssümlüsü var... Burada gördüklərinizin hamısı bizim əməkdaşların gərgin axtarışları nəticəsində əldə edilib.
Diqqətimizi may ayında doğulanların fotolorının düzüldüyü stend çəkir. Ötən ay apreldə doğulanların fotoları nümayiş edilib, gələn ay iyunda dünyaya göz açanların fotoları və hər biri haqqında məlumat burada sərgilənəcək. Fonda daxil olanlar bayraq uğrunda can verənlərin bayraq altında sərgilənən şəkillərini seyr etmədən, onlar haqqında kiçik məlumatı oxumadan fondu tərk etmirlər. Şəkildən boy göstərənlərin hamısı bizim üçün əzizdir, doğmadır, canımız- qanımızdır. Onlar bizim müstəqil, suveren ölkədə alnıaçıq, üzüağ gəzməyə stimul verənlərimizdir.
Zərifə BƏŞİRQIZI
XQ


