Icma.az
close
up
RU
Ronaldunun vətəni Madeyra haqqında maraqlı faktlar

Ronaldunun vətəni Madeyra haqqında maraqlı faktlar

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Madeyra adası haqqında ilk dəfə eşidəndə baharın heç vaxt bitmədiyi bir yer təsəvvür etdim. Adaya çatanda başa düşdüm ki, bu, sadəcə, turist şüarı deyil... Bu torpağa ayaq basdığın ilk andan başqa bir dünyaya qədəm qoyduğunu hiss edirsən.

Hərçənd Bakıdan Portuqaliyanın bu cənnət adasına birbaşa uçuşlar yoxdur, amma ecazkar adanı görmək istəyənlər Bakı-Roma-Madeyra istiqamətində 9 saatlıq uçuşu gözə almalıdırlar.

Təyyarə adanın paytaxtı Funşal şəhərinə - adanın əfsanəvi oğlu Kriştianu Ronaldunun adını daşıyan Beynəlxalq Hava Limanına eniş edir. Atlantik okeanı üzərində yerləşən bu hava limanı dünyanın ən təhlükəli 10 hava limanından biridir. Limana enmək üçün pilotlardan xüsusi manevrlər tələb olunur. Bundan sonra turistləri adanın həmişəlik yaddaşda qalacaq heyrətamiz mənzərələri gözləyir. Zarafat deyil, Madeyra son səkkiz ildə Bali, Maldiv adaları və hətta Havay adalarını da qabaqlayaraq, Dünya Səyahət Mükafatlarının "Səyahət üçün ən yaxşı ada" kateqoriyasını ardıcıl olaraq qazanıb.

"Kaspi" qəzetinin Madeyraya həsr olunmuş yazısını təqdim edirik.

İnsan müdaxiləsi görməyən meşələr və dağlar

Madeyra Atlantik okeanında qeyri-adi gözəlliyə malik arxipelaqdır. Coğrafi baxımdan ada Portuqaliyaya aiddir, lakin Afrika sahilləri ilə sıx təmasdadır. Ada başqa yerlərdə rast gəlinməyən faunanın ən nadir nümunələri üçün sığınacaq yeri, köç edən quşların vətənidir. Madeyra insan müdaxiləsi görməyən meşələr və dağlarla əhatə olunub. Elə portuqal dilindən tərcümədə də adanın adı "meşə" və ya "ağac" anlamındadır. Madeyranın dəfnə meşələri YUNESKO siyahısındadır. Adaya "Əbədi bahar adası" da deyirlər. Ada ekzotik meyvələri, yamyaşıl meşələri, şəlalələri və şərabı ilə məşhurdur. Təbiət və mədəniyyət burada harmonik bütövlük təşkil edir.

Adada yaşayış məntəqələri yalnız sahilboyu yerləşir. Sahəsi olduqca kiçik - cəmi 740 km2 -dir, əhalisinin ümumi sayı 300 min nəfərə çatır. Madeyra Milad bayramının təşkilinə görə Ginnesin Rekordlar kitabında yer alıb. "Madeyra adasını unikal edən nədir?" deyə maraqlandıqda yerli sakinlər "Adada ilıqsulu göllər, təmiz qumlu və çınqıllı çimərliklər, möhtəşəm yaşıllıqlar, rahat hava, günəş, müxtəlif flora və fauna turistləri ilboyu gözləyir. Bu, bütün dünyada analoqu olmayan nadir təbii botanika bağıdır. Yer üzündə cənnət axtaranlar üçün Madeyra ideal yerdir", - deyə cavab verirlər.

Madeyra kiçik bir ada olmasına baxmayaraq, alış-veriş üçün də əlverişli yerdir.

Madeyra mətbəxi ilk növbədə balıq və ətdən ibarətdir. Restoranlar fərqli reseptlərlə hazırladıqları dadlı balıq şorbası (5 avro) və balıq növləri (13-26 avro) təklif edirlər. Hər bir restoranın dəniz məhsulları hazırlamaq üçün özünəməxsus və zəngin resepti var.

Hər zövqə uyğun əyləncə

Madeyranın mənzərələri o qədər gözəldir ki, onlar fotoşoplu reklam broşürlərini xatırladır. Bütün bu inanılmaz təbii gözəlliyin fonunda okeana baxan qırmızı kirəmitli damları olan qar kimi ağ evlər xüsusilə rəngarəng görünür.

Madeyra il boyu rahat hava şəraiti ilə öyünür - qışda burada havanın temperaturu 16 dərəcədən aşağı düşmür, yayda isə 22-25 dərəcə arasında dəyişir. Madeyranın əlverişli havası və möhtəşəm mənzərəsi ənənəvi olaraq dünyanın hər yerindən insanları cəlb edir. Yazda paytaxtda gül festivalı keçirilir.

Adada əsasən Braziliyadan və Venesueladan gələn miqrantlar var ki, onlar da zamanla yerli əhaliyə qarışıblar. "Adada universitet də var. Düzdür, ixtisaslar çox deyil və daha çox yerli əhali və ətraf ərazilərdən təhsil almağa gəlirlər", - deyə avtobusda tanış olduğum braziliyalı xanım vurğulayır. O, okeanda lövbər salan nəhəng gəmiləri göstərərək "Avropanın kruiz gəmilərinin limanı da Madeyra adasıdır" deyir.

Madeyrada bütün zövqlərə və yaşlara uyğun tətillərin təşkili mümkündür. Hazırda daha çox yaşlı turistlər gözə dəyir. Xüsusən alman turistləri üçün Madeyra sevimli yerdir.

Turistlər kanatla (18 avro) dağlara qalxaraq Madeyranın bütün əzəmətini göstərən mənzərələri seyr etmək fürsətini qaçırmırlar. Montre kanat avtomobilində tanış olduğumuz 70 yaşlı alman cütlük ikinci dəfədir Madeyraya səyahət etdiklərini deyirlər. Montre sarayı, qədim kilsələr, İsa peyğəmbərin abidəsi və s. turistlərin mütləq səyahət etdikləri yerlərdir.

Turistlər paytaxt Funşaldakı dar Rua de Santa Maria küçəsində divar rəsmlərinə də mütləq baş çəkirlər. Adanın bütün tarixi, yaşayışı və mədəniyyəti bu rəsmlərdə əks olunub.

"Bizim Ronaldumuz"

Madeyrada çoxlu muzeylər var: Tarix muzeyi, Şabalıd Muzeyi, Şərab Muzeyi... Onların ən məşhuru isə Kriştianu Ronaldu Muzeyidir.

Ada sakinləri hamısı öz oğulları ilə fəxr edirlər, "Bizim Ronaldumuz" deyə öyünürlər. Ronaldo adanın qeyri-rəsmi hamisi və yerli "Union Madeyra" futbol komandasının rəsmi sponsorudur.

2013-cü ildə açılan Kriştianu Ronaldu və ya "CR7" muzeyi paytaxt Funşal şəhərində yerləşir. Açılış mərasimində Ronaldunun özü, həmçinin Portuqaliya prezidenti iştirak ediblər.

Muzey adaya səyahət edənlərin, hətta futbol haqqında məlumatı olmayanların da əsas ziyarət yeridir. Muzeyin qarşısında braziliyalı heykəltəraş Rikardo Velosa tərəfindən hazırlanmış futbolçunun bürünc abidəsi ucaldılıb. Turistlər öz kumirlərinin heykəlinə toxunmaq fürsətinə sevinirlər. Muzeyin içində azarkeşlər üçün virtual kumirlə şəkil çəkdirməyə imkan verən şərait də var. Muzeydə, həmçinin futbol ayaqqabıları və digər xatirə əşyaları satılan geniş mağaza yerləşir.

Muzeyin üstündə futbolçuya məxsus hotel və kafelər var. Hotelin yerləşdiyi meydan muzeyin açılışı zamanı Ronaldunun şərəfinə adlandırılıb. "CR7" Ronaldoya aid eksponatlarla zəngindir.

Muzeyin əməkdaşı Linton Ferreyra "Biz Ronaldu ilə fəxr edirik", - deyə futbolçu haqqında sevinclə danışır: "Ronaldu ildə 1-2 dəfə muzeyə baş çəkir. Keçən il Milad bayramında gəlmişdi. Muzey qardaşı tərəfindən idarə olunur. Ronaldunun anası, bacısı və qardaşı adada yaşayır. Anası ilə birlikdə yaşayan böyük oğlu da muzeyə tez-tez baş çəkir".

Muzeydə 200-dən çox eksponat var. İdmançının fotoşəkilləri və videoları, mum fiqurları, həmçinin uşaqlıq və gənclik illərində qazandığı mükafatlar nümayiş olunur. Kuboklar, qızıl toplar, medallar, azarkeş məktubları, imzalı formalar, "qızıl butslar" və s. eksponatlar maraq doğurur.

Futbolçunun qazandığı fərdi mükafatların orijinalı və klub mükafatlarının surəti, dövlət təltifləri muzeydə sərgilənir. "Bu, Ronaldunun adını daşıyan rəsmi muzeydir. Səudiyyə Ərəbistanında Ronalduya həsr olunan müvəqqəti muzey də var, amma bu, ilk və yeganə rəsmi muzeydir", - deyə muzeyin əməkdaşı bildirib: "Şəxsi əşyaları qardaşı Ronaldudan alaraq muzeyə gətirib. Eksponatların üzərində Ronaldunun imzası var".

Muzey əməkdaşı futbolçunun doğulduğu adaya yardım etdiyini də gizlətmədi: "Ronaldu adaya çox yardım edir, ancaq bunun açıqlanmasını istəmir. O, tarixdə daha çox futbolçu kimi qalmaq istəyir".

Ronaldunun vətəni turistləri sevgi ilə qarşılayır və yola salır...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Dekabr 2024 01:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see212

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see200

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see172

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see165

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see152

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see149

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see143

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see141

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see141

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see139

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see134

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see132

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see131

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see129

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see128

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see127

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see126

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see126

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see122

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri