Qış depressiyasına necə qalib gələk? Psixoloq RƏYİ
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mövcud dövrümüzdə insanların ən çox əziyyət çəkdiyi mövzulardan biri də psixoloji vəziyyətlə bağlıdır. Xüsusən də mövsüm dəyişikliyi bir sıra insanlarda halsızlığı, depressiyanı və özünəqapanma meyllərini artırır.
Ən çox rast gəlinən depressiya əlamətlərinə isə əsasən davamlı kədər və ümidsizlik hissi, dəyərsizlik və günahkarlıq duyğuları, enerji çatışmazlığı, konsentrasiya problemləri, yuxu pozuntuları, iştahda dəyişikliklər və fiziki ağrılar daxildir.
Bəs nə üçün qışda depessiya halları artır? Ümumiyyətlə, qış depressiyasından necə qurtulmaq olar?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan psixoloq Günay Kərimi bildirib ki, fəsildən fəsilə keçid insanlarda adaptasiya çətinliyi yaradır və bu, çox normal haldır.
Onun sözlərinə görə, əsasən payız və qış aylarında depressiya hallarının sayı çoxalır:
"Yaz və yay aylarında havanın günəşli, günün uzun və gecənin qısa olması əhval-ruhiyyəyə çox müsbət təsir edir. Dəniz və günəş insanın enerjisini artırır. İsti və günəşli havadan sonra payızın gəlməsi, havanın tutqun olması, yağışların yağması kimi hadisələr insanın əhvalına təsirsiz ötüşmür. Psixologiyada bu vəziyyətə "payız depressiyası" deyilir. Payızdan sonra qışın gəlməsi fonunda insanlar vəziyyətə uyğunlaşmaqda çətinlik yaşayırlar. Bəzi insanlar bu və digər vəziyyətə tez adaptasiya olsa da, əksər insanların iş rejiminə, qrafik dəyişikliyinə uyğunlaşması müəyyən müddət tələb edir. Bu isə əhval-ruhiyyə çökmələrinə və depressiv halların yaşanmasına yol açır".
Psixoloqun fikrincə, gün ərzində depressiv əhvalda olmaq insanın gündəlik fəaliyyətinə və düşüncələrinə ciddi şəkildə təsir edir. Nəticədə insan bir çox amillərdən uzaqlaşır.
"Depressiya zamanı özünəqapanma hallarına daha çox rast gəlinir. Bu cür insanlar həyatdan və yaşamaqdan zövq ala bilmirlər, plan və arzularını həyata keçirməkdə çətinlik çəkirlər. Ümumiyyətlə, evdən çölə çıxmaq istəmirlər və günün çox hissəsini yataqda keçirməyə üstünlük verirlər. Depressiv hallar 15 gündən çox davam edir", - deyə müsahibimiz əlavə edib.

Günay Kərimi: Depressiyadan çıxmaq üçün mühiti və ehtiyac olarsa, iş yerini dəyişmək məqsədəuyğundur
Depressiyadan qurtulmağın yollarına toxunan G.Kərimi qeyd edib ki, öncəliklə insanın özü bu vəziyyətdən çıxmaq istəməlidir. Çünki insan depressiv hallara qapılandan sonra çıxış yollarını tapa bilmir və ya axtarmaq istəmir:
"Onu da qeyd edim ki, depressiyanın növləri var. Xroniki depressiya illər boyu davam edir. Gizli depressiyada insan maskalanmış olur. Bu cür depressiyada insan çevrəsi tərəfindən çox xoşbəxt görünür, amma daxilində özünü çox bədbəxt hiss edir. Yəni, insan hər şeyə sahib olsa da, onun zövqünü yaşaya bilmir. Ona görə də depressiyadan çıxmaq üçün mühiti və ehtiyac olarsa, iş yerini dəyişmək məqsədəuyğundur”.
Dediyinə görə, bundan başqa, yeniliklərə açıq olmaq və insanın sevdiyi işlə məşğul olması arzuolunandır. Bəzi hallarda gecə gəzintiləri, havada çox vaxt keçirmək və idmanla məşğul olmaq da insanın enerjisini artırır. Həmçinin təhsilli psixoloqların və mütəxəssislərin dəstəyi ilə depressiv vəziyyətdən çıxmaq mümkündür.
Psixoloq qeyd edib ki, ağır depressiyalarda psixoloqlarla yanaşı, psixiatrlara da ehtiyac yaranır. Çünki əksər xəstələri yalnız psixoloji dəstək yetərli olmur və onlara dərman müalicəsi lazım olur.
"Təəssüf ki, bu gün uşaqlar arasında da depressiyaya rast gəlinir. Ona görə valideynlər öz övladlarına daha çox vaxt ayırmalı və uşaqlarının sevdikləri işlərlə məşğul olmasına imkan yaratmalıdır. Çünki bir dəfə yaşanan depressiya həyatın başqa dövrlərində də təkrarlana bilər", - Günay Kərimi vurğulayıb.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 26 Dekabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















