Rusiyalı politoloq: Azərbaycan iki qitəni birləşdirən nəqliyyat sisteminin əsas mərkəzi qovşaqlarından birinə çevrilir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Moskva, 13 noyabr, AZƏRTAC
Tanınmış rusiyalı politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov AZƏRTAC-a müsahibə verib. O, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin hazırkı vəziyyətindən, Azərbaycanın Avrasiyanın yeni logistika xəritəsinin formalaşmasındakı rolundan, eləcə də iqlim dəyişiklikləri və onunla mübarizə ilə bağlı proseslərdəki iştirakından danışıb.
- “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılmasının hazırkı mərhələsini necə xarakterizə edirsiniz? Bu gün onun inkişafına həlledici təsir göstərən amillər hansılardır?
- “Şimal–Cənub” layihəsi artıq iyirmi, bəlkə də iyirmi beş ildir müzakirə olunur. Son illərdə onun inkişafında nəzərəçarpacaq sürətlənmə müşahidə olunsa da, bir sıra çətinliklər meydana çıxıb. Son iki ildə layihənin icra tempi müəyyən qədər azalıb. Buna İranda mövcud olan siyasi və iqtisadi çətinliklər də səbəb olur. Belə ki, hazırda ölkə bir sıra daxili böhranlar yaşayır, məsələn, kommunal təsərrüfat və su təchizatı sahəsində problemlər, eləcə də ABŞ və İsrail tərəfindən edilən son hücumun nəticələri. Bununla belə, İran layihədən çıxmır və Rusiya onun ərazisində infrastrukturun tikintisini davam etdirir.
Bu il Rusiya və Azərbaycan arasında münasibətlərdə yaranan müəyyən çətinliklər də layihənin həyata keçirilmə sürətinə təsir göstərib, lakin layihənin özü dayandırılmayıb. Hökumətlərarası komissiya fəaliyyətini davam etdirir. Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukun da qeyd etdiyi kimi, tərəflərin qarşılıqlı fəaliyyəti fəal və konstruktiv xarakter daşıyır. Bir çox iştirakçıların arzuladığı qədər sürətli olmasa da, ümumilikdə layihə inkişaf edir. Hamımız ümid edirik ki, layihə yaxın illərdə başa çatacaq.
- Sizin fikrinizcə, Bakıda Azərbaycan, Rusiya və İran nümayəndələrinin (nəqliyyat, energetika və gömrük sahəsində əməkdaşlığa həsr olunmuş bu il oktyabrın 13-də keçirilmiş üçtərəfli görüş – red.) iştirakı ilə keçirilən son görüş layihənin irəliləməsi baxımından nə dərəcədə əhəmiyyətli oldu?
- Bu, şübhəsiz ki, müsbət görüş idi. Tərəflər layihəni fəal şəkildə irəli aparmaq, onun inkişafına sərmayə yatırmağa davam etmək niyyətlərini təsdiqlədilər və nazirliklərarası qarşılıqlı fəaliyyətin real işləkliyini nümayiş etdirdilər. Dialoq konstruktiv məcrada keçdi və ümid edirəm ki, bu, dəhlizin praktiki reallaşdırılmasına yeni təkan verəcək.
- Azərbaycan-Türkiyə-Pakistan formatının genişləndirilməsini “Şimal–Cənub” marşrutunun inkişafına yeni təkan verə biləcək mümkün amil kimi qiymətləndirmək olarmı?
- İslamabadın, xüsusən də Çinlə sıx əməkdaşlığını nəzərə alsaq, layihəyə marağı aydındır. Əgər Pakistanın iştirakını Çin Xalq Respublikasının dolayı iştirakı kimi dəyərləndirsək, bu, layihəyə ciddi perspektiv qazandırır.
- Bu gün Azərbaycan getdikcə daha çox “Şimal–Cənub” və “Şərq–Qərb” marşrutları arasında birləşdirici halqa kimi strateji rol oynayan ölkə olaraq təqdim edilir. Bu, real vəziyyəti nə dərəcədə əks etdirir?
- Şübhəsiz, Azərbaycan bu rolu üzərinə götürüb. Ölkə ərazisindən Xəzər dənizi vasitəsilə iki ən mühüm nəqliyyat marşrutu olan “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizləri keçir.
- Son vaxtlar Orta (Trans-Xəzər) və Zəngəzur dəhlizlərinin əhəmiyyəti daha çox müzakirə olunur. Sizcə, onların inkişafı Avrasiyanın nəqliyyat xəritəsinə necə təsir göstərir?
- Bu layihələr region ölkələri arasında əlaqələrin möhkəmlənməsinə və iqtisadi qarşılıqlı fəaliyyətin genişlənməsinə güclü təkan verə biləcək amillərdir. Onların həyata keçirilməsi Avrasiya inteqrasiyasının yeni mərhələsi üçün zəmin yaradır və burada Azərbaycan iki qitəni birləşdirən nəqliyyat sisteminin əsas mərkəzi qovşaqlarından birinə çevrilir.
- Hazırda Braziliyada COP30 keçirilir. COP29-un Bakıda təşkilini diplomatik nəticələr və Azərbaycanın beynəlxalq tanınması baxımından necə qiymətləndirirsiniz?
- Fikrimcə, ötən il bu məsələ informasiya məkanında daha çox diqqət çəkdi. Bu baxımdan COP29-un Bakıda keçirilməsi daha uğurlu oldu və tədbir bütün dünyada rezonans doğurdu. Azərbaycan sübut etdi ki, qlobal qərarların qəbulu üçün meydan ola bilər və dünya səviyyəli tədbirləri yüksək səviyyədə təşkil etmək iqtidarındadır. Forum dünya miqyasında geniş əks-səda doğurdu və həm təşkilati, həm də məzmun baxımından yüksək səviyyədə keçdi.
- COP29-un Bakıda keçirilməsi skeptik proqnozları təkzib edərək Azərbaycanın beynəlxalq ekoloji təşəbbüslərdə aparıcı rol oynamağa hazır olduğunu göstərdimi?
- Bəli, şübhəsiz. Bakı mühüm addım ataraq ekoloji gündəmi Qərb tərəfindən uzun müddət siyasi manipulyasiya vasitəsinə çevrilmiş sahədən çıxarmağa çalışdı. Əgər ekoloji məsələlər siyasi təzyiq alətindən çıxaraq, ətraf mühitin qorunması ilə bağlı real qayğıya çevrilərsə, bu, böyük nailiyyət olacaq. Azərbaycan məhz belə bir yanaşmanın formalaşmasına mühüm töhfə verdi.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 13 Noyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















