Icma.az
close
up
RU
Şəkililərə söz deyəndə ehtiyatlı olun! MÜSAHİBƏ

Şəkililərə söz deyəndə ehtiyatlı olun! MÜSAHİBƏ

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Vüqar İskəndərov: "Şəkililərin əksəriyyətini Hacı dayı hesab etmək olar"
"2016-cı ilə qədər mənim ləqəbim “Karate Vüqar” olub, indi “Deputat Vüqar”dır"
Azərbaycan mediasında deputatlarla müsahibələr daha çox qanunvericilik, onların seçicilərlə, xarici təşkilatlarla, ayrı-ayrı ölkələrlə əlaqəli dostluq qruplarındakı fəaliyyəti, ictimai-siyasi məsələlər, gündəm mövzular və s. ilə bağlı olub.
Modern.az-ın “Region deputatın gözü ilə” layihəsində bölgələrimizin həyatına millət vəkilinin gözü ilə baxırıq. Deputat parlament fəaliyyətindən kənar, seçildiyi rayonun gündəlik həyatı, nailiyyətləri və gələcək planları barədə fikirlərini bölüşür.

Budəfəki qonağımız Milli Məclisin 114 saylı Şəki şəhər seçki dairəsindən seçilən deputatı Vüqar İskəndərovdur. 
O, Şəki haqqında bir çox sualımıza cavab verib:

- Vüqar müəllim, Şəki kifayət qədər rəngarəng bölgədir. Bura haqqında hər dəfə yeni məlumatlar almaq olur. Bəs Şəki deyəndə sizin ağlınıza ilk olaraq nələr gəlir?

- Şəki Azərbaycanın ən qədim yaşayış məskənlərindən, tarixi şəhərlərimizdən biridir. Bu il Şəki şəhərinin yaradılmasından 2714 il keçir. Şəkini maraqlı edən tarixin qorunub saxlanmasıdır. Burada dünya və ölkə əhəmiyyətli abidələrin sayı 100-dən artıqdır. Şəki Xan Sarayı ilə bağlı Nazim Hikmətin maraqlı sözü var: əgər Azərbaycanın heç nəyi olmasaydı, tək Şəki Xan Sarayını göstərib onu bütün dünyada tanıtmaq olardı. Kiş Alban məbədi dünyada olan buna bənzər bütün abidələrin anası hesab edilir. Norveç səyyahı Tur Heyerdal bildirirdi ki, "tarixi dəqiq araşdırsaq, bizim kökümüz (norveçlilərin – red.) də bu əraziyə aiddir". Digər tərəfdən, Şəki ipəkçiliyi ilə dünyada tanınır. Elə bölgə var ki, orada otellər yeni inşa olunub və ya olunur. Şəkidə isə 5 karvansaray var. Hamısı da 300 ildən çox tarixə malikdir. Həmin karvansaraylar indiki mall və otellərə oxşayır. 

Şəki Azərbaycanda yeganə şəhərdir ki, burada 24 növ şirniyyat bişirilir. Bakıda və ya başqa rayonlarda desinlər ki, mən Şəki paxlavası bişirəcəyəm - heç vaxt alınmaz. Amma bəzi şirniyyatlarımız - şəkərbura, paxlava - hər rayonda bişirilə bilər. Azərbaycanda 65 cür plov var, onun 38-ni 2009-cu ildə Şəkidə kulinariya festivalında təqdim etmişdik. Şəki Azərbaycanın daimi sənətkarlıq paytaxtıdır. Minumum 14 qədim el sənəti Şəkidə hələ də qorunur. 

- Adətən bir bölgəni onun yetirmələri, oradan çıxmış insanlar daha yaxşı tanıdırlar, bu baxımdan, Şəkini kimlər və hansı fəaliyyətləri ilə tanıdıblar?
- İnternet resurslarında Şəkinin görkəmli şəxsiyyətləri haqqında araşdırma etsəniz, görəcəksiniz ki, bu adamların, həqiqətən də, sayı-hesabı yoxdur. Latın qrafikalı əlifbanı Azərbaycana gətirən Mirzə Fətəli Axundzadə, kiril qrafikalı əlifbanı gətirən Rəşid bəy Əfəndiyev – hər ikisi şəkili olub. İlk opera yazan qadın Şəfiqə Axundzadə, Azərbaycan elmində dərin izlər qoyan Yaşar Qarayev, mətbuat tədqiqatçısı Şirməmməd Hüseynov da şəkilidir. Poeziyada Bəxtiyar Vahabzadə, musiqidə Cövdət Hacıyev, Emin Sabitoğlu, Cavanşir Quliyev, konoda Rasim Ocaqov, İsmayıl Osmanlı, Lütfəli Abdullayevi də bu siyahıya əlavə edə bilərəm. Cazı Azərbaycana gətirən Vaqif Mustafazadənin özü də əslən şəkili olub. Atası Şəkidə yaşayıb, oxuyub, işləyib, daha sonra İçərişəhərə köçüblər. Vaqif Bakıda doğulsa da, Şəkiyə bağlılığın qoruyub. Saydığım insanların hamısı nəinki Azərbaycan, bütövlükdə Qafqaz, Şərq, dünya mədəniyyətinə qatqısı olan şəxslərdir. Muğam deyəndə Qarabağ yada düşür, amma şəkili Ələsgər Abdullayev vəfat edəndə Xan Şuşinski deyib ki, biz bu gün Ələsgəri dəfn etmirik, biz "Rahab" muğamını dəfn edirik. Aşıq sənəti Qazax-Tovuza məxsus olsa da, Molla Cümə Şəkidəndir. Muğamı bu gün yaşadan Könül Xasıyeva, Gülyaz, Gülyanaq bacıları həm də Şəkini yaşadırlar. 


- Bəs Şəkidə teatr ənənəsi müasir dövrdə necə qorunur?

- Dediklərimi, yəqin ki, teatrşünaslar da təsdiqləyər, bölgə teatrları içərisində Şəkinin tamamilə ayrı dəst-xətti və yolu var. Azərbaycan teatrsevərləri içərisində Şəki teatrının qastrolunu, tamaşasını gözləyən insanlar kifayət qədər çoxdur. Hüseynağa Atakişiyev, Cahangir Zeynalov kimi görkəmli rejissorlar 10 il Şəki teatrında çalışıblar. Uzun illərdir ki, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetin bitirib Şəkidə işləməyə gedən tələbə yoxdur. Tələbələrin hamısı Bakıda qalmağa can atırlar. Buna görə də Şəki teatrı özü aktyor heyəti yetişdirir və onları işlə də təmin edir. Həmin gənclər də ən ağır rolların öhdəsindən gələ bilirlər. Mən də Şəki teatrındakı bütün premyeralara gedirəm. 

- Hər bir rayonun əhalisi özünəməxsusluğu ilə seçilir. Bu baxımdan Şəki camaatını necə ifadə edərdiniz?

- Ümumi faiz nisbəti ilə insanları ziyalıdır. Onlarla işləmək həm asandır, həm də çətin. Çətindir ona görə ki, çox məlumatlıdırlar. Onlarla hüquq dili ilə danışmaq lazımdır. Asan tərəfi isə odur ki, nəsə deyən kimi anlayırlar. İkinci məsələ, şəkililər çox baməzə olur. Yedikləri yeməkdən, içdikləri sudandır, onu bilmirəm, amma kiçik uşaq da elədir. Çox hazırcavabdırlar. Yaxşı lətifələr bilirlər. Kənardan gələn dostlarımıza deyirəm ki, şəkililərə söz deyəndə ehtiyatlı olun. Musiqi duyumları, mədəniyyətə sevgiləri yüksəkdir. 

- Bəziləri deyir ki, şəkililər xəsisdirlər..

- Mən bunu çox eşitmişəm. Tam tərsidir. Şəkililər Azərbaycanın ən əliaçıq insanları sırasına daxildirdilər. Azərbaycanın ən qonaqpərvər yeri deyəndə hamının ağlına Şəki gəlir. Qonaqpərvər insanlarda xəsislik necə ola bilər? Mən subyektiv yanaşmanı bütün bölgəyə aid edilməsinə qarşıyam. Bunu mənə deyənlər də heç vaxt fakt gətirə bilməyiblər. Dostlarım da məni həddindən artıq əliaçıq biri kimi tanıyırlar. Şəkililər iqtisadi məsələlərdə saf-çürük edən insanlardır. Onları aldatmaq çətindir, bəlkə də, həmin iddia elə buradan yaranıb. 

- Şəkililərə həm də “Azərbaycanın yəhudiləri” deyirlər...

- Şəkidə kifayət qədər yəhudi yaşayıb. Yəhudilərdən şəkililərə qalan müəyyən xüsusiyyətlər mövcuddur. Şəkililərin iti zəkası, məntiqi var. Hər il ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək bal toplayanlar arasında şəkililər də olur. Şəki təhsildə həmişə öz sözünü deyir.  

- Şəkililərin çox hazırcavab, ağıllı olması sizi bu dairədən namizədliyinizi verməkdən çəkindirmədi ki?

- Mən özüm də şəkiliyəm. Demək, özüm də az aşın duzu deyiləm. Başqa bölgədən gəlsəydim, çətinliklərim olardı. Şəkililər əvvəldən məni tanıyırdılar. Həm peşəkar idmançı olduğum - Şəkinin ilk dünyaya çıxan idmançısı mən olmuşam - həm də deputatlıqdan əvvəl Şəkidə çalışdığım zaman onlarla iç-içə olmuşuq. Əvvəl xaricdə yaşayırdım. 2006-cı ildən Gənclər və İdman Nazirliyinin Şəki şəhəri üzrə İdarə rəisi olmuşam. 60 mindən çox şəkilinin qeyri-adiliyini o zamandan görmüşəm. Şəkidən namizədliyimi vermə səbəbim partiyamızın qərarı olub. Partiyanın qərarından əlavə olaraq, özüm də namizədliyimi elə Şəkidən verərdim. Şəkidə çalışdığım müddətdə xeyirdə-şərdə iştirak etmişəm. Bu səbəbdən, həm şəkililər məni, həm də mən onları yaxşı tanıyıram. 

- Şəkililər həm də məşhur lətifə qəhrəmanı Hacı dayı ilə tanınır. Bəs indi Şəkinin Hacı dayısı var?

- Onun haqqında çox söhbətlər edilib. İndi Şəkinin 200 min əhalisinin əksəriyyətini Hacı dayı hesab etmək olar. Uşağa da söz deyəndə narahat olursan ki, indi sənə elə cavab verəcək ki, mat qalacaqsan. 

- Şəkidə hər kəsə - istər deputat, istər icra başçısına - bir ləqəb qoşurlar. Sizin ləqəbiniz nədir?

- 2016-cı ilə qədər mənim ləqəbim “Karate Vüqar” olub. Sonra rəis işləyəndə mənə “İcra Vüqar” dedilər. 2021-ci ilə qədər belə deyirdilər. İndi dost-tanışdan soruşanda, özüm də “Getcontact”dan baxanda görürəm ki, yeni ləqəbim “Deputat Vüqar”dır. Bizdə əvvəllər hətta bir çağırışda belə deputat seçilənlərin ləqəbi hələ də eyni olaraq qalır. 
- Şəkinin tarixi haqqında çox danışdınız. Bəs siz Şəki üçün nələr etmisiniz?

- İndiyədək Şəki ilə heç bir bağım qırılmayıb. Tez-tez Şəkidə oluram. Yerli icra hakimiyyəti ilə də sıx əlaqələr qura bilirik. Çünki şəhərin qarşılaşdığı problemlər və onların həll olunmasında yerli idarələrin çıxardığı statistikalar önəmlidir. Eyni zamanda, biz onlarla birlikdə bu məsələləri saf-çürük edirik. Çünki mən parlamentdə gördüyümüz problemləri səsləndirə, hökumətə deputat sorğusu göndərə bilərəm. Elə bunun nəticəsində də bir çox məsələlərə həllinə nail olmuşuq. Məsələn, su-kanalizasiya sisteminin düzəldilməsində yerli icra hakimiyyəti ilə birlikdə işləmişik. Yeri gəlmişkən, Şəki əhalisi adından bir daha cənab Prezidentə təşəkkür edirəm. 

Ərazisinə görə, Şəki ən böyük ikinci rayondur. Bu cür böyük rayonda problemlərin həlli də çətindir. Həm də Şəki qədim və tarixi şəhərdir, onun yolları düzəltmək də çətindir. Yollarda olan çuxurlar da aradan qaldırıldı, gözəl asfalt yol çəkildi. İkinci məsələ isə 50 ilə yaxındır ki, Şəki şəhərini iki yerə bölən Qurcana çayı ilə bağlıdır. Onun istinad divarları bərbad vəziyyətdə idi. Biz bu məsələni qaldırandan sonra artıq şəhərin mərkəzində keçən çay Avropanın kəndlərindəki çaylardan fərqlənmir. Qarşımızda duran əsas məqsədlərdən biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müstəqil universitet olması yolunda işlərin görülməsidir. Çünki Şəkinin buna haqqı var və o filalın da müstəqil universitet olması üçün hər cür imkanı mövcuddur. Şəkinin futbol klubu üzərində də işləyirik. Yaxşı kulub formalaşdırılıb, mən də çalışıram ki, kluba diqqət edəm. Hər ay 2 dəfə qəbul keçirib insanlarla görüşürük. Deyilən məsələlərin hər birini həll edə bilməsək də, hüquqi dəstək veririk ki, insanlar nəyi necə edəcəyini bilsinlər. Şəhid ailələrini mütəmadi olaraq ziyarət edirik. Həmçinin ərazinin qazlaşdırılmasına çox böyük dəstək vermişik. Uzun müddət idi ki, insanlar əziyyət çəkirdilər. 

Lakin elə məsələlər var ki, onu həll etmək olmur. Çünki bizim sehrli dəyənəyimiz yoxdur. Əsas vicdanla iş görməkdir.

- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialını müstəqil universitetə çevirmək üçün konkret hansı addımları atmısınız?

- Təşəkkür edirəm ki, Nazirlər Kabineti və Baş nazir bu məsələyə diqqət etdi. Sözügedən məsələ Nazirlər Kabinetinin bülleteninə də çıxarıldı. Belə məlum oldu ki, məsələ gündəmdədir. Hələlik konkret tarix bilinməsə də, çalışıram ki, bunu gündəmdə saxlayım və davamlı ictimailəşdirim. Çünki Şəkinin buna haqqı var. Filial bina, texniki baza, professor-müəllim heyəti olaraq da filial Şəki Dövlət Universiteti kimi fəaliyyət göstərməyə hazırdır. Pedaqoji Universitetinin filalları arasında da ən yuxarı balla qəbul olunan tələbələr burada oxuyur. 2026-cı ildə bu məsələni yenidən gündəmə gətirəcəyəm və danışıqlara başlayacağıq. 

- Bəs Şəkinin iş adamlarından nəsə xahiş etmisiniz?

- Məni Şəkinin futbol klubuna prezident seçəndə də bir neçə biznes adamı ilə komandanı formalaşdıra bildik. “Neftçi"dən də transferimiz oldu, pro məşqçimiz də var. Dostlarımız bu sahədə bizə kömək edirlər. 

- Şəkinin futbol klubunun gələcəyini necə görürsünüz? Klubda şəkili olacaq, yoxsa başqa bölgələrdən futbolçular dəvət etmisiniz?

- Başqa bölgədən daha çoxdur. Bu yaxınlardan “Kəpəz”dən də transfer oldu. Hələ ki Şəkidə uşaq futbolu yaxışıdır, amma orta yaşlları kateqoriyasında nisbətən sınma var. Ona görə də daha çox alınma oyunçular var. Bu mövsüm Azərbaycanın Birinci Liqasına yüksələcəyimizi düşünürəm. Ondan sonra baxarıq, Premyer Liqaya çıxa bilərik, ya yox. 

- İcra başçılarının deputatlarla münasibətinin yaxşı olmaması tez-tez qarşılaşdığımız mənzərədir. Sizin münasibətləriniz necədir? 
- Bizim münasibətlərimiz yaxşı yox, çox yaxşıdır. Hər ikimizin məqsədi Şəkinin inkişafı ilə bağlıdır. Biz şəxsi məsələlərimizi ortaya qoyub münasibətimizi korlamırıq. Birinci növbədə, bizim əlaqəmiz ən əvvəl 200 min insana təsir edir. Harada ki, deputat və icra başçısının münasibəti pisdir, orada əziyyəti insanlar çəkir. Elxan Usubov 15 ildir Şəkidə işləyir, ziyalı insandır. Bizim hər ikimiz cənab Prezidentin etimadına görə oradayıq, yəni bizim münasibətimizin pis olma lüksu da yoxdur. Mən müxalif və ya müstəqil deputat olsaydım da, yerli icra hakimiyyəti ilə münasibətimi yaxşı saxlayardım. Burada başqa alternativ olmamalıdır. 


- Nazirlərlə münasibətiniz necədir? Şəkinin və şəxsi problemlərinizlə bağlı heç nazirlərlə mübahisələriniz düşürmü?

-  Mən hansı nazirə zəng etmişəm, hamısı telefonumu açıb, danışmışıq da. Danışa bilməyəndə belə, daha sonra zəng ediblər. Şəkililərin problemləri ilə bağlı nazirlərə müraciətim çox olur. Şəxsi problemlərimə gəldikdə isə bununla bağlı hələ ki heç kimə müraciət etməmişəm. Hansısa zəngim və ya müraciətim cavabsız qalmış olsaydı, bunu mütləq bildirərdim. İndiyədək şəxsi məsələlərimi də bildirməmişəm deyə, bu cür problemlərlə qarşılaşmamışıq. Bizim işimiz həmişə təmsil etdiyim bölgəmizlə və hörmət çərçivəsində olub. 

- Şəxsi xahişlərinizin olmama səbəbi nə ilə bağlıdır - ehtiyacınız yoxdur, ya başqa məsələlərə görə?

-  Ehtiyac yaranır. Həyatda hər şey olur. Amma həmişə düşünmüşəm ki, hər şeyi özüm həll edim. Həll edə bilməsəm, müraciət edərəm. 
- Elə bir məsələ varmı ki, özünüz həll edə bilməmisiniz, amma müraciət də etməmisiniz?

- Bəli, var, amma nə olduğunu demək istəmirəm.  

- Şəkidə yaşayan qohumlarınız varmı, onları işlə təmin edə bilmisiniz?

- Qohumlarım var. Qardaşım oğluna hələ iş tapmamışam. O da öz günahıdır. İxtisası yoxdur. Əvvəl ofisiant işləyirdi, oradan da çıxdı. Digər yaxın qohumlarımın hamısı işləyir, amma vəzifədə olan yoxdur. Bacım oğlu neçə ildən sonra ASAN-xidmətdə imtahanla işə düzəldi, digər bacım oğlu taksi sürücüsüdür. Qardaşımın da səhhətində müəyyən problemlər olduğu üçün işləmir. Böyük bacım da Şəkidə - bağçada texniki işçidir. Həyat yoldaşım da şəkilidir. Şəkililərin hamısı hazırcavab olsa da, qadınları daha çox hazırcavabdır. 
- Şəki Azərbaycanın ən zəngin və rəngarəng kulinariyasına sahib bölgə kimi tanınır. Siz Şəki mətbəxində bütün təamlardan dadmısınızmı? Bu yeməklər içərisində ən sevdiykləriniz hansılardır?

- Aleksandır Düma Qafqaza səyahət edəndə uzun müddət Şəkidə qalıb. Qayıdanda Batumidə ona yaxşı ziyafət verilir. Deyir ki, burada yemək yoxdur. Ziyafəti təşkil edən bu sözdən narahat olur və deyir ki, süfrədə bu qədər yemək var, daha nə istəyirsiniz. O da deyir ki, siz bilməzsiniz, mən istədiyim yemək Şəki cız-bızıdır. 

Şəki əsasən pitisi ilə məşhur olsa da, mətbəxi fikriləşdiyinizdən də zəngindir. Şəkinin ana yeməyi plovdur. Mənim yediyim yeməklər içərisində Şəkinin milli mətbəxinə aid olan örüşdəni xoşlayıram. Kənd toyuğu ilə hazırlanan maraqlı yeməkdir. Bir də hamının bildiyi, amma Şəkidə xüsusi ilə gözəl hazırlanan şabalıdlı, qaralı plovu bəyənirəm. Şəkinin turşuları da var. İndi onu başqa bölgələrin - adlar çəkməyəcəyəm - adına çıxarırlar, amma hamısı Şəkinindir. 


- Vüqar müəllim, siz həm də Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvüsünüz. Nazirlə əlaqələriniz necədir? Hansısa xahişiniz olubmu?
- Münasibətlərimiz ortadır. Şəki stadionu ilə bağlı gələcəkdə nazirdən xahişimiz də olacaq. Amma hələ ki hansısa xahişim olmayıb. Söhbətlərimiz də ölkə idmanı, Şəki ilə bağlı məsələlərlə əlaqəli olub. 

- Nazirlik sizin təcrübənizdən istifadə edirmi?

- Yox, əsasən televiziyalar istifadə edir. 

- Uzun müddətdir idman sahəsindəsiniz, amma təcrübənizdən isifadə edilmir. Bunun səbəbi nədir?

- İdmanda dünya və Avropa səviyyəsində nailiyyətlərim olub. 15 ildir bu işin içindəyəm. Bu sahədə iki dövlət proqramının hazırlanmasında iştirak etmişəm. Həmişə nazirliklə münasibətimiz çox yaxşı olub. Son illərdə isə ciddi kadr dəyişikliyi oldu. Bir çox əməkdaşlar işlərini dəyişdi. Yeni heyyətlə də münasibət qurmuşuq, amma davamlı görüşə bilirikmi? Yox. Ancaq burada qərəzli bir şey olduğunu da düşünmürəm. Ya məlumatsızlıqdırlar, ya da ehtiyac duyulmur. Öz ekspert və mütəxəssislərinə güvənirlər. Qoy olsun. Bizim o mənada iddamız yoxdur. Mənə haradasa ehtiyac olsa, heç bir qarşılıq gözləmədən ikiəlli orada olacağam. 

-  Gənclər və İdman Nazirliyi idmanla müəyyən mənada işləsə də, sanki gənclər unudulub. Bunu nə ilə əsaslandırardınız?

- Gənclərlə bağlı müəyyən işi Elm və Təhsil Nazirliyi görür. Amma bu nazirliyin gənclərlə bağlı gördüyü bir çox iş var. Buna misal olaraq, zərərli vərdişlərlə mübarizə, asudə vaxtın düzgün təşkil olunması və s. göstərmək olar. Amma kifayətdirmi? Məncə, yox. İndi gənclərin ruhuna uyğun unikal məsələləri araşdırmaq lazımdır. Gənclər yalnız Bakıda deyil, kəndlərdə də var. Onlar arasında açıq və gizli ictimai sorğu keçirmək lazımdır. Gənclər nə istəyir? Bunu öyrənmək lazımdır, daha sonra da tədbirlər planı hazırlanmalıdır. Bunu etmək çox asan və lazımdır. Bəzən gənclərin istəkləri ilə reallıq üst-üstə düşmür. Məsələn, bir insan partiyanı hakimiyyətə gəlmək üçün qurur və ya ona üzv olur. Bu gün bunun tam əksin ediriksə, demək istəyimizlə reallıq üst-üstə düşməyib...

- Aqrar siyasət komitəsinin də üzvüsünüz. Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətindən razısınızmı?

- Ölkəmizin əsas prioriteti qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bunun əsas payı aqrar sahəyə düşür, bu mənada, üzərimizdə çox böyük məsuliyyət var. Hazırkı sessiyada Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlı dinləməmiz gözlənilir. Çox suallarımız olacaq. Bu qədər universitet var, amma bizə aqronom lazım olanda Türkiyədən gətiririk...

- Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqələriniz necədir?

- Nazirlə də, Aparat rəhbəri ilə də çox yaxşı münasibətim var. Şəkidə bu sahə ilə bağlı hansısa məsələ çıxarsa, bir gün içində nazirlə bunu ən azı müzakirə edə bilərik. 

-  Partiyalardan da, futboldan da danışdıq. Siyasət də bir futbol meydançasıdır. Siyasəti futbol meydançasına bənzətsək, YAP-ın təmsilçisi kimi sizi hansı mövqedə görə bilərik?

- Mən hücumçuyam. Futbolda da hücumçu olmuşam. 

- Qol vura bilmisiniz?

- Debatlarımıza baxan tənqidçi dostlarımız da deyir ki, vururam. Mənə bəzən bombardir də deyirlər. 

- Bəs sizin komandanızın qapısından qol keçirən olub?

- Əgər həmin oyunda zəif oyunçu göndərmişiksə, ola bilər. Gərək çalışaq zəif oyunçu olmayaq. Çünki komandanın kapitanı elə adamdır ki, o, dünyanı mat qoyub. Bizim ixtiyarımız yoxdur ki, zəif oyunçu olub qol buraxaq. 

- Rəqiblərinizin bəzən siz tərəfdən oynadığı hallar olub?

- Təbii, siyasətdə var belə şeylər. Bəzən öz qapısına qol vuran da var. 

-  Özünüz də deyirsiniz ki, Şəkinin futbol kulubuna başqa bölgələrdən transferlər olub. Bəs siyasətdəki transferlərə necə baxırsınız?

- Normal. Bizdə bir düşüncə var ki, əvvəl hansısa partiyada olan bu gün başqa partiyaya keçə bilməz. İnsan yalnız ölsə fikrini dəyişə bilməz. Siyasi arenada irəllədikcə, yolların dəyişdiyini görürük. Çünki siyasət həm də hər şeyi doğru-düzgün etmək deyil, orada oynamaq da olmalıdır. Siyasi proseslərin sonu insanların, cəmiyyətin xeyrinə hesablanmalıdır. İnsan milliyətini, dövlətini, xalqını satmamlıdır. Amma siyasətdə, partiyada uğur qazanmayan adam mövqeyini dəyişə bilər. 

- Mediada YAP-ın simaları sayılan adamlar var. Siz necə düşünrsünüz, gələcəkdə YAP-ın siması ola biləcəksinizmi və ya YAP-ın siması kimi özünüzü görə bilirsinizmi?

- Mən bütün gücümlə mediada ölkə siyasətini təmsil etməyə çalışıram. Amma özümü partiyamızın siması saya bilmirəm. Əgər gələcəkdə sayacaqlarsa lap yaxşı, lakin məsuliyyəti adamı çəkindirir. YAP Qafqazın ən böyük partiyasıdır. Yaradıcısı Ulu öndər, sədri cənab Prezidentdir... Məsuliyyətini dərk edirəm. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see192

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see145

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see141

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see138

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see130

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see126

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see126

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see126

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see125

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see125

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see125

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri