Qazaxıstan və Azərbaycan: qardaşlıq, coğrafiya və enerji gələcəyi
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Astana, 23 oktyabr, AZƏRTAC
Qardaşlıq əlaqələri və geostrateji mövqeləri, xüsusilə də tarixi İpək Yolunun yenidən dirçəldilməsi kontekstində Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafına mühüm təkan verir.
Bu fikri AZƏRTAC-a Avrasiya İnteqrasiya İnstitutunun eksperti Adilxan Qadelşiyev bildirib.
Ekspertin sözlərinə görə, iki ölkəni birləşdirən enerji və nəqliyyat dəhlizləri də mühüm rol oynayır.
“Prezidentlərimiz Avrasiyanın mərkəzində nəqliyyat-logistika sisteminin inkişafı üçün yeni, səmərəli marşrutların yaradılması üzərində fəal işləyirlər”, – deyə ekspert vurğulayıb və əlavə edib ki, bu istiqamətlərdə artıq müsbət dinamika müşahidə olunur.
A.Qadelşiyev, həmçinin təkcə Azərbaycan və Qazaxıstan üçün deyil, ümumilikdə Avropa üçün strateji əhəmiyyət kəsb edən Transxəzər yüksəkgərginlikli sualtı kabel layihəsinin həyata keçirilməsinin vacibliyini qeyd edib.
“Bu layihə Avropa ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə verəcək, qazıntı yanacaqdan asılılığı azaldacaq və enerji mənbələrinin şaxələndirilməsinə şərait yaradacaq. Ümumilikdə, Mərkəzi Asiya ölkələrindən Azərbaycana, oradan isə Avropaya “yaşıl enerji” nəqli bu layihə vasitəsilə mümkün olacaq. Hesab edirəm ki, qarşıdakı illərdə ən mühüm müsbət dinamika məhz bu istiqamətlərdə müşahidə ediləcək”, – deyə Avrasiya İnteqrasiya İnstitutunun eksperti fikrini yekunlaşdırıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana


