Icma.az
close
up
RU
Sandıq Fidan Malik yazır

Sandıq Fidan Malik yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fidan MALİK

Nənəm, üzərində zanbaq, quş, gül rəsmləri, müxtəlif ornamentlərlə bəzədilmiş, rəngarəng boyalarla boyanmış sandığını ildə bir neçə dəfə açar, içindəkiləri havalandırardı. Sandığın hansı ağacdan hazırlandığını deyə bilmərəm, çünki heç vaxt maraqlanmamışdıq da. Düzü, bizim üçün o zaman bu, bir əhəmiyyət kəsb etmirdi. Əsas olan, sandığın qapağındakı, dəmir qıfıllıqdan asılmış balaca, qırmızı qıfılın açılma anı və içindəkilər idi. Sanki bir padşah xəzinəsinin qapısı açılacaqmış kimi həsrət və heyrət dolu baxışlarla gözlədiyirdik o anı.

Nənəm sandığın kənarında bardaş qurub oturar, biz də onun ətrafında dövrə vurub sıralanardıq. Başındakı yaylığın altından iki çildim düyünlənmiş yelçəyi görünərdi. Yaylığın kənarlarını qulaqlarının ardına keçirər, uclarını isə arxaya atardı ki, iş görəndə mane olmasın. Yaylığın kənarından şəbəkəli səbət sığaları sallanar, boynunda isə hər zaman iri muncuqlu kəhraba boyunbağısı olardı. O zamanlar bu boyunbağını bəzək üçün taxdığını düşünərdik. Demə, təbii kəhraba olduğu üçün zob xəstəliyinə qarşı taxırmış. Bəlkə də xalqımızın sevimlisi, əvəzolunmaz aktrisa olan Nəsibə Zeynalovanı xüsusilə sevməyimin səbəbi onun "Qayınana" filmindəki obrazının nənəmə çox bənzəməsidir. Lakin nənəm o obrazdan fərqli olaraq, çox həlim və nur kündəsi kimi qayınana idi.

Sandığı açan kimi ilk olaraq naftalinın tünd, kəskin qoxusundan burnumuzu tutar, üzümüzü turşudardıq. Ardınca balaca, qurumuş yovşan dəstəsinin özünəməxsus iyi gələrdi. Sən demə, bunları sandıqdakıları həşəratlardan qorumaq üçün qoyurmuş.

Hə, əsas məsələ, naftalin və yovşan iyi hopmuş sandığın içindəkilər idi. Bu "ətirləri" harda duysam, təzə bişmiş çörəyin ətri kimi gözüyumulu tanıyaram. Bəlkə də onlara "qoxu" deməyim daha doğrudur, amma qoy bu dəfə "ətirlər" olsun. Uşaqlığın ətri kimi, körpə ətri kimi, xoşbəxtliyin, bayramın, qəm-kədərin, qocalığın, ananın, torpağın, vətənin ətri kimi. Əslində, diqqətlə qulaq versək, yaşadığımız hər bir anın özünə məxsus ətri var.

Nə deyirdim, içindəkilər: bir neçə parça "otrezi", təzə çay dəsmalları, rəngarəng tutacaqlar, yaylıqlar, nənəmin böyük səbir və incəliklə toxuduğu yun corablar, rəflərə və yastıqların üzərinə örtmək üçün molinə və ağ saplarla işlənmiş tovuz quşu, gül və başqa naxışları olan əl işləri, quramalı stul üstü örtüklər, ipək saplarla toxunmuş, quş kimi yüngül divar xalçaları.

Az qala unudurdum. Sandığın üstünü də quramalı örtük bəzəyirdi. Nənəm oturan kimi birinci onu siyirib çəkərdi üstündən. O zaman bizim üçün sadəcə bir örtük idi. Ancaq illər keçdikcə anladım ki, bütün bunların hər biri əl əməyi, göz nuru ilə yoğrulmuş insan zəhmətinin bəhrəsi idi.

Bunlar sandığın dəyişməyən daimi sakinləri idi. Nənəm onları çıxarar, balaları kimi əzizləyib sığallayar, sonra da səliqə ilə yerinə yığardı. Biz isə hər dəfə yeni bir şey görürmüş kimi heyranlıqla baxıb sandığın içinə boylanıb:

- Nənə, bu mənim olsun, nənə, bu da mənim olsun, - deyə o yaşda bizə lazım olmayan bu xəzinəni dartışdırardıq. O isə gülümsəyərək, "Böyüyəndə, hamısı sizindir", - deyərdi.

Böyüdük, unutduq: sandığı da, içindəkiləri də. Yeni dəbli dəsmallar aldıq, örtüklər örtdük, gəlin boxçasının ayrılmaz bəzəyi olan "otrezlər"i unutduq. Hazır geyimlər sifariş etdik. Amma nə nənənin ətrini, nə də sandığın qoxusunu unuda bildik.

Odur ki, harda bir sandıq, hətta sadəcə rəsmini görsəm, gözlərimi yumar, o günlərə səyahət edər, hər ikisinin ətrini ta dərinliklərə qədər içimə çəkər, üzümdə bir az nisgil dolu, amma xoş uşaq təbəssümü ilə gözlərimi yenidən açaram.

O dövrün sadəcə lazımi əşyası olan sandıqlar, günümüzdə oyma işləməli və ya rəngarəng dizaynda bahalı interyerin bir parçasına çevrilib. İmkan daxilində heyranlıqla onları alır, evimizin bir guşəsini bəzəyirik. Kimimiz dəb, kimimiz isə sağlamlıq naminə bu gün qidanın da, əşyanın da xasına, o günlərin isə dəbinə can atırıq. Əslində isə biz yolunu azmış bir uşaq kimi özümüzə, köklərimizə qayıtmaq istəyirik. Dilimizi, folklorumuzu yenidən öyrənməyə, tariximizi vərəqləməyə ehtiyac duyuruq.

Bu gün ən məşhur kuturyelərin kolleksiyasını bəzəyən, bir zamanlar isə nənələrimizin gündəlik, bayramlıq geyimlərinin materialını təşkil edən atlas, xara, tafta, mahud, sətin, kətan, krep və s. parçalara üstünlük verir, kəlağayı yaylıqları zərif əl işi kimi bəh-bəhlə hədiyyə edirik. Sağlamlığımızın qeydinə qaldığımız üçün ənənəvi kənd həyatının və xalq mətbəxinin ayrılmaz bir parçası olan balatı ilə hazırlanmış çörəklər alır, ya da bişiririk. Yenidən saxsı qablara üstünlük veririk. Bir zaman evlərin damını bəzəyən qırmızı keramik örtükləri yeni dizaynda bərpa etməyə çalışırıq.

Sən demə, illər öncə böyüklərimiz diplomlu, ya diplomsuz ən yaxşı mühəndis, memar, həkim, dizayner aşpaz, modelyer, ədəbiyyatçı, tarixçi, sinoptik və s. iş-güc sahibləri olub, xalis dəbdəbəni, sağlam həyat tərzini, ədəb-ərkanı, elmi, mədəniyyəti yaşayıb, yaşadıb bizə ərməğan edib, miras qoyublar.

Hər yeniliyin bir əsaslanmış kökü olduğunu unutmadan, yeniliklə ayaqlaşmaq həmişə vacibdir, lazımdır. Yeniliklərlə sağlam ayaqlaşa bilmək üçün isə zaman-zaman yenilənməli, torpağa səpilən toxum kimi yenidən cücərməliyik. Kim bilir, bəlkə də gələn bahara qədər çoxlu fidanlara çevrilə bilərik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Aprel 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri