Rusiyadan Azərbaycana qoyun idxalının 47 dəfə artmasına görə nazir tənqid edildi “Nazirliyə qeyri peşəkarları gətirirlər”
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Rusiyadan Azərbaycana qoyun idxalının 47 dəfə artması ilə bağlı statistikanın müzakirə yaratmasına münasibət bildirib.
Ekspert Pravda.az-a verdiyi açıqlamada problemin əsas səbəblərini izah edib.

O bildirib ki, bu il əvvəlki ilə nisbətən ölkəyə idxal olunan diri heyvanların sayı kəşkin şəkildə artıb: “Təəssüf ki, Azərbaycan heyvandarlıq məhsullarına, xüsusən, ətə olan tələbatını daxili istehsal hesabına ödəyə bilmir. Ölkəyə idxal edilən diri heyvanlar əsasən kəsim üçün nəzərdə tutulub. Yəni paradoks bundadır ki, nəyə gərə hökumət də daha çox idxalın marağındadır? Çünki idxal olunan diri heyvanlar ölkəyə gətirilir, ölkə daxilində kəsimə verilir və bu, daxili istehsal kimi göstərilir, xaricdən gələn ət kimi yox. Niyə idxal artır, nəyə görə daha baha qiymətə gətirirlər? Çünki başqa çıxış yolları yoxdur. Elə həddə çatıdırıblar ki, ölkədə son 8 ildə iribuynuzlu mal-qaranın sayı iki yüz min baş azalıb. Qoyun və keçilərin sayı isə bir milyon altı yüz on altı min beş yüz baş azalıb. Bu, çox ciddi rəqəmdir. Əgər bu yeddi ildə ölkədə heyvanların baş sayının azalması hər ilə yüz əlli min baş düşürdüsə, 2023-cü ili 2024-cü illə müqayisə edəndə yeddi yüz min başa qədər azalıb. 2020-ci ildən bəri get-gedə bu azalma sürətlə artır. Bu da o deməkdir ki, heyvandarlıqla məşğul olan kəndlilərimiz məcburiyyət qarşısında qalıb heyvanları kəsimə verirlər. Səbəb budur ki, örüş ərazilərində məhsuldarlıq, ot istehsalımız azdır və artıq xırda buynuzlu heyvanları saxlamaq üçün şərait yoxdur. Yem bazası zəif olduğu üçün xırda buynuzlu heyvanları saxlamaq kəndlilərimizə bir o qədər də fayda vermir. Baxmayaraq ki, ölkədə qoyun ətinin qiyməti çox yüksəkdir. İş burasındadır ki, fermerlərimiz daha çox heyvan saxlamaq, daha çox gəlir əldə etmək istəyərlər, ancaq bunu edə bilmirlər. Biz tələbatdan 2,5 dəfə az ot istehsal edirik. Örüş ərazilərində məhsuldarlığın nə qədər aşağı düşdüyünü də statistikada son vaxtlar görürük. Bu da ciddi rəqəmdir”.
Vahid Məhərrəmli Kənd Təsərrüfatı Nazirliyini ciddi tənqid edib: “Təəssüf olsun, Nazirlik bir proqram qəbul etmişdi. Buna görə “təəssüf olsun” deyirəm ki, həmin proqram haradan köçürülmüşdü, haradan əldə edilmişdisə, onun Azərbaycan reallığı ilə heç bir əlaqəsi yox idi, yalnız söz yığınağından ibarət idi. Birincisi, dəqiqliyi ilə müəyyən etmək lazımdır ki, hansı bölgədə nə qədər örüş ərazilərimiz, nə qədər xırda buynuzlu heyvanlarımız var. Dünyada xırda buynuzlu heyvanların sayı çox sürətlə artır. Məsələn, son dörd ildə Çin bu rəqəmi 25% artırıb. Bu tendensiya dünyada gedir. Təsəvvür edin, Yeni Zellandiyanın əhalisinin sayı beş milyon, saxladıqları qoyun, keçinin sayı isə 25 milyondur. Əhalinin sayından beş dəfə artıqdır. Ən ekoloji təmiz ət qoyun ətidir. Azərbaycanlılar da qoyun ətini sevirlər, dəyər verirlər. Qoyun ətini yüksək qiymətə də alırıq, daha çox istehlak edirik. Bu, bir növ yaxşıdır, çünki qoyuna tələbat var. Bəs Kənd Təsərrüfatı Nazirliyi nə etməlidir? Artıq sadaladım. Xırda buynuzlu heyvanların sayını artırmaq üçün nə etmək lazımdır? Örüş sahələrində məhsuldarlığı artırmaq, təbii otların toxum səpimini həyata keçirmək, yeniləmək lazımdır. Yəni mineral elementlər verilməli, suvarma işləri aparılmalı, növbəli otarma həyata keçirilməlidir ki, biz sahənin bir hissəsində heyvan otarırıqsa, digər hissəsində bitki inkişaf etdirməliyik. Növbəti mərhələdə heyvanlar ot yetişən əraziyə köçürülməlidir. Otarılan sahə isə yenidən yenilənməlidir. Xırdalılqlara gedirəm, çünki bu adamlar elementar işləri bilmirlər, qeyri-peşəkardırlar. Kənd təsərrüfatı nazirinə baxın, bu sahəyə tamamilə uzaq adamdır. Neçə ildir, Nazirliyə qeyri-peşəkarları, naşıları gətirirlər. Nazirin müavinləri də belədir, heç bir anlayışları yoxdur. Hansısa tədbirlər keçirirlər, amma o tədbirlərin də kənd təsərrüfatına aidiyyəti yoxdur. Təəssüf ki, tənqid etməliyəm, çünki ortada iş görmürəm. Qışda qar yağanda xırda buynuzlu heyvanların yemlənməsi üçün quru ot tədarükü görülməlidir. Bunu Nazirlik təşkil etməlidir. Mən demirəm ki, kənd təsərrüfatı naziri ot tədarük etməlidir, örüş ərazilərində yeniləmə, suvarma işləri aparmalıdır, toxum səpimi həyata keçirməlidir. Nazir hər bir region üzrə imkanlara baxıb, təşkil etməlidir. Heyvandarlıq stimullaşdırılmalıdır ki, kəndlilər marağında olsunlar. Konkret yerlərə bu adamların getmələrinin heç bir faydası yoxdur, mütəxəssislər getməlidir. Ölkədə kənd təsərrüfatında problem təkcə qoyunçuluqda deyil, digər sahələrdə də geriləmə var. Çox ciddi, samballı dövlət proqramı hazırlanmalıdır. İndiyə qədər olanlar kimi yox. Proqramı da peşəkarlar hazırlamalıdır. Regionların vəziyyətini bilən, orada yaşayan əhalinin təcrübəsini, hansı işlərlə daha çox məşğul olduqlarını müəyyən edən adamlar olmalıdır ki, proqram həyata keçirilsin. Yoxsa get-gedə asılılığımız artacaq. Son bir ildə xırda buynuzlu heyvanların sayında yeddi yüz min baş azalma varsa, deməli, on il sonra bir baş da olsun qoyunumuz qalmayacaq. Qlobal iqlim dəyişikliyi bütün dünyada özünü göstərir. Fəsadlarını da görürük. Digər ölkələr çalışırlar. Qlobal istiləşmənin kənd təsərrüfatına faydası var. Sadaladığım işləri təşkil etsək, məhsuldarlıq sürətlə artacaq. Bitkilər istini sevir, istidə yaxşı inkişaf edir. Yetər ki, onlar üçün münbit şərait yaradılsın. Kənd təsərrüfatı naziri ciddi işlərlə məşğul olmalıdır. Biz isə əksini görürük. Başa düşürəm, nazir də istəyir ki, bir az gözəl, cəlbedici görünsün. Amma nazir cəlbedici görünməlidir tarlalarda, bağlarda! Gedib orada məsləhət verməli, problemlərin nədən qaynaqlandığını öyrənməlidir. Qoyun sürüsünün ortasında heyvanların nə ilə qidanlandıqlarına baxmalıdır. Onda deyərəm ki, hə, bu adam nazirdir. Yoxsa mətbuat onun nəyindən yazır? Kökəldi, arıqladı… Əvvəlki də, ondan əvvəlki də belə idi. Tellərini darayırdılar, güzgünün qarşısında oturub özlərinə baxırdılar. Kənd Təsərrüfatı Nazirliyinin bəxti gətirməyib. Ora gələnlər qeyri-peşəkar, sahədən uzaq, daha çox fransız “duxi”su ilə gəlirlər. Hər kabinetdə bir katibə. Bir dəfə getmişdim, adi bir işçi mənə dedi ki, bu dəqiqə düyməni basım, katibə çay gətirsin. Lap əvvəlki nazirlərin dövründən danışıram. Bir var, hiss edəsən ki, bu adam fermaya gedib, otaqdan ferma qoxusu gəlir. Bunların otağından fransız ətri iyi gəlir...”
Aytəkin Qardaşova

