Icma.az
close
up
RU
Ramiz Mehdiyevlə bağlı detallar ORTAYA ÇIXDI KONKRET

Ramiz Mehdiyevlə bağlı detallar ORTAYA ÇIXDI KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

1. Etnik separatizm və dini ekstremizm cəhdləri

1990-2003-cü illərdə “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri işləyərkən müşahidə etdiyim ən ciddi problemlərdən biri regionda zaman-zaman etnik separatizm və dini ekstremizm toxumu səpmək cəhdləri idi. Bu cür soyuq külək həm Gürcüstan, həm də Rusiya tərəfdən əsməkdə idi. Rusiya dairələri Şimali Qafqazda lövbər salmış olan “ideoloqlarının” xidmətindən yararlanmaqla ən müxtəlif üsul və vasitələrlə Azərbaycanın şimal-qərb bölgəsində yaşayan saxur və avar icmaları içərisində pozuculuq işi aparmağa cəhd edirdi. Dağıstandan olan professor Harun İbrahimov bu sahədə xüsusi fəallıq göstərməkdə idi. Onun tarixi saxtalaşdırmağın ən yaramaz nümunəsi olan “Qafqaz Albaniyası və ləzgistan” adlı bədnam əsəri də məhz elə o dövrdə yayılmışdı. Hacı Maqomedovun separatçı və ekstremist dairələrdən ilham alan silahlı dəstəsi isə Balakən və Zaqatalada ard-arda soyğunçuluq törətməklə ictimai-siyasi sabitliyi pozmaq niyyətində idi. Gürcüstan tərəfi də sakit dayanmırdı. Şimal-Qərb qonşumuzun elmi, dini və millətçi dairələrə aid nəşrləri Azərbaycanla bağlı hər cür hədyanlar yazırdı. Regionda yaşayan,antik mənbələrdə belə alban tayfalarından biri kimi adı çəkilən etnik ingiloylar arasında fəal pozuculuq işi aparılırdı. Qafqaz Albaniyasına aid bir çox tarix və mədəniyyət abidələrinin guya gürcülərə aid olduğuna dair miflər yaymaqda idilər. Etiraf etməliyəm ki, belə bir kifayət qədər mürəkkəb şəraitdə rəsmi dövlət strukturlarının bəzi səlahiyyət sahibləri bu təxribatlar fonunda çox dişsiz görünürdü. Sən demə içimizdəki sapı özümüzdən olan baltalar elə o zamandan bu istiqamətdə “işləyirmişlər”. Bu gün artıq kartlar bir-bir açılmaqdadır. Xüsusilə ağır dövləti cinayətlərdə ittihan olunan sabiq administrasiya rəhbəri artıq ev dustağıdır. Onun Rusiya kəşfiyyatına işlədiyi çoxdandır ki, hər kəsə bəllidir. Amma çoxları bilmir ki,o həm də Gürcüstan kəşfiyyatına xidmət edib. Bununla əlaqədar şahidi olduğum konkret bir olay üzərində dayanmaq istərdim.
1998-ci il fevral ayının 13-də Gürcüstandan geniş tərkibli nümayəndə heyəti gəlmişdi. Qonaqlar arasında qonşu respublikanın xarici işlər naziri, təhsil naziri, yüksək ranqdan olan din xadimləri vardı. Azərbaycan tərəfini isə xarici işlər nazirimiz Həsən Həsənov başda olmaqla müvafiq qurumların rəsmiləri təmsil edirdi. Onlar gün ərzində Qax, Zaqatala və Balakən rayonlarında oldular, gürcü və ingiloy əhali ilə görüşlər keçirdilər. Günün sonuna yaxın mən bölgə müxbiri olaraq bütün bunlar barədə xəbər hazırlayaraq faksla redaksiyaya ötürdüm. Telefonda qəzetin məsul katibinə bildirdim ki, “AzərTacın” müxbiri də görüşlərdə iştirak edibdir, amma mən ona güvənmirəm. O, bu regionun həssasiyyətini bilən adam deyil. Odur ki, yazısını verəsi olsanız diqqətli olun.
Ertəsi gün qəzetə baxanda gördüm ki, mənim yazım deyil, AzərTacın müxbiri Elxan Rüstəmovun yazısını veriblər, özü də lap gürcü separatçılarının ürəyindən olan tərzdə. Mən dərhal redaksiyaya zəng etdim, etirazımı bildirdim. Redaktor da mənə, “təcili təkzib yaz verək”, – dedi. Ertəsi günü, yəni fevralın 15-də mənim təkzib xarakterli “İngiloylar gürcü deyil” başlıqlı yazım dərc olundu. Həmin yazıdan bəzi məqamlar:
“Azərbaycan Respublikası ərazisində yaşayan çoxsaylı etnik qruplardan biri də ingiloylardır. Əfsuslar olsun ki, bir sıra hallarda mətbuat səhifələrində, radio və televiziya verilişlərində, hətta bəzi rəsmi şəxslərin çıxışlarında ingiloyların gürcülərlə qarışdırıldığının şahidi oluruq. Bəzi şəxslər bunu ola bilsin ki, bilərəkdən edirlər. Amma əksər hallarda bu dolaşıqlıq, məlumatsızlıq, tarixi reallığı bilməmək ucbatından baş verir. Fevral ayının 14-də AzərTac vasitəsilə yayılmış növbəti məlumatda da bu cür dolaşıqlığa yol verilib. Respublika qəzetlərinin dərc etdiyi həmin məlumatda deyilir: “Gürcüstan Təhsil Nazirliyinin nümayəndələri Balakən, Zaqatala və Qax rayonlarında gürcü millətindən olan vətəndaşların kompakt şəkildə məskunlaşdığı kəndlərdə olmuş, gətirdikləri…. dərslikləri gürcü dilində təhsil alan şagirdlərə vermişlər…”.
Arayış üçün bildiririk ki, Balakən və Zaqatala rayonlarında gürcülərin kompakt yaşadığı kənd yoxdur. Odur ki, həmin rayonlarda yaşayan ingiloyların gürcü kimi təqdim olunması tamamilə yanlış yanaşmadır. Xatırladaq ki, Gürcüstan ərazisində fəaliyyət göstərən bəzi millətçi və separatçı dairələr Azərbaycan ərazisində yaşayan ingiloyların “gürcüləşdirilməsində”, onların “gürcü” kimi təqdim və təbliğ olunmasında maraqlıdırlar. Odur ki, Azərbaycanın mətbuat və informasiya vasitələri tərəfindən ingiloyların bilərəkdən, yaxud da bilməyərək gürcü kimi təqdim olunması əslində daha çox məhz kənar dövlətlərin millətçi və separatçı dairələrinin maraqlarına xidmət kimi dəyərləndirilə bilər”.
Mənim təkzib xarakterli yazım işıq üzü görən kimi AzərTAc-ın direktoru Şamil Şahməmmədov hay-haray qaldıraraq bölgə müxbiri Elxan Rüstəmova təcili surətdə Zaqatala və Balakən rayonların icra hakimiyyətlərindən mənim yazdıqlarımın həqiqət olmadığı barədə rəsmi arayış almağı tapşırıb. Təbiidir ki, rayonların heç birində ona belə bir arayış verən olmayıb. Əksinə, şəraiti bilmədən səhv məlumat yaydığına görə onu qınayıblar.

2. Boz kardinaldan separatizm cəhdlərinə dəstək!

Bu olaydan bir neçə gün sonra redaktor Əmir Mustafayev mənə dedi ki, sənin ingiloylarla bağlı təkzibin qəzetdə gedən gün Ramiz Mehdiyev günorta vaxtı mənə evə zəng etdi və çox əsəbi halda iradlar səsləndirdi:
– O nə yazıdır, vermişiniz? O müxbirin başı işləyir? İngiloylar gürcü olmayıb nədir?! Sənin huşun harda idi ki, o yazını qəzetdə vermisən?!
– Ay Ramiz müəllim!
– Nə Ramiz müəllim?!
– Ramiz müəllim, o müxbir tarixçi alimdir, elmlər namizədidir, özü də regionu çox yaxşı tanıyır. Elə mən özüm də Zaqatala ilə qohumam. Bacım orada yaşadığından, tez-tez Zaqatalaya gedirəm və oradakı etnik palitranı mən də yaxşı bilirəm.
– Mənə nağıl danışma! Bu yazı ilə çox ciddi tarixi-siyasi səhvə yol vermisiniz. O müxbir barəsində təcili intizam tədbiri gör ki, bir daha belə səhvlər etməsin..
Görünür, mənim “ingiloylar gürcü deyil” yazdığıma görə erməni-gürcü qarışığı olan həyat yoldaşı Qalina xanım “boz kardinal”ı möhkəm danlayıbmış. O da hirsini baş redaktorun üstünə töküb. Dəhşət! Görün kimlər kimləri acılayır, ittiham edir?!!! Vətənin, dövlətin və xalqın maraqları keşiyində durmaq əvəzinə erməni-gürcü kökənli xanımının xətri xoş olsun deyə separatizmə dayaq olan bu cür üzdəniraq dövlət adaımına nə deyəsən?!
Doğrudur, redaktor R.Mehdiyevin sözü ilə o zaman mənə cəza vermədi. Dedi ki, nə səhv etmisən ki, mən də sənə cəza verim. Amma hər kəsin də bildiyi kimi Ramiz Mehdiyev son dərəcə kinli və intriqabaz məmur olub. Bilirdim ki, o bu məsələni heç vaxt unutmaz, əksinə növbəti fürsətdə Əmir Mustafayevi də, məni də sancacaq. Belə də oldu.

3. “Azərbaycan” qəzeti R.Mehdiyevin təsir dairəsində

Çox keçmədi ki, boz kardinal tərəfindən baş redaktorun torbası tikilərək yola salındı. Az sonra məhz boz kardinalın tapşırığı əsasında mən də bölgə müxbiri vəzifəsindən uzaqlaşdırıldım. Mənimlə demək olar ki, eyni vaxtda Flora Xəlilzadə, Xalid Niyazov, Araz Qurbanov, Elşad Miralim kimi neçə-neçə peşəkar və vicdanlı qələm sahibləri də “Azərbaycan” qəzetindən uzaqlaşdırılmış oldu. Ədalət naminə deməliyəm ki, o zaman baş redaktorun bu qərarına qarşı bölgədəki fəaliyyətimlə bağlı az-çox məlumatlı olan insanlar, xüsusən də, dövlət müşaviri Hidayət Orucov, şair Bəxtiyar Vahabzadə, Şəkidən deputat olan akademik Yaqub Mahmudov, Prezident Administrasiyasının region üzrə kuratoru Rəhim Abbasov, habelə Balakən və Zaqatala rayonlarının icra hakimiyyəti və digər rəsmi dövlət orqanlarının rəhbərləri məni açıq şəkildə müdafiə etdilər. Təsəvvür edin, Bəxtiyar Vahabzadə bu məsələ ilə bağlı Prezident Administrasiyasının Humanitar siyasət şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin qəbulunda olaraq narazılığını bildirib. Şöbə müdiri də Bəxtiyar müəllimə deyib ki, mətbuat məsələləri ilə Əli Həsənov məşğul olur, ona demək lazımdır. Bəxtiyar müəllim oradan birbaşa Ulu öndər Heydər Əliyevin qəbuluna gedərək, “Cənab Prezident, şəkililər məni evdə rahat oturmağa qoymurlar. Soruşurlar ki, heç bir əsas olmadan bölgə müxbiri Qafar Cəbiyev niyə vəzifəsindən kənarlaşdırıb?!”
Ulu öndər isə, – “Baxtiyar, sən də, şəkililər də heç narahat olmayın! “Azərbaycan” qəzeti o redaktorun şəxsi qəzeti deyil! Bir halda ki, sən də, şəkililər də o müxbir haqqında belə yaxşı fikirdəsiniz, mən ona daha yaxşı bir iş verərəm”.
Belə də oldu. Heç bir həftə keçmədi ki, Ulu Öndərin sərəncamı ilə yeni yaradılan Milli Televiziya və Radio Şurasına təyinatım oldu. “Azərbaycan” qəzeti isə Bəxtiyar Sadıqovun redaktor təyinatı ilə Ramiz Mehdiyevin tribunasına çevrilmiş oldu. Təsəvvür edin, o vaxtadək rəsmi dövlət qəzetində nadir hallarda yalnız ölkə rəhbərinin məruzə və çıxışları 2-3 qəzet səhifəsi həcmində gedərdi. Amma qəzet R.Mehdiyevin himayəsi və nəzarəti altına düşəndən sonra az qala ayda 2-3 dəfə onun 4-5, bəzən hətta 6-8 qəzet səhifəsindən ibarət palaz-palaz yazıları gedirdi. Adam oxuculara sanki nəzəriyyə dərsi keçirdi. Bu minvalla rəsmi dövlət qəzeti boz kardinalın şəxsində dövlətin baş ideoloqu obrazı yaratmaqda idi. R.Mehdiyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona-buna yazdırdığı silsilə “əsərləri” “Azərbaycan” qəzetində genbol təbliğ və təşviq edilməkdə idi.

4. R.Mehdiyev silsilə elmi əsər, dərslik və məqalələri nə vaxt və necə yazırdı?

R.Mehdiyevin akademikliyi də, onun fəlsəfə, tarix, siyasət mövzusunda olan cilid-cilid «əsərləri» də başdan-başa analoqu olmayan xaltura nümunəsidir. Axı, konspekt olmadan iki-üç cümləni ard-arda düzüb-qoşub danışmaqda çətinlik çəkən akademik (?!) bu qədər elmi əsər, dərslik və palaz-palaz məqalələri nə vaxt və necə yazırdı? Bunun üçün onun nə vaxtı, nə fiziki gücü, nə də intellektual bazası yox idi. Əslində o “əsərlərin” əksəriyyəti Prezident Administrasiyasında bilavasitə ona xidmət edən analitik təhlil şöbəsi və “Azərbaycan” qəzeti əməkdaşları tərəfindən xarici ədəbiyyatdan köçürülürdü. Onun adından tarix, fəlsəfə və siyasi mövzuda əsərlər yazan digər diplomlu “mirzələr”də az deyildi. Təbii ki, boz kardinal da o “mirzələrə” borclu qalmırdı. “Əl-əli, əl də üzü yuyar” məsəlində deyildiyi kimi. Bu minvalla da Azərbaycan elmi sözün əsil mənasında zibillənməkdə idi.
O, administrasiya rəhbəri olarkən akademik mühitdə hər şeyə barmaq edib. Akademiya institutlarının bütün rəhbər vəzifələrinə təyinatlar mütləq şəkildə onunla razılaşdırılıb. Elm adamları çox yaxşı bilirlər ki, son 20 ildə Akademiyaya seçkiləri məhz o “keçirib”. Akademiklərin və AMEA-nın müxbir üzvlərinin bir çoxu məhz onun şinelindən çıxıb.

5. Boz kardinalın çətiri altında olan “Elm Fondu”nda nələr baş verib?!

“Azərbaycan” qəzetindən gedəndən sonra da boz kardinal məni rahat buraxmadı. Teleradio Şurasında işlədəyim dönəmdə Əli Həsənovun vasitəsi ilə daim təzyiq altında saxlanıldım. AMEA-da işlədiyim dönəmdə “Elm Fondu”nun elan etmiş olduğu qrant müsabiqələrə qatılarkən olmazın haqsızlıqlarla üzləşdim. “Elm Fondu”nun sabiq icraçı direktoru Elçin Babayev və sonradan onu əvəz etmiş Mehriban İmanovanın təqdim etmiş olduğum son dərəcə aktual layihələrə münasibətdə vermiş olduqları səhv və ədalətsiz qərarlar əsla başadüşülən deyildi. Amma zaman keçdikcə hər şey aydın oldu. Sən demə bir çox digər sanballı vəzifələri ilə yanaşı, həm də “Elm Fondu”nun Himayədarlar Şurasının sədri olan boz kardinalın icraçı direktor Elçin Babayevə, onun da öz yerinə qoyub getdiyi Mehriban İmanovaya mənimlə bağlı tapşırıqları olub. Şəbəkəyə bir baxın! E.Babayev birbaşa R.Mehdiyevin kadrıdır. Nə elmi çəkisi, nə də keçdiyi yol onun “Elm Fondu” və BDU kimi nüfuzlu bir ali məktəbə rəhbər olmasını haqq etmirdi.
Deyilənlərə görə BDU-da Qalina xanımın laborantı və sumka daşıyanı olan Mehriban İmanova çox keçmədi ki, boz kardinalın sehirli çubuğu ilə “Elm Fondu”nun icraçı direktoru təyin edildi. Təsəvvür edin, AMEA Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri olduğum dönəmdə təqdim etdiyim “Qafqaz Albaniyasının tarixi-arxeoloji atlası”, növbəti müsabiqə zamanı təqdim etdiyim “Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında olan Qəbələ materiallarının kataloqu” adlı layihələrə “Elm Fondu” heç bir ciddi əsas göstərmədən nadancasına “yox” dedi. Hansı ki, o layihələrin heç birisi imtina ediləsi layihə deyildi. Nəzərə alın ki, Qafqaz Albaniyası mövzusu təkcə elmi deyil, həm də siyasi müstəvidə hər zaman aktual olan bir mövzudur. Qafqaz Albaniyasının paytaxt şəhəri olmuş Qəbələ isə bu gün YUNESCO-nun ilkin mədəni irs siyahısındadır.
Yeri gəlmişkən tam məsuliyyətlə deməliyəm ki, birbaşa R.Mehdiyevin himayəsi və nəzarəti altında fəaliyyət göstərən “Elm Fondu” neçə illərdir ki, dövlətin ayırmış olduğu böyük məbləğ vəsaitləri talan etməklə məşğuldur. Yəni, Fond elmin inkişafına deyil, bu məqsədlə dövlətin ayırmış olduğu böyük pulların mənimsənilməsi fonduna çevrilmişdir. Əfsuslar olsun ki, Elm Fondunun fəaliyyətindəki çox ciddi korrupsiya halları bu gün də tüğyan etməkdədir. Azərbaycan elmi ictimaiyyəti elmimizin inkişafı üçün dövlət tərəfindən ayrılan böyük məbləğ pulları qanunsuz yollarla mənimsəyənlərdən də haqq-hesab çəkiləcəyi anı səbirsizliklə gözləməkdədir.

6. Boz kardinalın İnstitut direktorunu himayə etməsinin acı nəticələri

Hər kəsə çox yaxşı bəllidir ki, hələ administrasiya rəhbəri olduğu dönəmdə belə R.Mehdiyev və onun adamları Akademiyada idarəçiliyi pozmaqla məşğul olub. Onun təyin və himayə etdiyi bisavad və yırtıcı kadrlar elm məbədimizi bazara çevirdilər. Mən digər sahələrdə vəziyyətin necə olduğunu bilməsəm də, ictimai elmlər sahəsidə vəziyyət son dərəcə acınacaqlı durumda idi. Məsələn, mənim əməkdaşı olduğum AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu R.Mehdiyevin nəzarəti altında olduğu dönəmdə sözün əsil mənasında kriminal yuvaya çevrilmişdi. Təsəvvür edin, öz tərcümeyi-halını yazmağı bacarmayan birisi boz kardinalın himayəsi sayəsində nə az, nə də çox düz 15 il direktor oldu. Soruşan olmadı ki, kimya elmləri namizədi hara, Arxeologiya İnstitutuna direktor olmaq hara? Görün, bu kimyagər xanım dayısının himayəsi sayəsində nələr etdi? İnstitut tarix və arxeologiyaya əsla aidiyyəti olmayan təsadüfi adamlarla dolduruldu. Çöl tədqiqatlarına ayrılan pulların böyük hissəsi dələduz ünsürlər arasında bölüşdürüldü. Ölkə Prezidentinin xüsusi sərəncamları ilə birbaşa arxeoloji tədqiqatlar üçün ayrılmış vəsaitlərin belə böyük hissəsi təyinatı üzrə xərclənmədi. Arxeoloji fondun təmiri üçün ayrılan böyük məbləğ pullar tam olaraq mənimsənildi. Su, neft, qaz kəmərləri çəkilişi və digər iri tutumlu tikinti layihələrindən gələn fantastik məbləğ büdcədən kənar vəsaitlərin böyük bir hissəsi sözün əsil mənasında talan edildi. Ona-buna saxta dissertasiyalar yazdırmaqla çoxsaylı təsadüfi şəxslərə alimlik diplomları verildi.
Elə düşünülməsin ki, bu məsələləri mən indi niyə qaldırıram? Xeyir! Elə o vaxtlar da yaranmış acınacaqlı vəziyyətlə bağlı dəfələrlə AMEA rəhbərliyinə, digər yuxarı orqanlara rəsmi şəkildə müraciətlərim olub. Amma AMEA prezidentlərinin İnstitutun direktoru olan o kimyagər xanıma gücü çatmadı. Çünki boz kardinal onu müdafiə edirdi.
Bu yerdə daha bir konkret faktı yada salmaqla kifayətlənəcəm. Məsələn, Azıx mağarasının dünya şöhrətli tədqiqatçısı professor Məmmədli Hüseynov 1994-cü ildə vəfat edərkən stolunun üstündə “Azıx-SSRİ ərazisində ən qədim paleolit düşərgəsi” adlı fundamental əsər nəşr üçün tam hazır vəziyyətdə idi. Əsər Azıxda aparılmış kompleks tədqiqatların yekununa həsr olunmuşdu. İnstitut Elmi Şurasının çapa məsləhət bildiyi bu kitabın 9 müəllifindən 4-ü SSRİ miqyasında tanınan akademik alimlər idi. Təsəvvür edin, belə bir arxivacib əsər elmi ictimaiyyətdən gizlədilərək nəşr olunmadı. Qarabağ müharibəsinin davam etdiyi dönədə belə nə institut, nə də AMEA rəhbərliyi həmin əsərin nəşrinə əsla maraq göstərmədi. Mən bu məsələ ilə əlaqədar dəfələrlə həm institut, həm AMEA rəhbərliyi qarşısında məsələ qaldırsam da reaksiya verən olmadı. Daha səlahiyyətli orqanlara müraciətlərim də nəticəsiz qaldı. Yəni, institut direktoru Maisə Rəhimova birbaşa R.Mehdiyev tərəfindən müdafiə olunduğundan heç kəsin ona dişi batmadı. Doğrudur, kimlərsə deyə bilər ki, boz kardinal 15 il ərzində himayə etdiyi direkatoru sonda AMEA prezidenti olaraq elə özü də vəzifədən kənarlaşdırdı. Əslində isə onun bu qərarı həm özünü, həm də himayə etmiş olduğu direktoru gec də olsa məsuliyyətdən xilas etmək cəhdi kimi dəyərləndirilməlidir.
15 mart 2021-ci il tarixdə cənab Prezident ailə üzvləri ilə birlikdə işğaldan yenicə azad olunmuş Azıxı ziyarət etdi. Bundan 3 gün sonra mən “İki sahil” qəzeti vasitəsilə Azıx haqqında olan belə bir fundamental əsərin 28 ildir ki, girovluqda saxlanaraq nəşr edilməməsi məsələni ictimailəşdirdim. Yazdım ki, hünərləri var həmin əsəri bundan sonra da girovluqda saxlasınlar. Yazı akademik mühitdə əsil zəlzələ effekti yaratdı. Heç iki ay keçmədi ki, 9 müəllifdən 7-si artıq dünyasını dəyişmiş olan bu əsər bəzi redaktə xarakterli səhvləri düzəldilmədən belə tələm-tələsik çap olundu. Daha sonra isə tərcümə olunaraq ingilis dilində də nəşr edildi.

7. R.Mehdiyevin AMEA Prezidenti olması İlahinin cəzası idi

Daş düşəydi o günə ki, R.Mehdiyev AMEA-ya prezident gəldi. Akademiya o gündən dönüb oldu intriqa meydanı. Bir çox nüfuzlu elm adamları təqib olundu, vəzifədən uzaqlaşdırıldı. Müharibə üçün milli PUA-lar istehsalına başlayan, onun sınaqlarını keçirməkdə olan Yüksək Texnologiyalar Parkını darmadağın etdi. AMEA sistemində özbaşına yeni vəzifələr icad etdi, qohum- əqrəbasını, keçmişi ləkəli olan dostlarını, şəriklərini ətrafına topladı. Beləliklə də elm məbədi olan AMEA sözün əsil mənasında barıt çəlləyinə döndü. Sözsüz ki, illərdir elm məbədində fədakarcasına çalışan, orada özünü Azərbaycan elminə fəda edən insanlara, – zəka sahiblərinə qarşı bu cür haqsızlıq etmək olmazdı. Edərsən, əvəzin alarsan! Aldı da! Çox keçmədi ki, Akademiyada hökmran olan akademik mühit Ramiz Mehdiyevə qarşı od püskürdü. Onun mövqeyi də, mövqesizliyi də, hər cür hikkə və özbaşınalığı da geniş ictimai qəzəb dalğası yaratdı. Görkəmli elm adamlarının onun əməllərini ifşa edən çıxışları bir-birin ardınca mətbuatda yer aldı.
Əslində, onun AMEA-ya prezident gəlməsi və burada tam olaraq ifşa olunması İlahinin cəzası idi. O belə bir ictimai qınağı və məzəmməti komsomoldan administrasiya rəhbərliyinədək işlədiyi bütün vəzifələrdə etmiş olduğu haqsız əməllərinə, qanunsuz və ədalətsiz qərarlarına görə özü qazanmışdı. İnanın, o, əgər Prezident Administrasiyasından birbaşa təqaüdə getmiş olsaydı, bəlkə də heç bu çirkin əməllərinin üstü açılmayacaqdı. Amma nəfsi və xisləti onu ahıl yaşında daha rəzil yola sürüklədi.

8. Dəhşət! Xəyanətin miqyasına baxın!
Artıq neçə vaxtdır ki, mətbuat, televiziya, saytlar, sosial şəbəkələr durmadan Ramiz Mehdiyevin əməllərindən yazır. Fikrimcə, düz edib yazırlar. Hələ bundan sonra da çox yazacaqlar. Bəli, istintaqın gedişində ictimaiyyətin bilmədiyi əməlləri aşkar edildikcə daha çox yazacaqlar. Amma bu deyəsən bəzi şəxslərin ürəyincə deyil. Deyirlər ki, R.Mehdiyev vəzifə başında olanda deməmisinizsə, danışmamışınızsa, indi də susun. Başa düşə bilmirəm, bu nə məntiqdir?! Adam dövlət çevrilişinə cəhddə, xalqa və dövlətə məxsus yüz milyonları qanunsuz yollarla mənimsəməkdə ittiham olunur, siz də deyirsiniz ki, onunla işiniz olmasın! Normalda isə onu təkcə DTX deyil, bütün Azərbaycan xalqı ittiham etməlidir və edir də!
Bəli, Ramiz Mehdiyevin maskası gec də olsa yırtıldı, onun saysız-hesabsız qanunsuz əməlləri üzə çıxdı. Amma məncə bu hələ prosesin başlanğıcıdır. Çünki, onun uzun illər yaratmış olduğu şəbəkə hələ də iş başındadır. Onlar arasında nazirlər, icra başçıları, millət vəkilləri, generallar, direktorlar, media bosları var. Hansı ki, onlardan hər biri çox mühüm postlarda mövqe tutmaqdadır. Hesab edirəm ki, istintaq bu nüanslara da diqqət yetirməlidir. Doğrudur, onlardan bəziləri artıq cildini də, ritorikasını da dəyişib. Amma bu tülkünün həccə getməyindən başqa heç nəyə bənzəməz.

Qafar Cəbiyev, AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun şöbə müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar jurnalisti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Dekabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see376

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see253

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see203

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see195

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see176

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see165

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see154

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see151

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see144

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see142

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see140

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see134

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri