Icma.az
close
up
RU
Qəhrəmanlığın ədəbi əbədiyyəti

Qəhrəmanlığın ədəbi əbədiyyəti

Keçmişin uğuru da, itkisi də tarix kitablarında qorunur, bədii ədəbiyyatda yaşadılır. Xalq sevincindən güc, kədərindən dərs alır. Laylalı-bayatılı, nağıllı-dastanlı, hekayəli-romanlı, şeirli poemalı  ədəbiyyatımızın dil-ağız və yazılı qollarının hər ikisinin baş mövzusu sevgi və qəhrəmanlıq  olub. Sevgi mövzusunda isə yurda, vətənə bağlılıq üstün yer tutub. 

Qarabağ münaqişəsinin xalqımıza gətirdiyi saysız-hesabsız bəlalar, silsilə faciələrlə bağlı ədəbi əsərlərin hamısını ortaq dəyərlər birləşdirir: yurd sevgisi, düşmənə nifrət, inam və dözüm, qeyrət və hünər. Bu baxımdan 20 Yanvar faciəsi mövzu və janr əlvanlığı,  sənətkarlıq və məhsuldarlıq ölçüləri ilə bütöv və zəngin bir kitabxana təşkil edir. Bu faciənin ümumxalq kədəri və tarixi qəhrəmanlıq nümunəsi olaraq tükənməzliyi, davamlılığı ilə göz önündədir.

20 Yanvar ədəbiyyatı özü ilə yanaşı,  bu mövzunun ədəbi-nəzəri yönünü də formalaşdırıb. Çoxsaylı elmi əsərlərdə və nəzəri mülahizələrdə faciəyə həsr olunmuş ədəbi əsərlər müxtəlif baxımdan araşdırılıb, sistemləşdirilib. 

Bu yazılarda göstərilir ki,  müdhiş şənbə gecəsinin kədəri və şərəfi görkəmli yazıçı və şairlərimizdən Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Məmməd Arazın, Qabilin, Nəbi Xəzrinin, Cabir Novruzun, Anarın, Elçinin, Fikrət Qocanın, Zəlimxan Yaqubun, Sabir Rüstəmxanlının, Çingiz Abdullayevin, Mədinə Gülgünün, Məmməd Aslanın, Tofiq Mütəllibovun, Şahmar Əkbərzadənin, Nüsrət Kəsəmənlinin və digər ustad sənətkarlarımızın elegiyalarında, etiraz ruhlu şeirlərində və publisistik əsərlərində öz əksini tapıb. 

Bu faciə baş verdikdən sonra şairlərimiz, yazıçılarımız qələmə sarılaraq xalqımızın fəryadını dünyaya çatdırıblar. Xalq şairi Qabilin “Mərsiyə”si, Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeiri, Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması, Nəriman Həsənzadənin “Şəhidlər xiyabanı” şeiri, Rafiq Səməndərin və Qulu Kəngərlinin “Şəhidlər” topluları kimi bədii-sənədli əsərlər faciənin mənzərəsini, mahiyyətini və ictimai rəydəki geniş əks-sədasını ədəbiyyatda əbədiləşdirib. Xalqımızın başına gətirilən bu müsibətin gələcək nəsillər tərəfindən unudulmamasında, yaddan çıxarılmamasında bu əsərlər misilsiz mənbədir.

20 Yanvar ədəbiyyatın araşdırılması ilə bağlı ­Yaşar Qarayev, Nizami Cəfərov,  Vaqif Yusifli, Tehran ­Əlişanoğlu, Rüstəm Kamal, Elnarə Akimova, Mərziyyə Nəcəfova, Nərgiz Cabbarlı, Aynurə Paşayeva, Gülnar Səma kimi filoloqlar, digər tanınmış simalar dəyərli mülahizələr söyləmişlər.

Vaqif Yusifli, filologiya elmləri doktoru:

–  20 Yanvar hadisələri başlayandan bəri indiyə qədər poeziyada, publisistikada, nəsrdə bu mövzu işlənməkdədir. Bununla bağlı şikayətlənməyə dəyməz. 90-cı ilin əvvəllərində Qabilin “Mərsiyə” şeiri dillər əzbəri idi. Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeiri hamı tərəfindən oxunurdu. Mirvarid Dilbazi, Ələkbər Salahzadə, Nüsrət Kəsəmənli və başqa şairlərin yaradıcılığında 20 Yanvar faciəsi ilə bağlı mövzu işlənməkdə idi. Zəlimxan Yaqubun bu mövzuda şeirlərini unutmaq olmaz. Yəni yara hələ təzə idi və Azərbaycan şairləri və yazıçıları daha çox 20 Yanvar müsibətinin xalqımıza, mənəviyyatımıza, tariximizə gətirdiyi bəlalardan yazırdılar. 

Yadımdadır ki, Əzizə Cəfərzadə 20 Yanvar şəhidlərinin məzarı üstündə bayatılar deyirdi. 20 Yanvar faciəsinin ən klassik nümunəsini xalq şairi Bəxtiyar Vahabzadə yazdı. Şairin “Şənbə gecəsinə gedən yol” publisistik əsərində 20 Yanvar faciəsinin yaranmasının səbəbləri, mahiyyəti əks olundu. Şairin “Şəhidlər” poemasının alternativi yoxdur. Hələ bu mövzuda elə bir sanballı əsər meydana çıxmayıb ki, bu poemadakı fikirləri həm xalqın faciəsi, həm də qəhrəmanlıq tarixi kimi əks etdirsin. Füzuli də “Həqiqətüs-sühəda” əsərində “Ya şəhid olmaq gərək, ya qəhrəman olmaq gərək” deyirdi. 

20 Yanvarda da xalq rus ordusunun törətdiyi vəhşilikləri heç cür unuda bilməzdi. Bu mənada Azərbaycan poeziyasında da həmin mövzu layiqli yerini tapdı. Həmçinin faciə poeziyada daha çox əks olundu. Elə bir şairimiz yoxdur ki, 20 Yanvar hadisəsinə aid şeir yazmasın. Təbii ki, yazılan bu şeirlərin, poemaların çoxu bədii nöqteyi-nəzərdən qaneedici deyil. Sadəcə, təsir məqamları var. Ancaq elə şeirlər var ki, onlar həmişə yaşayacaq.

Azərbaycan nasirləri isə demək olar ki, 20 Yanvar hadisələrini hələ layiqincə əks etdirməyiblər. Ortada Sabir Əhmədlinin “20 Yanvar” hekayələri, Arif Abdullazadənin “Qanlı yaddaş” romanı, İsi Məlikzadənin povesti var. Amma faciə poeziyada olduğu kimi nəsrdə dolğun əks olunmayıb. Publisistikada isə 20 Yanvar şəhidlərinin hər biri və yaxud bir rayonun, bir kəndin şəhidləri haqqında çoxlu yazılar var. Rafiq Səməndərin, Hidayətin və başqa publisistlərin əsərləri çap olunub. 

Elnarə Akimova, filologiya elmləri doktoru:

– Ötən 35 ildə 20 Yanvar faciəsinə siyasi, hüquqi, mənəvi və s. baxış bucaqlarından münasibət sərgilənib. Bəs məlum faciə bizim düşüncəmizə qatdığı hansı çalarlarla xarakterizə olunur? Cavab birmənalıdır: ilk növbədə, şəhid obrazı və bu adın ehtiva etdiyi ağrı və qürur simvolikası: şəhid oğullar, şəhid anası, şəhidlər məzarlığı, şəhid şəhər, şəhid şair və s. 

20 Yanvar hadisələrinin tarixi rolunu şərh edən Yaşar Qarayev yazırdı: “Zaman ən kəskin qütblərə onda parçalanır, ən təzadlı eralar bir-birini o vaxt əvəz edir ki, üst-üstə qalanan günlər və qanlar onları bir-birindən eyni vaxtda ayırır. 20 Yanvarda gün və qan bizi keçmişdən və səhvlərdən eyni vaxtda ayırdı”.

Həqiqətən, bu faciə yaşatdığı acı qədər, həm də bir xalqın tanıtım günü idi. Sınmayan qürurunun, sarsılmayan vüqarının ən yayğın atəş, odlu silah qarşısında belə qaya kimi duruşu idi. Ona görə 20 Yanvara biz təkcə qara gün kimi boylanmamalıyıq, həmin gün Azadlığa, Müstəqilliyə doğru gedən yolun təməlini qoydu. Ən başlıcası isə xalqın özünü dərk etməsinə, öz düşmənini tanımasına stimul oldu.

Fikrət Qocanın 20 Yanvar şəhidlərindən, İlham və Fərizənin nakam sevgisindən söz açan “Qarlı, qanlı qərənfillər” povestində Heydər Əliyevin həmin illərdə sərgilədiyi cəsarətli mövqe ilə bağlı məlum tarixi epizod yer alır: “Azəri türkləri, türkdillilər Azərbaycan nümayəndiliyinə gəlmişdilər. Heydər Əliyev xəstə olmasına baxmayaraq, həyatını təhlükə qarşısında qoyub oğlunun, qızının müşayiəti ilə nümayəndəliyə gəlib. Orada jurnalistlər qarşısında çıxış edib. Kommunist Partiyası rəhbərliyini ittiham edib. Heydər Əliyev yaxşı bilirdi kommunist partiyası nələr edə bilər, nəyə qadirdi. Ona görə də o çıxışının onun özü üçün nə qədər təhlükəli olduğunu yaxşı bilirdi. Bu çıxış partlayışlar görmüş Bakıda möhtəşəm partlayış təsiri bağışlamışdı”. 

20 Yanvar hadisəsi vətən üçün ölməyin, can nisar etməyin nümunəsini göstərdi. Bu qanlı gündə şəhid olan gənc Ülvi Bünyadzadənin bir şeiri var. Bu şeirdə yalnız 20 Yanvar günü sinəsini güllələrə sipər edən mərd oğullarımızın deyil, həm Birinci Qarabağ savaşında həlak olan, həm də 44 günlük İkinci Qarabağ müharibəsində böyük Zəfərimizlə tarix yazan qəhrəman əsgərlərimizin hər zaman diri qalan ruhları görünür. Bizi sabahlı gələcəyə və əbədi zəfərə inandırır.

Aynurə Paşayeva, filologiya üzrə fəlsəfə doktoru:

– 1990-cı illərin əvvəllərində sovet dövrünün dəyərləri ədəbiyyatımızda iflasa uğrayır, yeniləri isə o qədər asanlıqla təşəkkül tapmırdı. O zaman poeziya böhran yaşamış, şeirdə yalnız bir ovqat - milli insan ağrısı, yurd sevgisi, 20 Yanvar faciəsi, torpaq itkisi, şəhidlik acısı natural boyalarla təsvir olunmuşdu. 20 Yanvar faciəsi ədəbiyyata şəhidlik mövzusu, şəhid obrazını gətirdi. 20 Yanvar hadisələri mövzusunda ən yüksək poetik ruhlu əsərlərin müəllifi B.Vahabzadənin "Şəhidlər" poeması faciənin fəlsəfi-poetik dərkində bədii-estetik rolunu bu günədək qoruyub-saxlayır.

Həmin dövrə aid əsərlərdən Qaçay Köçərlinin "Şəhidlər xiyabanı", Zəlimxan Yaqubun "Səslərin görüşü", Tahir Talıblının "Susmuş hünərə elegiya", Vahid Əzizin "Qırğın", Sənan Çırağın "Haqq ədalət Kərəm kimi yalnız indi...", Xəzangülün "Tanrı dərgahında", Məmməd Alimin "Sahibini axtaran qol", Məmməd Alimin "20 Yanvar küçəsi", Piruz Dilənçinin "Şəhidlər xiyabanı", Oqtay Ələkbərovun "Şəhriyar nəfəsi", Xəlil Rza Ulutürkün "Sənin göz yaşların", Ələkbər Şahidin"Şəhidlər", Vidadi Babanlının "Başsağlığı", Hafiz Əlinin "Bakıda komendat saatı", Məhəmməd Aslanbəylinin "Bu il", Fikrət Qocanın "Ağlar", Əlirza Hikmətin "Şəhidlər xiyabanı" əsərləri də xüsusilə diqqət çəkir. 

1990-2000-ci illər mətbuatında uşaq şəhidlərə həsr olunan şeirlər də yer almışdı. Musa Ələkbərlinin "Oxu, Zeynəbim, oxu" şeiri şəhid olmuş balaca Zeynəbin kədərli aqibətini ifadə edir. Məmməd Namazın "Körpə şəhidlərə layla" şeiri də bu qəbildəndir. 20 Yanvardan bəhs edən poeziyada faciəni törədənlər də əsas mövzular sırasına daxildir. Roza Qarabağlının əsərində sovet rəhbəri Qorbaçov "namərd" adlandırılır. 

Balaş Azəroğlunun "Günahkar", Məmməd Alimin "Doxsanıncı iyirmi Yanvar", Hafiz Əlinin "Vətən şəhidləri", Rəfail İncəyurdun "Yanvar ağıları", Kamran Mehdinin "Şəhidlərə ölüm yoxdu" şeirlərində 20 Yanvar mövzusu təsirli dillə qələmə alınıb. 20 Yanvarın ayrılmaz atributlarından biri qərənfildir. Qərənfil klassik poeziyada qəmgin ovqat aşılayan güldür. 20 Yanvar 1990-cı ilə qədər Bakı kəndlərində satış məqsədi ilə yetişdirilən qərənfillərin həmin faciədən sonra taleyi dəyişdi, matəm gülü simvoluna çevrildi. Tofiq Mütəllibovun "Qərənfil məşəlləri" şeirində qərənfilin Şəhidlər xiyabanında daşlaşmış obrazı belə ifadə edilir:

Bu adi çiçəklər, bu qərənfillər,

Məzarlar üstündə müqəddəsləşib.

20 Yanvar mövzulu ədəbiyyatda ən çox diqqəti çəkən milliözünüdərk məsələsidir. Bəxtiyar Vahabzadənin "Təzədən yaratsın yaradan bizi" adlı şeirində şairi ən çox düşündürən məsələ xalqın illər boyu məruz qaldığı haqsızlıqların miqyası, eyni hüquqları daşıyan, amma millətlər içərisində ona qarşı qərəzli, ədalətsiz, ayrıseçkili münasibətdir: 

Anlaya bilmirik, astar nə, üz nə,

İndi baxammırıq düzün gözünə.

Sabir Əhmədovun "Yanvar hekayələri" silsiləsindən olan "Dənizdən gələn səda" hekayəsində məzarı dəniz olan oğulun anasına ünvanlanan məktubu 20 Yanvar hadisələrində itkin düşənlərin hamısının dilindən yazılmış kimi səslənir. 

Hazırladı: T.RÜSTƏMLİ
XQ

seeBaxış sayı:38
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri