Icma.az
close
up
RU
Qəhrəmanlığın səhnə salnaməsi

Qəhrəmanlığın səhnə salnaməsi

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Adilə NƏZƏROVA
Filologiya üzrə fəlsəfə doktoru

Ədəbiyyat bəzən tarixin yaddaşından da dərin iz buraxır - çünki o, faktları deyil, ruhları yaşadır. Abdulla Qurbaninin "Məbəddə döyüş" pyesi də məhz bu ruhu yaşadan sənədli-bədii xatirədir. Bu əsər Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun həyatına, onun döyüş yoluna, fədakarlığına və şəhidliyinə həsr olunub. Pyes sənədli olsa da, hadisələri quru faktlar kimi yox, bədii emosiyanın dili ilə təqdim edir. Əsərin əsas ideyası bir insanın, bir əsgərin timsalında Azərbaycan əsgərinin mənəvi portretini yaratmaqdır. Burada qəhrəman təkcə düşmənə qarşı döyüşmür - o, həm də qorxu, ölüm, taleyin sükutu ilə döyüşür. N.Qasımov və onun döyüş yoldaşları "silahı yerə qoymamaq" anlayışını yalnız əmrlə deyil, vicdan borcu ilə yaşadırlar. Bu baxımdan pyes təkcə hərbi dram deyil, həm də mənəvi döyüş meydanıdır.

Məsələn, rabitəçi əsgərin "Qaqa, mən qorxmuram ki..." sözləri sadə xalq danışığı ilə səslənsə də, bu sadəliyin arxasında ölümə hazırlığın, Vətənə sədaqətin dərin mənası gizlənir. Əsgərlərin döyüşdən əvvəl himni oxuması səhnəyə dua və müqəddəslik çaları gətirir. Sanki pyesin qəhrəmanları artıq insan deyil, simvola dönür: onlar torpaqla, bayraqla, vətənlə birləşirlər.

Növbəti şəkildə rabitəçi, arxasınca digər yoldaşları da şəhid olur və Natiq tək qalır. Burada A.Qurbaninin ən güclü dramaturji seçimlərindən biri qəhrəmanı təkliyin içində sınağa çəkməkdir. Natiq qorxuya məhəl qoymur, özünü itirmir; o, pəncərədən-pəncərəyə keçərək həlak olmuş əsgərlərin silahından atəş açır və məbədin içini "çoxluq" təsiri yaradacaq şəkildə doldurur. Bu səhnə həm fiziki qəhrəmanlıq, həm də səhnədə təsir üçün ideal bir mexanizm yaradır, şəhidlik estetikasını pafossuz təqdim edir. Müəllifin dili burada qısa, kəskin cümlələrlə işləyir - səhnə nəfəs kəsir, ritm artır, oxucu/tamaşaçı Natiqin hər atəşində həm fiziki, həm də mənəvi bir "hesablaşma" hiss edir.

Dialoqların ikinci böyük bloku - səhra komandiri ilə kapitan, baş leytenant arasındakı mübahisə  müharibənin idarə edilməsindəki əxlaqi və əməli boşluqları göstərir: kilsəni ələ keçirmək üçün verilən tapşırıqlar, psixoloji yorğunluq, bölgəyə gətirilmiş döyüşçülərin, xüsusən Xocalıdan gətirilənlərin davranışı və nəticələr.

Komandir və kapitanın dialoqları müharibənin təkcə hərbi deyil, mənəvi səviyyədə də gərginliyini göstərir. Burada həm Xocalı travmasının izləri, həm də əmrlə vicdanın toqquşması açılır. A.Qurbani göstərir ki, döyüş yalnız tanklardan və pulemyotlardan ibarət deyil, o, yaddaş, danılmaz günah və gələcək siyasətin formalaşmasıdır.

Sənədli pyes olaraq "Məbəddə döyüş" faktlara söykənir: real adlar, hadisə məkanları, konkret taktiki məqamlar. Amma Qurbani bu faktları soyuq reportaj yox, hissli mətn halına gətirir. Komandirin əmri, kapitanın izahı, əsgərlərin danışığı - hamısı həm informativ, həm rezonanslıdır. Dil səhvlərinə və bəzən dialekt/şivə notlarına görə səhnələr daha inandırıcı görünür; xalq nitqi əsərdə real atmosfer yaradır. Himn səhnəsi, son atışma, komandirin təcili qərar çağırışı pyesin ritmini tənzimləyir və kulminasiyanı gücləndirir.

Üçüncü şəkil pyesdə emosional zirvə nöqtəsidir. Burada döyüş səngiyir, sükut çökür və səhnə qəhrəmanlıqdan ilahi mərhəmətə keçir. Natiqin pəncərədən baxaraq düşməni izləməsi, lakin silahı bir anlıq yerə qoyub şəhid yoldaşlarının gözlərini sığaması, onların üzlərini Qibləyə çevirməsi müharibə səhnəsində imanın öncəliyi kimi oxunur.

Rabitəçi əsgərin ruhu ilə danışması  səhnəni simvolik səviyyəyə qaldırır: burada ölüm yox, şəhidliyə yüksəliş var. Bu səhnə həm də pyesin əsas fəlsəfi ideyasını açır: ölüm yox, şəhidlik var; itki yox, zirvəyə yüksəliş var.

N.Qasımovun məktub səhnəsi sənədli və poetik qatın birləşdiyi yerdir. Bu məktub həm qəhrəmanın vəsiyyəti, həm də Azərbaycan əsgərinin kolektiv səsi kimi səslənir. O, təkcə ailəsinə deyil, bütöv millətə müraciət edir: "Öləndə üstümə bayraq sarın ki, torpağın altında rahat yatım". Bu cümlə pyesin və artıq ümumən Qarabağ müharibəsi ədəbiyyatının simvolik sitatlarından birinə çevrilmişdir.

Dördüncü şəkil isə pyesin ən sərt sənədli hissəsidir. Burada hadisə düşmən tərəfdən - Əsgəran milis şöbəsinin həyətindən təsvir olunur. Müəllif bu səhnədə qəhrəmanlığı bir kənara qoyur, insanlıq ölçüsünü sınağa çəkir.

Erməni komendantın və səhra komandirinin davranışları, girovların işgəncəsi, qadın və uşaqların təhqir olunması müəllifin sənədli araşdırma ruhunu göstərir.

O, hadisəni təsvir yox, sənət dili ilə çatdırır.

- "Qarabağ kimindir?"

- "Qarabağ Azərbaycanındır".

Bu dialoq sadə bir sual-cavab deyil, milli kimliyin möhkəmliyi, inamın sınmazlığı səhnəsidir. Gəncin boğazına torpaq basılması və onun bu torpağı udaraq "Qarabağ Azərbaycandır" deməsi həm fiziki, həm də rəmzi mənada torpağa qovuşmaq, şəhidliklə birləşməkdir.

Səhra komandiri və beynəlxalq müşahidəçilərin gəlişi isə hadisənin propaqanda və reallıq arasındakı uçurumu açır. Komandirin "bizə vəhşi deməsinlər deyə, yaralıları gizlədin" sözləri, yalançı humanizmin pərdəsini qaldırır. Burada A.Qurbani təkcə müharibəni yox, müharibə yalanını ifşa edir.

Səhra komandirinin dilindəki "biz insansevər xalqıq" cümlələri isə ironiyanın zirvəsidir. Tamaşaçı həmin an artıq onun insanlığa yad olduğunu bilir. Bu, sənədli pyesin ən təsirli üsullarından biridir - müəllif heç nəyi şərh etmir, hadisənin özü özünə hökm çıxarır.

Beşinci şəkildə hadisələrin mərkəzinə yenə Səhra komandiri çıxır. O, zahirən təmkinli, "mədəni", "humanist" obraz kimi təqdim olunur, amma bu sakitliyin altında saf və sistemli yalan mexanizmi gizlənir. Əslində bu səhnə "yalanın teatrı"dır. Burada hər kəs rol oynayır: komandir "humanist", Sarzinin və Smirnov "neytral jurnalist", əsirlər isə "təhlükəsiz qonaqlar" kimi göstərilir.

Onlar Qərbin vicdanını təmsil edir, amma bu vicdan kor və kar vəziyyətdədir.

Sarzinin "üz-gözlərindən bəllidir, çox yaxşı baxırsınız" sözləri kinayə kimi səslənmir, bu, həqiqətən də onun görmək istədiyi mənzərədir. A.Qurbani burada publisistik baxımdan çox vacib bir mesaj verir: "Dünyanın baxış bucağı çox vaxt ədalətin deyil, marağın istiqamətində olur".

Jurnalistlər pyesdə informasiya daşıyıcısı deyil, mənəvi məsuliyyətdən qaçan tamaşaçıdırlar. Onlar baxırlar, amma görmürlər.

Cəfər müəllimin könüllü irəli çıxması pyesin sarsıdıcı anlarından biridir. O, sadəcə bir əsir deyil - xalqın mənəvi yaddaşıdır. Onun dedikləri artıq fərdi dialoq deyil, tarixin içindən gələn ittiham aktıdır:

"1988-ci ildə Sumqayıt hadisələrindən qabaq Xankəndidə Tibb İnstitutunun iki azərbaycanlı qız tələbəsinə kim təcavüz etdi?" "Xocalıda diri-diri yandırılan günahsız insanların qatilləri kimlərdir?"

Bu suallar tarixin içindən səslənən sənədlərdir. Müəllif burada bir tədqiqatçı kimi davranır və pyesin sənədli təməlini bədii dramaturgiyaya çevirir.

Komendantın "Sarı gəlin"i zümzümə etməsi pyesdə simvolik final kimi səslənir. Bu mahnı Azərbaycan xalqının həm sevgisini, həm də kədərini daşıyır. Onu düşmənin oxuması isə sevgini də, kədəri də təhqirə çevirir. Beləcə, müəllif bircə səhnədə həm Qarabağ həqiqətini, həm də insanlığın yalan üzərində qurulan müasir dünyasını ifşa edir.

"Məbəddə döyüş" pyesinin II hissəsində səhnə tamamilə başqa bir ton alır: müharibənin səhnəsindən evin səhnəsinə, ölümün sükutundan ümid və sevginin işığına keçir.

Əvvəlcə səhnədə "Qonşu qız" mahnısı səslənir. Bu, sadəcə musiqi deyil - xatirələrin, uşaqlığın, itirilmiş sülhün səsidir. A.Qurbani burada çox incə bədii paralellik yaradır: hələ bir az əvvəl "kilsə döyüşü" səhnəsində insanlıq məhv olurdu, indi isə bu evdə ana ilə qızın dialoqunda o insanlıq yenidən dirilir.

"Bilmirəm balamın başında nə qəza var. Öldüsü, qaldısı da bilinmir... Natiq əsir düşəsi oğul deyil". Burada Dursun ana həm xalqın inamını, həm də Azərbaycan əsgərinin əxlaqını təcəssüm etdirir.

Qonşu qız obrazı pyesin poetik və simvolik fiqurlarından biridir. O, müharibənin içində belə sevginin və ümidin sağ qalmasını təmsil edir. "Bu səmənini özüm göyərtmişəm. Su əvəzinə göz yaşlarımla sulamışam" - deyir. Göz yaşları ilə sulanan səməni xalqın öz ağrısından həyat yaratmaq bacarığıdır.

Pyesdə Novruzun gəlişi təsadüfi deyil. Bu, müəllifin dramaturji fəlsəfəsində ölümlə həyatın bir araya gəldiyi andır.

"Dağlar lala boyanır, yaşıl-ala boyanır. Hər obada, hər eldə Novruz tonqalı yanır..." misraları müharibənin qaranlığına qarşı qoyulmuş işıq simvollarıdır.

Altıncı şəkil pyesin mənəvi kulminasiyasıdır. Burada Natiq artıq təkdir, halsızdır, lakin silahını yerə qoymayıb. Natiqin məbəddən çıxarkən son sözləri: "Bayrağımla birgə ölümün üstünə gedirik!" Burada pyes öz zirvəsinə çatır: məbəd - döyüş - şəhid - bayraq zənciri tamamlanır.

Pyesin son iki - yeddinci və səkkizinci şəkli Abdulla Qurbaninin sənədli-bədii dramaturgiyasının zirvəsidir. Hadisələr o qədər canlı, o qədər reallıqla yazılıb ki, oxucu bu səhnələrdə Natiqin yanında, onun şəhidlik anının şahidi kimi hiss edir özünü.

Səhnə "Səhra komandiri"nin təkəbbürlü, təhqiramiz replikaları ilə başlayır. Müəllif burada erməni işğalçısının mənəvi deqradasiyasını çox incə üsulla göstərir: o, "çörəyi ver çörəkçiyə" deyib öz barbarlığını "peşəkarlıq" kimi təqdim edir. Bu səhnə Natiqin qarşısındakı düşmənin yalnız silahla deyil, həm də mənəviyyatsızlıqla silahlandığını göstərir.

Ancaq Natiqin bir baxışı - "düşmənə elə qəzəblə baxır ki, onlar qorxaraq geri çəkilirlər" - artıq göstərir ki, ruh qalib gəlmişdir. Bu, pyesin həlledici dönüş nöqtəsidir: güc silahda deyil, dəyanətdə və vicdandadır.

Əsərin ən güclü, ən yaddaqalan replikası yenə qəhrəmanın dilindən gəlir: "Onlar ölü deyillər, onlar şəhidlərdir. Ölü isə insanlığa qənim kəsilən, faşist xislətli insanlardır. Sizlər sağ ikən ölülər, məbəddəkilər isə ölümlərindən sonra yaşayacaq dirilərdir".

Bu sətirlər Abdulla Qurbaninin dramaturji imzasıdır. Burada həm Azərbaycan şəhidliyinin fəlsəfəsi, həm insan və qeyri-insan arasındakı fərq, həm də bədii ədalət ifadə olunur.

Səhra komandiri Qasımova iki yol təklif edir: "Ya bu yolu seç, ya da gedər-gəlməz uzun bir yolu". Qasımovun cavabı bəşəri və poetikdir: "Vətən xaini olmaq istəmirəm! Bundan dəhşətli, ağır cəza yoxdur!" Bu, bəlkə də bütün pyesin fəlsəfi mərkəzidir. Burada Vətən məfhumunun əxlaqi çəkisi ön plana çıxır: Vətən yalnız torpaq deyil, həm də vicdanın yeridir.

Finalda Natiqin bayrağı verməməsi, "Mənim bayrağıma atılan güllə, mənim ürəyimə sancılacaqdır!" cümləsi, pyesin emosional kulminasiyası və ideya yekunudur.

Natiqin son baxışı - "məbədə doyunca baxmaq istəyi" şəhidliyin poetik anıdır. Sanki o, yalnız daş binaya deyil, öz ruhunun, xalqın imanının, şəhid dostlarının ruhunun məbədinə baxır. Müəllif burada bayrağı insanın ürəyi ilə birləşdirir: artıq bayraq maddi parça deyil, insanın canı kimi təqdim olunur.

Səkkizinci şəkil Natiq Qasımovun edam səhnəsi - bir tərəfdən düşmənin vəhşiliyinin ifşası, digər tərəfdən Azərbaycan əsgərinin mənəvi ucalığının zirvəsidir.

Natiqin "Mən öz əsgər andıma sadiq qalaraq postumu tərk etmədim" sözləri yalnız fərdi and deyil, bir millətin əsgər andına çevrilir.

Səhra komandiri, düşmən kütləsi, ağlayan analar - bu səhnədə bir qaranlıq fon kimi görünür, onun ortasında isə Natiq işıq kimi ucalır. O, ölümün içində də nur saçır. Söylədiyi şeir "Mənim bayrağım, Azərbaycan bayrağım..." pyesin musiqi kimi səslənən son notasına çevrilir. Artıq o, danışmır, o, dua edir.

Finalda səslənən Prezidentin səsi, real bir dövlət sənədinin səsləndirilməsi - sənədli pyesin janr sadiqliyinin ən parlaq nümunəsidir. Lakin bu sənəd sadəcə hüquqi sənəd kimi deyil, ədalətin bədii təsdiqi kimi səslənir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see191

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see168

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see136

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see135

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see135

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri