Icma.az
close
up
RU
Reinkarnasiya ruhun təcallası Loğman Rəşidzadə yazır

Reinkarnasiya ruhun təcallası Loğman Rəşidzadə yazır

525.az saytına istinadən Icma.az xəbər verir.

Loğman RƏŞİDZADƏ
yazıçı-publisist

(Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanı barədə düşüncələr)

"Sehrbazlar dərəsi" əsəri ruhu, bədii-fəlsəfi pafosu ilə Kamal Abdullanın yaradıcılığı üçün səciyyəvi olan məhrəm duyğularla süslənmişdir. Ölüm və olum barədə düşüncələr, ölümdən sonrakı həyatın simptompları, cizgiləri, sirləri, insan həyatının əbədiliyi, yaxud fənalığı, paralel dünyalar, reinkarnasiya kimi mistik-fəlsəfi görüşlər bu romanda da əsas leytmotivdir. Lakin qeyd edək ki, bu əsər istedadlı nasirin yaradıcılığında xüsusi, parlaq bir yer tutur. Mistik düşüncələrlə real vaqiələrin culğalaşması fonunda, uzaq-yaxın hadisələrin qovuşuğunda insan həyatının və taleyinin ələk-fələk edilməsi kimi dinamik və rasional nəticələr romanda çox obrazlı, bədii mükəmməllik, fəlsəfi dərinliklə həllini tapmışdır. Kamal Abdulla bu romanda ölümün sirri və fani dünya barədə söz açır. Ruhun əbədiliyinə və ilahi təyinatlara toxunur. Roman Allahaxtarıcılığında yazıçının ciddi addımıdır. N.F.Qısakürək sənətin məqsədini Allahı aramaqda görürdü. Bu mənada Kamal Abdulla Allahı axtarır və tapır. Allaha tapınmaq isə romanın hər sətrində ürək ritmi kimi döyünür.

Romanı oxuyarkən ilk növbədə onun janrını müəyyənləşdirməyə çalışırsan. Magik realizm barədə düşünürsən, fantastik və utopik üslub haqqında fikirləşirsən, realist lövhələr, təbii insan hissləri və duyğuları səni realizm fəlsəfəsi tərəfə çəkir. Əsərdə bu janrların hər birinin elementləri, cizgiləri, ştrixləri mövcuddur. Əsas odur ki, bu olaylar təbii şəkildə bir-birinə kip oturdulmuşdur. Hər şey təbii axınla, real stixiyada cərəyan edir. Əsərdə zaman keçidləri - keçmiş və müasir dövr, o dünya, bu dünya ölçüləri, paralel dünyalar, bir-birindən xəbərsiz, yanaşı mövcud olan və bir-birini tamamlayan məkanlar zəncir halqaları kimi o qədər təbii şəkildə hörülüb ki, onların yaratdığı assosiativ duyğular sənə bu aləmləri bütövlükdə qəbul edib qavramaqdan başqa yol qoymur. Bütün bunlar Kamal Abdulla tərəfindən dahiyanə həssaslıqla bir-birinə hopdurulub, vahid düşüncə və duyğuda qovuşdurulub.

Əsər virtual hisslər, qeyri-adi duyğular, fantastik düşüncələr təlqin edir. Virtual konturların əsasında reinkarnasiya - yenidən doğulma, yenidən yaranma, yenidən dünyayagəlmə dayanır. İnsan ölmür, ruhən yaşayır və ruhun təcallası ilə yenidən dünyaya qayıdır. Bu fikir və düşüncə bəşər mədəniyyətinin lap ilk çağlarından insan inamı və ümidi kimi yaranıb. Bu ideya kelt və Skandinaviya xalqlarında, Mayya və Astek qəbilələrində, Qrenlandiya eksimoslarında hələ qədim zamanlardan bir inanc kimi formalaşmışdır. Hətta, bu inancın izləri daha dərinlərə, ibtidai insanlara gedib çıxır.

Eksimoslar insanın üçlükdən - vücud, ruh və addan ibarət olduğunu düşünürdülər. Onlar inanırdılar ki, insan öləndən sonra vücud çürüyüb yox olsa da, ruh başqa bədəndə yenidən dünyaya qayıda bilər. Həmin insanın adını yeni dünyaya gələn körpəyə qoyduqda isə, onun adı da dirilmiş olur. Hinduizm inancına görə, kastalar yaradıcı tanrı Brahmanın insan şəklində təsəvvür edilən vücudunun müxtəlif yerlərindən yaradılmışdır. Bundan başqa, həyatda Karma qanunu hökm sürür. Bu, bir səbəb-nəticə qanunudur. Yəni insan keçmişdə nə etmişsə, gələcəkdə onunla rastlaşacaqdır. Buddizmdə bu, tənasühlə izah olunur. Tənasüh qurtarmaq bilməyən bir yenidən doğuş silsiləsidir və özündə əzab-əziyyət mahiyyəti daşıyır. İslamda isə bu, vəhdəti-vücud-panteizm şəklində (pan - bütün, teos - Tanrı deməkdir) "hər şey Tanrıdır" mənasında alınır. İnsan Tanrının yer üzünə səpələnmiş zərrələridir, son anda ruh Tanrıya qovuşur, onda əriyib yox olur. Bunu sufilər fəna-fillah adlandırır. Sufiliyə meyl göstərən İbn Səbinə (XIII əsr) adlı bir ərəb filosofunun verdiyi mənalı tərifə görə qədim filosoflar özlərini Allaha bənzətmək istədikləri halda, sufilər Allaha qovuşmaq istəyirlər.

Bütün bu ibtidai insan təsəvvürləri və dini görüşlər sonradan elmi təlimlərdə də yer aldı, yəni ruhun varlığı, ölməzliyi, bir şəkildən başqa şəklə düşmə xüsusiyyətlərini elm də təsdiq etdi. Ruh haqqında söhbət elmlə fantaziyanın qovuşuğuna baş vurmaq, fantastik düşüncələrin elmi araşdırılmalarla təsdiqinə varmaq deməkdir. Kamal Abdulla "Sehrbazlar dərəsi" romanında bu nəhəng bəşəri problemlərin çözülüb konsepsiya şəkilində (həm elmi, həm də təxəyyül formasında) həllinin bədii müstəvidə şərhində, özü də fundamental şərhində bir sıra düşüncə subyektlərini qabaqlamışdır.

Əsərin dili son dərəcə poetik və təsirlidir. Doğrudan da bu əsəri Kamal müəllim "Azərbaycan dilinin potensialında" yazıb. Dil mətnin ruhudur. Romanın dili mətnin içində hopub qalmış gizli sirlərə aparan etibarlı bələdçidir. Bu, ruh dilidir, ruhun dilidir, gizli mətləblərə qovuşduran sehrli yoldur. Əsər başdan-başa zikri xatırladır. Hər ifadə, hər söz, hər ləfz, hər cümlə zikr intonasiyası ilə gizli, sirli halətlər pıçıldayır, insan ruhunun və mənəviyyatının şəklini çəkir. İnsanlar danışmır, hisslərini bir ah, bir nəfəs kimi çəkirlər, sirlərini iç-içə, nəfəs-nəfəsə virtual bir pıçıltı kimi bəyan edirlər. Dialoqlar, dinləmələr, həsb-hallar pıçıltı kimi mistik bir sehr libasına bürünüb. Çılpaq ifadə, yalxi deyim, quru təsvir tapmazsan. Hər şey bədii ilmələrlə sehrlənmişdir. Romandakı dialoqlar dərin düşüncəli, zəngin mündəricəlidir, hədis təfsirlərini xatırladır. Sözlər, ifadələr ilğım kimi qıvrılır. Bu söz və ifadələrin, dolu cümlələrin yaratdığı bədii mənzərə, nominativ və məcazi mənalar reallıqdan uzaq virtual aləmin gözəgörünməz konturlarını, eləcə, real təəssürat kimi təqdim edir. Bu dil mistik özəlliklərə bürünmüş başdan-ayağa poeziya dilidir. Bütövlükdə birnəfəsə oxunan roman ahəng və ritmi ilə bir şeir parçası kimi ruhuna hopur. Dünya, zaman, insan taleyi, ruhun təcallası barədə olan bu təfsirlər adamı yaşadığı dünyanın içindən çıxarıb mistik bir aləmdə qərarlaşdırır. İnsan bu yerdəyişimini təkcə ruhən, duyğusal aləmdə deyil, fiziki mənada da yaşayır. Bu, təlqin deyil, təbəddülat deyil, bu, qarabasma da, təxəyyül də deyil, bu, əsl, real yaşantıdır. Bu dünya Kamal Abdullanın intelekti və fitri istedadı ilə yaradılmış virtual aləmin fizikəl görüntüləridir. Bu aləmdə Kamal Abdulla sir dolu bir ruh adamı kimi, müxtəlif paralel dünyaların sirrinə vaqif bir dərviş kimi sənə bələdçilik edir, yol göstərir, çaşmış əhvalını sahmana salır, qaranlıqdan işığa çıxarır, sənə fikir aydınlığı, düşüncə saflığı bəxş edir. Kamal Abdullanın yaratdığı bu aləm öz sir dağarcığı, gözəgörünməz və dərkolunmaz mistikası ilə sənə çox doğma gəlir, sən özünü bu sirli aləmdə azad və asudə hiss edirsən. Durulursan, təmizlənirsən, özünə qayıdırsan, özünü və ətrafını daha yaxşı dərk edirsən, daha doğrusu, daha dərindən hiss edir, duyursan. Çünki Kamal Abdulla hamının taleyindən yazır: sənin, mənim, onun, bir sözlə, bütün insanlığın. Odur ki, bu insancıllıq, bu bəşəri duyğusallıq onu hamının doğma yazıçısına çevirir.

"Sehrbazlar dərəsi" hisslər və duyğular, insan və insanlıq, inanc və etiqad haqqında poetik bir bəyənnamədir. Oxuduqca, yaşadığın həyatı unudursan, başqa dünyalara lağım atırsan, özü görünməyən, sirri bilinməyənə aləmlər içində sayrışırsan. Bu hissləri, duyğuları Kamal Abdulla bir dərviş təlqinilə poetik avazla sənin vücuduna yerləşdirir, sənin qəlbini, şüurunu mistik duyğularla kökləyib şəxsiyyətini zənginləşdirir, səni zərrələrə bölüb kainatın sirli guşələrinə səpələyir. Bir idin, min olursan, hər zərrən bir möcüzəli aləmin vətəndaşına çevrilir. Sən, beləcə, yaşayırsan - dərvişlər aləmində, ruhlar səltənətində, sirlər içində... Bu roman sırf təsəvvüf yaddaşıdır, sufi təcallasıdır, könül dünyasından soraq verən qəlbnamədir.

Roman dilinin başqa bir keyfiyyəti onun ritmik olmasıdır. Bulud qatından sıyrılan Günəş işığı kimi bu dil səni ahəngrüba kimi bürüyür, özünə bələyib ruhlar dünyasının ilğım dolu aləminə qovuşdurur. Məhz, bu dil, bu leksik ahəng, bu dərviş virdini xatırladan yumşaq, çeşidli və lirik ləfz ruhlar aləminin mistikasını, örtüyünü bir-bir açıb bu dünyanın möcüzələrini xırıd eləyir. Bu dilsiz, bu ifadə qaynağı olan nağılvari təhkiyəsiz ruhlar dünyasına gedən yolda bələdçi tapa bilməzsən. Məhz, bu dil, bu intonasiya, bu duanı xatırladan təhkiyə yazıçının qarşıya qoyduğu məqsədə doğru aparan yeganə vasitədir. Bu türlü təhkiyə olmasa, K.Abdullanın oxucuya təlqin elədiyi ruhlar aləmi və mistik düşüncə tərzi şifrəsiz qalar, qıfıl sındırıla bilməz. Bəzi misallara nəzər salaq:

"...Karvan ləhləyə-ləhləyə gecənin səssizliyinə batırdı... uzaqdan ya köpək, ya qurd səsi idi - qərib-qərib gəlib dürtürdü özünü adamın qulaqlarına. Dəvələr yerə çöküb, bir-birinə qısılıb üstünü mamır basmış daş kimi hərəkətsiz qalmışdı..." "...Məmləkət torpağına ki, yetişəckdilər, inşallah, daha qaçaq-quldur qorxusu da qalmayacaqdı. İndi az da olsa çöldə tənha cəsəd kimi çürüyən bu qorxu hələ var idi…" "...Bu vaxtın adına təkcənəlik vaxtı deyilərdi... Hər bir sehrbaz öz sehrini soyunurmuş bu vaxtın içində. Sonra da uşaq kimi gücsüz, heysiz qalırmış..." "...Xacə İbrahim ağanın ürəyinə sərinlik suyu bir dağ şəlaləsindən süzülən kimi süzülüb töküldü..." "...Bu otağın hər bir küncündən ilıq və tanış bir yuxunun məstedici qoxusu gəlirdi..." İlahi, bu nə obrazlı mükalimələrdir, bu nə bədii bənzətmələrdir, bu nə söz butasıdır?.. Əsər başdan-başa belə obrazlı deyimlər, bədii-poetik ibarələr üzərində qurulub. Mükəmməldir, şedevrdir.

Bir yazıçı kimi Kamal Abdulla adi həyat hadisələrindən yazmır: o dünyadan, bu dünyadan xəbər verir, başqa, bizim bilmədiyimiz, agah olmadığımız aləmlərin sirlərindən danışır, yerlə-göy arasında əndişələrlə yaşayır, oxucunu seyri-sülükə aparır. "Sehrbazlar dərəsi" bu mistik hadisələr və ovqat üzərində qurulub. Roman görünməzlər, bilinməzlər, sirr içində sirlər haqda bilgi verən hekayətdir. Bilinməyən, duyulan, görünməyən, hiss edilən nəsnələr dastanıdır. Dünyanın sirli, sirr dolu olayları insanın bütün hüceyrələrinə hopur və son anda insanın özünü də sirr dolu aləmə çevirir. Oxuduğun əhvalatlar, şahidi olduğun hadisələr sənə sonadək sirr içində qalır, açılıb-görünmür, dərk olunmur. Sirlər aləmində xəyala gedirsən. Bu xəyallar səni haralara aparmır, özünü-özündən alıb görünməz aləmlərə səyahətə çıxarır. Həyatın qaranlıq, görükməyən, bilinməyən tərəflərinin gizli, naməlum istəklərinin simvolu olan sirr dağarcığı "Görünməz təpə"yə seyrə çıxırsan, Ağ dərvişin macəra dolu həyatına enirsən, Sehrbazlar dərəsinə varid olub bu cənnət guşənin özvayı ilə tanış olursan, cəllad Məmmədqulunun həyat yoluna nəzər salırsan. Amma çifayda, xəbərsiz, məlumatsız, sirr içində sirlərə vaqif ola bilmirsən. Sirr dolu aləm sonadək sənə qaranlıq qalır. Bütün deyilənləri, yazılanları, təsvir edilənləri sonadək dərk etmək üçün Kamal Abdulla dünyasına girməlisən, onun intellektinə bələd olmalısan, onun ruh aləminə qovuşmalısan. Hadisələrin içinə hopub təsvir edilənlərə yol yoldaşı olmaq üçün Kamal Abdulla duyğularına köklənməlisən, bir sözlə, onun mərtəbəsinə qalxmalısan. Bu da çətin məsələdir. Kamal Abdulla görünməzliklərini görmək, hiss olunmazlıqlarını hiss etmək, duyulmazlıqlarını duymaq, ürəyindən keçirdiklərinə köklənmək, şüurunda yaşatdıqlarını dərk etmək üçün onun aləminə, sirr dolu, təkçənəlik yaşadan ürəyinə girməlisən. Bu da zor işdir, hər oxucunun bacarmadığı bir olaydır.

Əsərin obrazları, qəhrəmanları da sirr dolu bir həyat yaşayırlar. Əslində, əsərin baş qəhrəmanı ruhdur, virtual aləmdə "təkçənəlik vaxtında" yaşayan, əbədilik simvoluna çevrilmiş, ilğımlaşmış xəyalı varlıqdır. Bu varlıq nə o dünyadadır, nə bu dünyada, yerlə göy arasında özünün olar-olmazlığı, varlığı-yoxluğu ilə mücadilədə olan, insanın gerçək inamını yaşadan xəyali anlaşılmazlıqdır. Dünya bu xəyalı vücudda təcəlla edir, dalğa-dalğa, aram-aram gah görünür gah da qeyb olur, bir avaz, bir ah, bir nəfəs kimi gah gəlir, gah çəkilir. Romanın bədii ritmi də bu ahəng üstdə qurulur. Və əsər insan qəlbinin, ruhunun mənəviyyatının daxili enerjisinin heroqlifləri, mozaikası təsiri bağışlayır.

Əsər ilahi ədalətə inam təlqin edən qəlbnamədir desək, səhv etmərik. Müəllif hadisələri bir irfan aşiqi kimi təsvir edir, qəzavü-qədərin, axirət sevdasının dərin həyati, vacib çalarlarını gerçək insan taleyinin qaranlıq və mistik hekayəti qovuşuğunda yaradır. Bu irfanı duyğuların mayasında eşq dayanır, bəşəri, ilahi eşq! Şərqdə mistik hisslər poeziya vasitəsilə, şeirlə bəyan edilmişdir. Sevgi və sevmək hissi Allaha məxsusdur. Hər bir əşyaya məhəbbətdə Allaha sevgi yaşayır. Kamal Abdulla da bu romanında eşqi qabardır, hər sözü, hər cümləsi, hər ləfzi ilə insanların qəlbində Allah sevgisi oyadır. İbn əl-Ərəbi deyirdi: "Allahın gözəlliyi ilə (zinət əl-lah) bu dünyanın gözəlliyi (zinət əl-həyat əd-dünya) arasında bir fərq var: məqsəd (qəsd) və niyyət (niyyə) fərqi. Gözəlliyin özü isə həmindir (əyn əz-zina), ayrı birisi deyil". Bu, həyatda hər bir gözəlliyin Allaha məxsus olması deməkdir. Allaha sevgi də burdan qaynaqlanır. İbn əl-Ərəbi "Tərcüman" divanında "mənim dinim sevgidir" ləfzini qabardır və bu ideyanın "Quran" əsasında şərhini verir. İbn əl-Ərəbiyə görə, həqiqi hər şeyi əhatə edən sevgi, insanın özünü rədd edir və onu Allahın varlığında əridir. İbn Teymiyyəyə görə: "Xəlq edilmiş şeylərin varlığı xaliqin varlığından başqa bir şey deyildir, hər şey ilahi vücuddan xəlq olur ki, ən nəhayət, bu vücuda qayıtsın". Bizim ədəbiyyatın bel sütunları sayılan Nizami, Füzuli yaradıcılığında da belədir. Nəimi, Nəsimi şeirlərində bu meyl daha qabarıqdır. Kamal Abdullanın "Sehrbazlar dərəsi" əsərinin ideyası da bu klassik ideologiyadan nəşət tapır, başdan-başa Allaha sevgi və ona qovuşub ərimək, onda itmək arzusuna söykənir.

Kamal müəllimə görə eşq insanın mənəviyyatının, daxili aləminin, duyğu və hisslərinin tərbiyəçisidir. Bu eşq sentimental deyil, ruhanidir, irfani və sakraldır. İnsani dəyişə bilən, onu ruhi-irfanı mükəmməlliyə gətirib çıxaran, eşqdir. Bu eşqdə insanların bir-birinə tuşlanmış saf duyğuları son anda Allaha yönəlir və bu qovuşuqda aram tapır. Qan iyindən bihuş olan cəllad Məmmədqulu eşq uğrunda yolunu dəyişib fəda olmadımı? Oldu! Bu yol onu gözəl Pərnisə ilə Şahverən məhəbbətində birləşdirmədimi? Birləşdirdi! Şaha üsyana qaldırmadımı? Qaldırdı! Bütün bunlar Allaha yönəlik hisslər deyilmi? Elədir! Bundan başqa, Ağ dərvişin yolunda canını fəda edən müridlərin məhəbbəti Allaha yönəlməyibmi? Yönəlib! Zahirən Səyyah sehrbazı qınayan, daxildə ona məhəbbət bəsləyən Seyid Sarınin bu sevgisi aşikar deyildimi? Aşikar idi! Xacə İbrahim ağanın Karvanbaşıya olan sevgisi həqiqi deyildimi? Həqiqi idi! Bütün bunlar gizli, sirli bir şəkildəydi, hicab altında gizlənmiş sifət kimi idi. Bunu yalnız həssaslıqla duymaq, daxili baxışlarla görmək olardı. Necə ki, Səyyah sehrbaz Xacə İbrahim ağanın sirrini beləcə açmışdı:

"- Bu yorğunluq bir başqa şeydir. Sən gecə yatıb dincələndən sonra da sabah-sabah yuxudan yorğunluq içində durursan. Elə bil döyüblər səni yuxunda. Bu, bir başqa yorğunluqdu. Eşq, məhəbbət yorğunluğudu bu.

- Səyyah, mən bir Xacəyəm. Sən hansı eşqdən danışırsan?!"

Səyyah, Xacə İbrahim ağanın öz başının böyüyü Karvanbaşına olan irfani məhəbbətindən danışırdı. Necə ki, əvvəlki təəccübünə rəğmən, əsərin sonunda Xacə özü də bunu etiraf edir: "Necə doğru söylədi Səyyah sehrbaz Düzəngah yolunda ki, səninki bir başqa eşqdir. Mən indi buna bir şey olsa, nə cürə yaşayacam?"

Əsərin başlıca məramı cəllad Məmmədqulunun ruhuyla söhbətdə çözələnir. Ruhçağırma səhnəsi mistik pafosuyla misilsizdir, şedevrdir. Əvvəla, ruhu çağırmaq üçün göyün rənginin münasib olması, ideyası... Nədir bu münasiblik? Mavidirmi, qaradırmı, boz-bulanıqdımı, yaxud qırmızı-narıncımıdı? Nə o, nə də bu. Heç biri. Əsərdə bu rəngdən soraq verilmir. Əslində, bu rəng, ruh rəngidir. Burada da mistika yaşayır, həqiqət sirli, söz oyunu, fikir pərdəsi altında gizlənir. Bu da yazıçının yeni mistisizmi, gizli hissi-emosional oyunu, virtual versiyasıdır. Romanda hər şey sirr içində olduğu kimi, bu məqam da gizli və örtülü qalır, ruhun özü qədər anlaşılmaz bir dona bürünür. Ruhçağırma prosesində sözlər, ifadələr, onların büründüyü ahəng bir ah müstəvisində, yanıqlı nida şəklində, pıçıltı avazında göyərir. Çağırış poetik dillə səslənir, son dərəcə zərif və nəvaziş dolu ifadələrdən qurulur, vahiməli pıçıltını xatırladır: "- Gözlərimə görünmə, gəl. Ağlamışam, dirənmə gəl. Sən ölmüsən, ərinmə, gəl. Gəl... gəl... gəl... gəl..." Pıçıltını xatırladan nəzakətli avazı hiss eləyirsinizmi? Son anda: "Birdən Səyyah sehrbaz tərəfdən otağın ortası ilə ikicə kəlmə söz fırlana-fırlana gəlib özünü saldı Karvanbaşının heyrətdən şəklənmiş qulaqlarına".

Yeri gəlmişkən, fırlana-fırlana məntiqinə münasibət bildirək. Kamal müəllimin bütün əsərlərində bu dairəvi hərəkət, bu fırlanma mexaniki bir anlayış kimi qəbul edilmir. Bu çərxi-fələyə tuşlanır, insanların fırlana-fırlana yeriməsi, dairəvi hərəkət, dünyanın gərdişinə işarədir. Yerin, Günəşin, ulduzların dövrləmə hərəkəti - həm fiziki, həm də metafiziki qanunlarla təsbit edilir. Biz irəli doğru hərəkət edirik. Əslində bu, zahiri təəssüratdır. Fiziki mənada irəli hərəkət dairəvi xarakterdədir (Avtomobilin, arabanın təkətlərinin fırlanaraq irəli hərəkətini xatırlayaq). Yer kürəsi fırlanır, biz də bu fırfıranın iradəsinə tabe oluruq. Kamal müəllim buna, həm də çərxi-fələk, tale, qəzavü-qədər xarakteri verir. Yazıçıya görə dünya çevrə şəklindədir. Hər şey də bu çevrə müstəvisində baş verir, hərəkət, yaşayış, ömür yolu, hamısı dairəvidir. Tale də, qəzavü-qədər də, ömür yazısı da kürəvidir. Nə əməl sahibisənsə, yaşam boyunca dünya hərlənib-fırlanıb səni ona tuş gətirəcək. Yaxud onu sənə yenidən calayacaq. Bundan qaçmaq olmaz. Qəzavü-qədərə tabe olmalısan. Hər şey bumeranqdır. Həyatda nə etdiyin, nə fikirləşdiyin, hətta düşüncələrin, ürəyindən keçənlər bumeranq olub özünə qayıdır (Karma qanunu). İntiqam hissi də. Qayıdır, özü də cəza kimi. Bunu Məmmədqulunun ruhu söyləyir, tövsiyə, nəsihət kimi:

"Karvanbaşı bu sözləri qulaqardına vurdu:

- Sən bəs öz ağanın intiqamını almadın? Aldın axı...

- Elə ona görə də bütün ömrüm boşuna getdi: - Ruh asta-asta cavab verdi. - İntiqam deyib yaşamaq olmaz. Gücün yetməz yaşamağa".

Yazıçı bu virdlə də mifik yaşam tərzinə işarə vurur. Bu humanist düşüncələrlə bildirir ki, insan ömrü boyu öz həyatını yaşamalıdır. İntiqam hissi özgə həyatı yaşamaq, özgə duyğuları cücərtmək, olar-olmaz arasında bir ömrü payimal etməkdir. İntiqam hissi səni özündən alıb aparır, görünməz, bilinməz duyğular qoynunda tapıb tapmadığın nəsnələrə qovuşdurur. Sən öz ömrünü yaşamırsan, sən öz duyğularına, hisslərinə, ruhi aləminə köklənmirsən: özgə həyatı yaşayır, özgə nəfəsilə nəfəs alır, özgə baxışları ilə görür, özgə şüuru ilə düşünür, özgə qəlbi ilə hiss edirsən. Olmaz! Nəticə nədir? Nəticə Allahın işinə əl aparmaq, Tanrı əməlinə qarışmaqdır. İntiqam Allaha məxsusdur. İş, onun işidir! Özü bilər. Haqqı bilən yalnız, odur! Hökm onundur! Adil və Qadir odur! Nəyi necə etmək, nəyi nə vaxt yerinə yetirmək yalnız ona məxsusdur. Bəndənin işi yalnız başını aşağı salıb yaşamaq, öz ömür payını Allah kölgəsində başa vurmaqdır. Təşəbbüs göstərmək, Allaha aid işləri öz üzərinə götürmək, yasaqdır. Belə olanda ömür məşəqqətə çevrilir, yaşamaq əzab-əziyyətdən başqa bir şey olmur. Bu, haradasa, mistika deyil, fanatik ruhi əndişələrə də işarə deyil. Bu, real həyatdır. Hər an, hər gün yaşadığımız, başımıza gələn və gələcək gerçəkliklərdir. Cəlladın ruhu demişkən, belədə bütün ömür boşuna gedir. Karvanbaşını şaha qəsddən çəkindirəcəyinin zor olduğunu düşünən Məmmədqulunun ruhu bir az da qəzəblənir: "Sən özgəsinə cəza verə bilməzsən, gədə, cəzanı Allah verir. Qoy kimə nə verir, qurban olduğum özü versin. Sən qarışma Allahın işinə, bala..."

Nəhayət, cəllad Məmmədqulunun təhrikilə Karvanbaşı Allahverən özünü xəncərləyib həyatını bitirir. Hadisələr sonuçlanır. Burda ruhçağırma, ruhla təmas qəzavü-qədər, həyatın bədəli kimi simvolizə edilir. Beləliklə, çevrə qapanır. Qapanırmı? Xeyr! Çərxi-fələk işindədir, dövrə vurur, fırfıra fırlanır. Karvanbaşının ölüm səhnəsi romanın sonu da ola bilərdi. Lakin bu, yanlış və natamam görünərdi. Həyat təsbeh dənələri kimi bir-birinə düzülüb davam eləməliydi. Odur ki, Səyyah sehrbaz Karvanbaşının nəslinin yeganə varisi olan uşağı əbası altında köksünə sıxaraq xilas etməli, onu sehrbazlar dərəsinə gətirməliydi. Dünyanın ən təmiz, müqəddəs, qutsal bir məkanına. Belə olmasaydı, həyat dayanar, yarımçıq kəsilər, hər şey donardı. Karvanbaşının sağ qalmış balaca oğlu böyüməli, yeni intiqam həvəsilə yaşamalı və ölməliydi. Ondan yadigar qalacaq başqa bir oğlan uşağı da bu həvəslə - intiqam şövqü ilə yaşamalı və dünyasını dəyişməliydi. Yenə ondan qalan uşaq böyüməli... və nəhayət çevrə dayanmadan fırlanmalıydı. Həyat öz yeni donunu biçməli, yeni görüntüdə davam etməliydi. Təsadüfi deyil ki, Səyyah sehrbaz da uşaq çuxasının altında yolu çərxi-fələk təriqilə, fırlan-fırlana gedirdi.

"Sehrbazlar dərəsi" romanını bütövlükdə, Azərbaycan ədəbiyyatının uğuru adlandırmaq olar. Romanın hər sətrində ilğım dolu söz havası adamı məst edir. Hər sözün arxasında məhzun bir ruhani halət, hər ifadənin içində buxovsuz humanizm, insana məhəbbət, ah kimi, fəryad kimi iztirab dolu simvollar, hisslər dünyasına bələdçilik edən ovqat... Bu təhkiyə yazıçının özü-özüylə həsb-halına bənzəyir, düşündüklərini özü-özünə danışan həmsöhbəti andırır. Bu dildə heç bir pedantlıq, şitlik, quramalıq yoxdur. Əksinə, insanın daxili aləmini ələk-fələk edən ruhani bir coşğunluq vardır.

P.S. Kamal Abdullanın "Sehrbazlar dərəsi" əsəri Azərbaycan Dövlət Dram Teatrında səhnələşdirilib. Əlbəttə, səhnə və ekran təcəssümündə bədii mətn tamlıqla alınmır. Təsadüfi deyil ki, Q.Markes "Yüz il tənhalıqda" əsərinin ekranlaşdırılmasına icazə verməyib, uzun müddət tərəddüd edib. Mən tamaşaya baxmamışam. Təbii ki, baxacam. Amma bəri başdan deyim ki, əsərin möhtəşəm və mürəkkəb fəlsəfəsinin səhnədə tam canlandırılmasına da şübhəm var...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Aprel 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see173

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see133

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see127

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see121

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see120

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see120

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see118

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see118

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see117

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see117

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see117

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see114

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see113

“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

15 Aprel 2025 11:56see113

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see109

Gözlərə nur verən alim Zərifə Əliyeva

15 Aprel 2025 12:08see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri