Icma.az
close
up
RU
Qız əhvalatı Ədalət Tahirzadə yazır

Qız əhvalatı Ədalət Tahirzadə yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ədalət TAHİRZADƏ
Bakı Avrasiya Universitetinin professoru

Ucqar Mindam kəndindən olan iki qohum: Səmədlə Qasım şəhər bazarında meyvələrini satıb qurtaranda artıq gün xeyli əyilmişdi. Dekabrın bu vaxtında axşamın düşməsi qaşla göz arasındaydı. Qaranlığa qalmasınlar deyə mallarının çoxunu ucuzuna satmışdılar. Səməd bazara qızıləhmədi alma və zaharı armud, Qasımsa xanlıq şabalıd gətirmişdi. Bu meyvələri qışın oğlan çağınatan saxlamaq hər kişinin işi deyildi, ancaq bu mindamlılar meyvələri hətta Novruz bayramından sonraya da saxlamağın bacarıqlı ustalarıydı.

Tələsməklərinə səbəb qaranlığa düşmək qorxusuydu. Axı Mindam kəndi şəhər mərkəzindən otuz kilometr aralıdaydı. Yolları da kələ-kötür, daşlı-kəsəkli olduğuna görə gündüzün günorta çağı oraya maşın tapmaq müşküldü. Qaranlıq düşəndən sonra kəndə getməyi bacaran hər kəs Allahın bəxtəvəri sayılırdı.

...Artıq üç saatdı ki, Səmədlə Qasım yol ayrıcındakı çinarın altında  dayanıb Mindama gedəsi maşını gözləyirdilər. Gün çoxdan batmışdı. Qar ələkdən tökülürmüşcəsinə səpələyirdi. Heç birinin əlcəyi yoxdu. Soyuqdan donmuş əllərini hovxurmaqla qızdırmağa çalışırdılar. Bir ara tonqal qalamaq istədilər, ancaq kibritləri olmadı. Çəkən deyildilər deyə alışqanları da yoxdu. Gecələmək üçün şəhər "qəsdin"inə getdilər. Orada yer olmadı. Geri döndülər. Maşın tapmaqdan umudlarını kəsdilər. Gecəni burada keçirməyə məcburdular. Birdən Qasımın yadına düşdü ki, axı Gülgəz xalası bu şəhərdə ərdədir. Tez özündən çox böyük Səmədə üz tutdu:

- Səməd dayı, gəlsənə Gülgəz xalamgilə gedək. Mənim xalamdır, sənə də yad deyil - gəlininin əmisi qızıdır. Onlarda həm qızınarıq, həm çörək yeyərik, həm də gecəni qalıb səhər tezdən durub kəndə gedərik.

Bu təklif Səmədin ürəyindən oldu, çünki soyuq kələyini kəsmişdi. O, həmişəki kimi kəkələyə-kəkələyə dedi:

- Vvvvallah düz ddddeyirsən. Xxxxalanın kişisi Kkkkərəmov da ppppis adam döyül.

Yolda Qasımın yadına xalası qızının əhvalatı düşdü. Gülgəzin əri - polis kapitanı Kərəmov qızı  Güneli yaxın dostu olan polis rəisi Mərdanovun oğlu Qurbana vermək istəmiş, qızı zorla ona nişanlamışdı. Qurban həm Güneldən on yaş böyükdü, həm də özündən razı lovğanın və yaramazın birisiydi. Ömründə bir kitabı sonadək oxumamışdı. Atasının puluna doqquz ilə "Narxoz"u qiyabi bitirmişdi. İş-gücü şəhərin çayxanalarında veyillənməkdi. Qumarbazdı. İynələndiyini də deyirdilər. Universiteti fərqlənmə diplomuyla bitirmiş, üç-dörd dildə sərbəst yazıb-danışan Günelin belə birisiylə yaşaması əsla ağlasığan deyildi. Həm də onun ürəkdən bağlandığı əhd-peymanlı sevdalısı vardı. Orxan namuslu bir ailədən çıxmışdı. Atası mühəndis, anası həkimdi. Onlar yeganə övladlarını halal çörəklə böyütmüşdülər. Orxan universitetdə Günellə bir yerdə oxumuş, elə o vaxtdan bir-birini sevmişdilər. Ali məktəbi bitirən kimi Güneli təyinatla öz rayonlarına, Orxanı isə Bakıya müəllim göndərmişdilər. Bir-birindən aralı düşsələr də, daim məktublaşır, zəngləşirdilər.

Atası bunu bilsə də, qızının "lüt, ac-gicik bir müəllimə" getməsinə qətiyyən razı olmamış, dostu polis rəisinə "kişi sözü" verdiyini deyərək qızını ağına-bozuna baxmadan Qurbana nişanlamışdı. Təntənəli nişan mərasiminin ertəsi günü Günel Orxana xəbər yollamışdı. Orxan təcili rayona gələrək Güneli Bakıya aparmışdı. Qızının başqasına qoşulub getdiyini eşidən kapitan Kərəmovu az qala iflic vuracaqdı. O, hirsindən qapı-pəncərəni qırıb-tökmüş, evdə sındırmadığı qab-qacaq qoymamışdı. Arvadı Gülgəzə dişinin dibindən çıxanı demişdi.

Kapitan Kərəmov qohum-əqrəbanın, dost-tanışın yanında onun "papağını yerə soxmuş" Güneli qızlıqdan sildiyini bildirmiş, hamıya demişdi ki, daha mənim o adda övladım yoxdur. Heç mənim ölümün də üstünə gəlməsin.

Bu əhvalatdan bir il keçsə də, Günellə Orxanın bir oğlu olsa da, hikkəli Kərəmovun qəzəbi azacıq da soyumamışdı. Hər dəfə qızından söz düşəndə özündən çıxır, yanındakı arvad-uşağa belə baxmadan biədəb söyüşlər yağdırırdı.

Qasım əhvalatı anasından incəliyinədək öyrənmişdi. Kərəmovun qəzəbindən də xəbərdardı. Ancaq kənddə çəpər qonşusu olan Səmədə də yaxşı bələddi. Bilirdi ki, qohumunun çənəsinin qaltaq-qantarğası yoxdur. Onu kənddə hamı ağzıboş gəvəzə kimi tanıyırdı, çünki sözünün yerini bilən deyildi. Qasımı qorxu bürüdü ki, birdən Səməd qızın qoşulub getməsini yada salar, ortaya qanqaralığı düşər. Bunu etməsin deyə o, əhvalatı Səmədə başdan-ayağa danışdı, işin qəlizliyini anlatmağa çalışdı. Ona dönə-dönə tapşırdı ki, xalamgildə olduğumuz müddətdə nəbadə qızı Kərəmovun yadına salasan ha, başımıza iş açarsan.

Səməd ağzını möhkəm tutacağına söz verdi. Buna baxmayaraq, ürəyi səksəkəli qalan Qasım xalasıgilin qapısına çatanda tapşırığını bir də təkrarladı.

Gülgəz xala da, kapitan Kərəmov da, uşaqları da qonaqları gülər üzlə, çox səmimi qarşıladılar. Bacısı oğlunu qucaqlayıb bağrına basan xalası onun hər iki yanağından öpdü. Kərəmov isə qonaqların gəlişindən sevindiyini, onlara hörmətini göstərmək üçün qonaqlara çayı özü süzdü. Onların artıq qızındığını görüb nərdtaxtanı masanın üstünə qoydu. Qasımla bir tas oynadılar.

Qasım usta nərd oyunçusuydu. Onu hər adam uda bilməzdi. Mahir zər cütləməyi vardı. Ancaq ev yiyəsinin kefinə dəyməmək üçün qəsdən ona iki marsla uduzdu. Bu marslardan Kərəmovun kefi əməlli-başlı kökəldi. Şənlənmişdi. Ürəkdən qəhqəhə çəkərək deyib-gülürdü. Bu müddətdə Gülgəz xala da süfrəni hər cür naz-nemətlə bəzəmişdi.

Kərəmov bir az aralıda kresloda oturub oyuna baxan Səmədin qolundan tutub süfrəyə yaxın gətirdi:

- Qayınananız sizi çox istəyir. Mən də işdən elə yenicə gəlmişdim. Qismətimdə axşam yeməyini sizin kimi əziz qohumlarımla yemək varmış. Siz Allah özünüzü qonaq saymayın. Öz evinizdir, heç nədən çəkinməyn. Yeyin-için, rahatca yatın. İnşallah, sabah özüm sizi maşınla kəndə yola salacağam.

Qasım gördü ki, Səməd ağzını açıb nəsə demək istəyir. Tez gedib onun yanında oturdu. Onun ayağını yüngülcə tapdalamaqla susmaq tapşırığını xatırlatdı.

Yeməyə başladılar. Gülgəz xala bu darmacalda kənd toyuqlarından çox dadlı çığırtma bişirmişdi. Toyuğun budu Qasımın ağzında yerini yenicə tutmuşdu ki, Səməd özünü saxlaya bilməyib üzbəüzündə oturmuş Kərəmova dedi:

- Hə, qqqqohum, qqqqız da belə ggggetdi da...

Son söz onun ağzından çıxınca elə bil ki, evdə bomba partladı. "Qız" sözünü eşidən Kərəmov necə bir təpik ilşdirdisə yemək masası qonaqların üstünə aşdı. Xörək dolu boşqablar havada uçuşdu, qarşı divara çırpılaraq çilik-çilik oldu. Toyuğun budu az qala Qasımın boğazına gedəcəkdi. Boğulmaq ərəfəsində birtəhər dartıb çıxardı. Çığırtmanın suyu Səmədin sifətinə və üst-başına dağıldı.

Kərəmov elə bağırdı ki, Gülgəz xala da, qonaqlar da qorxudan büzüşdülər. Onun qışqırığını bəlkə də şəhərin mərkəzində eşidirdilər:

- Ay qız yiyəsinin də, sizin də, yeddi arxa dönənizin də atası belə, anası belə, var-yoxu belə. Allah qıza da lənət eləsin, sizin ölüb-itənlərinizə də lənət eləsin. Yeddi kişinin belindən gələnlər, durun cəhənnəm olun, bir də ayağınız bu evə dəyməsin.

...Səmədlə Qasım evdən xeyli uzaqlaşsalar da, Kərəmovun dodaq uçuqladan söyüşləri hələ də davam edirdi.

Qonaqlar evdən necə tələsik qaçmışdılarsa bir də gördülər ki, ayaqqabıları əllərindədir. Heç geyməyə də macal tapmamışdılar.

...Mindam yolunun ağzına çatanda Qasım bir daşın qarını təmizləyib üstündə oturdu. Səməd onun üzünə baxmağa utanırdı. Ancaq Qasımın onunla işi yoxdu - olan olmuş, keçən keçmişdi. Bundan sonra deyiləcək söz qalmamışdı.

...Soyuqdan donmuş ac-susuz iki mindamlı səhərəcən kürək-kürəyə söykəyib günün çıxmasını gözləyirdi...

04.08.2025.

Xırxatala      

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Avqust 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri