Qorxunun yeni üzü
Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
XXI əsrin ən böyük qorxusu: insan öz yerini itirməkdən qorxur
Alber Kamyu "Üsyankar insan" (L’Homme révolté, 1951) adlı fəlsəfi və siyasi essesində belə yazırdı: “On yeddinci əsr riyaziyyat əsri, on səkkizinci - fizika, on doqquzuncu - biologiya, iyirminci əsr isə qorxu əsri idi”.
Kamyu hər əsrin yalnız elmi istiqamətini deyil, həm də onun ruhunu müəyyənləşdirməyə nail olub.
XVII əsr insanın dünyanı rəqəmlərlə anlamaq cəhdi idi. Rene Dekart koordinat sistemini qurdu, Qotfrid Leybnist və İsaak Nyuton sonsuzluğun hesabını yaratdılar. İnsan ilk dəfə kainatın xaos yox, nizam üzərində qurulduğuna inanmağa başladı.
XVIII əsr təbiətin qanunlarını açmağa yönəldi. Nyuton mexanikasının təsiri fizikanı yeni mərhələyə çıxardı; eksperimental elm daha sistemli və dəqiq xarakter aldı. İnsan təbiəti yalnız müşahidə etmir, onu izah etməyə başlayırdı.
XIX əsr isə insanı özünə qaytardı. Çarlz Darvin canlı həyatın mənşəyinə başqa gözlə baxdı, biologiya insanın köklərini araşdırmağa başladı, genetikanın ilk toxumları səpildi.
Sonra XX əsr gəldi. İnsan ilk dəfə başa düşdü ki, ona ən böyük təhlükə təbiətdən yox, elə insanın özündən gəlir.
İki dünya müharibəsi, milyonlarla insanın ölümü, konslagerlər, atom bombaları, totalitar sistemlər... Kamyu buna görə XX əsri qorxu əsri adlandırırdı. O zaman insan nədən qorxduğunu, təhlükənin harada olduğunu bilirdi. Siren səsləri eşidilirdi, bombalar görünürdü, düşmənin adı vardı.
Bütün bunları düşündükcə beynimdə bir sual dolaşırdı: Kamyu bu gün yaşasaydı, XXI əsr haqqında nə deyərdi?
Çünki ilk baxışda bizim əsr qorxu əsrinə yox, tərəqqi əsrinə bənzəyir. İnsan Ayın səthinə qayıtmağa hazırlaşır, süni intellekt saniyələr içində kitablar yazır, kvant hesablamaları haqqında danışılır, tibbdə dünən mümkünsüz görünənlər gerçəyə çevrilir.
Lakin tərəqqi həmişə qorxunu azaltmır. Bəzən onu daha da dərinləşdirir. Çünki XXI əsrin qorxusu əvvəlkilərdən fərqlidir. Bu dəfə qorxu maska taxıb.
Əvvəllər qorxu qəfil gəlirdi. Müharibə başlayırdı, insanlar gizlənirdi. Təhlükə yaxınlaşırdı və insan reaksiya verirdi. İndi isə qorxu ani hadisə deyil; daimi vəziyyətə çevrilib.
Səhər yuxudan oyanan insan telefonunu açır və günə böhran xəbərləri ilə başlayır. İqlim dəyişiklikləri, iqtisadi qeyri-sabitlik, müharibələr, viruslar, süni intellekt, məlumat oğurluqları, siyasi gərginliklər...
Bir vaxtlar qorxu hadisə idi. İndi isə fon səsidir. Elə bir fon səsi ki, artıq onu hiss etmirik. Çünki onun içində yaşayırıq. Ən qəribəsi isə odur ki, insan artıq həyatı üçün deyil, mənası üçün qorxmağa başlayıb.
Əvvəllər insan işini itirməkdən qorxurdu, indi isə özünü itirməkdən qorxur.
Sosial şəbəkələr insanı qəribə bir yarışın iştirakçısına çevirib. Hər kəs görünmək istəyir, hər kəs təsdiq olunmaq istəyir, hər kəs başqalarının həyatına baxaraq özünü ölçür. İnsan artıq başqaları ilə yaşamır; başqalarının gözündə yaşamağa başlayır.
Bir vaxtlar insan “Mən kiməm?” deyə soruşurdu. İndi isə “Mən kifayət qədər görünürəmmi?” deyə sual edir.
Bu sual daha təhlükəlidir. Çünki birincisi mənanı axtarırdı, ikincisi isə təsdiqi.
Süni intellekt də qorxunun başqa üzünü yaradıb. İnsan birdən-birə özündən soruşmağa başlayıb: “Mənim yerim haradadır?”. Robotlar bizim əllərimizi yox, bəlkə də beynimizi əvəz etməyə başlayır. Texnologiya insanı fiziki əməkdən azad edir, amma başqa bir sual yaradır: əgər maşın düşünürsə, onda insanı fərqli edən nədir?
Bəlkə XXI əsrin ən böyük qorxusu də məhz budur: insan öz yerini itirməkdən qorxur.
Mənə elə gəlir ki, Kamyu bu gün yaşasaydı, XXI əsrə sadəcə "texnologiya əsri" deməzdi.
Ola bilsin belə yazardı: “XX əsrdə insan ölməkdən qorxurdu. XXI əsrdə isə insan özünü itirməkdən qorxur"
Çünki qorxu dəyişib. O artıq ucadan danışmır. Tanklarla gəlmir. Bağırmır. Sadəcə içimizdə səssiz yaşayır.
Və bəlkə də bu əsrdə insanın əsas mübarizəsi dünyanı dəyişmək deyil, öz daxilində insan olaraq qalmaqdır.
Çünki qorxuya qalib gəlmək onu məhv etmək deyil. Qorxuya baxıb yenə də insan qala bilməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 08 İyun 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















