Sahibə Qafarova: Enerji keçidi COP29 sədrliyinin fəaliyyətində əsas prioritetlərdən biri olub
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) çərçivəsində "Enerji Keçidi" mövzusunda tematik sessiyada çıxışında deyib.
Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan Beynəlxalq Enerji Agentliyi ilə birgə dörd Yüksək Səviyyəli Enerji Keçidi Dialoqu təşkil edib, dünyanın müxtəlif regionlarından tərəfdaşları bir araya gətirib. Bu müzakirələr enerji sahəsində gündəliyin formalaşdırılmasına istiqamət verib. Nəticə etibarilə, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO), Avropa İqtisadi Komissiyası (UNECE), Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Beynəlxalq Enerji Agentliyi (IEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə sıx əməkdaşlıq çərçivəsində COP29 sədrliyi üç mühüm enerji təşəbbüsünü təqdim edib: Qlobal Enerji Saxlancı və Şəbəkələri Vədi, Yaşıl Enerji Zonaları və Dəhlizləri Vədi və COP29 Hidrogen Bəyannaməsi.
Milli Məclisin sədri deyib ki, bu təşəbbüslər Paris Sazişi çərçivəsində aparılmış ilk Qlobal Qiymətləndirmədən əldə olunan nəticələrə və mövcud öhdəliklərə əsaslanır, icra boşluğunun aradan qaldırılmasının və təxirəsalınmaz addımların zəruriliyini əks etdirir.
Spiker çıxışında qeyd edib ki, təmiz enerjiyə keçidin sürətləndirilməsi istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişikliyinə qarşı mübarizə aparılması və dayanıqlı inkişafın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün indiyədək əldə olunmuş nailiyyətlər əsasında ardıcıl və qətiyyətli səylər göstərilməlidir. Bununla yanaşı, enerji istehsalı, paylanması və istehlakı sahəsində köklü transformasiyanın həyata keçirilməsi tələb olunur ki, bu da həm qlobal ehtiyacların ödənilməsinə, həm də iqlim dəyişikliyinin yaratdığı çağırışların effektiv şəkildə həll olunmasına xidmət etməlidir.
Çıxışda həmçinin qeyd olunub ki, hər bir təşəbbüs təmiz enerji infrastrukturu, tətbiqi, saxlanması, ötürülməsi və paylanması sahəsində strateji prioritetləri hədəfləyir. Onlar bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində məqsədlər üzrə tərəqqini sürətləndirməyə, əməkdaşlığı gücləndirməyə və praktik tədbirlərin həyata keçirilməsinə dair siyasi iradəni möhkəmləndirməyə yönəlib. Spikerin bildirdiyinə görə, bu təşəbbüslər həm də innovasiyaların təşviqi, texnologiya transferi, enerji şəbəkələrinin qarşılıqlı əlaqəsinin təkmilləşdirilməsi və yeni investisiya mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur. Əsas məqsəd isə hər bir ölkə və icmanın bu prosesdə ədalətli və bərabər şəkildə iştirakının təmin olunduğu enerji keçidinə nail olmaqdır.
Milli Məclisin sədri çıxışında həmçinin ölkəmizdə bərpaolunan enerji istehsalının genişləndirilməsi istiqamətində görülən işlər və əldə olunan uğurlar barədə də məlumat verib. O deyib ki, Azərbaycan təmiz enerji siyasətini ardıcıl şəkildə həyata keçirərək enerji balansında bərpa olunan enerjinin payını artırmaqdadır və ölkəmiz bərpa olunan enerjinin inkişafı sahəsində lider dövlətlərdən birinə çevrilməkdədir.
Bərpa olunan enerji resurslarımızın texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt, bu resursların iqtisadi potensialı isə təxminən 27 QVt səviyyəsində qiymətləndirilir. Hazırda bərpa olunan enerjinin payı ümumi quraşdırılmış enerji gücünün təxminən 18,8 faizini təşkil edir ki, bu da təqribən 1,8 QVt-a bərabərdir. 2027-ci ilə qədər ümumi gücü 2 QVt-dan artıq olan yaşıl enerji layihələrinin həyata keçirilməsi planlaşdırılır.
Eyni zamanda, qeyd olunub ki, 2030-cu ilə qədər ölkəmizdə istehsal edilən enerjinin təxminən 40 faizinin bərpa olunan enerji mənbələrindən əldə olunması nəzərdə tutulur.
Spiker deyib ki, təmiz enerji sahəsinə bu investisiya öhdəliyi, zəngin ənənəvi enerji ehtiyatlarımıza baxmayaraq, ölkəmizin aşağı karbonlu gələcək qurmaq istiqamətində qətiyyətini nümayiş etdirir.
Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan həmçinin təmiz enerjinin inkişafı ərazilərinin təyin olunmasında yeni standartların müəyyənləşdirilməsində də aparıcı rol oynayır. Otuz ilə yaxın işğal altında qalmış və dağıdılmış ərazilərimizdə Yaşıl Enerji Zonası yaradılması dayanıqlı bərpa və regional transformasiya istiqamətində strateji baxışın bariz nümunəsidir.
Çıxışının sonunda Milli Məclisin sədri qeyd edib ki, beynəlxalq ictimaiyyətin məsul üzvü kimi Azərbaycan bərpa olunan enerji gücünü artırmaq, hidroenerji potensialını inkişaf etdirmək və enerji səmərəliliyi tədbirlərini gücləndirmək istiqamətində səylərini davam etdirəcək. Ölkəmiz qlobal iqlim məqsədlərini dəstəkləməyə və inklüziv, təhlükəsiz enerji gələcəyinin qurulması naminə birgə fəaliyyətə sadiq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 07 Noyabr 2025 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















