Qısa sürən XX əsr və ya adının taleyini yaşayan Əyyub Abasov
Icma.az, 525.az saytına istinadən bildirir.
Lütviyyə ƏSGƏRZADƏ
Filologiya elmləri doktoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi
19-cu əsri 1789-1914, 20-ci əsri 1914-1991-ci illər arasında təhlil edən məşhur ingilis tarixçisi Erik Hobsbauma görə, 19-cu əsr "uzun", 20-ci əsr isə "qısa" idi. Yenə E.Hobsbaumun fikrincə, 19-cu əsr 1789-cu ildə Böyük Fransız İnqilabı ilə başlayır, 1913-cü ildə başa çatır. "Qısa 20-ci əsr" təqvimə görə deyil, tarix olaraq 1914-cü ildən, yəni Birinci Dünya müharibəsindən başlanır və 1991-ci ildə - dünyada qlobal dəyişikliklər başlananda, daha dəqiqi, 1990-cı ildə Almaniyanın birləşməsi və 1991-ci ildə SSRİ-nin dağılması ilə sona çatır. "Təqvimə görə deyil, tarix olaraq 1914-cü ildən, yəni Birinci Dünya müharibəsindən başlayan və qısa sürən 20-ci əsr" Azərbaycan üçün milli dövlətçilik tariximizdə həlledici və siyasi hadisələr baxımından əhəmiyyətli bir zaman kəsiyidir. Ən əhəmiyyət kəsb edən hadisə 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan edilməsi, Xalq Cümhuriyyətinin yaradılmasıdırsa, sonrakı tarixi hadisələr - 1920-ci ilin 28 aprelində Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalı, AXC-nin süqutu və Azərbaycan Sovet Sosialist Respublikasının yaranması, Azərbaycanın müstəqilliyinə son qoyulması, 70 ildən sonra - 1991-ci ildə xalqın bir daha öz dövlət müstəqilliyini bərpa etməsi, Azərbaycan Respublikasının yaradılmasıdır.
"Qısa 20-ci əsr" Azərbaycan üçün Birinci Dünya müharibəsi və ya AXC-nin qurulması ilə deyil, 1905-1906-cı illərdə ermənilərin azərbaycanlılara qarşı ilk irimiqyaslı silahlı çıxışları ilə, I rus inqilabının (1905-1907) başlaması ilə ölkədə yaranan qarışıqlıqdan istifadə edən erməni təşkilatlarının "Böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün Bakıda və Zəngəzurda erməni və müsəlman əhalisi arasında törətdiyi silahlı münaqişə ilə başlamışdı (1905-1906). Münaqişə az sonra qanlı qırğınlara çevrilmiş, bütün Cənubi Qafqaz regionunu əhatə etmişdi. Bakı, Tiflis, İrəvan, Gəncə quberniyalarında, xüsusilə Qarabağ, Zəngəzur və sair yerlərdə baş verən qanlı toqquşmalar iki ilə qədər davam etmiş, minlərlə yaşayış məntəqəsi dağıdılmış, 17 minə qədər insan həlak olmuş, insanlar doğma yurd yerlərindən qoparılmışdı.
Həyatını Zəngəzur-Bakı-Naxçıvan üçbucağında araşdırdığımız Əyyub Abasov ermənilərin azərbaycanlılara qarşı ilk irimiqyaslı silahlı çıxışlarının başladığı 1905-ci ildə dünyaya gəlmiş, 13 yaşlarında ikən təkrar qızışan qanlı savaşlara şahidlik etmişdi. Ata-anasını və qardaşlarını bu savaşda itirmiş, yurdundan didərgin düşmüş, Zəngəzurdan Naxçıvana gəlmiş, burada yaşamış, oxumuş, sonra təhsilini Bakıda davam etdirmişdi.
Dünyaya gəldiyi gündən savaşlara, tarixi hadisələrə şahidlik edən Əyyub Abasovun həyat və yaradıcılıq yolunu araşdırmaq üçün mütləq tarixə baş vurmaq lazımdır. Düşünürük ki, məqalədə, yeri gəldikcə arxiv materiallarına və tarixi sənədlərə müraciət etməyimiz məqsədəuyğundur.
Həyat nə qədər ağır, keşməkeşli olsa da, olumla ölüm hər zaman yan-yana addımlayır. Başlayaq Ə.Abasovun dünyanın keşməkeşli, qorxunc bir zamanında dünyaya gəlməsindən və ona verilən adın mistikasından.
lll
1905-ci ildə qədim Zəngəzurun Şəki kəndində, sanki tarixdə dönəm-dönəm təkrarlanan erməni-azərbaycanlı münaqişələrinə şahidlik etmək üçün dünyaya bir oğlan uşağı gəlir. Cəbrayıl kişinin ailəsində dünyaya gələn oğlana Bibliyadakı "Əyyubun kitabı"nın baş qəhrəmanının adı verilir: Əyyub. "Əyyubun kitabı" böyük bəlalar çəkən bir insanın hekayəsidir. Quranda bir neçə surədə peyğəmbər kimi adı qeyd olunur. Erməni-müsəlman münaqişələrinin gücləndiyi ən tufanlı çağda, 1905-ci ildə törədilmiş qanlı qırğın günlərindən birində dünyaya gələn oğlanın daşıdığı, mənası "dözüm, səbir, təqib olunan" olan Əyyub adı sonralar onun tale yazısı olur. Əyyub 1918-ci ildə yenidən qızışan erməni-azərbaycanlı davasında həyatının ən faciəli günlərini yaşayır, valideynlərini, bacı-qardaşlarını itirir. Yurdundan didərgin düşür. Naxçıvanda Əbdüləzim Rüstəmzadənin ailəsində yaşayır, oxuyur və çalışır. Mənbələrdə "Əyyub Abasovun xeyirxah insanların himayəsində" yaşadığı qeyd olunsa da, bu insanın kimliyindən geniş bəhs olunmur. Əyyub Abasovun himayəsində yaşadığı xeyirxah insan kim olub? Əbdüləzim Rüstəmzadə ilə Əyyub Abasovun qohumluq əlaqəsi necə idi? Bunun dəqiqləşdirilməsi üçün mərhum professor Əziz Şərifin "çoxüzvlü tayfası" haqqında maraqlı faktların yer aldığı 3 cildlik "Keçmiş günlərdən" kitabı ən önəmli mənbələrdəndir. Kitabda Əyyub Abasov, bütövlükdə "çoxüzvlü tayfası" haqqında geniş məlumat verən Əziz Şərif yazır: "Naxçıvan şəhərində, istərsə də Şükar və Şəki kəndlərində bizim bütün çoxüzvlü tayfamız atamı özünün böyüyü, müdrik ağsaqqalı hesab edir, onun hörmətini saxlayırdı. Məsələni aydınlaşdırmaq üçün bir azacıq uzağa getməliyəm. Nənələrimin ikisi də Gorus mahalındakı (Sisyan) Şükar kəndindən idi. Necə olmuşdusa, keçən əsrin 40-50-ci illərində Şükar kəndlisinin qızlarından birini, Qızxanım adlı birini mənim Naxçıvanda yaşayan ata babam Hacı Ələsgər Şərifzadə alıb Naxçıvana gətirmiş, onun kiçik bacılarından Şərəfi də ana babam Talıb Rüstəmov alıb Şükar yaxınlığındakı Şəki kəndinə aparmışdı. Hacı Ələsgərlə Qızxanımın üç oğlu və üç qızı olmuşdu ki, bu oğulların böyüyü mənim atam Qurbanəli, böyük qızı da bibim Şahbəyim idi. Babamın ikinci oğlu Əlimərdan Bakıda neft mədənlərində qazanca gedib oradan qayıtmamışdı. Talıb kişi ilə Şərəfin isə Şəkidə üç oğlu və dörd qızı olmuşdur ki, bu qızların böyüyü mənim Nazlı anam, ondan kiçiyi isə Tamam xalam - "Zəngəzur" romanının müəllifi Əyyub Abasovun anası idi.

Təsadüfə bax ki, anamın da üç qardaşından Əbdülkərim adlı ortancısı, əmim Əlimərdan kimi, Bakıya neft mədənlərində işləməyə getmiş və orada vəfat etmişdi. Beləliklə, hələ mən dünyaya gəlməmişdən qabaq mənim bir dayım və bir əmim köhnə Bakı neft mədənlərinin qurbanı olmuş və orada dəfn olunmuşdur".
Tarix boyu aclıqdan, soyuqdan, qonşu ermənilərin fitnə-fəsadından əziyyət çəkən Zəngəzur camaatının əsas dolanışıq yerlərindən biri aşağı Zəngəzurun Bərgüşad və Həkəri çaylarının kənarlarındakı barlı-bərəkətli çəltik sahələri, bostanları, Gəyən və Yazı düzünün taxıl zəmiləri idi. "Əyyub da əli çomaq tutandan Qubadlıya gəlib varlıların təsərrüfatında muzdurluq edib, naxır otarıb, ailəsinin dolanışığına yardımçı olmağa" çalışsa da, ailənin vəziyyəti, gün-güzəranı o qədər də xoş olmayıb. Əyyubun atası Cəbrayıl kişi də bir dəstə həmkəndlisi ilə neft mədənlərində işləmək üçün Bakıya gəlir, lakin buradakı ağır iş şəraitinə dözə bilmir və Zəngəzura qayıdır. Bir il sonra ermənilərin başlatdığı münaqişə yenidən alovlanır. "Qısa sürən XX əsrin" çox qorxunc hadisələri yaşanır. Azğınlaşan ermənilər Zəngəzurda misli görünməmiş vəhşiliklər törədir. Birinci Dünya müharibəsində ABŞ, İngiltərə, Rusiya və Fransa ermənilərə verdikləri vədi yerinə yetirə bilmədiyi üçün indi onları silahlandırıb günahsız müsəlman türklərinin üzərinə salır. Cəllad Andronikin başçılıq etdiyi vəhşiləşmiş ermənilər Zəngəzuru odlara qalayır, qadın, körpə, yaşlı, cavan demədən insanları qətl edir. Çox az insan qaçıb canını qurtara bilir. Zəngəzurda ermənilərin törətdiyi qanlı qırğınları gözləri ilə görən, ağır müsibətlər yaşayan Əyyub Abasov yaşanan qətliamlarda bütün ailə üzvlərini, valideynlərini və iki qardaşını, doğulduğu el-obasını, doğma evini itirir. Əyyubun özündən böyük bacısı Həmidə sağ qalsa da, onlar bir-birindən ayrı düşür. "Əyyub Naxçıvana, Həmidə isə üç həmkəndlisinin ailəsi ilə birlikdə Qubadlıya, Saray kəndinə gəlib çıxır. Onlar bir də 30 ildən sonra bir-birini axtarıb tapırlar".
Zəngəzurda yaşanan faciələrdə ailəsini itirən Əyyub Abasov, Əziz Şərifin xalası oğlu, sonralar Naxçıvanda ailəsində yaşadığı Əbdüləzim Rüstəmov, dövrünün çox mükəmməl biliyə malik, savadlı, bir neçə dil bilən şəxsiyyətlərindən biri və Əyyubun dayısı idi. Həmçinin Naxçıvanda böyük nüfuza malik olan Qurbanəli Şərifzadənin qaynı, Əziz Şərifin də dayısı idi həmin Ə.Rüstəmov. Bu barədə Əziz Şərif yazır: "Uşaq vaxtından bizim evdə yaşayıb, tərbiyə alan və məktəbdə oxuyan dayım Əbdüləzim məndən 10-12 yaş böyük olardı və ailədə mənim böyük qardaşım kimi idi".
Mirzə Əbdüləzim Rüstəmovla (1887) Əziz Şərifin (1895) arasında 8 yaş, Əyyub Abasovla (1905) sonralar onu ailəsinə alan "xeyirxah insanın" - Əbdüləzimin arasında 18 yaş fərq vardı. Bu insanları bir-birinə bağlayan güclü qohumluq bağı və yurd sevgisi idi.
Əbdüləzim 1887-ci ildə keçmiş Zəngəzur qəzasının Şəki kəndində Talıb kişinin ailəsində dünyaya göz açsa da, yeniyetməlik və gənclik dövrü bacısının ailəsində keçmişdi. Bacısının əri Qurbanəli Şərifzadə evdən ayrılanda isə ənənəvi olaraq doğma yurdlarına gedər, bir neçə ay orada yaşayarmışlar. Hər iki ailənin, Hacı Ələsgərlə Qızxanımın və Talıb kişi ilə Şərəfin özləri və övladları arasında güclü qohumluq əlaqələri ilə yanaşı, doğma yurda məhəbbət də bir an olsun onları tərk etməmişdi. Mərhum professor Ə.Şərif yazır ki, erməni-müsəlman münaqişəsi zamanı doğma yurddan uzaq düşsələr də, sonralar tez-tez ana yurdları Şükarı ziyarət etmişlər: "Səfalı, axar-baxarlı Şəkidə hər kəs dinc və şəriətdən uzaq, dünyadan bixəbər, azad yaşayır, qızlar-gəlinlər çadranın nə olduğunu bilməz, başında yaylıq, dodağında yaşmaq dolanar, bulaqdan su daşıyar, hana qurar, xalı toxuyar, nehrə çalxalayar, yayda biçin biçər, daxıl döyər, yuyar, qurudar, evin kişilərinə kömək edərdi. Bir sözlə desək, təbii həyat sürərdi".
Əbdüləzim ilk təhsilini Şəkidə mədrəsədə alır. Ondakı oxumaq həvəsini görən Qurbanəli Şərifzadə Əbdüləzimi Naxçıvan şəhərinə gətirib ikisinifli rus-Azərbaycan məktəbinə qoyur. Məktəbi əla qiymətlərlə bitirən Əbdüləzim, ikinci dərəcəli Naxçıvan şəhər məktəbinə daxil olur. 1906-cı ildə təhsilini tamamlayır. Rus dilini yüksək səviyyədə öyrənən Əbdüləzim, imtahan verərək ibtidai məktəbdə dərs demək hüququ qazanır. Əvvəl Cəhri (1907), sonra Yaycı kənd məktəblərində müdir vəzifəsində çalışır. 1913-cü ildə Əbdüləzim Rüstəmov doğma Şəki kəndinə müəllim təyin edilir. 1918-ci ilədək Şəkidəki ikisinifli məktəbin müdiri vəzifəsində çalışır. Dayısı haqqında hər zaman yüksək fikirdə olan Ə.Şərif yazır: "Dayım Əbdüləzim Naxçıvanda təhsilini qurtaranda və müəllimliyə imtahan verib lazımi şəhadətnaməni alanda öz doğma kəndinə təzəcə açılmış məktəbin ilk müəllimi və ilk direktoru olmuşdur. Onun təşəbbüsü ilə Şəkidə məktəb binası tikilmişdi. Bu zaman Şəkidə məscid də açılmış, məscidə molla da təyin olunmuşdu".
(Ardı var)


