Icma.az
close
up
RU
Qeyri ənənəvi karbohidrogen ehtiyatına maraq artır

Qeyri ənənəvi karbohidrogen ehtiyatına maraq artır

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Yaxın illərdə Azərbaycanın qeyri-ənənəvi karbohidrogen resursları işlənməyə cəlb edilə bilər. Buna İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-ın nəhəng “ExxonMobil” korporasiyası arasında imzalanmış Orta Kür hövzəsi üzrə qeyri-ənənəvi resursların kəşfiyyatı, işlənməsi və hasilatına dair müqavilə imkan yaradacaq.

Hasilatın pay bölgüsü sazişinə əsasən, müqavilə sahəsində iştirak payları müvafiq törəmə şirkətlər vasitəsilə 50 faiz SOCAR və 50 faiz “ExxonMobil” olmaqla bölüşdürüləcək. Layihənin operatoru qismində isə qeyri-ənənəvi resursların (şist laylarının) mənimsənilməsində qlobal təcrübəyə malik olan “ExxonMobil” şirkəti çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan bu müqavilə ilə Xəzərdəki ənənəvi dəniz yataqlarından əlavə, qurudakı qeyri-ənənəvi enerji potensialını da dövriyyəyə cəlb etməyi hədəfləyir. Saziş çərçivəsində Orta Kür çökəkliyində (əsasən Gəncə, Yevlax-Ağcabədi zonaları və dağətəyi rayonlar) qeyri-ənənəvi karbohidrogenlərin əsas mənbəyi kimi Maykop lay dəstəsi və qismən Paleogen-Neogen dövrünün gilləri araşdırılacaq.

Mütəxəssislərin fikrincə, həmin ərazilərdə zəngin üzvi maddəyə (kerogen) malik sıx şist və gil təbəqələri mövcuddur. Ənənəvi kollektorlardan fərqli olaraq buradakı neft və qaz yerin minlərlə metr dərinliyində, keçiriciliyi çox aşağı olan qaya laylarının arasında sıxılıb qalıb. Orta Kür hövzəsindəki bu resursların çıxarılması ənənəvi üsullarla mümkün olmadığından layihə çərçivəsində ABŞ-da geniş sınaqdan çıxmış üfüqi qazma və hidravlik parçalanma kimi mürəkkəb və müasir texnologiyaların tətbiqi planlaşdırılır.

Xatırladaq ki, ölkəmizin qeyri-ənənəvi karbohidrogen resurslarının işlənməyə cəlb edilməsi istiqamətində ilk addım 2025-ci ilin iyun ayında atılıb. Həmin vaxt SOCAR və “ExxonMobil Corporation” arasında Azərbaycanın neft-qaz sektorunda əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Növbəti sənədə isə avqust ayında Vaşinqtonda imza atılıb. Ötən müddətdə gələcək müqavilənin hüququ və kommersiya şərtləri üzrə yekun razılıq əldə edilib.

Bu ilin mart ayında isə ABŞ–Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ticarət və biznes konfransında çıxış edən SOCAR prezidenti Rövşən Nəcəf artıq Azərbaycanın qeyri-ənənəvi neft və qaz ehtiyatlarının işlənməsinə başladığını bildirmişdi. O qeyd etmişdi ki, ölkəmizdə əvvəllər dənizdə neft və qaz yataqlarına diqqət yetirilirdisə, bundan sonra, həmin yataqların işlənməsi ilə paralel olaraq quruda qeyri-ənənəvi sərvətlərin işlənməsi də həyata keçiriləcək. Layihənin uğurlu inkişafı üçün lazımi texnologiyaların, bilik və təcrübənin tələb olunduğunu vurğulayan R.Nəcəf ABŞ şirkətlərinin bu sahədə yüksək imkanlara malik olduqlarını qeyd edərək artıq “ExxonMobil” ilə əməkdaşlığa başlanıldığını bildirmişdi.

Yeri gəlmişkən, “ExxonMobil Corporation” dünyanın ən iri açıq səhmdar neft-qaz şirkətlərindən biridir. Şirkət neft və təbii qazın kəşfiyyatı və hasilatı, neftin emalı, neft məhsulları və neft-kimya məhsullarının istehsalı və satışı ilə məşğuldur. Qurum bununla yanaşı, aşağı karbonlu enerji istiqamətlərini də inkişaf etdirir.

Bəs, qeyri-ənənəvi karbohirogen növlərinə daxil olan şist qazı və şist nefti nə deməkdir və onların potensialı nə qədərdir? Şist təbii qazı neft şistindən çıxarılan təbii qazdır. Bu yanacaq növü yerin dərin qatlarında, şist (qaya) süxurlarının arasında sıxıldığından çox zaman qaya qazı da adlandırlır.

Şist qazını əldə etmək üçün hidro parçalama üsulundan istifadə olunur. Bu məqsədlə yüksək təzyiqli su, qum və kimyəvi maddələrin qarışığı qaya laylarına vurulur. Nəticədə, şist qazının olduğu laylar parçalanır və yarıqlar əmələ gəlir. Daha sonra vurulan suyun təzyiqi azaldılaraq qazın yuxarı çıxmasına şərait yaradılır. Bununla belə, adi qaz yataqlarından fərqli olaraq, şist qazını əldə etmək üçün çoxsaylı quyuların qazılması və xüsusi texnologiyalar tələb olunur.

Şist nefti isə çöküntü süxurlarının (şistlərin) arasında yerləşən qeyri-ənənəvi karbohidrogen növüdür. Ənənəvi neftdən fərqli olaraq şist neftinin çıxarılması üçün də hidravlik parçalama və üfüqi qazma kimi müasir texnologiyalardan istifadə olunur.

Hazırda dünyada böyük həcmdə şist qazı və şist nefti ehtiyatları mövcuddur. ABŞ-ın Enerji İnformasiyası Agentliyinin hesabatına əsasən, yaxın gələcəkdə şist nefti və qazı dünya enerji təchizatına mühüm təsir göstərəcək. Qurumun açıqlamasında bildirilir ki, ABŞ-da və dünyanın 41 ölkəsində mövcud olan şist neftinin ehtiyatı ümumi neft ehtiyatlarının 10 faizinə bərabərdir. Bu ölkələrin şist qazı ehtiyatı isə ümumi qaz ehtiyatlarının 32 faizini təşkil edir.

Təqribi hesablamalara görə, dünyada şist neftinin ən böyük ehtiyatı Rusiyadadar. Burda 72 milyard barel şist nefti var. Bu siyahıda sonrakı yerlərdə ABŞ, Çin, Argentina və Liviya qərarlaşıb. Şist qazı ehtiyatlarına gəldikdə isə, bu siyahıda birincilik Çinə məxsusdur. Argentina, ABŞ, Meksika və Kanada da bu növ yanacaq ehtiyatları ilə zənginliyinə görə seçilirlər. Son hesablamalarıa görə, Çin 1 trilyon 217 milyard kubmetr, ABŞ 862 milyard kubmetr, Argentina 774 milyard kubmetr, Meksika isə 681 milyard kubmetr şist qazı ehtiyatına sahibdirlər.

2025-ci ildə dünyada şist qazı hasilatının dəqiq qlobal həcmi rəsmi olaraq ayrıca vahid statistika kimi hələlik tam açıqlanmasa da, mövcud qlobal enerji hesabatları əsasında hasilatın, təxminən, 900–950 milyard kubmetr arasında olduğu ehtimal edilir. İl ərzində əsas istehsalçı ölkələrə nəzər yetirildikdə ABŞ-ın bu sahədə mütləq liderliyi məlum olur. Belə ki, ötən il bu ölkədə hasil olunmuş ümumi quru təbii qazın 82 faizindən çoxu məhz şist qazının payına düşüb.

Çində də qeyri-ənənəvi qaz hasilatına (o cümlədən şist qazına) qoyulan investisiyalar sürətlə artır. Məsələn, 2025-ci ildə bu ölkədə şist qazı hasilatı 27 milyard kubmetrə çatıb. Bu da Çinin ümumi qaz hasilatının əhəmiyyətli bir hissəsini təşkil edir.

Bununla yanaşı, ötən il Kanadanın qərb hövzələri və Argentinanın məşhur Vaca Muerta şist yataqlarında da bu növ yanacağın hasilatı həyata keçirilib. Avropa ölkələrində isə ekoloji tənzimləmələr və qadağalar səbəbindən 2025-ci ildə də şist qazı hasilatı, demək olar ki, aparılmayıb.

Araşdırmalar göstərir ki, Azərbaycanda da şist nefti və qazı mövcuddur. Mütəxəssislərin qənaətinə görə, ölkəmizin Aşağı Kür çökəkliyi, Qobustan və digər regionlarında 50-dək şist yatağı mövcuddur. Bununla belə, Azərbaycanda qeyri-ənənəvi karbohidrogen resursu olan şist qazı potensialının qiymətləndirilməsi üçün genişmiqyaslı geoloji-kəşfiyyat işləri aparılmadığından dəqiq həcmi barədə rəsmi statistika mövcud deyil. Alimlərin bəzi kəşfiyyat tədqiqatlarına görə, ölkədə (məsələn, Maykop və Eosen yaşlı laylarda) şist formasiyaları mövcud olsa da, diqqət daha çox ənənəvi dərin qaz laylarının mənimsənilməsinə yönəldilib.

Göründüyü kimi, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR ilə ABŞ-ın “ExxonMobil” korporasiyası arasında imzalanmış hasilatın pay bölgüsü sazişi ölkəmizdə qeyri-ənənəvi karbohidrogen resurslarının mənimsənilməsi və gələcək neft-qaz hasilatının artırılması üçün yeni strateji imkanlar vəd edir. Saziş çərçivəsində aparılacaq kəşfiyyat işləri uğurlu olarsa, bu, ölkədə karbohidrogen hasilatının əhəmiyyətli dərəcədə artmasına və yeni enerji bumuna yol aça bilər.

Eyni zamanda, dünyanın nəhəng enerji şirkəti tərəfindən həyata keçiriləcək operatorluq qeyri-ənənəvi resursların işlənməsində qabaqcıl ABŞ texnologiyalarının və təcrübəsinin Azərbaycana gətirilməsini təmin edəcək. Bununla yanaşı, saziş Azərbaycanın qlobal səviyyədə etibarlı investisiya mərkəzi kimi mövqeyini daha da gücləndirəcək.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri