Qubadlı: 27 illik həsrətdən Zəfərə
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hər il oktyabrın 25-i Azərbaycan xalqı üçün xüsusi məna daşıyır. Məhz 2020-ci ilin bu günündə, 44 günlük Vətən müharibəsinin gedişində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlı şəhərinin işğaldan azad edildiyini xalqa müjdələdi. Bu xəbər bütün ölkədə böyük sevinclə qarşılandı, insanlar küçələrə çıxaraq qəhrəman ordumuzun növbəti qələbəsini bayram etdilər. Qubadlı şəhəri 27 illik ayrılıqdan sonra yenidən Azərbaycan bayrağına qovuşdu.
Qubadlı 1993-cü il avqustun 31-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Həmin gün on minlərlə qubadlılı doğma yurd-yuvasını tərk etməyə məcbur oldu. Məcburi köçkün həyatı yaşayan Qubadlı sakinləri uzun illər boyu respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşaraq bir gün doğma torpaqlarına qayıdacaqları ümidi ilə yaşadılar. Onların həsrəti, ağrısı və gözləntisi bütövlükdə Azərbaycan xalqının ağrısı idi.
Prezident İlham Əliyev Qubadlının azad edilməsinin əhəmiyyətini dəqiq ifadə edib: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Bu sözlər Qubadlı uğrunda döyüşlərin Vətən müharibəsinin ümumi gedişindəki yerini aydın göstərir. Qubadlı istiqamətində uğurlu əməliyyatlar ordumuzun Şərqi Zəngəzurda irəliləməsini təmin etdi və Laçın istiqamətində yeni imkanlar açdı.
Qubadlının dağlıq və sıx meşəlik relyefi döyüş əməliyyatlarını xeyli çətinləşdirirdi. Düşmən otuz ilə yaxın müddətdə bu ərazilərdə möhkəm müdafiə xətləri qurmuşdu. Lakin Azərbaycan əsgəri yüksək döyüş ruhu, peşəkarlıq və fədakarlıq nümayiş etdirərək bütün maneələri dəf etdi. Qubadlı uğrunda gedən döyüşlər Azərbaycan Ordusunun müasir döyüş taktikasını, texniki təchizatını və şəxsi heyətin mənəvi-psixoloji hazırlığını bir daha nümayiş etdirdi.
Qubadlı şəhərinin azad edilməsindən sonra ordumuz rayonun kəndlərini də bir-birinin ardınca işğaldan azad etməyə başladı. Ali Baş Komandan hər yeni qələbəni xalqa müjdələyir, bu müjdələr isə ölkənin hər guşəsində ruh yüksəkliyi yaradırdı. Nəticədə Qubadlı rayonu tamamilə işğaldan azad edildi və bu torpaqlarda Azərbaycanın suverenliyi bərpa olundu. 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktını imzalaması ilə müharibə Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı.
Bu Zəfər böyük qurbanlar hesabına qazanıldı. Qubadlı uğrunda döyüşlərdə yüzlərlə igid övladımız qəhrəmanlıq göstərdi, onların bir qismi şəhidlik zirvəsinə ucaldı. Şəhidlərimizin əziz xatirəsi bu gün Qubadlının hər qarışında yaşayır. Qazilərimiz isə qəhrəmanlıq salnaməsinin canlı şahidləri kimi gənc nəsillərə vətənpərvərlik nümunəsi göstərirlər. Xalqımız onların şücaətini heç vaxt unutmayacaq.
Qubadlının azad edilməsi təkcə hərbi qələbə deyildi. Bu, həm də otuz ilə yaxın kağız üzərində qalan beynəlxalq hüquq normalarının Azərbaycan tərəfindən bərpası idi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edirdi, lakin bu tələblər icra olunmurdu. Azərbaycan Ordusu döyüş meydanında bu qətnamələrin tələblərini faktiki olaraq özü yerinə yetirdi.
Qubadlının azad edilməsi xalqla ordunun, cəbhə ilə arxanın vəhdətinin bəhrəsi idi. Müharibə günlərində bütün Azərbaycan bir yumruq kimi birləşdi. Hər bir vətəndaş öz imkanı daxilində Zəfərə töhfə verməyə çalışırdı. Məhz bu birlik, Ali Baş Komandanın müdrik strategiyası və qəhrəman ordumuzun döyüş əzmi sayəsində Qubadlı yenidən öz sahiblərinə qayıtdı.
Qubadlı uğrunda döyüşlərin xronikası göstərir ki, Azərbaycan Ordusu hər bir əməliyyatı dəqiq planlaşdırır, mülki əhalinin təhlükəsizliyinə və beynəlxalq humanitar hüququn tələblərinə ciddi əməl edirdi. Düşməndən fərqli olaraq ordumuz dinc insanlara qarşı deyil, yalnız işğalçı qüvvələrə qarşı vuruşurdu. Bu yanaşma Azərbaycanın haqlı mübarizəsinin həm hərbi, həm də mənəvi üstünlüyünü nümayiş etdirirdi və beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsinə xidmət edirdi.
Qubadlının azad edilməsi xəbəri xüsusilə qubadlılılar üçün unudulmaz an idi. Onilliklər boyu doğma yurdunu yalnız xatirələrdə yaşadan ahıllar, işğaldan sonra doğulub Qubadlını heç vaxt görməyən gənclər bu xəbəri göz yaşları ilə qarşıladılar. Həmin gün bir daha sübut olundu ki, Vətən sevgisi nəsildən-nəslə ötürülür və heç bir işğal xalqın öz torpağına bağlılığını qıra bilməz.
Bu gün oktyabrın 25-i Qubadlı şəhəri günü kimi qeyd olunur. Bu gün həm qələbə sevincinin, həm də şəhidlərimizə ehtiramın ifadəsidir. Qubadlı artıq işğalın acı xatirələri ilə deyil, dirçəliş və quruculuqla anılır. 27 illik həsrətdən Zəfərə uzanan yol Azərbaycan xalqının iradəsinin, birliyinin və dövlətinin gücünün təcəssümüdür. Qubadlı azaddır və əbədi olaraq Azərbaycanın ayrılmaz parçası olaraq qalacaq.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 25 Oktyabr 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















