Icma.az
close
up
RU
Qayınanam ön cəbhədə vuruşurdu, anam isə arxa cəbhədə çalışırdı

Qayınanam ön cəbhədə vuruşurdu, anam isə arxa cəbhədə çalışırdı

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Odlu-alovlu müharibə illərinin hələ də soyumayan xatirələri

İkinci Dünya müharibəsi Azərbaycandan çox uzaqlarda başlamışdısa da, onun dəhşətli təsiri hər bir ailəmizdən, hər bir həmvətənimizdən yan keçmədi.

Vətənimizin 700 mindən çox övladı ön cəbhəyə yollandı. Onların təqribən yarısı ölüm-dirim savaşında qəhrəmancasına həlak oldu. 170 mindən çox soydaşımız şücaətlərinə görə orden və medallara layiq görüldü. Onların arasında öz dəyanəti, sədaqəti, cəsurluğu və qeyrəti ilə fərqlənən Azərbaycan qadınları, qızları da az deyildi. Onlar kişilərlə çiyin-çiyinə həm ön, həm arxa cəbhələrdə hər cür çətinliklərə sinə gərirdilər.

Həm qürur, həm də qəlb sızıltıları ilə qələmə aldığım bu qeydlərdə zərif, incə, həm də mətin Vətən qızlarımızdan ikisinin çətin müharibə dövrü gənclik həyatları haqqında bəzi məqamları qısaca çatdırmaq istəyimdən ərsəyə gəlib. Və bu, mənim həm hardasa bir vətəndaşlıq, həm də övlad kimi vəfa borcumdur.

Ön cəbhədə

1941-ci ilin müdhiş iyun ayı...

Bakıda orta məktəbi bitirdikdən sonra o vaxtkı V.İ.Lenin adına Ali Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinin birinci kursunu başa vuran Həlimənin 20 yaşı yenicə tamam olmuşdu... Milyonlarla cavanlarımız kimi qanlı-qadalı döyüşlərə çağırışçılardan biri olduğundan ali təhsilini başlanğıcdaca “dondurmalı” oldu. Çünki vətəndaşlıq borcu daha alidir!

1942-ci il, iyulun 16-da ailəsindən, Vətənindən ilk dəfə ayrılaraq birbaşa ön cəbhəyə yollananlardan biri də ağ bənizli, gur siyah telli, bəstə boylu gənc Həlimə oldu. O, beş gündən sonra amansız hərb meydanı olan Stalinqrad (indiki Volqoqrad) şəhərinin 70 km məsafəsində döyüşlərə qatıldı. Bir gün Həlimə onların yerləşmiş olduqları Sovetskaya kəndində, qızlar yaşayan kazarmanın lap yaxınlığında qırıcı təyyarənin tüstülər içində burnu üstə yerə çırpıldığının şahidi olur. Böyrü üstə çevrilən təyyarənin motor tərəfindən yüksələn şiddətli alov dilləri arasından qanadlar üzərindəki qırmızı ulduz nişanəsi görünürdü. Cəsur təyyarəçi ağır hava döyüşündə dəlik-deşik olmuş təyyarəsini və özünü düşmən əlinə keçməkdən bu həmlə ilə qurtara bilmişdi. Həlimə bir an belə düşünmədən kabinədən çətinliklə çıxmağa cəhd edən, qüvvədən düşmüş pilota yardıma atılır. Alov onun saçlarını, üz-gözünü qarssa da qıvraqlıq göstərərək yaralını yanan təyyarədən uzaqlaşdıra bilir. Ölümdən qurtulmuş təyyarəçi gözlərini açaraq minnətdarlığını bildirir...

Düşmənə mərdliklə sinə gərən qəhrəman şəhərin müdafiəsi hərəkatlarında verilən tapşırıqları yerinə yetirdikcə bu azərbaycanlı qızın mətinliyi döyüşdən-döyüşə özünü büruzə verirdi. Ağır hücumlarımızın birində yaralansa da, Volqa çayının sol sahilində müalicəsindən sonra yenidən faşistləri təqib edən hərbi hissəyə dönür.

Dünya hərb tarixinin şərəf səhifələrindən sayılan Stalinqrad divarları yanında vuruşan insanlarımız düşmənin bəd niyyətindən həm də doğma Bakımızı qoruyurdular. 1942-ci ilin 19 noyabrında qoşunlarımız şəhər ətrafında əks-hücuma keçərək, almanları 1943-cü ilin fevralına qədər mühasirədə saxlayır və fevralın 2-də təslim olmağa vadar edir. Əlbəttə, düşmən asanlıqla təslim olmaq fikrində deyildi, bu məqsədlə də hava hücumlarını intensivləşdirirdi.

Alman təyyarələrinin Kalaç şəhərinə hücumlarının birində düşmən bombası hərbçi qızların olduğu qazarmaya düşür. Bu ölüm-dirim cəngində dostlaşıb ünsiyyət qurduğu sarışın hərbçi qızları əbədilik itirən Həliməni aldığı ciddi qəlpə yaraları səbəbindən hərbi hospitala yollayırlar. Necə deyərlər, anası Alimə xanım “namaz üstündəymiş!”... Həkimlərin də səyi ilə həyata qaytarılan Həlimə elə müalicəxanada ikən xüsusi hissənin komendantlığından gözlənilməz xoş müjdə alır: Müharibədə göstərdiyi şücaətlərə, cəsurluq və mərdliyə görə Rzayeva Həlimə Miri qızı “Stalinqradın müdafiəsinə görə” medalı ilə təltif olunur!

Kiçik leytenant qız anasını görmək üçün qısa müddətə doğma Bakıya ezamiyyətə gəldikdə sinəsini bəzəyən medalla bərabər hələ də vücudunda gəzdirdiyi o müdhiş bombadan qalma qəlpələri də gətirmişdi. İllərlə onu sızıldadan axırıncı qəlpələrdən qurtulmaqsa hərb başa çatandan sonra – 1946-cı ildə paytaxtımızdakı Semaşko adına xəstəxanada, nəhayət ki, mümkün olur.

Amma əmin-amanlıq, sülh və həyat naminə yad torpaqlarda mərdlik göstərərək əbədiyyətə qovuşan minlərlə övladlarımızdan olan bir qardaşının həlak olması ömrü boyu bacı ürəyinə vurulan sağalmaz yara oldu. Həlimənin bütün yaralarının ən yaxşı məlhəmi isə digər qardaşı Seyidnağının qalib qazilər kimi cəbhədən dönüşü oldu.

...1945-ci ildə Partiya Tarixi İnstitutu tərəfindən nəşr edilən “Azərbaycanın şanlı oğulları” adlı üçcildliyin 3-cü kitabında “Medallı qız Həlimə Rzayeva” başlıqlı bir məqalə yer alıb. Yazının müəllifi gənc qələm sahibi, sonrakı illərdə Həlimə xanımla taleyini bağlayan, sonradan isə tənqidçi-alim, geniş və dərin bilikli professor kimi məşhurlaşan Əkbər Ağayev olub.

Qələbənin 40 illiyi münasibətilə radionun “Gənclik” redaksiyasına verdiyi müsahibədə uşaqlıq və ilk gənclik illərinin nə qədər şirin və fərəhli keçdiyindən söz açan Həlimə xanım müharibənin silinməz izlər qoymuş acı təəssüratlarından, əsgərlərə tibbi yardım göstərməklə yanaşı, öz öhdələrinə düşən xüsusi tapşırıqları yerinə yetirmələrindən danışarkən deyir ki, həyatının o keşməkeşli illərini, günlərini xatırlamaq onları yenidən yaşamaq kimi ağır və çətindir. Döyüşçülərimizin, xüsusən də Azərbaycan qızlarının qəhrəmanlıqlarından iftixar hissi ilə bəhs edən Həlimə xanım deyir: “Hünərlə, cəsarətlə, əsasən də inamla vuruşaraq hər an qələbəmizi ümidlə gözləyirdik. Nəhayət, o günə qovuşduq!.. Amma, həmin gün üçün candan keçənlər də çox oldu... Bütün qız, gəlinlərə arzu edirəm ki, onların həyatı həmişə sakit, dinc–firavan olsun!..”

Arxa cəbhədə

Qan-qadalı müharibənin bir də “arxa cəbhə”si var...

“Hər şey cəbhə üçün, hər şey Qələbə üçün!” devizli ellərimizdə boynu bükük qalanlar: neçə-neçə itkilər yaşamış, qıtlıqlara qatlaşmış ahıl insanlar; ata və böyük qardaşlarının yoxluğunda onları əvəz etməyə fədakarlıq göstərən, birdən-birə böyüyən azyaşlı yeniyetmələr; sovet hakimiyyətinin var-yoxdan etdiyi böyük oğlunu itirmiş, ümidi sonbeşiyi olan övladının ali təhsillə geri dönüşünü bayram edib, gəlin gətirəcəyinə ümidli ananın əllərindən çıxıb uzaq diyarlardakı hərbə göndərilən övlad yolu gözləyən əzəmət nümunəsi qadınlar; ata həsrətli məsum övladları hər mərhumiyyətlə sinə gərərək ovundurmağı bacaran dəyanətli gənc gəlinlər; gözləri gecə-gündüz uzunluğu illərlə ölçülən yollarda qalan nişanlı gözəllər; sap-sağlam yola salanda arxalarından su səpilən igidlərinin əvəzində üstlərinə “qara kağız”lar ələnən ana-bacılar; ömrünün sonuna qədər heç o kağızlara da inanmayan, qulağı səksəkədə olan, baxışları yollardan çəkilməyən niskilli insanlar – saysız-hesabsız dərdlərə duruş gətirib, qalib olanlar hər cür çətinlikləri adlamağa çalışırdılar.

... Acı müharibə elanı veriləndə Peterburqda ali təhsil almış Babakişi müəllimin ilk övladı Asiyə 7-ci sinfi bitirmişdi. Lalə yanaqlı, uzun qoşa xurmayı hörüklü 16 yaşlı bu göyçək qız Salyan Pedaqoji Texnikumunda iki illik təhsildən sonra 1942-ci ildə ibtidai sinif müəllimi kimi həvəslə əmək fəaliyyətinə başlayır. Amma, o vaxtkı Puşkin, indiki Biləsuvar rayonunun Xırmandalı orta məktəbinin müdiri vəzifəsində can-başla çalışan atasının Peterburq mühitinin səhhətində yaratdığı fəsadların təsirindən gözlənilmədən qısa müddətdə dünyasını dəyişməsi ailəni sarsıdır. Son illərə qədər də camaat o məktəbi “Babakişi müəllimin məktəbi” olaraq nişan verirdi... Axı Babakişi müəllim özü bir-bir evlərə gedərək, məktəbə göndərilməyib yük arxasında gizlədilən (!) qız övladlarını təhsilə cəlb edərdi. Həmin o balaca qızlar arasında sonradan el-obasına şöhrət gətirmiş, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş kolxoz sədri Qızqayıt Həsənova və neçə-neçə tanınmış ziyalı xanımlarımız ərsəyə gəlib.

Faşistlər 1942-ci ilin iyulunda əsas diqqəti Cənuba, Qafqaza yönəltmişdilər. “Edelveys” adlı işğal əməliyyatı ilə Bakını nə olursa-olsun, ələ keçirmək, torpaqlarımızla bərabər neftimizə də sahiblənməyə iştahlanmışdılar. O dar zamanlarda cəbhəyə getmiş kişiləri onların ana-bacıları, həyat yoldaşları, yeniyetmələr, təqaüdçülər belə əvəz edirdilər. Qadınlarımız heç bir işdən qorxmur, cəbhədən gələn hər xoş xəbərə əmək cəbhəsindəki yeni uğurlarla qarşılıq verirdilər.

Asiyə də atasının yolunu davam etdirərək körpə fidanlarımıza yazıb-oxumağı həvəslə aşılayır, balaca övladlara biliklər gedən yollarda səylə cığırlar açırdı. Bu uşaqlar arasında özündən kiçik bacısı Təyyibə və ailələrinin sonbeşiyi, qardaşı Vasif də vardı...

Əlində elm məşəli tutanlar bütün zamanlarda cəng meydanlarından kənar tutulan bayraqdarlar sayılıblar! Belə ki, “elm fədailəri müqəddəs müharibədə döyüşən döyüşçü mislindədir,” – buyurub Həzrəti Əli əleyhəssalam.

Yeniyetmə yaşlı Asiyə müəllimə təkcə biliklər vermirdi. O, öz zərif çiyinlərinə həm də odlu-alovlu müharibəyə gedib uzaq diyarlardan əbədiyyətə qovuşanlarımızın ard-arda qorxunc “qara kağız”ları gələn o dövrlərdə, gözləri yol çəkən balacaların körpə qəlblərini ələ alıb ovundura bilmək, onlarda gələcəyə mütləq ümid çırağını da yandırmaq missiyasını götürmüşdü.

Gecələri, gündüzləri sərasər uzanan 5 il soyuq-sazağı bitməz kimi görünən 5 qış, bir də acıları, itkiləri tükənmək bilməyən 5 uzun yay, balacalarımızın uşaqlıqlarını, yeniyetmələrimizin gəncliklərini, cavanlarımızın ömürlərini, yaşlılarımızın səbrini alıb apardı... Sevincin solub-sönükləndiyi o illərdə gələcək soraqlı nur, ümidləri sönmüş ürəklərdə bir qığılcım, hərarət yaradan bir arxa-dayaq ola bilmək nəsib oldu fitrətdən xoş xasiyyətli, gözəl təbiətli, səbrli və yüksək tərbiyəli Asiyə müəllimə.

... Asiyənin ala gözləri isə 1939-cu ildən Bakıda ali təhsil alıb qayıdacaq nişanlısının yolundaydı. Amma, necə deyərlər, “sən saydığını say...”

İnstitutu başa vuran kimi Sultanı Orta Asiya respublikalarından birinə bir illik komandir kurslarına göndərirlər. Elə oradan da hərbçi kimi İrana ezam olunur. 1941-ci ildə ölkəmizdə müharibə elan olunanda ailəsi, yaxınları ilə görüşüb-vidalaşma izni ilə ancaq bir neçə günlük vətənində olur və anasını bacısının ailəsinə əmanət edərək bir zabit kimi səfərbərliyə qatılır. Onun uzaq döyüş mövqe ünvanlı məktubları Asiyəyə təsəlli olurdu. Bir dəfə isə... Sultanın “qara kağız”ı xəbərilə ağır zərbə də almışlar. Amma, yanlışlıq olduğu bilinəndə ürəklər xeyli toxdadı.

Qələbəmizlə sona yetən müharibədən dönənlərimiz vardısa da, Asiyənin nişanlısı hələ Karpat dağlarında davam edən şiddətli döyüşlərdə hərbi birləşmələrimizin tərkibində düşmənlərlə vuruşurdu. Heç vaxt, heç nədən narazılıq edib gileylənmək bilməyən dözümlü, mərd Sultan həmin o döyüşləri xatırlayanda, bunu da əlavə edərdi: “... Çox ağır idi, artıq qələbə əldə olunduğu halda, sülh bağlanmış olduğu bir zamanda faşistlər ölmək istəmirdilər...”. Yeddi həsrətli ildən sonra el-obasına, vətəninə, intizarda qalanlarına – anasına, bacılarına, Asiyəsinə qovuşan, igidlik, şücaət, cəsurluq nişanəsi olan Sultanın kapitan geyiminin sinəsini orden və medallar bəzəyirdi. Bədənindəki çox ağır cərrahiyyə əməliyyatlarının izi ölümdən dönüşlərinin ömürlük nişanələrindən idi...

Müharibə dövrünə düşən beş illik uğurlu müəllimlik fəaliyyətinə görə 21 yaşlı Babayeva Asiyə Babakişi qızı “Arxa cəbhədəki igidliyə görə” medalı ilə təltif edilərək, öz vətəninə medal qazandıran qızlarımızdan biri idi. Sultanla ailə qurandan sonra təhsilini davam etdirmək üçün 1946-cı ildə Bakı Ali Pedaqoji İnstitutun ədəbiyyat fakültəsinə daxil olur. Bu “igidlər” ailəsi dörd övlad sahibi olur.

P.S. Sonda onu deyim ki, müharibənin sərt üzü ilə göz-gözə gəlib sərtləşməyən, zərif vücudları ilə çətinliklərə sinə gərib mətinləşən ön cəbhə qəhrəmanı – Həlimə xanım mənim fədakar qayınanam, arxa cəbhə qəhrəmanım Asiyə xanım isə məni dünyaya gətirən anamdır!.. Nə xoş ki, qızlarımın da əziz, unudulmaz gözəl qəlbli, mehriban nənələridirlər. İlk övladım – Həlimə də nənəsinin adını qürurla daşıyır.

Almaz SULTANQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 May 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see237

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see168

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see163

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see161

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see147

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see143

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see142

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see135

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see135

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see133

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see133

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see132

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see132

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see131

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see129

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see126

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see125

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri