Ədalət Tahirzadə:““Şərq” qəzeti redaksiyasındakı Mətbuat Muzeyini belə təsəvvür etmirdim”
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
“Fikirləşirdim, yəqin bir otaqdan ibarətdir... Amma gördüklərim məni yaxşı mənada təəccübləndirdi”
“Təklif var, Milli Mətbuat Tarixi muzeyi yaradılsın, elə sizin redaksiya əsl muzeydir. Burada toplanmış materialları daha kim toplayacaq?!..”
Cümhuriyyətimizin 107, milli mətbuatımızın 150 yaşını qeyd etməyə hazırlaşdığımız dönəmdə redaksiyamızın qapısını bu iki möhtəşəm hadisənin xalqımızın taleyinə necə həkk olunduğunu birər-birər araşdırmış bir şəxs açdı. Pedaqoq, dilçi, filoloq-mətnşünas, tarixçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, professor, hazırda Bakı-Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə!
Etiraf edəcəm. Redaksiyadakı bu görüşümüzə qədər Ədalət bəyi, necə deyim ki inciməsin, bir qədər sərt, acıqlı hesab edirdim. Onunla həmsöhbət olmamışdım. Bəlkə də, cümhuriyyət dövrünün, sonra da milli-azadlıq hərəkatı liderlərinin həyat və fəaliyyətlərinə, mücadilə tarixinə yaxından bələd olması, onlarla çiyin-çiyinə dayanaraq həm də bu tarixi əbədiləşdirməsi idi onu nəzərimdə bu qədər sərt göstərən. Tədqiqatçıların işi çox çətindir. Minlərlə insan taleyini öyrənirlər, zamanın faciələrinə sinə gərmiş və bu burulğanda həyatları puç olmuş insanların acıları ilə baş-başa qalan şəxs sərt olmasın, narazı görünməsin də neyləsin?!. İkinci etiraf, Ədalət bəyin tələbələrinə həsəd apardım. Təsəvvürə gətirmək çətin deyil, Ədalət bəy tələbələrinə kimlərdən, nələr danışıb... Sonda yazacağımı bəri başdan deyim, Ədalət bəy “kolleksiyamı dövlətə - Baş Arxiv İdarəsinə təklif etmişəm”, dedi. Ədalət Tahirzadə özü “arxiv idarəsi”dir. Söhbətimiz davam etdikcə, oxucumuz da buna şahid olacaq.
Başladıq.
Ədalət Tahirzadəni baş redaktorumuz Akif Aşırlı qarşıladı və “Şərq” qəzeti redaksiyasında artıq 8 ildir fəaliyyət göstərən Mətbuat Tarixi Muzeyi ilə tanışlıq başladı. İki tədqiqatçının söhbətinə, müzakirəsinə şahidlik etmək də ayrı feyzdir. Ədalət bəyin iti nəzərləri milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk sədri Əlimərdan bəy Topşubaşov və görkəmli mütəfəkkir, “dildə, fikirdə, işdə birlik” şüarının müəllifi, “Tərcüman” qəzetinin naşiri, böyük maarifpərvər ziyalı İsmayıl bəy Qaspıralı ilə 1894-cü ildə çəkilmiş məşhur fotoya yönəldi:
- Akif bəy, bu foto keyfiyyətsizdi.
A.Aşırlı: - Ədalət bəy, imkanımız buna çatdı...
Sonra dəhlizdə baş tərəfdə divara vurulmuş iri rəsmi göstərərək
- Bu rəsm həmin fotonun üzərində çəkilib. İstədik ki, redaksiyaya daxil olanları ilk bu görkəmli şəxslər qarşılasın.
Ə.Tahirzadə:
- Hə, yaxşıdır.
A.Aşırlı milli mətbuatımızın yaranmasında, mətbuatın inkişafında əməyi, zəhməti olan görkəmli xadimləri, onlarla bağlı fotoları, sənədləri göstərir, Ədalət bəy də maraqla baxırdı. Eksponatlar arasında “İşıq” qəzetinin əslini gördükdə Ədalət bəyin üzü güldü:
- “İşıq” qəzeti çox mütərəqqi orqan olub. İlk qadın məcmuəsi idi, çox tənqid edirdi onları sovet hakimiyyəti. Çünki maarifi təbliğ edirdilər, dilimiz, dinimiz, milli dəyərlərimiz barədə çox dəyərli yazılar dərc olunurdu.
A.Aşırlı “İşığ”ın ilk baş redaktoru Xədicə xanım Əlibəyovanın portretini nişan verdi. Ədalət bəy razı qaldı:
- Əladı. Xədicə xanım, böyük ziyalı olub.
A.Aşırlı Xədicə xanıma aid əşyaları da göstərdi:
- Bunlar Xədicə xanımın şəxsi əşyalarıdır, ailə fotoları, sənədlər və sair... Bu da Azərbaycanın ilk peşəkar qadın jurnalisti Şəfiqə xanım Əfəndizadənin qeyd dəftərçəsidir. Bunları redaksiyaya Sabir Gəncəli hədiyyə edib...
Cümhuriyyətimizin ideoloji banisi, siyasi türkçülüyü sistem halına salmış, “türkləşmək, islamlaşmaq, avropalaşmaq” düsturunun müəllifi, görkəmli ictimai-siyasi xadim Əli bəy Hüseynzadənin, qızı Feyzavər xanımın fotoları qarşısında dayandılar. Akif müəllim Əli bəy Hüseynzadənin qızı Fəyzavər xanımla İstanbulda görüşündən danışdı.
Qonağımız redaksiyadakı otaqları bir-bir gəzirdi, Azərbaycan tarixində silinməz izlər qoymuş dahi şəxsiyyətlərin şəkilləri, çalışdıqları mətbuat orqanları, fəaliyyətlərini əks etdirən eksponatlarla tanış olurdu.
Görkəmli messanat Hacı Zeynalabdin Tağıyevin fotosu... Sözlər əskik qalır bu dahi şəxsiyyətin xalqımızın maariflənməsi, milli mətbuatımızın dirçəlişi üçün etdiklərini yada salanda...
Akif müəllim xatırladır:
- Ədalət bəy, hamımız bilirik ki, Tağıyev “Kaspi” qəzetinin təsisçisi olub, amma çox az adam məlumatlıdır ki, o həm də 1918-ci ilin oktyabr-noyabr aylarında 5 sayı işıq üzü görmüş “Yeni Həyat” qəzetinin nəşrini maliyyələşdirib. “Yeni Həyat” H.Z.Tağıyevin maliyyələşdirdiyi sonuncu mətbu orqandır. Bu qəzetin redaktoru (məsul müdiri) “İttihad” partiyasının sədri Qarabəy Qarabəyov idi. Onun da şəkli var...

Ədalət bəy:
- Qarabəy Qarabəyov bir qədər ziddiyyətli xarakter olub...
(Q.Qarabəyovun həyat və fəaliyyətindən danışdılar)
Təbii ki, “Cümhuriyyət mətbuatı” otağında Üzeyir bəyin, Məhəmməd Əmin Rəsulzadənin, Xəlil İbrahim, Yusif Vəzir Çəmənzəminli, Əhməd Cavad... mühacirətdə milli davamızı davam etdirən Ceyhun Hacıbəyli, Hilal Münşi, Niyazi Yusifbəyli və daha neçə-neçə görkəmli şəxsiyyətlərin fotoları, onlar haqqında məlumatlar sərgilənir. Üzeyir bəyin, Məhəmməd Əmin Rəsulzadənin fotolarını görəndə də məmnun oldu Ədalət bəy.
- Bu şəxsiyyətlərin Azərbaycan üçün etdikləri ölçüyəgəlməzdir. Amma Rəsulzadənin rəsmini də düzgün çəkməyiblər. Rəsulzadənin bu fotosu çəkiləndə, o, gənc idi, Zaqafqaziya Seymində təmsil olunduğu zaman çəkilib bu foto. Sizdəki rəsmdə isə rəssam Rəsulzadənin saçlarına “ağ salıb”. Onda Rəsulzadənin saçı hələ ağarmamışdı, gənc idi...
A.Aşırlı:
- Ədalət bəy, bu rəsmlərin çoxunu redaksiyaya dostlarımız hədiyyə edib, rəssam təxəyyülüdür, deyək...
Akif müəllim Məmməd Sadiq Arandan, Həsən bəy Zərdabinin oğlu Saffət Zərdabi haqqında məlumatları necə əldə etməyindən danışır...
Muzeydə “İstiqlal” qəzetinin 1933-cü ildə nəşr olunmuş əsl nüsxəsi də var. Ədalət bəy baxır, məmnundur, amma məsləhətini də əsirgəmir:
- Akif bəy, orijinalları sərgiləməyin. Xarab olurlar. Surətini çıxarın, onları sərgiləyin. Hayıfdır, bu incilər zaman keçdikcə xarab olacaq...
Muzeyin Nuru Paşa otağındakı eksponat və materiallar da çox dəyərlidir. Ədalət bəy cümhuriyyət dövründə “Azərbaycan” qəzetinin rusdilli nəşrinin redaktoru olmuş, istiqlal mücahidi və yüzlərlə digər görkəmli vətənpərvər ziyalımız kimi 1937-ci ildə həbs edilib, 1938-ci ildə Nargin adasında güllələnən Xəlil İbrahimin əsl rəsmini gördükdə yaxşı mənada təəccübləndi:
- Bunu hardan tapmısınız, Akif bəy?
- Onu muzeyə Xəlil İbrahimin qızları hədiyyə etdi...
Bu otağı Bakının xilasında misilsiz xidməti olmuş Nuru Paşanın fotoları, Qafqaz İslam Ordusunun əsgər və zabitləri, həmin dövrü əks etdirən foto və materiallar bəzəyir. Bu da görkəmli dramaturq Cəfər Cabbarlının fotosu. Ədalət bəy şəklə baxır və fikrə gedir. Heyifsilənərək:
- Cəfər Cabbarlını çoxları qəbul etmirdi, sovet vaxtı yazdığı hekayələrə, pyeslərə görə. Amma o, məlumdur, repressiyalardan qorunmaq üçün bunu edirdi...
Qafqaz İslam Ordusu əsgərlərinin birgə çəkilmiş fotosuna baxdıqda Ədalət bəy:
- Bu fotodakılar Azərbaycanın ilk könüllüləridir. Bax, əlində üçrəngli bayraq tutan yaşlı kişini görürsünüz? Onun başqa bir şəkli də olmalıdı... (başqa bir fotoya baxıb) Hə, bax bu şəkildir. 3 nəfərdirlər... Birlikdə də şəkilləri var...
Otaqların birində Ədalət bəy görkəmli alim, Azərbaycan ədəbiyyatı klassiklərini millətə tanıtmış və yenə də repressiya qurbanı olmuş Salman Mümtazın “Molla Nəsrəddin"çilərin əhatəsində olduğu şəklin önündə dayanır:
- Bu foto Tiflisdə çəkilib. Salman Mümtaz Tiflisə gələndə “Molla Nəsrəddin"çilərin kefi açılırdı.

Akif müəllimə xitabən:
- Bilirsiz, Salman Mümtaz tacir olub, pullu adam idi, Tiflisə gəlirdi, “Molla Nəsrəddin"çilər toplaşırdı başına.
Gülümsəyərək;
- Baxın, Əbdürrəhim bəy qalıb kənarda, Salman Mümtazı ortada əyləşdiriblər, yığılıblar ətrafına... Salman Mümtaz atasından qalan var-dövləti elmə, maarifçiliyə xərclədi. Ədəbiyyatımıza nə qədər incilər bəxş etdi. Salman Mümtaz, Firudin bəy Köçərli... bu şəxsiyyələrin xalqımız, millətimiz üçün etdikləri fədakarlıqlar misilsizdir. İndi mənim çalışdığım Bakı-Avrasiya Universitetində tələbələrə əski əlifbadan da dərs deyirəm. Bacarıqlı tələbələr var. Öyrənirlər. Əski əlifbanı bilmək mütəxəssis üçün vacibdir.
Nəhayət, sovet dövrü, müstəqilliyimizin bərpasının ilk illəri nəşr olunan qəzet, mətbu orqanlar haqqında məlumat və materiallar olan otaqdayıq. Ədalət bəyin nəzəri ilk olaraq “Bakı” qəzetinin təsisçisi və baş redaktoru olmuş Nəsir İmanquliyevin fotosuna yönəlir. Məlumdur ki, Nəsir İmanquliyev milli mətbuatımızın inkişafında əvəzsiz rol oynamış şəxsdir. Onun naşiri olduğu “Bakı” və “Baku” qəzetləri 20-ci əsrin 70-80-ci illərində çox populyar idi və neçə-neçə jurnalist nəslinin inkişafına xidmət göstərib.
Sovet dövründə nəşr olunan qəzet və jurnallar və demokratik mətbuatımızın dirçəlişində xüsusi xidməti olanlar – mərhum Nəcəf Nəcəfov, Ağamalı Sadiq Əfəndi, Sabir Rüstəmxanlı... “Azadlıq” qəzeti, “Səhər”... Və şəhid jurnalistlərimiz.
Ədalət bəy çox təsirləndi Nəcəf bəyin fotosunu gördükdə:
- Rəhmətlik böyük ziyalı, böyük demokrat idi. Onunla birgə işləmişik...
Qeyd edim ki, Ədalət Tahirzadə "Azadlıq" qəzetinin qurucularındandır. Nəcəf Nəcəfovun baş redaktor olduğu bu qəzetdə ilk saydan – 1989-cu ilin 24 dekabrından 1991-ci ilin iyulunadək redaktor müavini vəzifəsində çalışıb. 1991-ci ilin avqustunda yenidən "Azadlıq" qəzetinə qayıdaraq 1992-ci ilin yanvarınadək burada müqavilə ilə baş müxbir olub.

Ədalət bəy deyir:
- Mən də sizin muzeyə hədiyyə edə bilərəm...
Maraqla baxırıq- görəsən nə?
- “Azadlıq” qəzetinin ilk nüsxəsini hədiyyə edəcəm muzeyə, imzalı nüsxəsini...
Akif müəllim üçün, yəni muzeyimiz üçün dəyərli hədiyyə olacaq, təbii ki!
Qonağımızın muzeylə tanışlığından sonra qısa söhbətimiz baş tutdu.
- Ədalət bəy, təəssüratınız necədir?
- Çox yaxşı. Düzünü deyim, belə təsəvvür etmirdim. Fikirləşirdim, yəqin bir otaqdan ibarətdir... Amma gördüklərim məni yaxşı mənada təəccübləndirdi. Təklif var, Milli Mətbuat Tarixi muzeyi yaradılsın, elə sizin redaksiya əsl muzeydir. Burada toplanmış materialları daha kim toplayacaq?!.. Araşdırmaçı, arxivlərdə işləmiş biri kimi, mən bilirəm bunlar necə bir zəhmətin bəhrəsidir. Təkcə fiziki, mənəvi yox ha, həm də maddi zəhmətin... Həyat yoldaşımın bir sözü var, deyirdi Ədalət ölüləri dirildir, diriləri öldürür... Əlimə düşəni arxiv materiallarına, eksponatlara, sənədlərə, əsl materialların alınmasına sərf etmişəm... Rusiya, Ukrayna, Gürcüstan arxivlərində çalışmışam. Dəyərli sənədlər üzə çıxarmışam...
Ədalət bəy sabiq təhsil naziri Misir Mərdanovun dəstəyi ilə 1920-ci ilədək ali təhsilli azərbaycanlılarla bağlı tədqiqat apardığından danışdı: - Sovetin ilk illərində xalq təhsil naziri Dadaş Bünyadzadə çıxışında deyib ki, inqilaba qədər Azərbaycanda savadsızlıq hökm sürüb. Cəmi 62 nəfər ali təhsilli azrbaycanlı olub. Misir müəllimlə söhbətimiz oldu, dedi ki, sizi göndərəcəm Rusiya arxivlərinə. Nə dəstək lazımdı, göstəriləcək. Gedin və araşdırın, bizim nə qədər ali təhsilli gəncimiz olub. Deməli, mən Moskva, Sankt-Peterburq, Kazan, Saratov, Xarkov, Tbilisi, Tallin... bu şəhərlərin arxiv idarələrində araşdırma apardım, sənədləri üzə çıxardım. Biz 9 cildlik kitab hazırladıq.

10-cu cild də hazırlanmaq üzrədir, ümumilikdə 713 azərbaycanlının Çar Rusiyası zamanı müxtəlif şəhərlərdə ali təhsil aldıqlarını təsdiq etdik. Kitabın ümumi həcmi 5144 səhifədir. Hər bir tələbə haqqında, kimdir, harada təhsil alıb, hansı ixtisas üzrə, bütün məlumatlar verilir. Bununla biz sübut etdik ki, heç də bisavad, elmə marağı olmayan xalq deyilik. Çar Rusiyası zamanında müsəlmanların ali təhsil alması müşkül məsələ idi. Gərək Çardan xüsusi icazə alınaydı. Bəzən deyirlər, gürcülər, başqa xalqlara niyə güzəşt edilib, onlar xristian idilər, ona görə. Qarşılarına maneə qoyulmurdu. Amma biz müsəlmanların təhsil, xüsusən də ali təhsil almasını istəmirdilər. Təsəvvür edək, Hacı Zeynalabdin Tağıyev Qız məktəbi açmaq üçün necə əziyyət çəkib, məktəbə ülya-həzrət çarıçanın adı veriləcək, deyəndən sonra məktəbin açılmasına icazə alınıb.
Qeyd edək ki, Ədalət bəy, dəyərli elmi fəaliyyəti ilə yanaşı, həm də jurnalistlik fəaliyyəti dövründə yaddaqalan müsahibələri ilə tanınıb. Onun Azərbaycan Respublikasının ikinci Prezidenti Əbülfəz Elçibəylə müsahibəsi və sovet hakimiyyəti barədə “Mən demişdim ki, bu rejim dağılacaq” məşhur frazası indi də yaddaşlardadır.
Ədalət bəy davam edir:
- Sovet hakimiyyəti başına daş düşməli quruluş idi, necə ki də düşdü. Bizə hansı tarixi keçirdilər?
Bizə tarix dərsi keçirdilər, deyirdilər, Nadir şah Azərbaycanı işğal elədi. Ay balam, Nadir şah azərbaycanlı, türkdür də. Vətənin övladı Vətənini necə işğal edə bilər?!.
Ədalət bəy maraqlı əhvalat danışdı:
- Bəxtiyar Vahabzadəyə Səməd Vurğun dərs deyib. Mənim müəllimim də Bəxtiyar Vahabzadə olub. Bir dəfə getdim yanına, dedim ki, sizin müəlliminiz Ağaməhəmməd Şah Qacarı öldürdü, mən istəyirəm mənim müəllimim Qacarı diriltsin. Bəxtiyar müəllim, ay oğul, bu necə olacaq? Dedim, mən Qacar barədə kitab yazmışam. İstəyirəm, o kitaba siz Ön söz yazasınız. Bir də 2 bənd də olsa şeir. Dedi, Ön söz yazaram, amma şeiri söz vermirəm. Şeir sifarişlə başa gələn məsələ deyil. Verdim əsəri oxudu və Ön söz yazdı və şeir də yazmışdı.
- Yadınızdadırsa, deyin...
- Yadımda qalmayıb...

Biz o şeiri tapdıq, Ədalət bəy. Və ustad Bəxtiyar Vahabzadənin kitaba yazdığı Ön sözdən də bir parçanı təqdim edirik:
Özgə dədələri dədələşdirib,
Nə qədər söymüşük öz dədəmizi.
Gəlmə doğmam olub, öz doğmam – qərib;
O ulu dədələr əfv etsin bizi.
Gül dəstəsi bilib özgə daşını,
Bəzən gəlmələrə “xilaskar” dedik.
Qacar yadellidən qan qardaşını
Qorudu, biz ona “qəsbkar” dedik...
B.Vahabzadə yaxır: “Ə.Tahirzadənin bu kitabından öyrənirik ki, Ağaməhəmməd şah Qacar “bütün hakimiyyəti boyunca məhz türk tayfalarını: avşarları, xalacları, bayatları, qaragözlüləri və b. özünün hərbi-siyasi qüvvəsinin dayağına çevirdi. Onun və sonrakı bütün Qacar şahlarının çağında (1925-ədək) sarayın və ordunun dili əsasən doğma türk diliydi”.
Onu da qeyd edək ki, Ədalət bəy redaksiyaya kitablarının (külliyyatının ) PDF variantını da təqdim etdi:
- Mənim zəngin kolleksiyam var. Təxminən 100 min foto var. Kifayət qədər material toplamışam indiyədək.
- Bəs kimə həvalə edəcəksiz arxivinizi? Varisiniz kim olacaq?
- Hələ fikirləşirəm... Əslində, dövlətə - yəni Baş Arxiv İdarəsinə təklif etmişəm... Bu qədər dəyərli materialın qorunmasını, gələcək nəsillərə çatdırılmasını istəyirlərsə, buyursunlar. Varis məsələsinə gəlincə, Dilqəm Əhmədi öz varisim hesab edirəm. O, çalışqandır, zəhmətkeşdir...
Hə, bunu da deyim, sonda. Ədalət bəy redaksiyaya əliboş gəlməmişdi. Azərbaycan Türk Ocağı qurucularından Kərbəlayi Vəli Mikayılov və Əbdülvahab Sadıqzadənin həbsi haqqında qiymətli arxiv sənədlərinin surətini "Yeni Füyuzat"ın bir sayına və "Kommunist" qəzetinin "Güzgü" əlavəsini Akif Aşırlıya təqdim etdi...


