Qərbi Azərbaycan Xronikası: Toponimlər hər bir xalqın tarixini özündə yaşadır 
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün Baku TV-nin "Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi filologiya elmləri doktoru, professor Sayalı Sadıqova olub.
O, doğulub boya-başa çatdığı Çəmbərək rayonunun Cil kəndindən söhbət açıb. Qeyd edib ki, Cil kəndi təbiətinin gözəlliyinə görə Qərbi Azərbaycanın digər yaşayış məntəqələrindən fərqlənib. Göyçə gölünün sahilində, dəniz səviyyəsindən iki min metr hündürlükdə yerləşən kəndi üç tərəfdən dağlar əhatə edib. Alimin sözlərinə görə, tarixi mənbələrdə kəndin XII əsrdə salındığı göstərilir. Cil toponiminə gəlincə, bu, Azərbaycan dilində "torpağın üstünü basan süpürgəvari ot" mənasında işlənən "cil" sözü əsasında əmələ gəlib.
"Toponimlər hər bir xalqın tarixini özündə yaşadır", - söyləyən professor S.Sadıqova deyib ki, Çəmbərək rayonunda bütün kəndlərin adı türk mənşəlidir. Təəssüflər olsun ki, zaman-zaman bu yaşayış məntəqəsinin adları Ermənistan siyasi rəhbərliyi tərəfindən dəyişdirilib. Misal üçün, təkcə Çəmbərək rayonunun adı bir neçə dəfə bu cür dəyişkənliyə məruz qalıb.
Tarixə ekskursiya edən filoloq-alim vurğulayıb ki, Qərbi Azərbaycanın faciəsi 1828-ci ildə çar Rusiyasının İrəvan xanlığını işğal etməsi, Türkmənçay müqaviləsinin imzalanması ilə başlayıb. Bu andan etibarən azərbaycanlılar öz ata-baba yurdunda sıxışdırılıb, deportasiyaya məruz qalıblar. Onlara məxsus evlərdə Türkiyədən, İrandan və sair xarici ölkələrdən köçürülən ermənilər məskunlaşdırılıblar. Bu siyasət son 200 ildə dəfələrlə təkrarlanıb. 1905-1907 və 1918-1920-ci illərdə isə Cil kəndinin sakinləri amansız qırğınlarla üzləşiblər. Kəndi tərk edə bilməyən yaşlı və köməksiz insanlar daşnaklar tərəfindən qəddarcasına qətlə yetiriliblər. Ermənilər yerli əhalidə xof yaratmaq üçün əzab-əziyyətlə öldürdükləri azərbaycanlıları atın quyruğuna bağlayıb sürüyüblər.
S.Sadıqovanın sözlərinə görə, eyni qəddarlıq və millətçi siyasət sovetlər birliyi dövründə üstü örtülü halda davam etdirilib. İrəvanda azərbaycanlılara çox mənfi münasibət sərgilənib. Bolşevik, kommunist libasına bürünən daşnaklar əllərinə keçən hər fürsətdə soydaşlarımıza böyük zülm veriblər. Sonuncu deportasiya zamanı isə rus əsgərlərinin gözü qarşısında azərbaycanlılar təhqir olunub, fiziki zorakılığa məruz qalıblar. Hətta erməni quldurları azərbaycanlılar yaşayan kəndlərə gecə qaranlığında basqın edib, evləri yandırıb, dinc əhalini öldürüblər. Məcburiyyət qarşısında qalan soydaşlarımız tarixi yurdlarını tərk ediblər.
"Ata-baba yurdumuz ermənilərin əsarəti altındadır", - söyləyən professor hər bir Qərbi azərbaycanlının tarixi Vətəninə qovuşmaq istədiyini vurğulayıb. Bildirib ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti soydaşlarımızı addım-addım ata-baba yurduna yaxınlaşdırır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 05 Yanvar 2026 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















