“Qubadlının azadlığı mühüm tarixi hadisədir” Deputat
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
"25 oktyabr Azərbaycan tarixində hərbi əməliyyatın nəticəsinin siyasi və mənəvi məna qazandığı mühüm günlərdən biridir. 2020-ci ildə Qubadlı şəhərinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycan Ordusunun təşəbbüsü ardıcıl şəkildə öz əlində saxladığını, dövlətimizin ərazi bütövlüyünü bərpa etmək əzminin isə konkret hərbi nəticələrə çevrildiyini nümayiş etdirib".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov dedi.
Onun sözlərinə görə, Qubadlı uğrunda qazanılan qələbənin tarixi dəyəri şəhərin azad olunması ilə yanaşı, həmin əməliyyatın müharibənin sonrakı mərhələsinə göstərdiyi strateji təsirlə ölçülür:
"Qubadlının 1993-cü il avqustun 31-də işğal edilməsi rayonun ictimai həyatında ağır bir qırılma yaratmışdı. 29 min 997 sakin doğma yurdundan didərgin düşmüş, yaşayış evləri, təhsil və mədəniyyət müəssisələri, dini abidələr, yollar və digər infrastruktur obyektləri dağıdılmışdı. Bu faciənin mahiyyəti təkcə maddi itkilərlə məhdudlaşmayıb. İnsanların doğulduqları torpaqdan uzaq düşməsi, nəsillər arasında təbii sosial bağlılığın zəifləməsi, tarixi yaşayış mühitinin dağıdılması xalqımızın yaddaşında dərin iz buraxıb. Bununla belə, qubadlılılar Vətənə bağlılığı, yurd sevgisini və qayıdış inamını qoruyub saxladılar".
Millət vəkili vurğuladı ki, 2020-ci ilin oktyabrında Qubadlı istiqamətində aparılan döyüşlər Azərbaycan Ordusunun peşəkarlığını aydın göstərib:
"Düşmənin şəhərə hakim yüksəkliklərdə qurduğu mövqelər əməliyyatın mürəkkəbliyini artırırdı. Belə şəraitdə Xanlıq, Padar və Sarıyataq kəndləri istiqamətində əldə olunan uğurlar, strateji yüksəkliklərin nəzarətə götürülməsi şəhərin azad edilməsinə əlverişli imkan yaratdı. Oktyabrın 25-də şəhərin işğaldan azad olunması hərbi planlaşdırmanın, döyüş hazırlığının və şəxsi fədakarlığın vəhdəti sayəsində mümkün oldu. Noyabrın 9-dək şəhərlə birlikdə rayonun 41 kəndinin azad olunması qazanılmış üstünlüyün ardıcıl xarakterini təsdiqləyib.
İşğal dövründə rayonun ayrı-ayrı yaşayış məntəqələrində həyata keçirilən qanunsuz məskunlaşdırma siyasəti Qubadlı məsələsinin hüquqi və siyasi ölçüsünü daha da ağırlaşdırmışdı. Yerli əhalinin öz yaşayış məkanından məhrum edilməsi və həmin ərazilərdə demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsinə yönəlmiş addımlar beynəlxalq humanitar hüququn əsas prinsipləri ilə ziddiyyət təşkil edirdi. Buna görə də Qubadlının azadlığı həm də Azərbaycan vətəndaşlarının doğma torpaqlarına qayıtmaq hüququnun real təminatı baxımından mühüm tarixi hadisədir".
Müsahibimiz vurğuladı ki, bu tarixi nəticənin arxasında prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi rəhbərliyi, Silahlı Qüvvələrimizin döyüş əzmi və Azərbaycan xalqının milli həmrəyliyi dayanır:
"“Qubadlının azad olunmasına görə” medalının təsis edilməsi və 15 209 hərbi qulluqçunun bu təltifə layiq görülməsi qəhrəmanlığın dövlət yaddaşında yaşadılmasının mühüm ifadəsidir. Şəhidlərimizin əziz xatirəsi qarşısında ehtiramımız isə hər bir tarixi uğurun insan taleləri və böyük fədakarlıq hesabına qazanıldığını bizə daim xatırladır.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabrın Qubadlı Şəhəri Günü kimi təsis olunması həmin Zəfərin ictimai yaddaşda davamlı yaşadılmasına xidmət edir. Bu tarix gələcək nəsillərə torpağın azadlığının, dövlət suverenliyinin və milli birliyin necə böyük məsuliyyət tələb etdiyini çatdırır. Qubadlı Şəhəri Günü xalqımızın tarixi ədalətə qovuşmasının, dövlət iradəsinin və müzəffər ordumuzun qəhrəmanlığının rəmzi kimi xüsusi məna daşıyır".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 25 Oktyabr 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















