Rəsmi gəliri olmayan şəxslərə banklar niyə kredit vermir?
Icma.az bildirir, Milli.az portalına istinadən.
Bankların rəsmi gəliri olmayan şəxslərə kredit verməməsi cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdəndir. Bir çox vətəndaş qeyri-rəsmi gəliri olsa da, banklardan kredit ala bilmədiyini bildirir.
İqtisadçı Akif Nəsirli Milli.Az-a açıqlamasında bildirib ki, bankların rəsmi gəliri olmayan şəxslərə kredit ayırmamasının əsas səbəbi risk və qanunvericilik tələbləridir. Onun sözlərinə görə, banklar Mərkəzi Bank tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılır və verdikləri hər kredit üzrə hüquqi və maliyyə əsaslandırma aparmaq məcburiyyətindədirlər:
"Rəsmi gəlir bank üçün borcalanın krediti uzunmüddətli dövrdə ödəyə biləcəyinin əsas sübutudur. Gəlir rəsmi deyilsə, onun davamlı və stabil olacağı bank tərəfindən sübut edilə bilmir".
İqtisadçı qeyd edib ki, qeyri-rəsmi gəlir faktiki mövcud olsa belə, bank üçün hüquqi dəyərə malik deyil. Çünki bu gəlir sənədlə təsdiqlənmir, vergi uçotunda görünmür və istənilən vaxt kəsilə bilər. Nəzərə çatdırıb ki, banklar şəxsi bəyanata deyil, yalnız sənədləşdirilmiş maliyyə məlumatlarına əsaslanır:
"Kreditlər adətən bir neçə illik öhdəlikdir. Bank bu müddət ərzində borcalanın maliyyə vəziyyətinin stabil qalacağına əmin olmalıdır".
A.Nəsirli əlavə edib ki, bəzi hallarda banklar rəsmi gəlir tələbini dolayı yolla arxa plana keçirə bilərlər. Belə ki, rəsmi gəliri olan zaminin mövcudluğu, likvid girovun təqdim edilməsi, depozit qarşılığında kredit və ya birgə borcalanın rəsmi gəlirli olması kredit ayrılmasına imkan yarada bilər:
"Əslində bank üçün əsas məsələ rəsmi gəlirin özü yox, riskin təminatla kompensasiya olunmasıdır".
İqtisadçı bank olmayan kredit təşkilatları (BOKT) ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, BOKT-ların rəsmi gəlirə ciddi yanaşmamasının səbəbi onların bank statusuna malik olmamasıdır:
"BOKT-lar daha zəif tənzimlənir, adətən kiçik məbləğli və qısa müddətli kreditlər verir, riski isə yüksək faizlə kompensasiya edirlər. Bu səbəbdən qeyri-rəsmi gəliri olan şəxslər üçün daha əlçatan görünürlər. Amma nəticədə kreditin ümumi dəyəri xeyli baha başa gəlir".
Mina Mikayılova
Milli.Az
Baxış sayı:49
Bu xəbər 16 Yanvar 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















