Icma.az
close
up
RU
Rəqslərdə tarix, musiqidə yaddaş: “Suvar”ın sənət dili

Rəqslərdə tarix, musiqidə yaddaş: “Suvar”ın sənət dili

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın zəngin musiqi və rəqs ənənələri içərisində özünəməxsus yeri olan “Suvar” mahnı və rəqs ansamblı uzun illərdir milli mədəniyyətimizin təbliğində mühüm rol oynayır. Xüsusilə musiqi və rəqs mədəniyyətimizin qorunması, gələcək nəsillərə ötürülməsi istiqamətində göstərdiyi fəaliyyət bu kollektivi seçilən sənət ocaqlarından birinə çevirib. Ansamblın fəaliyyəti, keçdiyi yaradıcılıq yolu və qarşıdan gələn yubiley konserti ilə bağlı kollektivin rəhbəri Zavir Nəcəfov ilə söhbətləşdik.

- “Suvar” ansamblının yaranma tarixi və ideyası necə formalaşıb?

- “Suvar” mahnı və rəqs ansamblının əsası 1996-cı ilin iyun ayında Bakı şəhərində şair-bəstəkar Sədaqət Kərimova tərəfindən qoyulub. Həmin dövrdə milli folklor nümunələrinin qorunmasına ciddi ehtiyac duyulurdu və ansamblın yaranması məhz bu zərurətdən irəli gəldi. Kollektivin əsas məqsədi ləzgi xalq mahnılarını, rəqslərini, milli geyimlərini və səhnə mədəniyyətini yaşatmaq və təbliğ etmək idi. İlk konsertimiz 1997-ci ildə Bakı şəhərində Gənc Tamaşaçılar Teatrında baş tutdu və bu çıxış kollektiv üçün uğurlu başlanğıc oldu. Zaman keçdikcə ansambl repertuarını genişləndirərək peşəkar səviyyədə fəaliyyətini davam etdirdi.

- Ansambla rəhbərlik etməyə necə qərar verdiniz?

- Uşaqlıqdan musiqiyə böyük marağım olub. Xüsusilə ritm alətlərinə, nağaraya olan sevgim məni bu sahədə təhsil almağa yönəltdi. Uzun illər “Suvar” ansamblının üzvü kimi fəaliyyət göstərmiş, kollektivin inkişaf mərhələlərinin birbaşa şahidi olmuşam. Bu müddətdə həm səhnə təcrübəsi qazandım, həm də yaradıcılıq proseslərini dərindən öyrəndim. Sədaqət xanımın mənə rəhbərlik təklif etməsi həm böyük məsuliyyət, həm də etimad idi. Mən də bu etimadı doğrultmaq üçün bu vəzifəni qəbul etdim.

- Repertuar seçimi zamanı hansı meyarlara üstünlük verirsiniz?

- Repertuar seçimi fəaliyyətimizin ən vacib hissələrindən biridir. Çalışırıq ki, hər bir ifa milli köklərə söykənsin və orijinallığını qorusun. Folklorun zənginliyini olduğu kimi təqdim etmək əsas prinsiplərimizdəndir. Bununla yanaşı, səhnə quruluşu, musiqi tərtibatı və rəqs kompozisiyalarının estetikası da diqqət mərkəzində saxlanılır. Müasir tamaşaçı zövqünü nəzərə alaraq müəyyən yeniliklər etsək də, milli ruhdan heç vaxt uzaqlaşmırıq. Hər bir çıxış həm maarifləndirici, həm də estetik baxımdan dolğun olmalıdır.

- “Suvar”ı digər kollektivlərdən fərqləndirən əsas xüsusiyyət nədir?

- “Suvar”ın əsas fərqi köklərinə sadiq qalmasıdır. 30 ilə yaxın fasiləsiz fəaliyyət göstərmək hər kollektivə nəsib olmur. Biz yalnız səhnə fəaliyyəti ilə kifayətlənməmiş, eyni zamanda gənc nəslin bu sənətə cəlb olunmasına da xüsusi diqqət ayırmışıq. Ansambl həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Azərbaycan mədəniyyətini layiqincə təmsil edib. Konsertlərimizin anşlaqla keçməsi isə tamaşaçı sevgisinin və etimadının göstəricisidir.

- Bu günə qədər ən yaddaqalan çıxışınız hansıdır?

- Çox sayda unudulmaz çıxışımız olub. Onlardan biri Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən beynəlxalq musiqi festivalındakı çıxışımızdır. Həmin tədbirdə Azərbaycan mədəniyyətini təmsil etmək bizim üçün böyük qürur idi. Tamaşaçıların marağı və alqışları kollektiv üçün böyük motivasiya oldu. Bu tədbirlər beynəlxalq aləmdə tanınmamıza da ciddi töhfə verir.

- Xarici çıxışlarda tamaşaçı reaksiyası necə olur?

- Xarici ölkələrdə çıxışlarımız hər zaman böyük maraqla qarşılanır. Ləzgi rəqslərinin enerjisi və musiqimizin ritmi tamaşaçılarda xüsusi təəssürat yaradır. Çox vaxt çıxışdan sonra tamaşaçılar bizimlə ünsiyyət qurmaq, milli musiqimiz haqqında daha çox məlumat almaq istəyirlər. Bu da göstərir ki, mədəniyyət dili sərhəd tanımır.

- 2009-cu ildə TRT-də yayımlanan sənədli film barədə nə deyə bilərsiniz?

- 2009-cu ildə Türkiyənin TRT kanalının dəvəti ilə çıxış etdik. Bu çıxış əsasında ansambl haqqında 1 saatlıq sənədli film hazırlandı və yayımlandı. Layihə “Suvar” ansamblının beynəlxalq miqyasda tanıdılması baxımından olduqca əhəmiyyətli idi.

- 30 may tarixində keçiriləcək yubiley konsertinə hazırlıq necə gedir?

- Hazırda kollektiv bu möhtəşəm tədbirə ciddi şəkildə hazırlaşır.

Heydər Əliyev Sarayında keçiriləcək yubiley konserti bizim üçün xüsusi əhəmiyyət daşıyır. Konsertdə illər ərzində formalaşmış ən yaxşı rəqs nömrələri və musiqi kompozisiyaları təqdim olunacaq. Eyni zamanda yeni səhnə quruluşları və sürpriz çıxışlar da planlaşdırılır. Məqsədimiz tamaşaçılara həm keçmişimizi, həm də bu günümüzü dolğun şəkildə təqdim etməkdir.

- Gələcək planlarınız nələrdir?

- Gələcəkdə ansamblın fəaliyyətini daha da genişləndirmək, beynəlxalq layihələrdə iştirak etmək və gənc istedadları üzə çıxarmaq əsas hədəflərimizdəndir. Yeni proqramlarla həm ölkə daxilində, həm də dünya səhnələrində çıxışlarımızı davam etdirmək niyyətindəyik. Arzumuz “Suvar” adının uzun illər milli mədəniyyətimizin simvollarından biri kimi yaşamasıdır.

 Söhbətləşdi: Havar Şəfiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 May 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri