Qarsda Azərbaycanın “Konstitusiya və Suverenlik İli” münasibətilə konsert keçirilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ankara, 24 may, AZƏRTAC
Qars Şəhər Mədəniyyət və Turizm İdarəsinin konsert zalında Azərbaycanın “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konsert və milli geyimlərin nümayişi olub.
AZƏRTAC xəbər verir ki, tədbir Qars valiliyi və bələdiyyəsinin, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, ölkəmizin Qarsdakı baş konsulluğunun, Türk-Azərbaycan İcmaları Federasiyasının (TADEF) və ölkəmizin Ankaradakı səfirliyinin yanında fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Konsertdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, ölkəmizin Qarsdakı baş konsulu Zamin Əliyev, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Adem Çalkın, Qars Bələdiyyəsinin rəhbəri Ötükən Senger və başqaları iştirak ediblər.
Milli Azərbaycan geyimlərinin nümayişi Türkiyənin şərq vilayətinin yüzlərlə sakininin böyük marağına səbəb olub, daha sonra Azərbaycanın Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov və Əməkdar artist Rəvanə Qurbanovanın çıxışları olub.
Tədbir iştirakçıları Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinin sarsılmaz olduğunu vurğulayaraq, ölkəmizin tarixi və mədəniyyətinə həsr olunmuş tədbirlərin davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara


