Rusiya Cənubi Qafqazda mövqelərini qorumağa girişib “Yeganə alət Ermənistandakı seçkilərdir...”
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Fərhad Məmmədov: Rusiya Ermənistandan TRIPP çərçivəsində fəaliyyət rejimini Avrasiya Komissiyası ilə razılaşdırılmasını tələb edir”
“Cənubi Qafqazda kommunikasiyaların açılması prosesi ətrafında yeni mərhələ başlayıb və bu mərhələdə kənarda qaldığını görən əsas aktorlardan biri Rusiyadır”.
“AzPolitika” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov Rusiyanın regionda yürütdüyü siyasəti təhlil edərkən bildirib. Onun sözlərinə görə, TRIPP layihəsinin irəli sürülməsi və Ermənistanla ABŞ arasında substantiv danışıqların başlanması fonunda Moskva yenidən prosesə qoşulmaq üçün aktivlik nümayiş etdirməyə başlayıb. Politoloq vurğulayıb ki, kommunikasiyaların açılması 44 günlük müharibənin əsas nəticələrindən biridir və bu prosesin “Qordi düyünü” Ermənistan ərazisindən keçən Zəngəzur istiqamətidir.
Fərhad Məmmədov qeyd edib ki, TRIPP layihəsinin reallaşması regionun tam şəkildə yenidən formatlandırılmasına gətirib çıxara bilər və məhz bu səbəbdən indiyədək prosesdən kənarda qalan aktorlar hərəkətə keçiblər.

Politoloq mövcud regional mənzərəni də sistemləşdirib. Onun sözlərinə görə, şimal istiqamətində Azərbaycan–Rusiya dəmir yolu və avtomobil yolları açıqdır, Gürcüstanla Rusiya arasında isə yalnız avtomobil yolu fəaliyyət göstərir, dəmir yolu Abxaziyanın Rusiya tərəfindən işğalı səbəbindən bağlıdır. Qərb istiqamətində Gürcüstanla Türkiyə arasında bütün kommunikasiyalar açıq olduğu halda, Ermənistan–Türkiyə xətti tam bağlıdır. Cənub istiqamətində Azərbaycanla İran arasında dəmir yolu və avtomobil əlaqələri mövcuddur, Ermənistanla İran arasında isə yalnız avtomobil yolu işləyir. Region daxilində Gürcüstan–Azərbaycan və Gürcüstan–Ermənistan əlaqələri açıqdır, lakin Azərbaycanla Ermənistan arasında bütün kommunikasiyalar bağlı qalır.
F.Məmmədov bildirib ki, Rusiya regiondakı hər üç ölkə ilə ticarət əlaqələrinə malikdir, Ermənistan isə Avrasiya İqtisadi İttifaqının üzvüdür. Bundan əlavə, Ermənistanın dəmir yolları 2038-ci ilə qədər Rusiya şirkətinin idarəçiliyindədir. Politoloqun fikrincə, Ukraynaya qarşı müharibə və sanksiyalar fonunda cənub istiqaməti Moskva üçün strateji əhəmiyyət qazanıb.
O xatırladıb ki, üçtərəfli bəyanatlara əsasən, Rusiya Ermənistan ərazisindən keçən dəhlizdə rol almalı idi, lakin bu mexanizm faktiki olaraq işləməyib. Hazırda Moskva prosesə hansı formada qoşula biləcəyini dəyərləndirir və mövcud resurslarından istifadə etməyə çalışır.
Politoloqun sözlərinə görə, Rusiya Ermənistanın Aİİ üzvlüyündən alət kimi istifadə edərək, TRIPP çərçivəsində fəaliyyət rejiminin Avrasiya Komissiyası ilə razılaşdırılmasını tələb edir. Digər alət isə Ermənistan dəmir yollarının Rusiya şirkəti tərəfindən konssessiya əsasında idarə olunmasıdır. Bundan başqa, Rusiya sərhədçiləri hazırda Ermənistan–İran və Ermənistan–Türkiyə sərhədlərində yerləşir.
Fərhad Məmmədov bildirib ki, Paşinyan hökuməti artıq bu gözləntilərə cavab formalaşdırmağa başlayıb. Ermənistan tərəfi Aİİ kontekstində bildirir ki, ittifaqa üzv olub digər üzv dövlətlərlə quru sərhədi olmayan yeganə ölkədir və bu səbəbdən istisna rejim tətbiq edə bilər. Dəmir yolları ilə bağlı isə açıqlanıb ki, TRIPP marşrutu Rusiya şirkətinin məsuliyyət zonasına daxil deyil.
Politoloq diqqətə çatdırıb ki, Paşinyan bu mövzuda daha da irəli gedərək Rusiya şirkətinə Ermənistan dəmir yollarını Naxçıvan və Qazax istiqamətində Azərbaycanla, həmçinin Gümrü–Qars xətti ilə Türkiyə ilə birləşdirən sahələrə investisiya qoymağı təklif edib. Fərhad Məmmədov bunu “qarşı-hərəkət və incə trollinq” adlandırıb və qeyd edib ki, rəsmi müraciət olarsa, konssessiya müqaviləsinə əsasən, Rusiya şirkəti investisiya qoymağa məcburdur, əks halda İrəvan müqaviləni ləğv edə bilər.
Rus sərhədçiləri məsələsinə gəlincə, politoloq bildirib ki, Ermənistan bu mövzunu seçkilərdən sonraya saxlayır. Onun fikrincə, Paşinyan qalib gələrsə, gələn ilin sonuna doğru rus sərhədçilərinin İran və Türkiyə ilə sərhədlərdən çıxarılması məsələsi gündəmə gələ bilər.
Yekunda Fərhad Məmmədov vurğulayıb ki, Rusiya Ermənistan daxilində prosesdə konstruktiv iştirak üçün resurslara malikdir, lakin bu, ABŞ-nin TRIPP sahəsində “oyun qurucu” roluna ciddi maneə yaratmayacaq. Politoloq hesab edir ki, Moskva yaxın aylarda bir tərəfdən konstruktiv mövqe nümayiş etdirməyə, digər tərəfdən isə prosesi ləngitməyə çalışacaq və paralel olaraq Ermənistan parlament seçkilərinə fokuslanacaq. Onun fikrincə, bu, sülh prosesini və kommunikasiyaların açılmasını pozmaq üçün Rusiyanın əlində qalan yeganə real mexanizmdir.
F.Məmmədov sonda qeyd edib ki, mövcud sülh prosesi Rusiyanın regiondakı rolunu tədricən azaldır və bunun əsas səbəbi Moskvanın öz siyasətidir. O bildirib ki, Rusiya istəsə, Abxaziyanın tanınmasından imtina edərək Gürcüstan üzərindən dəmir yolunu aça və Ermənistanla birbaşa əlaqəni bərpa edə bilər, lakin “Rusiya siyasəti fərqli məntiq üzərində qurulub”.
Rasim Əliyev
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 25 Dekabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















