Icma.az
close
up
RU
Qorxuram ki, bir gün dahi olacam və intihar edəcəm…

Qorxuram ki, bir gün dahi olacam və intihar edəcəm…

Oxuduğunuz bu müsahibə indiyə qədər jurnalist fəaliyyətimdə etdiyim ən fərqli müsahibədir. Belə ki, burada sualı da, cavabı da özüm verirəm.

Əslində, əvvəlcə şərti olaraq ad-soyad yazmaq istədim ki, daha təbii alınsın. Amma bir haldakı müsahibəmiz qismən səmimiyyət üzərində qurulub, buna nə ehtiyac var?

Hələ “Özümü tənqid” adı altında yazı da yazmışdım, amma gördüm, orada da özümü tərifləmiş oluram. Odur ki, bu formatla fikirlərimi çatdırmaq istədim.

İndiyə qədər barmaqhesabı müsahibə vermişəm, çünki deyiləsi xüsusi sözüm yoxdur. Fikrimcə, yazıçı müsahibəni kitabı çıxanda, yaxud hansısa ədəbi hadisələrin, proseslərin ətrafında verməlidir. On ildə bir də ümumi nələrsə ətrafında danışmaq olar. Bunu rəhbər tutub, heç müsahibə də vermirəm və yəqin ki, yaxın bir neçə il ərzində də verməyəcəm.

Odur, elə bir neçə il sonra özümə verdiyim bu müsahibəni təqdim edirəm.

Gununsesi.info yazıçı, jurnalist Orxan Saffarinin özü ilı müsahibəsini təqdim edir:

-Orxan, əvvəlcə bunu dəqiqləşdirək. Bu müsahibədə səmimi ola biləcəksənmi?

-Nisbətən bəli. Daha dəqiq, tam səmimi olmaq mümkün deyil. Ümumən isə bu ifadənin özü də mənasızdır. Səmimi insan yoxdur, sadəcə, daxilindəki sərhədləri müəyyən yerə qədər aşa bilən, nisbətən bəzi məqamlarda kompleksi olmayan, özünü özü ilə bağlı məsələlərdə ictimai və fərdi tənqid edə bilən və.s formada adamlar var. Əgər bir insan sonuna qədər səmimi olsa, biabırçılıq olar. Özünü tənqid bir yerdən sonra asandır, ifşa etmək isə yox. Səmimiyyət anlayışı, əslində, budur; “Özünü ifşa etmək”. Mən isə hələlik özümü ifşa edəcək mərhələdə deyiləm. Düşünürəm, özümü tamamilə ifşa edəsi olsam, bunu roman şəklində yazaram, o da ki, həmin romanı əgər ölənə qədər gizlədə biləcəmsə, sandıq ədəbiyyatım olacaqsa. Ölümdən sonrası isə qətiyyən maraqlı deyil, goruma da söyəcəklər. Yazmaq hər nə qədər həm də ölümdən sonra yaşamaq üçün olsa da, bu cür düşüncəm yoxdur. Hətta artıq unudulmaq kimi bir dərdim yoxdur. İndi o mərhələm olmasa belə, gələcəkdə hamının yadından çıxmaq da istəyərəm. Sadəcə, hazırda bu fikirlərim səmimi görünmür.

-Bəs oxuculara onların bilmədiyi nəyi etiraf edə bilərsən? Hansı ki, bir az çox səmimi olsan, onu demək olar və şok effekti yaradar?

-Konkret ağlıma bir şey gəlmir. O qədər məsələ var ki, onların heç kimin üçün əhəmiyyəti də olmaya bilər. Sadəcə, müsahibə boyu açıq danışaram, oxucular da özü qərar verər. Üstəlik, yenə də hər şeyi tam demək mümkün deyil, deməyəcəm. İstər-istəməz kimlərinsə bilmədiyini istəmədiyin sirrlər ola bilər, ya da sənə gələcək həyatında problem yaradası məsələlər. Biri var əcəl, biri də var, əcələ mayallaq. Mən əcəli gözləyənlərdənəm.

-Orxan, məsələn, ən çox nədən qorxursan?

-İlk ağlıma gələn bu oldu; Gənc yaşımda ölmək. Amma başqa anlamlarda “laqonda” və “İlan” deyə bilərəm. Zəhərli ilan görsəm, ürəyim gedə bilər. “Laqonda”nın səsi gələndə, kiminsə əlində görəndə isə həyəcandan əsirəm. Özüm bir neçə dəfə istifadə etmişəm, amma başqa adamın əlində görəndə rəngim dəyişir. Maksimum uzaq dururam, elə bilirəm, bu dəqiqə çıxacaq və penisimi kəsib tullayacaq. Qəribədir ki, ağlıma məhz penisimi kəsəcəyi gəlir. Bilmirəm nə zaman, necə qorxmuşam bu qədər, amma belədir. Yaxud da, boğazımda meyvə dənəsinin qalıb ölməyimdən qorxuram. İlahi, necə mənasız ölümdür. Oturmusan, yemək yeyirsən və boğazında bir tum qalır, nəfər borun tıxanır, ölürsən. Başına daş düşüb ölsən, bundan urvatlıdır. Gənc ikən ölümdən qorxunun səbəbi çox da uzun illər yaşamaq, öləcəm, sonra nə olacaq qorxusu deyil. Belə izah edərdim ki, hələ həyatda çox şeyin dadına baxmamışam. Bunlar isə çoxları üçün sadə ola biləcək məsələlərdir. Məsələn, içmək istədiyim içkilər var, içməmişəm, yemək istədiyim yeməklər var, yeməmişəm. O cümlədən gəzmək istədiyim yerlər, geyinmək istədiyim geyimlər, maşınlar, bir sözlə, daha çox məişət müstəvisində yaşantılar. Hətta görüşmək istədiyim adamlar var, hazırda əlim çatmır. Üstəlik, yazıçı olaraq yazmaq istədiyim əsərlər də var. Onların bəzisi ağlımdadır. Hesab edirəm, məhz onları yazmaq üçün yaş faktoru da önəmlidir. Yaşamaq istəyimin kökündə bir neçə ildir, ancaq yazmaq eşqi dayanır. Çünki özümü hələlik ancaq burada tapdım. Yazmadığım dövrlərə baxsaq, kifayət qədər mənasız adam olduğum ortaya çıxar. Heç indi mənalıyammı? Onu da bilmirəm. Yazmaq özümü ifadə etməyimin əsas faktorudur ki, indi bu müsahibəni də yazmaq eşqi etdirir. Yoxsa, mənim nəyimə lazımdır ki, özüm haqqımda ağzıma gələn şeyləri də deyim?!

-Belə başa düşdüm ki, daha çox həzzinin düşkünüsən…

-Düz başa düşmüsən. Qadınlar var, qoynuna girməmişəm, könlüm istəyən intimlər olmayıb, bir çox çılğınlıqlar var, onları da etməmişəm. Bilirsən, adam gərək yaşının verdiyi avantajları vaxtında etsin. Etməyəndə, edə bilməyəndə sonradan onları etmək yaxşı qarşılanmaya bilər. Daha dəqiq, 20 yaşında etməli olduğun şeyi 40-da edəndə olursan bambılı. Mən bəzilərini etməyə qorxmuşam, bəzilərinə isə şərait yaranmayıb, qarşımı daxili əxlaq kimi məsələlər kəsib. Onları haradasa, necəsə qırmalıyam, içimdə xaos olmalıdır ki, arzu etdiyim sakitliyə çata bilim. Enerji çıxsın içimdən. İstəyirəm, gələcək illərdə o fürsətlər əlimə düşsə, onları edim. Yaşamaq istəyim daha çox eqoizmdir. “Edim, sonra ölüm” prinsipim var. Tək bu məsələlərdə yox, etdiyim bir çox pis və yaxşı əməllərdə həmişə belə düşünmüşəm “Et, sonra peşman ol.” Çünki hər şey keçicidir. Ən pis anın, ən xoşbəxt günün də. Geriyə xatırlayacağın, danışacağın, unutmaq istədiyin nələrsə qalır. Bu, həm yaxşıdır, həm də pisdir. Yaxşı tərəfləri məlum, pis isə odur ki, bu prinsip səni pis şeylər etməyə də vadar edir, bəzən bəzi ölçüləri itirirsən.

-Hansısa məqsədinə çatmaq üçün çox pis şeylər edərsən ki?

-Məqsədim yoxdur, yügülvari istəklərim var. İstəklərim üçün çox pis şeylər edə bilərəm, açığı, bundan narahat da olmaram. Etməyəcəyim nələrsə ola bilər, amma ümumi götürsəm, çoxunun “Heç vaxt belə etmərəm” dediyi şeyləri edərəm, eləmişəm də.

-Fərz etsək ki, Orxan Saffari deyilsən, orta statistik azərbaycanlı, sadəcə, Orxan Səfərovsan. Kim olardın?

-Yəqin ki, avara, narkoman, qumarbaz, əclaf, qatil, əxlaqsız bir adam olardım. Amma bilmək olmaz, gələcəkdə bunların hansısa yenə ola bilərəm. 18-19 yaşıma kimi olan bir istəyim də bu idi. Bu cür tanınmaq, bu yolda irəli getmək. Buna həm mühitim təsir edib, həm də genetik xarakterim. Xatirimdədir, hələ uşaq olanda agent olmaq, insanları öldürmək, onların yasına gedərək halvalarını yemək, məzarlarının başında hamıdan çox ağlamaq istəyirdim. Bütün bunlar isə, sadəcə, əyləncə üçün idi. Xüsusi adam seçimim də yox idi. Doğmalarım xaric, kim olsa. Bir az da romantik desəm, cəmiyyətdə pis adam olan, pisliklər edənləri aradan götürmək. Amma özüm də elə pis adam idim. Denən, bunları edən yaxşı adam ola bilər ki? Onu da deyim, indi də bu düşüncə ağlımda var. Açıq danışsaq, əgər bilinməyəcəyini bilsəm, tam əmin olsam ki, bu sirr ölənədək gedəcək, üstü açılmayacaq, bəlkə də, bir-iki nəfəri öldürərdim. Dediklərimi edər, sonra da onu yazardım ki, ölümümdən sonra çap olunsun. Bilirəm, çox pis səslənir, ziyanlıdır, amma belədir. Təbiət olaraq qeyri-qanuniliyə meyilli adam olmuşam. Çox imkanlı adam olsaydım, elə qumarbaz, narkoman da ola bilərdim. Sadəcə, təsadüfən bir mühitə düşdüm, kitabla əhatələndim və tərbiyə olundum. Bu cür düşüncələrin də çoxu uçub getdi, geridə romantikası qaldı. Yoxsa, belə götürsək, ümumən pisliyin tərəfdarıyam.

-Niyə məhz pislik?

-Mən insanın fitrətən yaxşı ola biləcəyini düşünmürəm. İnsan təbiət və yaradılış olaraq vəhşi və nifrətkardır. Yaxşılıq, səmimilik, mehribanlıq və başqa müsbət xüsusiyyətlər onlara sonradan şüuraltı olaraq, sosial davranış qaydası kimi ötürülür. Dünyanın yaranması, dünyada yaşamaq-hər şey şər ilə mübarizədədir. İnsanın yaşaması da mübarizədir. Məsələn, bu mənada mən Orxan Saffari yox, Orxan Səfərov olsaydım, çox mundar bir insan ola bilərdim. Onsuz da, dediklərimdən bəlli olur. Həyatla bağlı düşüncələrim də çox nihilistdir. Amma həm də xoşbəxtəm. Belə demək olar ki, hələ də özümü tapmamışam. Dünya, varlıq, yoxluq, insan faktoru məni yorur. Hər şeyə-ən yekə həqiqətlərə “Niyə? Hə, nə olsun?” sualı atıram və qalıram belə. “Həyat mənasızdır, amma hər şeyin bir mənası” var devizimi rəhbər tuturam. Özümdən başqa insanlar var. Dünyada milyardlar insan, heyvan. Hər şeyin öz funksiyası. Yaradılış, dünyadan əvvəl, qaranlıq, boşluq-amma bütün bunların fonunda Azərbaycan məişətində və cəmiyyətində sıxılıram. ELə hər yerdə sıxılardım. Artıq şablonluq yoxluq, yeniliyin şablona dönəcəyi, hər şeyin adiləşəcəyi də yorur. Bir sözlə, düşünməkdən yoluram. Qorxuram ki, bir gün dahi olacam və dözməyib həmən intihar edəcəm.

-Bu müstəvidə etdiyin, amma gizli qalan nələrisə deyə bilərsən?

-Elə burada səmimiyyətim bitir. Onları etiraf etməyim indi də problem ola bilər, üstəlik, Orxan Saffari obrazından düzgün deyil. Özümlə nisbətən səmimi söhbətə görə hər şeyi açıb tökməyə ehtiyac yoxdur. Hazırda fakt odur ki, yaxşı olmağa çalışan, qeyri-qanuni məsələlərdən qaçan, fayda verən insan olmağa çalışıram, nisbətən də olmuşam. Doğrudur, özümdə tam olaraq belə bir missiya da hiss etmirəm, amma istər-istəməz gördüyüm işlərdə bunlar da olur. Üstəlik, dərinə gedəndə “oydaa, bu nə idi” deyilən əməlim də yoxdur. Şərait olmadı və düşüncələrim dəyişdi. Bir çox şeylərin hansısa formalarda cəzasını çəkmişəm, bəzi şeylər də yazılıb uşaqlığın ayağına, həyatdakı şansa. Ona görə də bu barədə bu qədər etiraf kifayət edər.

-Yaxşı, indiki düşüncənlə hansı halda düşünmədən qatil ola bilərsən?

-İlk növbədə özümü qorumaq məqsədi ilə. Məsələn, görsəm ki, qarşımdakı adam məni öldürəcək, ciddi zərər yetirəcək və tək müdafiə yolu öldürməkdir, həmən öldürərəm. Bu da çox yaşayım istəyi deyil, refleks, bir az cəsarət, daha çox da eqoizmdir. Yaxud, ola bilsin, xəyanətlə üzləşsəm, yenə öldürə bilərəm. Tutalım ki, gəlirəm evə və çarpayımda həyat yoldaşımı başqa kişi ilə tuturam. Kişini birmənalı öldürməz, paltarını geyinməyə icazə verərək çıxıb getməyini deyərəm, amma qadınla bağlı bilmirəm. Buna görə öldürmək istəməsəm də, eqoizm güc gələ bilər və acıq çıxmaq istəyərəm. Ən yaxşı halda öldürməsəm, bu fikrə güc gələ bilsəm, yəqin ki, bilərəkdən şikəst edərəm. Bir sözlə, bu cür alçalmağımı boşanmaqla ötüşdürmərəm. Halbuki bunun ən gözəl, hamının etməli olduğu yol budur, məhz boşanmaq. Kaş bu sözü deyə bilərdim, bu düşüncəyə gələrdim ki, həyat yoldaşı xəyanət edəndə yolları ayırmaq lazımdır. Bəlkə də, illər sonra düşüncəm dəyişər. Amma an olaraq bu cür düşünürəm. Təbiət olaraq insan xəyanətinə haqq verən adamam. Heç adam adama çox dözməyə, ömrünü ona həsr etməyə də bilər. Amma beynimə qazılan bəzi mentallıqlar və eqoistlik, özünə layiq görməmək belə mənfi düşüncələri formalaşdıra bilir.

-Orxan, həyatdan hazırda nəsə bir istəyin var, nə arzulayırsan?

-Sadə, hamının istəyəcəyi istəklərdir çoxu. Məsələn, çoxlu pul. Sona qədər olmasa da, heç olmasa, bir müddətlik, bir neçə illik. Amma əziyyətsiz formada. Haram pullar da ola bilər, problem yoxdur. Mən halal zəhmət, alın təri ilə pul qazanan adam deyiləm. Yəni, məsələn, istəmirəm ki, gedim inşaatda fəhlə olum. Ola bilsin, kimlərsə oxuyub “Fəhləyə nolub, alə?” desin. Elə məhz bu pafosa görə. Bizdə kasıb adama qaz verməyi sevirlər axı. “Oyy halal zəhmət, alın təri”. Sadəcə, hər kəs özünü bilir və tanıyır, haradasa görmək istəyir. Mən özümü orada görmək istəmirəm. Sadəcə, bu. Üstəlik, bu tip işlərdə bacarıqsız, əlindən-başından bir iş gəlməyən adamam. Darıxmasam, gecələr haradasa mühafizəçi dayana, bir də yaza bilərəm. Bir müddət son dərəcə rahat yaşamaq istəyirəm. İndiyə qədər olan ömrüm səhvlərim və həyatın gətirdiyi çətinliklər ucbatından borc-xərc, problemlərlə keçib. Düşündüm, tam ürəyimə yatan bir tam xoşbəxt günüm olmayıb. Hələ 24 saat sevinc içində olmamışam. Düzdür, şərait həm də elə gətirib ki, əksər istədiyim məsələlərə də çatmışam. Özümdən olmasa da, yaxşı həzzlərin içinə düşmüşəm, amma bunlar çox qısa olub və tamarzısıyam. Klassik olaraq yaxşı ailə istəyim var. Konkret, dolanışıq. Amma bunun sonadək belə olmayacağını, şair dostum demiş, hələ bu ömrün qabaqda Kərbəlası olduğunu yaxşı bilirəm və hazıram. Qəbullanmışam ki, həyat mənim kimi, mənim düşüncəmdə olan adamlar üçün asan keçməyəcək. Bu yolu da başa düşərək, şüurlu seçmişəm deyə immunitetim var. Nə bilim, mən tez-tez, bu müsahibədə belə bir sualdan bir fikir dəyişən adamam deyə çətindir. Həyati qərarlarda isə sabitqədəməm, çox məsələdə məsuliyyətliyəm, hələ də bir çox insani dəyərləri itirməmişəm, amma ümumilikdə ideala yeddi ağac da yaxın insan deyiləm. Odur ki, gələcək istəklərimlə bağlı qəti bir şey deyə bilmirəm. Onu buraxmışam həyatın axarına, zamanın gətirdiklərinə.

-Özünə nələri bağışlamırsan?

-Bağışlamırsan deməyək. İçimdə özümlə söhbət edəndə(müsahibə yox, söhbət)hər şeyi bağışlayıram. Deyirəm, Orxan müəllim, (Təvəzökarlıq olmasın, özümə tez-tez “bəy, müəllim” deyirəm) yaxşı eləmisən, həyat sənindir, kef elə, ölüb gedəcəksən və bunlar xatırlanmayacaq. Amma bəzi əməllərim nisbətən sarsıdır. Məsələn, yüngülvari də olsa, yaltaqlıq eləmişəm. Düzdür, bu yaltaqlıq mənə siz deyən xeyir də gətirməyib, amma bir neçə dəfə belə hal olub. Hiss eləmişəm ki, qarşımdakı insanın qarşısında əzilirəm, çəkinirəm, bu da mənə ləzzət eləməyib. Sonradan özümə demişəm ki, axı niyə? Onun heç nəyində gözün yoxdur və ummursan. Görünür, hansısa status, duruş, bir sözlə, izahını verməyə çətinlik çəkdiyim nəsə məcbur edib. Bununla da mübarizə aparmışam. Bir də bəzi adamlara özlərinin bilmədiyi pisliklər etmişəm, onları da dediyim kimi, tam səmimi olub etiraf etməyəcəm.

-Bəs gələcəkdə hansısa hallarda yaltaqlıq edə bilərsən?

-Dəqiq bilmirəm. Ola bilər, həyat elə bir yerə çıxartsın ki, tək yolum yaltaqlıq eləmək olsun, boynumu bükmək lazım gəlsin.

-Orxan, sən fiziki olaraq yekəpərsən, davakarsan, danışdıqlarını nəzərə alsaq, sənə bunun daha çox ziyanı var, yoxsa xeyri?

-Özümə verdiyim ən yaxşı, haqqında ən dəqiq danışmaq istədiyim sual oldu. Hə, bunu da deyim ki, suallar adi gəlirsə, üzrlü hesab edin, özümün özümünlə danışacaq bir ciddi mövzum yoxdur. Demək, belə. Mən əslində, uşaq olanda olduqca qorxaq olmuşam. Bu, 12 yaşıma qədər belə olub. İndi də düşünəndə həyəcanlanıram. Uşaq vaxtı ağlasığmaz şeylər olurdu ki, onları normal halda bir insan 30-40 yaşında yaşayar. Yolda iki insanın davasını belə görəndə qorxurdum. Özüm də dalaşmamaq üçün altdan-altdan gizlincə yaltaqlanırdım, döyülməkdən qorxurdum. Demə, qarşımdakılar da çox vaxt məndən qorxurmuş. Yarım boyda olan uşaqlardan da tırsırdım. Tam təfərrüatları danışsam, çox uzun və yorucu ola bilər. Bir sözlə, qorxu hissimin itməyi bir neçə küçə hadisəsindən sonra oldu. Təbii ki, yekəpər olmaq, güclü olmaq avantajdır. Xüsusi ilə bizim cəmiyyətdə. Əvvəla, gözəgəlimli olursan, diqqət mərkəzində dayanırsan deyə xoş gəlir. Üstəlik, mənim kimi eqoist adamsansa. Ziyanları da, təbii ki, olur. Bunu həm küçədə görürsən, həm də mədəni-ictimai həyatda. Düzdür, bu cür danışmağı sevmirəm və mənasız hesab etsəm də, özünə qarşı paxıllıqları anında hiss edirsən.

-Kimlər, nə cür paxıllıq edir ki?

-Tutaq ki, boyunun uca olması səni bir çox qadına yaxınlaşdırır. Bu da təbii olaraq ətrafında kimlərinsə xoşuna getmir. Hansısa formada bunu hiss edirsən. Amma mən bunu tam təbii qarşılayıram. Paxıllıq da təbii hissdir və normal hormonları olan kişilər sırf bu məsələdə bu hissi yaşaya bilər. Özüm də yaşamışam. Məsələn, qadın olub, yanındakı dostuma baxıb ürəyimdə demişəm ki, qıza bax, gözəlliyə bax, bir də dostuma. Heç ona layiq deyil, bu qadın mənim olmalı idi. Doğrudur, etiraf edirəm, belə adam olmuşam, bəllidir. Amma elə ki, düşüncən, həyat tərzin dəyişir, bu dəfə də səni bununla vururlar. Tutaq ki, ədəbi mühit. Mən tez-tez haqqımda(əvvəllər daha çox) eşidirəm ki, “əşşi, o davakar adamdır, elədir, belədir”. Bu, əlbəttə, gözdənsalmağa hesablanır. Sənin haqqında imic formalaşdırırlar, istəyirlər, nələrdənsə təcrid eləsinlər. Bunun günahkarı özüməm, amma çox da haqq etmirəm. Çünki sən dəyişmisən axı. Olmadığın, keçmişdə olduğun bir obrazı yaşadırlar. Bizdə onsuz da, həmişə belə olub. Başqa bir misal. Bir adam bir səhv edir, onu tənqid edirsən, tənbehləyirsən, o da düzəlir. Bundan sonra o adam səhv etsə, ya necə parlasa, onu düzəlməyi üçün təndiq edən adamlar deyir ki, “Kim olmusan e? Filan şeyi edirdin, filan adam idin”. Amma niyə? Bu adam düzəldi də. Demirdin, belə olma? Olmadı da. Niyə keçmişi üzünə vurursan?

-Aha, sonra.

-Yaxud, mətnindən danışarkən, tərif edilərkən belə bu xüsusiyyətlərini vurğulayırlar. Mənim yaradıcılığımdan danışmaq istəməyən bəzi adamlar, adətən, bu cür tərif edirlər: “Çox mərd, cəsarətli oğlandır, saat 3-də də zəng vur, durub gələr”. Bu isə mənim üçün gülməlidir. Belə çıxır ki, bu cür danışan adamlar həm də belə deyillər və bunları xüsusi bir hal hesab edilər. İnsanın mərd olmasında, gecə 3-də də dostunun probleminə qaçmasında xüsusi vurğulanacaq nə var? İndi nə olsun ki, mənim hansısa hərəkətlərim yazıçı obrazına uyğun deyil? Daha dəqiq, əzik azərbaycanlı yazıçı obrazına? Dünya doludur fərqli xarakterli yazıçılarla. Bunun bir səbəbi də odur ki, adamlar mənim kimi adamları hər məsələdə əzik, zəif görmək istəyirlər. Axı sən onların qarşısındasan və “kölgən” düşür. Əsgərliyin dedovşinasında belə qayda var idi ki, fiziki olaraq böyükləri, güclü adamları daha çox və tez döyürdülər. Çünki sən nələrsə təsir edə, önə çıxa bilərdin. Bu cəngəllik qaydası hər yerdə var. Bu sual ətrafında çox danışsam, özümü daha çox tərifləməli olacam, ona görə də, ən yaxşısı, elə burada saxlamaqdır. İstəyirəm, müsahibəni burada da bitirək, çünki buradan sonra danışa biləcəklərim başqa mövzulardır, onlara da hazırda gücüm yoxdur.

-Bunu da soruşum, sən tez-tez kimlərisə tənqid də edirsən. Gah öz həmyaşıd dostlarını, gah da hansısa yaşlı bir sənət adamını. Bəzi dostların deyir ki, özünə cəsarətli obraz düzəldir. 

-Dostlarım düz deyir, amma gərək bunu aşağılamaq anlamında deməsinlər. Onsuz da, hamı özünə bir yol tutur, obraza girir də. Onsuz da, mənə zamanla o qədər “vicdanlısan, dürüstsən” dedilər, məcburiyyətən belə olmağa çalışdım. Yoxsa, mən hara, vicdan hara, dürüstlük hara?! Qaldı tənqidə, indiyə qədər etdiyim əksər tənqidlər ya bikarçılıq olub, ya da səs-küy yaratmaq, haqqımdan danışılsın istəyindən. Üstəlik, tənqid edəndən sonra körpülər də yanır.

-Tənqid etdiyin adamlarla əlaqən olsa, yenə də tənqid edərsən?

-Əlaqəm olan adamları kifayət qədər tənqid etmişəm. Elə cəsarət məsələsini buna görə deyirlər də. Amma elələri var, onları məhz əlaqəm olduğuna, hansısa formada mənə yaxşılıq etdiklərinə, münasibətlərə görə tənqid etmirəm. Məsələn, Azərbaycan Yazıçılar Birliyi və sədri Anar haqqında o təhqir qalmayıb ki, deməyim. Amma oranın funksionerlərindən olan Rəşad Məcid, Qulu Ağsəs haqqında heç nə deməmişəm. Çünki onlarla çox mehriban münasibətim olub, insanam da, qırılıb qalmışam. Hər nə qədər bəşəri düşünməyə çalışsam da, çörəkdən keçə bilməyən adamam. Bütün hallarda isə qəhrəman deyiləm ki. Mən ürəyim istəyəni, xoşuma gəlməyəni tənqid edirəm. Gücüm çatmayanı da edirəm, amma həmişə yox. Başa düşürəm ki, bu, ədalətli deyil. Amma soruşun, görün vecimədirmi? Mən Azərbaycanda ədalətli olmağa da qorxuram. Təhlükəlidir.

– Bir tərəfdən ədəbi mühitdə də, ümumən də mövqedən danışırsan, amma sənə tamamilə əks mövqedə olan insanlarla dostluq edirsən. Bu, səncə, saxtakarlıq deyil?

-Deyil. Mənim özümün mövqeyim, konkret bir istəyim olsaydı, bəlkə də, necəsə saxtakarlıq hesab olunardı. Amma mənim yolum, izim yoxdur axı. Mən həyatda qalağa, yaşamağa çalışan adamam, ömrün bu çağında nə bilim ki, necə olacaq? Mənim alçaq, yaltaq, mübariz, oğru, polis, bir sözlə, hər zümrədən, hər xarakterdə olan dostum var. Onların hər biri ilə yolumuz necəsə, haradasa kəsişib. Mən də o qədər ədalətli və dürüst adam deyiləm ki, deyim, belə düşünmürəm deyə, ay dost, səninlə alınmaz. Əksinə, mən yazıçıyam və onlar da ən pis halda obrazdır. Hər xarakterdən bir şey öyrənirsən. Bir sözlı, bu cür söhbət mənasızdır. Hamı hamı ilə dost ola bilər. Bizi birləşdirən həm də maraqlardır.

-Son olaraq cəmiyyətə demək istədiyin nəsə var?

-Xeyr, yoxdur. İnanmıram ki, çox əhəmiyyətli bir şey deyə bilim. Maksimum kitab oxuyun deyərəm, onu da nə qədər demək olar? Hələlik cəmiyyətdən öyrənirəm və uzaq dururam. Özümü tez-tez bu cəmiyyətdə görmürəm, amma elə burada tapıram. İçimdə müsbət şeylər çoxdur, amma həm müsahibənin səmimiyyət tərəfinə görə demirəm, həm də indi ehtiyac yoxdur. Bir gün lazım gəlsə, cəmiyyət ayağıma, hüzuruma gəlsə, konkret məsələdə konkret fikir soruşsa deyərəm. Yoxsa, durum özümü bu əzik cəmiyyətə ziyalı kimi söz deyən yerdə tutum, qətiyyən.

seeBaxış sayı:81
embedMənbə:https://www.gununsesi.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri