Qarabağ və Şərqi Zəngəzur: Bərpa mərhələsindən strateji planlaşdırmaya keçid
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumuna müraciətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ümumi planlaşdırılmasının başa çatdığını bildirməsi, postmüharibə dövründə dövlətin yenidənqurma siyasətində yeni mərhələyə keçidin göstəricisidir.
Artıq söhbət yalnız infrastrukturun bərpasından deyil, uzunmüddətli iqtisadi və sosial inkişafın əsasını qoyan sistemli şəhərsalma konsepsiyasından gedir.
Qarabağ və Şərqi Zəngəzur üçün hazırlanan plan 13,6 min kvadrat kilometrlik ərazini əhatə etməklə, 1,1 milyon vətəndaşın doğma torpaqlara qaytarılmasını hədəfləyir. Bu, təkcə məskunlaşma deyil, həm də regionun iqtisadi həyatının canlandırılması, nəqliyyat, təhsil, səhiyyə, enerji və kənd təsərrüfatı sahələrinin kompleks şəkildə inkişaf etdirilməsi deməkdir. Artıq 8 şəhər və 90 kəndin baş planlarının təsdiqlənməsi, həmçinin 6 şəhər, 2 qəsəbə və 20 kəndin bərpası və məskunlaşdırılması bu strategiyanın real nəticələrini nümayiş etdirir.
Bu proses Azərbaycanın regional idarəetmə və dayanıqlı inkişaf modelinin praktiki nümunəsinə çevrilir. Qarabağ və Şərqi Zəngəzurun planlı şəkildə bərpası həm ərazi bütövlüyü üzərində qurulmuş milli birliyin rəmzidir, həm də ölkənin iqtisadi, sosial və ekoloji balansını bərpa edən mühüm addımdır.
Şəhərsalma forumunda vurğulanan yanaşmalar Azərbaycanın gələcəkdə ağıllı şəhərlər və ekoloji dayanıqlı məskunlaşma prinsiplərini tətbiq edən müasir regiona çevriləcəyini göstərir.
Züriyə Qarayeva


