Qarabağ və Şərqi Zəngəzur: yenidənqurma və məskunlaşma nümunəsi
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dövlət Proqramı çərçivəsində azad ərazilərdə nəzərdə tutulan layihələr tam icra olunub
Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində azad ərazilərdə aparılan geniş miqyaslı quruculuq işlərinə diqqət çəkərək Böyük Qayıdış proqramının uğurla icra edildiyini xatırlatdı. Bəyan edildiyi kimi torpaqlarımız erməni işğalından azad edildikdən sonra dərhal nəhəng bərpa və quruculuq işlərinə start verildi və ötən 5 ildən artıq müddətdə Qarabağ və Şərqi-Zəngəzurda misligörünməmiş iri nəqliyyat, rabitə, kommunikasiya, sosial infrastrukturlar yaradıldı, şəhər, qəsəbə və kəndlər salınıb. Bu quruculuq tədbirləri sayəsində Böyük Qayıdışın ən ümdə hədəfi olan minlərlə insanın öz doğma yurduna geridönüşü təmin edilməkdədir.
150-dən çox obyektin və infrastruktur layihəsinin açılışı edilib
Beş il ərzində Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə 570-dən çox tədbirdə iştirak edib, müxtəlif təyinatlı yüzdən çox layihənin təməlini qoyub, 150-dən artıq obyektin və infrastruktur layihəsinin açılışını edib. “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı”, 8 şəhərin Baş planı, 3 şəhərin isə Müfəssəl planı təsdiqlənib, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları işlənilmə mərhələsindədir. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanmış, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunmuşdur. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub.
“Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili” prioriteti üzrə
247 min hektardan çox ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Zəruri müdafiə strukturlarının yaradılması, təhlükəsizlik məqsədilə yeni hərbi infrastrukturların qurulması təmin edilib, Laçın dövlət sərhədinin buraxılış məntəqəsində “Laçın” gömrük postu qurulub. Zəruri kommunal və sosial infrastrukturların qurulması istiqamətində də xeyli işlər görülüb. Ərazilərin elektrik enerjisi ilə təchizatı üçün 1000 km-dən çox yüksək gərginlikli elektrik verilişi xətləri çəkilib, 38 su elektrik stansiyası, 4 su anbarı, 14 elektrik yarımstansiyası istismara buraxılıb, enerji sistemi yeni model əsasında qurulur və dairəvi enerji sistemi formalaşmaqdadır.
Yol-nəqliyyat, enerji-rabitə, kommunal infrastrukturlar...
Qarabağda və Şərqi Zəngəzurda aidiyyəti dövlət qurumları və yerli şirkətlər tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 240 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Dövlət Proqramı çərçivəsində zəruri yol-nəqliyyat infrastrukturlarınnı inşası da sürətlə davam etdirilməkdədir. Həmin nəhəng infrastrukturlardan biri - Zəngəzur dəhlizinin ən mühüm qovşaqlarından olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 85 faizə yaxını yerinə yetirilib. Eləcə də Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun, Ağdam şəhərinin daxili yollarının, Xudafərin-Qubadlı-Laçın, Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd,Toğanalı-Kəlbəcər-İstisu və Şuşa-Laçın avtomobil yollarının tikintisi davam etdirilib.
Su təchizatı da azad ərazilərdə infrastruktur təminatında başlıca yer tutur. Bir neçə su anbarını yenidən qurulub, Zabuxçay su anbarı inşa edilib, əsaslı təmir olunan Sərsəng, Suqovuşan, Köndələnçay istifadəyə verilib. Ümumilikdə, tikintisi nəzərdə tutulmuş ümumi uzunluğu 3714,8 km-lik 65 avtomobil yolu layihəsi icra olunur, 441,5 km tamamlanıb. Bərdə-Ağdam dəmir yolu (47,1 km) istifadəyə verilib, Horadiz-Ağbənd xətti 69 faiz, Ağdam-Xankəndi xətti 28,3 faiz icra olunub.
Dəmir yollarının tikintisi ilə bağlı 49 körpünün tikintisi planlaşdırılıb, onlardan 42 körpünün inşası başa çatıb, 3 körpü istismara verilib.
Qarabağda və Şərqi Zəngəzurda 6 magistral qaz xətti çəkilib, 31 yaşayış məntəqəsi qazlaşdırılıb. Su və sosial infrastruktur da nəzərdə tutulan plan üzə qurulur, Zabuxçay su anbarı (26,8 mln m3) tikilib, 51,6 km uzunluğu olan Zabuxçay magistral boru kəməri çəkilib. Şuşada 90 çarpayılıq Şuşa Müalicə Sağlamlıq Mərkəzi istifadəyə verilib, azad edilmiş ərazilərdə 21 məktəb, 14 məktəbəqədər müəssisə və bir sıra mədəniyyət obyektləri tikilib və bərpa olunub.
Bölgədə 1 xəstəxana, 19 ümumi, 7 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bundan əlavə, Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyətə başlayıb. Poçt və telekommunikasiya xidmətləri infrastrukturunun qurulması məqsədilə bir neçə yaşayış məntəqəsində, inzibati binada poçt xidmətləri yenidən təşkil edilib, 1 ədəd radio-televiziya yayımı stansiyasının fəaliyyəti təmin edilib. Mobil telekommunikasiya xidmətlərinin təşkili üzrə 11-dən çox yeni baza stansiyası quraşdırılıb.
3 beynəlxalq hava limanı
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri sırasında hava limanlarının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. 2021-ci il oktyabrın 26-da istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı azad ərazilərdə inşa edilmiş ilk hava limanı kimi təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq, inteqrasiya və inkişaf simvoluna çevrilib. Hava limanı Zəfər Yolunun qapısı və Şuşa şəhərinə gedən əsas nəqliyyat qovşaqlarının açarıdır. Torpaqlarımız işğaldan azad edildkdən cəmi bir il sonra istifadəyə verilən liman beynəlxalq status və IATA kodu (FZL) alıb. Füzuli aeroportu dünyada ən sürətlə tikilən hava limanlarından biri kimi tarixə düşüb.
2022-ci il oktyabrın 20-də açılışı edilən Şərqi-Zəngəzurun hava qapısı hesab olunan Zəngilan Beynəlxalq Hava Limanı azad ərazilədə ikinci nəhəng nəqliyyat infrastrukturu olmaqla, Şərqi-Zəngəzurun mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Liman Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Ötən il mayın 28-də istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı isə Azərbaycanın dəniz səviyyəsindən ən hündür Zirvədə yerləşən möhtəşəm nəqliyyat abidəsi sayıla bilər. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib.
Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər postmünaqişə dövründə tətbiq edilən ən sistemli və sürətli yenidənqurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühüm nümunəyə çevrilməkdədir.
Ümumilikdə, 2020-2026-cı illər ərzində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına 30,5 milyard manat vəsait ayrılıb. Belə ki, 2020-2025-ci illərdə bərpa işlərinə 22,3 milyard manat, o cümlədən 18,5 milyard manatı investisiya xərcləri olmaqla vəsait ayrılıb. 2025-ci ildə 4,7 milyard manat, 2026-cı ildə isə 3,5 milyard manat nəzərdə tutulub.
Azad ərazilərdə 70 mindən çox insan yaşayır
İşğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması uğurla davam edir. İndiyədək işğaldan azad edilmiş ərazilərdə 31 yaşayış məntəqəsi bərpa olunub, 24 mindən çox keçmiş məcburi köçkün qayıdıb. Məskunlaşan ailələr, dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə 70 mindən çox insan yaşayır və fəaliyyət göstərir. 2027-ci ilədək 91 yaşayış məntəqəsinə 96 minə yaxın şəxsin qayıdışı planlaşdırılır.
İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı işləri davam etdirilib, ötən dövrdə həmin sakinlərdən artıq 6,3 minə yaxın şəxsin məşğulluğu təmin olunub, 513 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznesləri sahələri yaradılıb, 258 sakin üçün isə peşə kursları təşkil edilib.
Ağdam və Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları salınıb. Hər iki parkda 50 müəssisə rezident, 7 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Ümumi dəyəri 454 milyon manat olan layihələrin icrası çərçivəsində 185 milyon manat həcmində investisiya yatırılıb və 1057 yeni iş yeri yaradılıb.
E.CƏFƏRLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 08 Yanvar 2026 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















