Şəhid övladları üçün ənənəvi “Məzun Günü” Fotolar
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “PAŞA Sığorta” ASC-nin dəstəyi ilə 10 iyun tarixində “Baku Events Hall” konsert mərkəzində orta məktəbi uğurla başa vuraraq məzun olan şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova məzun olan şəhid övladlarını təbrik edərək onların bu mühüm nailiyyətinin yalnız ailələri üçün deyil, bütün Azərbaycan cəmiyyəti üçün qürur mənbəyi olduğunu vurğulayıb. O bildirib ki, şəhid ailələrinə və övladlarına göstərilən diqqət və qayğı hər zaman Birliyin fəaliyyətinin əsas istiqamətlərindən biri olacaq: "Bu gün siz həyatınızın yeni mərhələsinə qədəm qoyursunuz. İnanırıq ki, əldə etdiyiniz uğurlar şəhid valideynlərinizin əziz xatirəsinə layiqli töhfə olacaq. Həyatınızın hər mərhələsində biz sizin yanınızda olmağa davam edəcəyik".
Tədbirdə çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov məzun olan şəhid övladlarını təbrik edərək onların göstərdikləri əzmkarlığın və əldə etdikləri uğurların qürurverici olduğunu bildirib. Nazir qeyd edib ki, şəhid ailələrinə dövlət qayğısı daim diqqət mərkəzindədir və bu gənclərin təhsil alaraq ölkənin gələcəyinin qurulmasında fəal iştirak etmələri ən böyük uğurlardan biridir.
Tədbirdə iştirak edən dövlət rəsmiləri, millət vəkilləri və ictimai xadimlər də məzun olan gənclərə xoş arzularını çatdırıblar.
Tədbirdə şəhid övladlarının çıxışları xüsusi maraqla qarşılanıb. Vətən müharibəsi şəhidi baş leytenant Ceyhun Niftəliyevin qızı, Göygöl rayon birincisi Ayan Niftəliyeva və şəhid polkovnik-leytenant Babək Ramaldanovun oğlu Ramaldan Ramaldanov məzunlar adından çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, məzun Teymur Həşimovun anası Ofelya Salmanova da çıxışında şəhid ailələrinə göstərilən mənəvi dəstəyin əhəmiyyətindən danışıb və məzunlara gələcək həyatlarında uğurlar arzulayıb.
Rəsmi hissədən sonra tədbir geniş konsert proqramı ilə davam edib.







Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 11 İyun 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















