Referendum qaçılmazlığı erməni iqtidarı və cəmiyyəti üçün sınaq
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Köhnə xəstəliyin simptomları sülh mühitinin qığılcımlarına güc gəlirsə...
Deyəsən, Azərbaycandakı xarici ölkə diplomatlarının Qarabağ və Şərqi Zəngəzura bu günlərdə gerçəkləşmiş səfəri indikator imiş. Səmimiyyət indikatoru. Bəri başdan deyək ki, erməni cəmiyyəti, elə iqtidarı da sınaqdan çox pis çıxdı. Sınaq sülhün sınağı idi. Yəni, erməni cəmiyyəti və hakimiyyəti barış yolunda səmimiyyət nümayiş etdirməyi bacarmadı. Obrazlı şəkildə desək, köhnə xəstəliyin simptomları sülh mühitinin ilkin qığılcımlarına güc gəldi. Məlum oldu ki, Azərbaycan cəmiyyəti Ermənistana etimad göstərməməkdə, ehtiyatlı davranmaqda haqlıdır. Deməli, Bakı hay siyasi industriyasının maksimalizm kimi qiymətləndirdiyi tələbdən, daha doğrusu, şərtdən möhkəm yapışmalıdır.
Bəli, Ermənistanda Azərbaycandakı xarici ölkələrin diplomatik nümayəndələrinin Qarabağa səfəri xüsusunda isterik durum hökm sürür. Heç şübhəsiz, alovu körükləyən revanşist və şovinist kəsimdir. O kəsim ki, Qarabağın “erməni mənəvi irsi” kimi cəfəngiyyatla “silahlanıb”, ərazi xiffətinə köklənir, saxta sentimentalizmi, ucuz populizmi və mübarizə pafosunu işə salır. Belə getsə, “böyük Tiqranı” qəbirdən çıxaranlar, Andronikin qulağına heykəl qoyanlar və digərləri də meydana atılacaq. Hərçənd, geri zəka sahiblərinin artıq ortaya düşüb oyunbazlıq çıxardıqlarını söyləmək mümkündür.
İstər-istəməz, sual olunur: Görəsən, Ermənistanda hazırkı isterik durumu doğuran yalnız xarici diplomatların Qarabağa səfəri idimi? Əlbəttə ki, yox. Çünki revanşist və şovinistlər erməni siyasi həyatının “gözmuncularıdırlar”. Belə nəticə hasil olur ki, bunlar hay hakim komandası üzvlərinin sülh, dinc və birgə yaşamla bağlı bütün tezislərini heçə endirə, hətta, asanlıqla ikinciləri “zəhərləyə” bilərlər. Artıq “zəhərlənən” var. Söhbət Ermənistan Parlamentinin sədri Ruben Rubinyandan gedir.
Doğrudur, R.Rubinyan öz aləmində diqqəti barışa yönəldib və bildirib ki, Azərbaycan-Ermənistan fikir ayrılıqlarının atəşə və sərhəd toqquşmalarına deyil, müzakirələrə çevrilməsi sülh şəraitinin göstəricisidir. Amma belə yayğın münasibət olmur. O cümlədən “əldə etdiyimiz sülh daim qayğı tələb edir” deyən baş parlamentarinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Qarabağdakı mədəni irs nümunələrinin Qafqaz Albaniyasına aid olması barədə açıqlamasının sülhün qorunmasına xidmət etmədiyini bildirməsi yolverilməzdir.
R.Rubinyanın sülhün bütün məsələlər üzrə razılıq təbiətinin olmadığını dilə gətirərək, Azərbaycanla bağlı Ermənistan cəmiyyətini identiklik baxımından qıcıqlandıracaq çoxlu məsələlərin qalacağını deməsində də məntiq yoxdur. Görəsən, söhbət hansı identiklikdən gedir? Nə üçün erməni cəmiyyəti qıcıqlanmalıdır? Ən başlıcası, Rubinyan və onun təmsil olunduğu komandanın üzvləri hansı səbəbdən açıq şəkildə bildirmirlər ki, Qarabağ Azərbaycan torpağıdır və o torpaqda yaşananların, baş verənlərin Ermənistana heç bir dəxli yoxdur.
O zaman biz nə edək? İrəvanın qədim Azərbaycan şəhəri olması reallığını qabardaq və deyək ki, bu şəhər haylara dövlət yaratmaq üçün peşkəş verilib? Bəlkə onu da vurğulayaq ki, “ərazi hədiyyələri” hayların iştahalarını artırdı və onlar 1988-ci ildə “Qarabağ hərəkatı” kimi avantüra qondardılar? Bir şeyi də vurğulayaq: məhz Qarabağ avantürası və onun fonunda Azərbaycan torpaqlarının işğalı, minlərlə azərbaycanlının öz yurd-yuvalarından didərgin düşməsi, acılar və məhrumiyyətlər yaşaması iki xalqın bir-birinə inamsızlığını doğurdu.
Uzun sözün qısası, ilk daşı atan biz olmadıq. Bakının göbəyində erməni məhəllələri var idi, paytaxtın bütün mərkəzi yerlərində ermənilər yaşayır, yaxşı vəzifələrdə çalışırdılar. Bu, erməni avantüristlərinə Bakını da qədim erməni şəhəri kimi göstərmək “cəsarəti” verirdisə, deməli, hay toplumunun Rubinyanın barəsində söz açdığı identikliyinə çürüklük hakim kəsilib. Erməni cəmiyyəti və iqtidarı anlamalıdır ki, çürüklüyü aradan qaldırmağın iki yolu var. Birinci yol 44 günlük müharibədə sınaqdan çıxarıldı və İrəvan kapitulyasiyaya getməyə məcbur qaldı. Azərbaycan ikinci yol barədə düşünməyi erməni toplumunun öz ixtiyarına buraxıb. Hazırda yaşananlar onu göstərir ki, hay toplumu normal düşünmək istəmir...
Tam əminliklə demək olar ki, xarici ölkə diplomatlarının Qarabağa səfəri fonunda Ermənistanda qaldırılmış ajiotaj məhz normal düşüncə qısırlığının nəticəsidir. Deməli, Bakı ilə İrəvan arasında sülh gündəliyi nə qədər çox irəliləyiş qazansa, revanşist və şovinistlər bir o qədər ucadan qışqıracaq, erməni iqtidarı isə açıq formada olmasa da, subliminal şəkildə bu qışqır-bağıra haqq qazandıracaq. Halbuki erməni hakim komandası çalışmalıdır ki, sülh müqaviləsinin imzalanmasına yol verməmək təmayülləri cəmiyyətin dəstəyini qazanmasın, toplumun hələ də canından çıxarmadığı köhnə şakər dinməsin. Bunun üçün isə subliminalizmdən, dolayı dəstək dilindən uzaq durulmalı, reallıq cılpaqlığı ilə bildirilməlidir. Reallıq isə budur: başqa bir ölkənin ərazi bütövlüyünü və suverenliyini tanıyırsansa, onun mədəni və maddi irsini də tanımalısan.
Başqa sözlə desək, əgər Qarabağdakı abidələri yenidən “özününkü” və “başqasınınkı” olaraq bölmək cəhdləri varsa, deməli, köhnə iddialar üçün zəmin qalır. Sülhə mane olan da elə bu zəmindir. Paşinyan Qarabağa qayıdış məsələsinin təhlükəli məqam, barışa zidd ritorika olduğunu bildirirsə, eyni yanaşma bölgədəki abidələrə münasibətdə də tətbiq edilməlidir. Eyni yanaşma Qarabağdakı abidələrə münasibətdə həm də ona görə tətbiq edilməlidir ki, zaman-zaman həmin abidələrin özününküləşdirilməsi tendensiyası Ermənistanın Azərbaycana qarşı ərazi iddiası müstəvisində qiymətləndirilən hadisə olub. Yəni hay alimləri, mütəxəssisləri əllərinə düşən hər fürsətdə bölgədə goreşənlik edib, oradan özlərinə xas nə isə tapmağa çalışıblar ki, işğalı leqallaşdırsınlar, qəsbkarlığa legitim obraz biçsinlər.
Erməni alimləri, həmçinin Qarabağla bağlı saxta tədqiqat işləri aparıb, dissertasiyalar müdafiə ediblər. Rubinyanlar, paşinyanlar, simonyanlar və başqa yanlar bütün bunlarda identiklik işartıları axtarmamalı, yaxud belə demək mümkünsə, axtaranların əllərinə oynamamalı, sülhü şübhələndirəcək nüansları tarixin zibilliyinə göndərməlidirlər.
Yeri gəlmişkən, N.Paşinyan, eynilə Rubinyan kimi, parlament seçkilərindən sonrakı ilk bəyanatında bildirmişdi ki, “sülhün qayğısına qalmağa davam etmək lazımdır”. Amma sülh gündəliyi təkcə bəyanatlarla deyil, konkret əməllərlə möhkəmləndirilməlidir. Bu yerdə vacib məqama keçid alaq. Hay siyasi industriyasının maksimalizm kimi qiymətləndirdiyi şərti nəzərdə tuturuq. Bəli, söhbət Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün Ermənistan qarşısında irəli sürdüyü şərtdən, daha dəqiq desək, ölkəmizin Ermənistan konstitusiyasına dəyişiklik tələbindən gedir. Tələb isə odur ki, erməni əsas qanunu işğalçı mahiyyət daşıyan, özündə ərazi iddiası məntiqini yaşadan İstiqlaliyyət Bəyannaməsinə istinaddan qurtulmalıdır. Yəni Azərbaycanın şərtinin yerinə yetirilməsi sülh yolundakı ən konkret əməldir. Bu əməlin yolu isə referendumdan keçir.
Məhz referendum erməni cəmiyyətinin səmimiyyətini ortaya qoymalı, onun avantüradan uzaq durduğunu təsdiqləməli və bu mesaj bütün dünyaya verilməlidir. Verilməlidir ki, xaricdə kimlərsə yenidən hay millətçiliyi üzərinə oyun oynayıb Cənubi Qafqazı qan gölünə çevirmək, özlərinin qlobal niyyətlərini gerçəkləşdirmək üçün həvəslənməsinlər. Azərbaycan dövlətinin və cəmiyyətinin sülh fundamentallığı məhz buna əsaslanır.
Ə.RÜSTƏMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 18 Sentyabr 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















