R U H L A R
Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.
BUNLAR ƏZİZLƏRİNİ VƏ YAXINLARINI HƏMİŞƏ MÜHAFİZƏ EDİRLƏR.
“Ey Məhəmməd səndən ruhlar haqqında soruşacaqlar, onlara söylə ki, bu rəbbimin əmrindədir. Mənə isə bu barədə çox cuzi bir məlumat verilib”. Bu kəlamlar Peyğəmbər əfəndimizə aid olan hədislərin birindəndir.
Bəri başdan söyləyim ki, hansı mövzudan bəhs etdiyimin fərqindəyəm və məsuliyyətinin indidən çiyinlərimdə, kürəklərimdə özünün bütün ağırlığını hiss etməkdəyəm. Bəhs edəcəyim mövzu nə qədər çətin olsa da, oxuduqlarımdan, eşitdiklərimdən faydalanaraq möhtərəm, düşüncəli oxucularıma bu sahədə bəzi mülahizələrimi çatdıra biləcəyim fikirindəyəm. Elə bu üzdən reallıqları olduğu kimi çatdıra bilmək üçün bütün bilik və duyğularımdan, həmçinin dünyasını çoxdan dəyişmiş insanların da dediklərindən faydalanacağım heç də istisna deyildir.
Adətən belə söyləyirlər ki, insanın vücudu bədənindən deyil, ruhundan ibarətdir. Ruh çoxlarının başa düşdüyü kimi, deməliyik ki, heç də dini bir məfhum deyildir, o insanın bütün əza və orqanlarını hərəkətə gətirən, ürəyin döyüntüsünü belə böyük məharətlə nizamlayan, gözəgörünməz bir xəyali tüstü selindən ibarətdir. Və bu tüstü seli adlandırdığımız meyar insanın bətnində, içində olduğu müddətcə onu yaşadır, eyni zamanda dünyaya MEYDAN oxutdurur, - desək heç də yanılmarıq. Elə bəlkə də buna görədir ki, ruh bədəni tərk etdiyi andan insanın bütün orqan və əzaları öz fəaliyyətini dayandırır, başqa sözlə desək, - Ölüm faktı baş verir. Bu bioloji ölüm barədə ölməz sənətkarlarımız, böyük dramaturq Cəfər Cabbarlı fikirlərini belə ifadə etmişdir:
“Ölmək, o geniş körpü ki, hər kəs keçəcəkdir.
Bir badə ki, ondan bütün aləm içəcəkdir.
Hər süslü çiçək sonda saralmış quru torpaq,
insan, nədir o, əvvəli torpaq, sonu torpaq...”
Ruh müəmmalı, insanı düşündürən həm də çox maraqlı bir anlayışdır; o daima əzizlərinin başının üstündədir və onları ciddi – cəhdlə mühafizə edir. Təsadüfi deyildir ki, dünya şöhrətli müğənni, özünün ürəkləri fəth edən səsi və dinamik rəqsləri ilə böyük nüfuz qazanmış Ledi Qaqa müsahibələrinin birində söyləmişdir ki, əldə etdiyim şöhrətə görə məhs ruhlara borcluyam. Onlar məni daima mühafizə edir və uğurlarımın təminatçısı onlardır......
Biz isə bir az da irəli gedərək mövzumuza aid problemlərin çözülməsinə daha dərindən nüfuz edək.
Ta qədimdən insanların şüurunu, zehnini, əqlini zaman-zaman məşğul edən narahat fikirlərdən biri də ölümdən sonrakı həyatın varlığı, ruhun mövcudiyyət dinamikası olmuşdur. Bu hal keçmişdə də, indi də və çox güman ki, hələ uzun illər bəlkə də əsirlərlə insan intellektinin diqqət mərkəzində olacaqdır.
Əgər qədim kensepsiyaya əsaslanaraq deyə bilərik ki, fiziki bədən tam funksiyasını itirib dağılandan sonra insan vücudunun müəyyən hissəsi yaşamaqda davam edir. Daim mövcud olan bu hadisə ruh, şüur, varlıq, idrak və sair adlanır, lakin adları müxtəlif olsa da insanın fiziki ölümündən sonra başqa dünyaya köçməsi onun ən qədim inamlarından biri olaraq qalmaqdadır.
Türkiyə ərazisində yüz min ilədək yaşı olan qəbirlər aşkar edilərkən artıq onların üstündəki daş izlər əsasında müəyyənləşdirilmişdir ki, bu qədim insanlar öz ölülərini çiçəklərə bürüyərək dəfn etməklə ölümdən sonra bədəndənkənar mövcudluğa böyük inam bəslənmişdir.
Bəzən deyirlər ki, ölüm şüurun yoxa çıxmasıdır, bəziləri də eyni inamla bildirirlər ki, ruhun və ya şüurun, reallığın başqa ölçüsünə keçməsidir.
Bir jurnalist olaraq bu fikirlərdən birini təsdiq, digərini inkar etməkdən tam uzağam, sadəcə ruhlar barədə anlayışımı Siz oxucularla birlikdə müzakirə etmək niyyətindəyəm.
Beləliklə bu barədə faktlar və müşahidələr:
... Əhvalat baş verən vaxt mən broxlarımın şiddətli astma tutmasından və emfizemdən bərk əzab çəkirdim. Hazırda bu xəstəliklər hərdənbir məni yenə də incidir. Bir dəfə bərk öskürək vaxtı, ola bilsin onurğa sümüyümün aşağı hissəsini bərk zədələmişdim. İki aydan sonra şiddətli ağrılar məni bir qrup həkimə müraciət etməyə vadar etdi. Nəhayət, onlardan biri məni neyrocərrah ixtisaslı həkimin yanına göndərdi. O, məni müayinə etdikdən sonra təcili xəstəxanada yatmalı olacağını söylədi. Razılıq verdim.
... Vəziyyətimin ağırlığı üzərimdə cərrahi əməliyyat aparan həkimi bərk narahat edirdi. Bununla belə o, bazar ertəsi üzərimdə əməliyyat aparacağına razılıq verdi. Əməliyyat həftənin cümə gününə təyin olunmuşdur. Həmən gün yəni bazar ertəsi axşam səhərə kimi rahat yatdım. Lakin, çərşənbə axşamı sübhdən bərk ağrılar məni yuxudan oyatdı. Mən bir böyrüm üstündən o biri böyrüm üstünə çevrilir, ağrıların azalması üçün rahat bir vəziyyət axtarırdım. Elə bu vaxt tavanın küncündən işıq göründü, bu diametri 12-15 mm olan topa oxşar, işıq saçan şar idi. O peyda olan kimi məni qəribə bir hiss bürüdü. Yox, bu qorxu hissi deyildi, bu tam rahatlıq və dinçlik hissi idi. İşığın mənə tərəf uzatdığı əli gördüm. O, dedi: “Gedək mənimlə, sənə bir şey göstərəcəm. Dərhal, tərəddüd etmədən mənə sarı uzadılmış əli tutdum. Bu zaman nəyinsə məni çəkdiyini və bədənimi tərk etdiyini hiss etdim. Dönüb arxaya baxanda bədənimi çarpayıda hərəkətsiz uzanan gördüm, amma bu vaxt otağın tavanına tərəf uçurdum. Mən işığın bədən formasını almışdım. Bu bədən deyil, sadəcə tüstü ya da, buxar topası idi. Bu mənə şam işığı ətrafında üzən sıqaret tüstüsünü andırıdı. Bu forma rəngarəng idi: narıncı, sarı və çox da aydın seçilməyən mavi, sürməyi.....”
Yuvarlaq formalı bur ruhu varlığın əlləri vardır. Bu əllər yaxşı yadımdadır, çünki, işıq yanıma enəndə mənə sarı uzadılmış əli öz əlimlə tutdum, eyni zamanda bədənimi tərk eləyib işıqla birlikdə qalxanda qolum və əllərim hərəktəsiz vəziyyətdə yataqda vücudumla birlikdə qalmışdı. Ruhi əllərini işlətməyəndə isə bədənim şaraoxşar forma alırdı.
Beləliklə ilk dəfə işığı gördüyüm yerdən onunla birlikdə tavanı, palatanın divarlarını keçərək dəhlizə çıxdıq, sonra dəhlizdən mərtəbələrə xəstəxananın birinci mərtəbəsinə çatdıq. Biz bütün qapılardan və divarlardan heç bir çətinlik olmadan keçdik. Biz yaxınlaşanda onlar elə bil ki, aralanıb bizə yol verirdilər.
Məndə belə bir duyğu yaranmışdı, - sanki biz səyahət edirik, bilirdim ki, hərəkət edirik, amma bu surət çox deyildir, birdən dərhal mənə çatdı ki, biz cərrahi əməliyyatdan sonrakı palataya tərəf hərəkət edirik. Bu anadak bu palatanın xəstəxananın hansı hissəsində yerləşdiyini belə bilmirdim. Biz orada olduqda tavanın küncündən aşağı yaşıl xalatlı həkimləri və tibb bacılarını seyr etdim, palataya qoyulmuş çarpayıları da görüm.
İşıqsaçan varlıq mənə dedi ki, daha doğrusu göstərdi ki, bax, sən burada olacaqsan, əməliyyatdan sonra səni gətirib bu çarpayıya qoyacaqlar, amma sən ayılmayacaqsan. Səni əməliyyat otağına apardıqları andan ta bir neçə vaxtdan sonra sənin dalınca gələcəyim dəqiqələrə qədər ətrafda nə baş verdiyindən xəbərin olmayacaq.
Bütün bunların mənə sözlə çatdırıldığını deyə bilmərəm, çünki bu, eşidilməyən səs idi, yoxsa onu otaqda onlar eşidərdilər. Bu nəisə təsəvvürümə gətirdiyimizdən də daha geniş məfhun idi. Bütün bunlar elə təbii, elə canlı idi ki, onu eşitmədiyim, ya da hiss etmədiyimi söyləyə bilmərəm. Bu , tamamilə aydın bir şey idi.
Mən ruhi formada olanda gördüklərimi adi fiziki varlığımda olduğumdan daha tez qavrayırdım. Anladım ki, o mənə əməliyyatdan sonrakı otağı və otağın sağ tərəfindəki yatacağım çarpayını göstərmək üçün buraya gətirmişdir. O bütün bunları mənə ona görə göstərirmiş ki, ruhum bədənimdən ayrılan vaxt qorxmayım və məni nə gözlədiyini əvvəlcədən bilim. O məni inandırmağa çalışırdı ki, mən qorxmayım, çünki o bir müddət keçdikdən sonra yenə mütləq yanıma gələcək, ancaq mən əvvəlcə bir sıra duyğulardan keçməliyəm, bu zaman o məni qoruyacaq və axırda mənimlə olacaq.
Ruh olub onunla birlikdə əməliyyatdan sonrakı palataya səyahətdən sonra müəyyən mənada biz bir-birimizə tam qaynayıb-qarışmış, sanki bir olmuşduq, eyni zamanda biz ayrı-ayrı ruhlar idik. Çünki başçı o idi. Bu birliyi mən hətta biz divarları və tavanları yarıb keçəndə də hiss edirdim. Mənə elə gəlirdi ki, heç bir qüvvə məni ondan ayıra bilməz. Eyni zamanda dinclik, sakitlik, aydınlıq hissi mənə hakim idi. Özümü əvvəllər heç vaxt belə hiss etməmişdim. Beləliklə bütün bunları mənə söylədikdən sonra geriyə-palataya gətirdi. Çarpayıda uzanan bədənimi qoyub getdiyim vəziyyətdə gördüm və ona daxil oldum.
… Cərrahi əməliyyata bir gün qalmış palatada olarkən birdən-birə məni ağlamaq tutdu. İlk dəfə idi ki, belə hönkürtü ilə ağlayırdım. Deməliyəm ki, mən arvadımla bacım oğlunu himayəmizə götürmüşdük. Arvadımla münasibətində ondan bərk narahat idim. Elə buna görə də hönkürtü məni boğurdu. Bu an mən yanımda yenə həmin varlığın mövcudluğunu hiss etdim, əvvəllər olduğu kimi indi də mənə yalnız fikirlər, ya da sözlər çatmırdı. O mənə deyirdi: “Sən niyə ağlayırsan? Mən əminəm ki, sənə mənimlə yaxşı olacaq”. Mən cavab verdim: “Hə, mən ağlayıram, mən sənin yanında olmağı çox istəyirəm”.
- Bəs onda niyə ağlayırsan ?
- Mən:
- “Siz bilirsiniz ki, bacıoğlu ilə münasibətimiz çox gərgindir, qorxuram arvadım ona düzgün tərbiyə verməyi bacarmasın”.
Hansı hisslər keçirdiyimi sözlərlə izah etməyə çalışır və ona deyirdim ki, bacımoğlunu tərbiyələndirməkdə arvadıma kömək etmək istərdim, həmçinin xahiş edirdim ki, mənim hələ ki, ailədə olmağım hər şeyə kömək edirdi.
Bu sözlərdən sonra işığa bənzər şar bu fikirləri mənə çatdırdı… “Ey, bir halda ki, sən başqası barədə fikirləşir və ondan ötrü xahiş edirsən , mən sənə kömək edəcəm . Bacınoğlu yetkin kişi olana qədər sən yaşayacaqsan”.
Həqiqətən əməliyyatdan sonra mən narkozun təsirindən oyananda həkim təəccüblə bildirdi. “Bu mənim imkanlarım xaricində idi. Mən ömrümdə indiki qədər sarsıntı keçirməmişəm. Bütün ləvazimatları gətirmişdim, amma sənin həyata qayıtmağında onların heç bir gərəyi olmadı”.
Bunlar ölümdən sonrakı həyatın mövcudluğu fenomeninin tədqiqi ilə məşğul mütəxəssislərin apardıqları təcrübələrin nəticələrindən idi. İndi isə:
Şirinbəyim nənənin gördükləri
Hələ uşaqlıqdan tanıdığım, sinni yüzü haqlamış Şirinbəyim nənə naxoşlayıb çarpayıya düşdüyündən ona baş çəkməyə getmişdim. Yarıqaranlıq otaqda qurulmuş qədimi çarpayıda hərarətdənmi ya təzyiqdənmi gözlərini yumub yatmış, bir əsrin qabırğasını sındırmış bu qarını heç birimiz oyatmağa cürət etməyib, oğlu Aydın ilə bir-birimizlə güclə eşidiləcək bir pıçıltıyla söhbətləşirdik. Şirinbəyim nənənin isə sanki heç oyanmaq fikri yox idi. Söhbət isə nənənin yaxşı hafizəli olmasından, iti yaddaşından gedirdi.
Gözlənilmədən Şirinbəyim nənə yuxudan oyandı və yaşı altmışı keçmiş oğlu Aydın kişini çağırdı.
Ay oğul , Aydın, gəl məni dikəlt.Aydın kişi bədəninin şişmanlığına baxmayaraq anasının səsini eşitcək, yerindən şimşək kimi çaxaraq anasının çarpayısına tərəf şığıdı. Onu, arvadın ürəyi istədiyi kimi çarpayıda rahatladıqdan sonra soruşdu:
Nolub, ay arvad, nədən diksinib oyandın, yuxu zad gördün bəyəm? Hə bala, görməyinə gördüm, amma bu heç də yuxu filan deyildi. Nə gördün ki, ay ciji, yoxsa rəhmətlik dədəmimi görmüsən yuxuda? Yox rəhmətlik dədəni görməmişəm yuxuda, rəhmətlik qonşumuz, mərhum Quba arvad gəlmişdi. Rəhmətə getməzdən iki ay əvvəl hansı paltarını geyinmişdisə (Şirinbəyim nənə onun geydiyi paltarları olduğu kimi təsvir elədi) elə o paltarlarda da gəlmişdi. Bəs, nə dedi ay arvad, bir söz söyləmədi - deyə oğlu Aydın kişi tələsə ona sual etdi. Quba arvad on il bundan əvvəl yetmiş yaşında ikən dünyasını dəyişmişdi. Hansı səbəbdənsə Şirinbəyim nənənin gözləri doldu… O , ağlayırdı… Dedi a bala, dedi. Dedi də çıxıb getdi də. Bəs nə dedi, ay ana ? Şirinbəyim nənə udqunaraq Quba arvadın dediklərini birnəfəsə söylədi.Dedi ki,
Yoruldum ağlamaqdan
Ağa, göy bağlamaqdan.
Bağda yarpaq qalmadı
Yarama sarımaqdan.
Bunu da yüz yaşlı Şirinbəyim nənə, qonşusu mərhumə Quba arvadın ruhu ilə görüşdükdən sonra söylədi… Və bu bayatı indiyədək heç bir yerdə söylənməmişdir.
Firiddun əminin dedikləri isə tam başqadır.
Rus – Alman müharibəsindən üç il sonra kənddə orta məktəbi bitirib neft buruqlarında işləmək üçün Bakı şəhərinə üz tutdum. Yola düşməzdən bir gün əvvəl bir sinifdə oxuduğum, - ürək, könül verdiyim Səriyyə ilə də hava qaralandan bir qədər sonra bağlarının ətəyində görüşdüm. Hər ikimiz söz verdik, evlənmək, ailə qurmaq ümüdilə bir-birimizdən ayrıldıq. Heç üç, dörd addım aralanmamış onun səsinə çevrildim.
Firiddun, mən səni ömrümün sonunadək gözləyəcəm, - deyib gecənin qaranlığında bir kəpənək kimi uçaraq görünməz oldu. Əynində iri, qara xalları olan ağ ipəkdən don var idi. Bu don ona çox yaraşırdı.Demək olmazdı ki, Bakıda işim alınmırdı, yüksək maaş, yataqxanada da yerimiz. Gəncliyimizi də töhvə vermirdik… Ara-sıra Səriyyə ilə də məktublaşırdım. Qardaşlarından qorxduğu üçün o, az-az yazır, mən də salamımı və sözümü bacıma yazdığım məktublarda, bacım vasitəsi ilə ona çatdırırdım…
Hərbi xidməti Tümendə başa vurub, orada da işlə təmin olundum. Bir neçə il işlədikdən sonra əslən Azərbaycandan olan bir ailənin qızı ilə ailə həyatı qurdum…
Bu müddət ərzində amma da tez-tez maddi köməklik göstərirdimsə də, kəndimizlə əlaqəm, gediş-gəlişim deyərdim ki, tamamilə kəsilmişdi. Xanımımla xoşbəxt idik. Yeganə nigarançılığımız övladımızın olmaması idi.
Uzun illərdən sonra məzuniyyətimizi Bakı şəhərində keçirmək qərarına gəldik, kəndimizə baş çəkəcəyimiz də istisna deyildi.
… Bakıda bir gənclik dostumla görüşüb dərtləşdikdə o, bildirdi ki, Səriyyə ilə görüşüb halallıq alsan, çox güman ki, uşağınız da ola bilər. Verilmiş məsləhət ağlıma batdı. İki gündən sonra “İkarus”la rayonumuza yola düşdüm. Yol uzunu Səriyyə və onunla keçirdiyim birgə anları bir sinema lentası kimi göz önündən keçirirdim. Sanki, ona evlənməkdə günah işlətdiyimi, ədalət tərəzisində ölçərək hərəkətlərimi götür-qoy edirdim. Deyim ki, əvvəllər belə hisslər heç keçirməmişdim. Düşüncəm məni “parçalayır”, sinirlərimi nizamlamaqda çətinlik çəkirdim, elə bil ki, bədənim maşında, əsil özüm isə tamami ilə ayrı bir dünyada idim, hətta dediyinə görə yanaşı əyləşmiş yol yoldaşımın da bir neçə dəfə müraciətlərimə məhəl qoymamışdım.
Yevlax şəhərinə çatıb, yol ayrıcından sola dönərkən, sağ tərəfdəki dayanacaqda qəflətən onu gördüm… Bu o, idi. Səriyyə!
Görüşüb ayrıldığımız həmin gecə hansı donunu geymişdisə, elə həmin ağ qara, xallı donu yenə də əynində idi. Neçə illərdən bəri bu donunu necə qoruyub təzə saxladığına da təəccüb etdim. “İkarus”u necə saxladıb düşdüyümü unutmuşam. O, dayanacaqdakı insanlardan xeyli aralıda, tənha bir yasəmən ağacı kimi dayanmışdı. Görüşümüzdən sevindimi, sevinmədimi, tövrü dəyişdimi, dəyişmədimi bunu heç ayırd edə bilmədim, amma o, həmin Səriyyə idi. Gənc və gözəl! Ancaq bu neçə illər ərzində onun heç dəyişmədiyinin fərqinə varmaq halında deyildim. Salamlaşdıq. Gəlişimin məqsədindən xəbəri varmış kimi, qabaqladı məni. Dil-ağız edib, xeyir duasını verdi. Görüşümüz yox, məhz onu uzun ayrılıqdan sonra–axtarıb, aramağım bir yüngüllük gətirdi ona. Təbəssümsüz, filansız dedi ki, kiçik qardaşım Fazili tanıyırsan, gələn həftə onun toyudur, iştirak etsən, mənə də xoş olar. İndi isə mənim yolum başlayır, camaat da baxır, yolundan qalma, di yaxşı yol.
Heç, necə ayrıldıq bilmədim...
Əsil dəhşətli, ömrüm boyu məni sarsıdacaq xəbəri isə Fazilin toyunda, onun böyük qardaşı Lazım kişidən eşitdim. Mənim Tümendə evlənmək xəbərimi eşidəndən altı ay sonra Səriyyə dünyasını dəyişmişdi... İlahi bəs kiminlə görüşmüşdüm görəsən?! Mən yaşda insanı qaramı basmışdı?
Bu hadisədən bir il sonra yeganə oğlum Fuad dünyaya göz açdı . . . Mən isə o vaxt görünür ki, Səriyyənin ruhu ilə görüşmüşəmiş.
Heç fikir vermisinizmi, aydın səmada nəhəng ağ və qara rəngli bulludlar (əslində bu nə buluddu nə duman, nə də tüstü. Şəffaf rəngli bir parıltıdır) birbirinə tərəf tələsmədən, tənbəl-tənbəl hərəkət edirdilər. İlk baxışda iki düşmən ordusunun hücumu canlanır göz önündə. Və bu “Ordu” üz-üzə çatıb gəldikləri sürətdə də toqquşurlar. Nəticədə səma həmən ağ şəffaflığa bürünür, sanki qara şəffaflığı öz bətnində əridir ağ buludlar.
Nədir bunlar: Cənnət və cəhənnəm ruhlarının birinin digərinə qarşı hücümumu, ya onların mübarizəsimi?! Əgər bunlar biri digərini öz içində əritsəydi, onda səma ənginliklərinin də balansı pozulmazdımı?! Möcüzəli bir sirdir! Ya da okeanı andıran, elə oken rəngli bir buludun tən ortasında nəhəng bir göbələyin gövdəsini andıran ağ bir bulud çıxaraq kəndir kimi uzandıqca uzanır, göyün dərinliklərinə yüksəlir. Bəs bu nədir, - islah olunub cənnətə buraxılanlarmı?!
Ruhlar biri-birinə işıq saçan kürəçik şəklində görsəndikləri halda, canlı insana, insan şəklində görsəndiklərini vurğulayıb yazıma son söz demək fikrinə düşdümsə də bu fikrimdən tez də yayındım.
Hər kəsin və hər şeyin əvvəli kimi sonunu da bir olan Allahı bildiyim kimi, mən də belə deməklə kifayətlənməli oldum:
Yaxşısını Allah bilər!
Rəhman Hacıyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 13 May 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















