Qarabağın işğalı zamanı əsir götürülən həmyerlilərimizin dəhşət saçan ifadələri TARİXİ MƏHKƏMƏ
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı Məhkəmə Kompleksində Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam etdiriləcək.
Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin rəhbərliyi ilə baxılır. Hakimlər heyətində Anar Rzayev və Camal Ramazanov da yer alıblar. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir.
Musavat.com xəbər verir ki, prosesdə Ermənistan silahlı qüvvələrinin Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın suveren ərazilərini işğal etdikdən sonra yaşayış məntəqələrində talançılıq aparılması təsdiqlənib.
“İşğalda iştirak etmədim, postda dayanmışam”
Təqsirləndirilən şəxs Melikset Paşayanın ifadəsi dinləndikdən sonra onunla eyni taborda olmuş təqsirləndirilən şəxs Qarik Martirosyan dindirilib. O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Fuad Musayevin suallarına cavabında müharibədə 1993-cü ildən iştirak etdiyini bildirib:
““Əsgəran müdafiə rayonu”nun tərkibində idim, komandir Vitali Balasanyan idi”.
O, tərkibində olduğu taborun Ağdamda yerləşdiyini də söyləyib və əlavə edib:
“Tabor əvvəlcə Əsgəranın Ağbulaq kəndində yerləşirdi. Ağdam alındıqdan sonra tabor həmin rayona yerləşdirildi. Tabor komandiri Vilen Safaryan, tağım komandiri Armen idi. Bölük komandirini xatırlamıram”.
Təqsirləndirilən şəxs tərkibində olduğu 31-ci taborun hərbçilərinin bir hissəsinin Ağdamın işğalında iştirak etdiyini də söyləyib, lakin özünün işğalda iştirak etmədiyini iddia edib və bildirib:
“Ələ keçirilən ərazilərin müdafiəsi məqsədilə postda dururduq”.
Qarik Martirosyan təltif olunduğunu da təsdiqləyib:
““İgidliyə görə” medalı ilə təltif olunmuşam. Bu, ya Arkadi Qukasyanın, ya da Bako Sahakyanın sərəncamı ilə oldu”.
Məhkəmədə “İnsanların zorakılıqla yoxa çıxarılması, əsir və girovlara işgəncələrin verilməsi” fəsli üzrə sübutlar tədqiq olunub.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev bildirib ki, işğaldan azad olunan ərazilərdə məzarlıqlar aşkarlanıb.
İstintaq orqanları tərəfindən məzarlıqlara baxış keçirilib. Məhkəmədə həmin baxış protokolları tədqiq edilib.
Qeyd olunub ki, Azərbaycanın suveren əraziləri azad edildikdən sonra həyata keçirilən işlər zamanı insan meyitlərinin sümükləri olan çoxsaylı kütləvi məzarlıq aşkarlanıb. Həmin ərazilərə istintaq orqanı tərəfindən baxış həyata keçirilib.
Vurğulanıb ki, əsir və girov götürülmüş şəxslərin bəziləri saxlanıldıqları yerdə işgəncə, qeyri-insani rəftar tətbiq edilməklə qəsdən öldürülüb. Həmçinin əsir və girov götürülmüş şəxslərin bir çoxu Azərbaycan dövləti və beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilmiş tədbirlər, eləcə də onların yaxın qohumlarının şəxsi təşəbbüsləri və əlaqələri ilə verilən pul müqabilində azad edilib.
Xəstəxanada işgəncə verdilər
Ardınca qeyd edilən fəsil üzrə zərərçəkmiş şəxs Zahid Həsənov ifadə verib.
O, 1994-cü il martın 7-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində yaralandığını, martın 8-dək orada qaldığını bildirib və əlavə edib:
“Martın 8-də həmin kəndə ermənilər daxil oldular və bizi - 4 yaralını əsir götürdülər. Yaralı vəziyyətdə bizi “KamAZ”la aparanda, ondan sonra isə xəstəxanada işgəncə verdilər. Bizi Xankəndidəki 3 saylı uşaq xəstəxanasında saxladılar. Bizim əsir və girovlar, o cümlədən qadınlar və uşaqlar orada idilər. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) də bizə baxmırdı. Komitənin Mark adlı nümayəndəsi var idi, tibbi bacısı isə Veronika idi. Mən təxminən bir ay yarım orada qalmışam. Həmin müddətdə Mark ora iki dəfə gəldi. Nə yaramıza baxdı, nə də başqa nəsə etdi. Sonra bizi Şuşa həbsxanasına apardılar, Mark oraya ümumiyyətlə gəlmədi”.
“Bunlar türklərdir, sizin düşmənlərinizdir”
O, Xankəndidə xəstəxanada saxlanılan zaman orta məktəb şagirdlərinin müəllimləri ilə birlikdə onlara baxmağa gəldiyini söyləyib və deyib:
“Bizi uşaqlara göstərib deyirdilər ki, baxın, bunlar türklərdir, sizin düşmənlərinizdir. Uşaqlar da bizə tüpürür, daş atırdılar”.
Zərərçəkmiş şəxs Xankəndidə saxlanılan zaman müalicə olunmadığını bildirib və əlavə edib ki, həmin müddətdə spirtli içki və narkotik maddələr qəbul etmiş Samvel, Vrej, balaca və böyük Boryalar, Karen, Armen, Serjik adlı erməni hərbçiləri və nəzarətçiləri tərəfindən mütəmadi olaraq yara olan yerlərinə yumruq-təpik, dəmir dəyənək, avtomat silahın qundağı ilə çoxsaylı zərbələr endirilməklə amansızcasına döyülüb, müxtəlif formalarda işgəncələrə məruz qalıb.
Onunla birlikdə xəstəxanada saxlanılan Qurbanov İlham Salman oğlu, Nazim, Pənah İsgəndərov, Şahbaz, İqor Əliyev, Xasay, Abdullayev Eldar İsrayıl oğlu, Tərlan, Sevil, habelə adlarını xatırlamadığı azərbaycanlı əsir-girovlara da eyni formada ağır işgəncələr verilib.
“Üstünə bir vedrə soyuq su tökülərək ağac dəyənəklə huşunu itirənədək döyülüb”
1994-cü il aprelin 28-də Xasay, Pənah İsgəndərov, İqor Əliyev və Mürşüd Məstəliyev ilə birlikdə Şuşa həbsxanasına aparılıb, orada da Emin, Karen, Qor, Vren, Albert, Sergey, habelə adlarını bilmədiyi erməni nəzarətçilər tərəfindən mütəmadi olaraq ağac dəyənək, armatur və digər küt alətlərlə amansızcasına döyülüb, soyuq kameralarda ac-susuz saxlanılıb, ağır və çirkli işlərdə zorla işlədilərək məcburi əməyə cəlb edilib.
Eyni zamanda, 1994-cü il mayın 1-də Karen tərəfindən tək kameraya salınıb, üstünə bir vedrə soyuq su tökülərək ağac dəyənəklə huşunu itirənədək döyülüb. 1994-cü il mayın 8-də Azər Aslanov və Mürşüd Məstəliyev ilə birlikdə Xankəndi şəhərində üçmərtəbəli binada yerləşən təcridxanaya aparılıb, Xankəndi şəhərindəki hərbi hospitalın yaxınlığında yerləşən və Karen Babayanın komandiri olduğu 4-cü taborda hər gün ağır işlərdə zorla işlədilib. Zərərçəkmiş şəxs əsirlikdə olduğu zaman təqsirləndirilənlərdən Bako Sahakyanı batalyonda gördüyünü, batalyon komandirinin onu qarşıladığını bildirib.
Təqsirləndirilən şəxs Bako Sahakyan isə 1992-ci ilin sonlarından və sonrakı 30 il ərzində xidməti vəzifəsinə görə əsirlərlə, girovlarla əlaqədə olduğunu bildirərək deyib:
“Mən həmin o beynəlxalq təşkilatlarla, BQXK ilə əlaqədə olmuşam”.
“Andranikin ildönümündə gəldilər ki, aparırıq bunların başlarını kəsməyə”
Dövlət ittihamçısı Vüsal Abdullayevin aydınlaşdırıcı xarakterli sualına isə Bako Sahakyan cavab verməkdən yayınıb.
Zərərçəkmiş şəxs Zaur Gülməmmədov 1993-cü ilin fevralında Xocavənd rayonunun Nərgiztəpə yüksəkliyində gedən döyüşlərdə qarnından güllə yarası aldığını bildirib və qeyd edib:
“Xəsarətdən huşumu itirdim, ayılanda gördüm ki, başqa yerdəyəm. Sonradan bildim ki, həmin yer Xocavənd rayonunun “Tək çinar” deyilən ərazisidir. Gözümü açıb yoldaşlarımı soruşmaq istəyəndə avtomatın qundağı ilə vurdular. Əvvəl Xocavənddəki “türmə”yə, sonra isə xəstəxanaya apardılar, orada əməliyyat edib gülləni çıxardılar. Yenə “türmə”yə, sonra Qırmızıbazara apardılar. Orada armatur, avtomatın qundağı ilə döyürdülər. Yediyimiz ancaq ot idi, qarın suyunu içirdik. Üç aydan sonra Andranikin ildönümündə gəldilər ki, aparırıq bunların başlarını kəsməyə.
“Ovçarka” cinsli iti üstümüzə qısqırdırdılar, qolumda itin dişinin yeri qalıb”
BQXK-dan nümayəndə gəldi. Ermənilər dedilər burada yaralı, ümumiyyətlə, azərbaycanlı hərbçi yoxdur. BQXK-nı aldadıb bizi öldürmək istəyirdilər. Bizi elə yerə aparıb saxladılar ki, orada həkim yox idi. Saç-saqqalımız uzanmışdı, bədənimizi bit-birə basmışdı. Əlimizi yumağa qoymurdular. Bizimlə birgə əsir saxlanılan ağdamlı Habil var idi. Ağdamlı olduğuna görə döyə-döyə öldürdülər. Habili vəhşicəsinə döydükdən sonra gətirib üstümüzə tulladılar. Bədənində salamat yeri yox idi. Elə həmin gün can verdi. Mənim sol ayağımı üç dəfə sındırdılar. Sonra bizi Şuşaya apardılar. İşgəncələr yenidən başladı. Orada “Ovçarka” cinsli iti üstümüzə qısqırdırdılar, qolumda itin dişinin yeri qalıb (bu zaman hakimə qolunu göstərir – red). Ağdamdan Tatar adlı oğlan var idi, onu bir həftə soyuducuda saxlayaraq dondurub öldürdülər”.
O, 9 ay əsirlikdə saxlanıldıqdan sonra əsir mübadiləsi zamanı Azərbaycana təhvil verildiyini bildirib və deyib:
“Hazırda sol tərəfim protezdir”.
Vəhşicəsinə döyüb, axşamlar dirəyə bağlayıb işgəncə veriblər
Zərərçəkmiş şəxs Əskər Əskərov Quba rayonunun Xınalıq qəsəbəsində anadan olduğunu, Kəlbəcər, Ağdərə, Laçın istiqamətlərində döyüşdüyünü bildirib. O, 1993-cü il aprelin 2-də erməni hərbçiləri tərəfindən əsir götürülüb. Zərərçəkmiş şəxsin sözlərinə görə, onu BTR-in arxasına bağlayaraq Kəlbəcər şəhərinin mərkəzi ilə dolaşdırıb, vəhşicəsinə döyüb, axşamlar dirəyə bağlayıb saxlayıb və digər işgəncələr veriblər. Daha sonra cavan, yaşlı əsir-girovlar ilə birlikdə Ermənistanın Basarkeçər rayon daxili işlər şöbəsinin müvəqqəti saxlama təcridxanasına aparılmaqla kameralardan birində bir gün saxlanılıb. Daha sonra isə İrəvan şəhərində hərbi polisin hauptvaxtı kimi istifadə olunan yerə gətirilib. O, saxlanıldığı bütün yerlərdə yumruq-təpik, rezin dəyənəklərlə amansızcasına döyülərək işgəncələrə məruz qalıb. 1995-ci il yanvarın 15-də Bəxtiyar Tağıyevlə birlikdə Qazax rayonu ilə sərhəd ərazidən azad olunaraq Azərbaycan tərəfinə təhvil verilib.
Dəmirlə döyməklə, bədənlərinə qızdırılmış dəmir parçaları basmaqla əziyyət verilib
Zərərçəkmiş şəxs Elçin Cəfərov bildirib ki, 1993-cü ilin mayında Nərimanov rayonundan hərbi xidmətə çağırılıb, Naxçıvan MR-də yerləşən hərbi hissədə xidmətə başlayıb. O, 1995-ci ilin iyununda Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onu Qarakilsə rayonunda 4-5 saat saxlayıb, sonra “Niva” markalı avtomobillə İrəvan şəhərinə aparıblar. Burada isə Ermənistanın Müdafiə Nazirliyinə, sonra isə müvəqqəti saxlama yerinə gətiriblər. Orada onu 23 gün saxlayıblar. Həmin müddətdə ona işgəncələr verilib. Onu daha sonra Ermənistan Dövlət Təhlükəsizlik Komitəsinin təcridxanasına aparıb, 1996-cı ilin mayınadək orada saxlayıblar. Orada başqa azərbaycanlı əsirlər də olub.
Təcridxanada saxlandıqları müddətdə ona çoxlu işgəncələr verilib. O cümlədən fasiləsiz işlədilib, dəmirlə, digər predmetlərlə döyməklə, bədənlərinə qızdırılmış dəmir parçaları basmaqla əziyyət verilib.
Ermənilər onları öz tərəflərinə keçməyə məcbur edib, buna etiraz etdikdə isə amansızcasına döyüblər. Zərərçəkmiş şəxs 1996-cı il mayın 10-da əsirlikdən azad edilib, İrəvan hava limanından o, müxtəlif yerlərdə əsirlikdə saxlanılan 67 azərbaycanlı ilə birlikdə Bakıya göndərilib. Zərərçəkmiş şəxslər onların nümayəndələrinin, müdafiə tərəfinin və təqsirləndirilən şəxslərin də suallarını cavablandırıblar. Məhkəmədə zərərçəkmiş şəxslər barəsindəki tibbi-ekspertiza rəyləri də elan olunub.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Məhkəmə prosesi mayın 29-da davam etdiriləcək. (Musavat.com)


