Icma.az
close
up
RU
Qaraqaşlı : Qarabağ həqiqətlərinin uğurlu bədii salnaməsi

Qaraqaşlı : Qarabağ həqiqətlərinin uğurlu bədii salnaməsi

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Zaur USTAC

Çağdaş ədəbiyyatımızın tanınmış nümayəndəsi Vüsal Nurunun - haqqında söz açacağım "Qaraqaşlı" əsərindən əvvəl - "Yağış damlasıyam", "Eybəcərlər adası", "999", "Prezident qızı", "Dorantağ" adlı romanları çap olunub. Hekayə və şeirləri ölkə hüdudlarını aşaraq xarici dillərdə də dərc edilib. Ümumilikdə isə Vüsal Nuru daim axtarışda olan yaradıcı şəxsdir desək, yanılmarıq.

Mənim əlimdə olan nümunə Vüsal Nurunun 2020-ci ildə "Mücrü" nəşriyyatının "Proza" seriyasında nəşr etdiyi, 264 səhifəlik "Qaraqaşlı" kitabıdır. Romanın təhlilinə keçməzdən əvvəl bunu qeyd edim ki, naşiri Müşfiq Xan, redaktoru Südabə Ağabalayeva olan kitab hər cəhətdən yüksək səviyyə və keyfiyyətlə çap edilib. Odur ki, kitabın belə nəfis şəkildə ərsəyə gəlməsində böyük əməyi olan hər üç şəxsi təbrik edirəm.

Əslən Ağdamdan olan yazıçı, publisist və ssenarist Vüsal Nurunun uşaqlıq illəri Qarabağ savaşının tüğyan etdiyi dövrdə keçib, doğma şəhərinin necə odlara qalanmasına, külə dönməsinə canlı şahid olub. Onun bu acı xatirələri sonralar bədii yaradıcılığında əsas mövzuya çevrilib, "Qaraqaşlı" romanında isə özünün ən bitkin ifadəsini tapıb. Yazıçı özünün və bütövlükdə xalqımızın yaddaşında dərin iz buraxmış müharibə illərini, insan talelərini, Vətən sevgisini və milli qüruru ədəbi obrazlar vasitəsilə ustalıqla canlandırıb.

Düz bir qərinə əvvəl Vətən torpağı ağrı-acı içində inləyirdi. Hər qarışında qan, hər nəfəsində kədər, üzüntü vardı. Qarabağ torpağı öz doğmalarını gözləyir, tapdaq altında qalmış yurd yerləri qəribsəyirdi. Azərbaycan ədəbiyyatının son illərdə yetişdirdiyi istedadlı yazıçılardan biri olan Vüsal Nuru "Qaraqaşlı" romanında xalqımızın ən ağrılı tarixini - 1988-1990-cı illərdən başlayan Qarabağ faciəsini, onun kökündə duran xəyanəti, vətənpərvərliyi və milli yaddaşın sarsılmazlığını bədii güc və emosional təsir vasitəsilə oxucuya təqdim edir. Əsər, sadəcə bir ailənin, bir kəndin, bir tüfəngin hekayəsi deyil - milli yaddaşın, torpaq sevgisinin, namus və qeyrət anlayışının bədii manifestidir. Vüsal Nurunun "Qaraqaşlı" romanı məhz həmin dövrün qanlı, faciəvi mənzərəsini bədii sözün gücü ilə yaşadan, oxucunu həm o illərin ağrılarına, həm də xalqın sınmaz ruhuna qaytaran qiymətli ədəbi nümunədir.

Peşəkar yazıçımızın romanı başladığı: "Dağlardan əsən meh Dağdağan ağacının budaqlarına bağlanmış rəngli parçaları əsdirirdi..." ilk cümləsi oxucunu dərhal xalq inancları, torpaq və təbiət kultu ilə dolu bir mühitə aparır. Müəllif "şalın yeləni", "bir şivrim" kimi az işlədilən, lakin doğma ruh daşıyan ifadələrlə Azərbaycan dilinin zənginliyini və əlvan söz palitrasını ustalıqla göstərir. Bu təsvirlər həm də xalqın köklərinə bağlılığının, torpağa sədaqətinin rəmzidir.

Romanın mərkəzində yaxın qonşunun, doğma dostun xəyanəti dayanır. Milisin xocavəndli Mövsüm kişinin "Qaraqaşlı" adlı tüfəngini əlindən alması və sonra həmin silahın erməni Arakelin evindən çıxması əsərin əsas metaforik xəttini yaradır. Bu detal təkcə silahın deyil, milli etibarın, dostluğun və insani dəyərlərin oğurlanmasının simvoludur.

Romanın simvolik başlanğıcı - Dağdağan ağacı motivi əsərin əsas mənəvi sütunlarından biridir. Müəllif bu ağacı həm inancın, həm də ana torpağın müqəddəsliyinin rəmzi kimi təqdim edir. Qadınların onun budaqlarına dilək tutub, parça bağlaması, Tanrıya yalvarması xalqın sarsılmaz imanını, sülh və ədalət arzusunu ifadə edir. Lakin bu diləklərin yerinə yetməsi üçün hələ çox qan, çox göz yaşı axmalı idi.

Əsərin mərkəzində İbad obrazı dayanır. Orta səviyyəli oxucuya (bu dildə oxuyub-anlayan Türk dünyasına) məlumdur ki, İbad obrazınının prototipi real şəxs - Vətən yolunda canını fəda etməyə hazır, qorxmaz və mərd bir döyüşçü, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovdur. O, xalqın içindən çıxmış qəhrəmandır. Hələ Milli Ordunun tam formalaşmadığı bir zamanda könüllüləri başına toplayıb doğma yurdun müdafiəsinə qalxan bu igid obrazında müəllif bütöv bir xalqın iradəsini, azadlıq əzmini simvollaşdırır. İbad və silahdaşlarının düşmənlə ölüm-dirim savaşında göstərdiyi qəhrəmanlıq səhnələri romanın ən təsirli məqamlarındandır. Vüsal Nuru sanki döyüş meydanında hadisələrin içindədir, hər səhnəni canlı şahid kimi təsvir edir.

Haşiyə: Vüsal Nurunun bu əsəri hansı mənbə və məlumatlar əsasında, hansı şəraitdə yazdığı mənə məlum olmasa da, məzmunun, demək olar ki, həmin dövrü olduğu kimi əks etdirdiyini təsdiq edə bilərəm. Tale elə gətirib ki, Xocavəndin Muğanlı kəndində hadisələrin başlandığı ilk gündən mən də bu hadisələrin şahidi olmuşam. Demək olar ki, Muğanlıdan Ağdama gəlib gedən zabit və əsgərlərin əksəriyyətinin qısamüddətli dayanacaq yeri bizim evimiz (Ağdam rayonu, Yusifcanlı kəndi) olub. Hətta uşaqların (könüllü zabit və əsgərlərin) Xocavənddə çəkdirdikləri, Ağdamda çıxardılan bütün fotolara da onlardan əvvəl Yusifcanlıda böyük maraqla mən baxırdım. Hadisələr başlayandan 1993-cü ilin aprelin 4-nə qədər İbadın onlara necə təlim keçməyindən tutmuş digər ən maraqlı söhbətlərəcən hamısından xəbərdaram.

Yazıçı İbad obrazında həm döyüşçü cəsarətini, həm də daxili yanğı və intiqam hissini birləşdirib. Onun sözləri bu gün də aktual səslənir:

"Torpaq mənim, rayon mənim, amma idarələrin rəhbəri erməni.  Biz öz torpağımızda əsir düşmüşük, xəbərimiz yoxdu".

Vüsal Nuru romanın dilinə xüsusi diqqət yetirir. "Ətrafa kəpənək tozuna qarışmış sükut çökdü", "Hamının ağzında loxması böyüdü", "Sabir o baxışların səsini eşitdi" kimi poetik ifadələr xalq danışığının bədii gücünü ortaya qoyur. Bu qəbildən olan, xalq dilindən gəlmiş uğurlu təsvirlər içində ən çox xoşuma gələni "O, sözünü yerə çəliklə möhürlədi" cümləsidir. Bu cümlələrdə həm sadəlik, həm də təsirli məna qatları hiss olunur.

Bəlkə də, eyni dövrdə, eyni bölgədə böyüdüyümə görədir, ya hansısa başqa səbəbdənsə əsərdə "Dağadağan" ağacı ilə başlamasından tutmuş, ta sona qədər tamam başqa bir aura, axıcılıq, yüngünlük (hadisələrin dramatikliyinə baxmayaraq), xüsusi doğmalıq hiss etdim.

Yazıçının təbiət təsvirlərindəki rəssamlıq qabiliyyəti oxucunu hadisələrin ağır yükündən azacıq qurtarır, nəfəs almağa imkan yaradır. Bu poetik lövhələr torpaqla insan arasındakı mistik bağın bədii təcəssümüdür.

Romanın adı ilə eyniləşən "Qaraqaşlı" tüfəngi isə bədii simvol kimi bütün əsərə mənəvi yük verir, dəyər qazandırır. Bu silah yalnız bir döyüş aləti deyil, həm də azərbaycanlı kişisinin qürurunun, şərəfinin, əyilməzliyinin təcəssümüdür. Onun yenidən sahibinə - Mövsüm kişiyə qaytarılması sanki xalqın itirilmiş heysiyyətinin, milli ləyaqətinin bərpasını təcəssüm etdirir (yazıçı burada gələcək Zəfərdən xəbər verir). "Qaraqaşlı" - sadəcə bir tüfəngin deyil, bir xalqın şərəfinin, sarsılmaz yaddaşının adıdır.

Vüsal Nurunun "Qaraqaşlı" romanı reallığın içində simvolu, simvolun içində reallığı yaşadan bədii bir mozaikadır. Bu əsər həm müharibənin faciəsini, həm insanın mənəvi sınmasını, həm də xalq yaddaşının dirənişini birləşdirir. Yazıçı nəyi təsvir edirsə, onu sözlə deyil, ruhla danışdırır.

"Qaraqaşlı" romanı bir daha sübut edir ki, Vüsal Nuru Azərbaycan ədəbiyyatında sözün səsi ilə insanın səsini eyni ahəngdə çatdıran nadir yazarlardandır.

Romanın sonunda "Qaraqaşlı" tüfənginin geri alınması, əslində, torpaqlarımızın azad olunmasının, haqqın bərpasının rəmzi kimi təqdim edilir. Bu mənada əsər mübarizə tariximizin ədəbi-bədii salnaməsi rolunu oynayır. Onu da qeyd edim ki, yazıçı sanki 44-günlük zəfəri duyaraq əsərin sonunu bu təsvirlə bitirib: "...Pöhrələnmiş Dağdağan ağacının yamyaşıl yarpaqarı titrəyir, dualı dil kimi göylərə yalvarırdı. Kimsə uzun, mavi şivrimi təzə pöhrənin boğazına bağlamışdı". 

44 günlük Vətən müharibəsi ilə Azərbaycanın qazandığı Zəfər bu romanın ideya xəttini tamamlayır. Əsərin sonunda oxucu artıq bilir ki, o illərin göz yaşları hədər axmayıb. Qələbə, azadlıq və doğma yurdun dirçəlişi indi reallığa çevrilib. Yazıçı Vüsal Nuru bu əsəri ilə təkcə bədii bir roman yazmayıb - o, xalqın dözümünü, mübarizə ruhunu, azadlıq sevgisini əbədiləşdirib.

"Qaraqaşlı" romanı - Vətən, müharibə və insanlıq mövzusunu bədii təfəkkürün ən yüksək səviyyəsində ifadə edən, oxucunu həm düşündürən, həm də qürurlandıran bir əsərdir. Bu roman təkcə ədəbiyyat faktı deyil, həm də milli yaddaşın, azərbaycançılıq ideyasının sarsılmaz təntənəsidir.

Yuxarıda qeyd etdiyim kimi, romanda bəhs olunan hadisələrin böyük əksəriyyətinə şahid olsam da, bu yazımı yazarkən ancaq romanın mətninə əsaslanmağa çalışdım. Öz gördüklərimdən, bildiklərimdən sadəcə "ürəyimdə düzdür" demək üçün bəhrələndim.

Onu da bildirim ki, "Qaraqaşlı" haqqında bu günə qədər yazmış dəyərli qələm dostlarımız Zemfira Məhərrəmli, Əkbər Əlioğlu, Tahir Taisoğlu və Nərgiz Cabbarlının əsər barədə maraqlı fikirləri ilə tanışam. Ancaq zənnimcə, "Qaraqaşlı"nın daha geniş təhlili və təbliği vacibdir. Bu roman əsasında gözəl, baxımlı bir tarixi film çəkilə bilər.

Vüsal Nurunun bu kitabının hərbi hissələrin kitabxanalarında, məktəb kitabxanalarında olması vacibdir. Əlaqədar qurumları bu işdə diqqətli olmağa dəvət edir, yazıçı Vüsal Nuruya yeni yaradıcılıq uğurları arzulayıram

Xankəndi - Bakı, 2025.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Noyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri