Qərbi Azərbaycana qayıdış zamanın çağırışıdır
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Vətən müharibəsində qazanılan tarixi Zəfər regionda yeni reallıqlar yaratmaqla yanaşı, milli məqsədlərimizin həyata keçirilməsi istiqamətində də mühüm mərhələnin əsasını qoydu. Qarabağın işğaldan azad olunması illərlə doğma yurd həsrətilə yaşayan insanların qayıdış arzularını gerçəyə çevirdi. Məhz bu tarixi Zəfərdən sonra Qərbi Azərbaycana qayıdış məsələsi daha geniş müstəvidə aktuallaşdı, tarixi, hüquqi və humanitar aspektləri ilə dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi ön plana çıxdı. Əsrlər boyu azərbaycanlıların yaşayıb-yaratdıqları doğma yurd yerlərinə qayıdış ideyası bu gün dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq gündəmdə saxlanılır.
2022-ci il dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşən Prezident İlham Əliyev demişdir: “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar... Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq”.
Gəncə Ağsaqqallar Şurası sədrinin 1-ci müavini Zabit Xəlilovun və ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İbrahim Bayramovun məqalələrində də Qərbi Azərbaycan həqiqətləri, tarixi yaddaşımız, mədəni irsimiz və qayıdış ideyasının mahiyyətindən söhbət açılır.
Doğma yurda dönüş – haqqın, ədalətin səsi
XIX əsrin əvvəllərindən başlayaraq erməni şovinistləri düşünülmüş, məqsədyönlü şəkildə azərbaycanlıları öz tarixi torpaqlarından, ata-baba yurdlarından didərgin salmış, əmlaklarını talamış, evlərini yandırmış, özlərinə divan tutaraq deportasiya etmişlər. Erməni vandalları bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı, yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar. Prezident İlham Əliyev bu barədə demişdir: “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi 1905, 1918-ci illərdə Azərbaycan əhalisini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir”.
Azərbaycanın dilbər guşələrindən olan, əbədi Oğuz yurdu, Cəmşidi Cəmin qızıl piyaləsini xatırladan, dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən durna gözlü, zümrüd qaşlı Göyçə gölünün nəğməli sahillərində uyuyan, ulu babalarımızın, nurlu nənələrimizin ruhları yaşayan, 80 faizdən çox əhalisi azərbaycanlı olan Göyçə mahalının Bala Məzrə kəndində yaşıyıb–yaratmış, vətəninə bağlı olan Amin Cəfərov bu repressiyadan, faciədən ürək yanğısı ilə söhbət açdı:
– Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz İkinci Qarabağ müharibəsində yüksək döyüş qabiliyyəti ilə misli görünməmiş qələbə qazandı. Bizim bütün dünyada başımızı uca etdi, o müqəddəs torpaqlara qayıtmağa, səfalı kəndlərimizə qovuşmağımıza inamımızı, ümidimizi artırdı.
Qeyd edim ki, Basarkeçər rayonu 1922-ci ilə qədər Azərbaycanın tərkibində olub. Göyçə gölünün ətrafında bir neçə rayon yerləşsə də, yalnız Basarkeçər rayonu Göyçə sayılırdı. Orada azərbaycanlılar kompakt şəkildə yaşayırdılar. Bu səfalı mahalın əsrarəngiz və füsunkar təbiəti, bərəkətli torpaqları, yaşıl yamacları, ecazkar yaylaqları, buzlu bulaqları, nadir qızıl balıqları, min bir dərdin dərmanı olan dərman bitkiləri hər kəsi məftun edirdi. Qonaqpərvərliyi, səxavətliliyi, mərdliyi, saflığı, qayğıkeşliyi və əməksevərliliyi ilə qonaqları heyran edən bu məmləkətdən neçə-neçə əsərlər, poemalar, qalaq-qalaq kitablar yazılsa da, yenə azdır. Çünki Göyçəyə qiymət vermək üçün o yurdda yaşamaq gərəkdir.
Göyçənin mərkəzi sayılan füsunkar Göyçə gölündən 3-4 kilometr məsafədə yerləşən Bala Məzrə kəndi müasirliyinə, əhalisinin zəhmətkeşliyinə, sözəbütövlülüyünə, hazırcavablığına, savadına görə başqa kəndlərdən seçilirdi. Kəndə gələn qonağı hər kəs öz qonağı hesab edər, qulluğunda durardılar (tələbə yoldaşlarımız kənd gələndə, bu nadir xüsusiyyətlərə heyran qalardılar). Novruz bayramı Göyçədə əsl milli bayram kimi qeyd olunardı. Bütün kənd əhli bir-birinə qonaq gedər, küsülülər barışar, hər kəsə bayram paltarı alınardı.
Kəndin sakinləri təhsil almaq, peşəkar mütəxəssis olmağa meyilli idilər. Təhsilə diqqət və qayğı yüksək səviyyədə idi. Müəllimlər fədakar, tələbkar və məsuliyyətli idilər. Məhz bunun nəticəsi idi ki, hər il məzunların 98 faizi müxtəlif ali məktəblərə qəbul olunurdular.
Dərslər çox ciddi şəkildə keçirilirdi. Aşağı sinif şagirdlərinə saat 12:00-də şirin çörəklə çay, kakao və yaxud süd verərdilər ki, yorulmasınlar. Fasilədən sonra dərs saat 16:00-a qədər davam edərdi. Əlavə fakültətiv məşğələlər keçirilərdi. Mükəmməl savadlı müəllimlər təmənnasız olaraq, dərsdən sonra müəyyən fənlərdən hazırlıqlar təşkil edərdilər. Bəli, Bala Məzrə müəllimləri diqqət və zəhmətlə öyrətdikləri dərslərin hər birində ömürlərinin mənasını naxışlayardılar.
Doğrudan da sadəlik, təvazökarlıq insan üçün ən böyük nemətdir. Müəllimlər şagirdlərin vətənpərvər, ölkəmizin dövlət maraqlarını müdafiə edən, intellektual, bəşəri və milli dəyərlərə sahib gənclər kimi formalaşması üçün həyatlarını sərf edirdilər.
Məhz bunun nəticəsi idi ki, kəndin məzunları ən yüksək pillələri fəth edirdilər. Bu gün fəxarət hissi ilə demək olar ki, ümumi Göyçəmizdən və kəndimizdən yetərincə ziyalı, alim, mütəxəssis, dövlət qulluğunda və hüquq-mühafizə orqanlarında işləyən insanlar var.
Müsahibim qeyd etdi ki, bu il Bala Məzrə kənd orta məktəbinin 100 illiyini keçirmək niyyətindəyik. Bunun üçün arxiv sənədlərin əsasında texniki işlər görülür, kitablar, bukletlər hazırlanır.
80-ci illərdən başlayaraq, ermənilər azərbaycanlıları sıxışdırmağa başladılar. Rayonda rəhbər vəzifələrdə işləyən azərbaycanlıları zorla və yaxud müxtəlif yollarla ləkələməklə işdən çıxarır, yerinə qatı şovinist erməniləri təyin edirdilər. Paralel olaraq, xarici ölkələrdən Kipr, Misir, Suriya, İran, ABŞ, Türkiyə, Uruqvay və Argentinadan olan erməniləri bölgələrdə yerləşdirməyə başlamışdılar. 1988-ci il fevralın 20-də keçmiş DQMV-nin Xalq Deputatları Soveti “Dağlıq Qarabağın Azərbaycan SSR-nin tərkibindən çıxarılaraq, Ermənistan SSR-nin inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında” qərar qəbul etməsi millətlərarası münasibətləri daha da kəskinləşdirdi. Ermənistan siyasi və dini dairələrinin bu mənfur addımlarından sonra erməni şovinistləri, hər yerdə olduğu kimi, Göyçədə də açıq hərbi təcavüzə cəhd göstərdilər.
1988-ci il iyun ayının 15-də Göyçə mahalında azərbaycanlılar ermənilərin özbaşınalıqlarına qarşı etiraz səslərini qaldırdılar. Əfsuslar ki, səslərinə heç kim səs vermədi. Ovaxtkı səriştəsiz Azərbaycan rəhbərliyinə müraciət edilsə də, heç bir nəticəsi olmadı. Dünya biganə qaldı, yeganə çarəmiz özümüzü, ailəmizi, qohum-əqrəbamızı qorumaq üçün gecə-gündüz ayıq-sayıq dayanmaq idi.
Onu da deyim ki, ermənilər məqsədyönlü olaraq kənddə yaraşıqlı, böyük evlərin tikilməsinə mane olmurdular. Bu baxımdan kənddə yaşamaq üçün hər bir şərait yaradılmışdı. Nə biləydilər ki, xain, xəbis qonşular gizli plan hazırlayıb, onları vətənlərindən didərgin salacaqlar...
Basarkeçərin bütün kəndlərində olduğu kimi, bizim kəndin sakinləri də haqlı tələblərlə mitinqlərdə iştirak edirdilər. Onu da deyim ki, həmin günlərdə rayonda bir erməni də qalmamış, qorxudan İrəvana qaçmışdılar. Biz dədə-baba yurdumuzdan, torpaqlarımızdan çıxmaq istəmir, Bakıdan dəstək gözləyirdik. Bizi köməksiz görən ermənilər çox harınladılar. Evlərə soxulur, yolları kəsir, rayon mərkəzinə gedənləri döyür, daşa basırdılar.
Çox az adamda silah vardı. Yaba, çomaq, kim nə tapırdısa, götürüb kənd camaatını ermənilərdən qorumağa çalışırdı. Rayon rəhbərliyi də erməni idi. Kəndlilərə xəbər göndərirdi ki, Göyçədən çıxın, yoxsa hamınız qırılacaqsınız. Ermənilər azğınlaşır, bizim sıralarımız isə seyrəlirdi. Dəstək olmadığından müqavimətimiz də uzun müddət davam edə bilmədi. Beləcə, Göyçədən kütləvi köç başladı. 350-dən çox yaşayış məntəqəsindən 250 min azərbaycanlı, 85 min Azərbaycan kürdü qovuldu.
Noyabr ayının sonu, dekabrın əvvəli idi. Şaxtalı, boranlı havada minlərlə ailə evini, yurdunu tərk etməli oldu. Nə qədər uşaq yolda şaxtadan dondu. Ermənilər mərkəzi yolu bağladığından Kəlbəcər yolu ilə hərəkət edilirdi. Beləliklə, ürəyimizi, əmlakımızı Göyçədə qoyub, min bir əziyyətlə Gəncəyə pənah gətirdik. Bu şəhər minlərlə ailəyə qucaq açdı. Gəncədə məskunlaşdıq. Amma Göyçə həsrəti, niskili ilə yaşayırıq. Bəli, açığını desək, əvvəllər Göyçəyə qayıdacağımıza ümidimiz yox idi. Amma bu gün var. Qalib Prezidentimizin dediyi kimi, işğaldan azad olunan kəndlərin sakinləri indi doğma yurdlarında yaşayırlar. Oranı heç vaxt görməyən uşaqlar belə ata yurdlarına qayıdıblar.
Əminəm ki, biz də Qərbi Azərbaycana, Göyçəmizə qayıdacağıq. Bu sözlər hər bir Qərbi azərbaycanlının ürəyindən xəbər verir. Göyçə bizim qibləgahımızdır...
Yatanda da üzü Göyçəyə doğru yatırıq ki, bir gün ora qayıdacağıq. Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə demişdir: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır... Göyçə, Zəngəzur, İrəvan bizim tarixi torpaqlarımızdır. Biz, azərbaycanlılar, o torpaqlara qayıtmalıyıq və o torpaqlara qayıdacağıq. Biz tariximizi heç vaxt unutmamalıyıq”.
Amin Cəfərov qürurla, bir az da kövrələrək dedi ki, bu cəsarətli çağırış bizi istiqamətləndirən yol xəritəsi, hər bir Qərbi azərbaycanlı kimi biz göyçəlilər üçün də bir mayakdır:
– Çünki müqəddəs torpaqlarımıza qayıtmaq üçün hamımızın qəlbi bir vurur. Bu gün Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyi bizi tam əmin edir ki, doğma Qərbi Azərbaycandakı torpaqlarımıza qayıdış oturdulması mümkün olacaq. Bəli, tarix təkrarlanır... Qərbi azərbaycanlılar tezliklə öz torpaqlarına qovuşacaqlar. Buna Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günə düşmən üzərində möhtəşəm qələbəsi, dünyada hərbi gücümüzün, qüdrətimizin, Azərbaycan əsgərinin cəsarəti, igidliyi, qəhrəmanlığı böyük inam yaratmışdır.
Dilican – tarixi türk yurdu
Azərbaycanlıların tarixən yaşadıqları yurd yerlərindən - tarixi-etnik torpaqlarından biri də Dilican olmuşdur. Dilican XIX əsrdə Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasına tabe idi. Ermənistan sovet ensiklopediyasının III cildində (İrəvan, 1977) qeyd edilir ki, 1826-cı ildə Qazax qəzasının 82 kəndindən biri olan Dilicanda 60 təsərrüfat fəaliyyət göstərmişdir.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra Ermənistan Sovet Şuralar Cəmiyyəti Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyəti 12 iyul 1929-cu ildə "Ermənistan Sovet Şuralar Cəmiyyəti territoriyasını rayonlaşdırmaq haqqında" qərar qəbul etmişdir. Həmin qərarla Dilican qəzası yaradılmışdır. 1930-cu ilə kimi Karvansaray (İcevan) və Çəmbərək (Krasnoselo) rayonları Dilican qəzasının tabeliyində olmuşdur.
1930-cu ildə Dilican qəzası ləğv edilərək Dilican şəhəri yaradılmışdır. Dilican 1958-cı ildə respublika tabeliyində şəhərdir. İndi Ermənistanın Tavuş vilayətinin inzibati ərazi bölgüsünə daxildir. Yaşayış məntəqəsinin adı Dilican kimi rəsmiləşdirilmişdir. Bununla yanaşı, qaynaqlarda adı Delican, Yeni Delican, Köhnə Delican, Delecan, Delican dərəsi kimi qeyd edilmişdir.
XVII əsrin fransız səyyahı Jan Şarden indiki Ermənistan ərazisinə səyahət edərkən Dilican şəhərində də olmuşdur. Bu şəhərlə bağlı yazır: “Dilican şəhəri, onu altı lyölük (qədimdə məsafə vahidi – təqribən, 4 km) əhatə edən bütün ərazi (şimaldan, cənubdan Dilicanı əhatə edən və şərqdən, qərbdən çox irəli çıxan ölkə) Qamçı xana aid olub Qazax ölkəsi adlanır. O da Gürcüstan kimi Səfəvilərdən asılıdır, ona tabedir” (Jak Şarden. Parisdən İsfəhana səyahət, Bakı, “Elm”. 1994).
Z.Qorqodyanın “1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan” kitabına əsasən, Dilicanda 1897-ci ildə 119 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalmış və deportasiya olunmuşlar. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar evlərinə dönə bilmişlər. Sonrakı siyahıyaalmalarda azərbaycanlılar ayrıca göstərilməmişdir. Lakin 1988-ci ilə qədər burada azərbaycanlılar yaşamışlar. 1988-ci ilin noyabr ayında isə onlar tamamilə deportasiya olunmuşlar. Burada indi yalnız ermənilər yaşayır.
Xalq şairi Səməd Vurğun Dilicanın tarixini, xalqımıza məxsus olduğunu, Azərbaycanın tarixi torpağı olduğunu, lakin sonradan Ermənistana verilməsini bədii dillə tərənnüm etmişdir:
Qarışsın Qazağa Dilican dərəsi,
Daha da birləşib olsunlar bir can…
Yenə gördüm səni, Dilican dərəsi,
Yadıma çox köhnə zamanlar gəlir.
Ömür dedikləri bir karvan yolu,
Nə canlar gedərək, nə canlar gəlir.
Dilican toponiminin etimologiyası ilə bağlı erməni tədqiqatçılarının hər hansı bir elmi izahına rast gəlinmir. Onlar Dilican toponiminin etimologiyasının çətin olduğunu qeyd etməklə yanaşı, toponimin izahına dair müxtəlif rəvayətləri xatırlayırlar: Dilican adı nisbətən yaxın vaxtlardan xatırlanır, lakin onun mənşəyini sırf nəzəri şəkildə izah etmək hələ də çətindir. Bəziləri onun mənşəyini Azərbaycan dilindəki “əsəbi”, “kobud” mənasında işlənən “deli” (“dəli”) sözləri ilə əlaqələndirir, bəziləri isə Dilican adlı şahzadənin adı ilə bağlayırlar. Xalq etimologiyasına görə “şirin öd” bildirən “Dilican” sözündən yaranmışdır. Bu toponimlə bağlı rəvayətlərdən birində deyilir ki, Dilican adı Dehli adından yaranmışdır. Digərində isə adın mənşəyi Dili adlı şəxslə əlaqələndirilir. Qeyd olunur ki, Dilini meşədə canavar yeyir, onu axtaran qohumları uzun müddət “Dili can” deyib axtarırlar. Guya ad bu əhvalat əsasında yaranıb.
“Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti”ndə Dilican toponiminə elmi şərh verilməyib. Çünki Dilican toponimi tam türk mənşəli toponimdir və erməni tədqiqatçıları həqiqəti rəvayətlər içərisində itirib-batırırlar.
Apardığımız araşdırma nəticəsində Dilican toponiminin “Delican”, “Delecan” formalarına əsaslanıb bu qənaətə gəlirik ki, toponim “tele” qədim türk tayfasının (Qumilyev L.N.Qədim türklər, Bakı, 1993) adı əsasında əmələ gəlmişdir. Toponimin sonundakı “can” “kan, qan, kaan, xan” sözünün fonetik forması olub “yaranmış, yüksək, hörmətli, şöhrətli, şöhrət sahibi”, həmçinin “məkan” mənasındadır (İsmayılov M., Əliyev F. İrəvan xanlığı, “Zəka” jurnalı, № 3-4, 1992). M.Seyidov “can” sözünün “qan” sözünün fonetik dəyişmiş forması hesab edərək “ata, hakim” anlamında olduğunu qeyd edir (M.Seyidov. Azərbaycan xalqının soykökünü düşünərkən, Bakı, “Yazıçı”, 1989). Deməli, Dilican (Delican, Delecan) “tele tayfasından olan hakimin, atanın (hörmətli, şöhrətli mənasında) yaşayış məskəni” mənasını ifadə edir.
Qərbi Azərbaycan toponimlərinin elmi aspektdə araşdırılması azərbaycanşünaslıq qarşısında duran ən vacib məsələlərdəndir. Bu tədqiqatlar həm də gənclərimizin maarifləndirilməsinə xidmət edir.
XQ-nin Analitik Mərkəzi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 07 İyul 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















